İlham Əzizin hekayəsi: “Xəsil adam” -  Cavanşir Yusifli yazır...

İlham Əzizin hekayəsi: “Xəsil adam” -  Cavanşir Yusifli yazır...
17 iyun 2020
# 16:31

İlham Əzizin kulis.az portalında “Balaca kişinin faciəsi” hekayəsini “Xəsil adam” adıyla oxumuşdum. Yəni, müəllifin göndərdiyi variantda, zənnimcə ən dürüst ad da elə budur: xəsil adam, xəsillik, xəsilləmək... Bəzən insanlar hər yerdən görünsünlər deyə, başqalarını xəsilləyirlər, olur belə şeylər...

Hekayənin mahiyyəti bir neçə bədii detalla açılır. İlk oxunuşda bu mətn mənə ənənəvi təsir bağışladı, yəni bu tipli şeylər artıq yazılıb (yəni, həm də çox...), elədirsə, oxşar bədii həll üsuluna illüstrasiya kimə və nəyə lazımdır? Amma bu ilk baxışdan belədir, insanın boy-buxun, fiziki görkəmlə bağlı içinə çökmüş hirs və qeyz təhkiyə boyunca insanın içində bunu yaradan izahı mümkünsüz cizgilərə qədər açılıb-yığılır, sevincə, özünə inama və yenidən kədərə, dərdə çevrilir, ancaq bu dəfə boy-buxun və fiziki görkəmlə əlaqəsiz şəkildə. Yəni, hekayədə deyildiyi kimi, həyatını birnəfəsə yaşamış adam (Malik-!) eyni sətir boyunca geri qayıdıb özünü “təshih” edir, özünü aşır, özünü kol-kosa, xəsilə bənzətmək duyğusundan azad olur.

Hekayədə bədii mətləbin bu şəkildə həlli orijinaldır. Və bütün bunlar təhkiyə boyunca daxili süjet kütləsini yaradır, həm də təhkiyə massivini. Sonuncusu hadisədən hadisəyə keçidin müəyyən hislərlə ötürülməsinə əsaslanır, daha doğrusu qəhrəmanın daxili nitqində, özüylə həsb-halında işarələr şəkilində müəyyənləşir. Yataq səhnəsi. Malikin öz boyundan, özündən xəbərsiz kimi dabanlarını arvadınkılarla cütləşdirməsi, başının bir dirsək aşağı düşməsi, özünün ciddi qəbul etdiyi tragikomik vəziyyət qəhrəmanın daxili aləmini, düşüncələrini açıb ortaya qoyur.

Bu adamı sanki indiyə qədər kimsə sezməyib. Boyuna görə həyatdakı önəmi də bəlli şkalada sıfırla tənləşib, yəni, heç nə, uca boylu ağacların yanında kol-kos. Süjet, təhkiyyə massivinə keçid, daha doğrusu bu massivin bəlirlədiyi hissi keçid bu məqamların birində qəfil yaranır və nöqtə boyda olana qədər sıxılan, öz içinə, hirs-hikkəsinə yığılan insanın daxilən böyüməsi, daha gülüş hədəfi olmaqdan çəkinməməsinin lövhələri təqdim edilir.

Hekayədə sonrakı pasaja (hadisəyə) keçid müəyyən, belə deyək “ani detallarla” ifadə olunur, məsələn, Maliklə Minayə arasındakı söhbətdə Malik illərlə içində saxladığı, artıq düyünə dönmüş bəxtsizliyini, adam yerinə qoyulmamasının öz aləmində əvəzini çıxır. Deyir, oğlumun elçiliyini özüm eləyəcəm (Malikə elçiliyi ata əvəzi əmisi eləmişdi və Malikin istədiyini yox, bacısı Minayəni almışdı...), kimi istəsə onu alacam, hər şey edəcəm ki... Bu dəm Minayənin paltarındakı güllərin hamısı birdən, bir zərbəylə yerə töküldü.

Eyni detal (amma tərs istiqamətdə) oğlunun qara xəbəri gələndə də işlədilir. Bu dəfə o güllər saralıb-solub qışın soyuğuna qarışır, iliyə işləyən dərdi birə on artırır. Ani detallarla keçidlər, növbəti hadisənin emosional yükünü ifadə etmək üçün istifadə edilən “becid işarələr” bu hekayədə kompozisiyanın tamlığını şərtləndirir.

İlham Əzizə uğurlar arzulayıram!

# 2632 dəfə oxunub

Oxşar xəbərlər

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

10:40 23 aprel 2024
Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

10:21 23 aprel 2024
Xalq yazıçısı Elçin əməliyyat edildi

Xalq yazıçısı Elçin əməliyyat edildi

21:34 22 aprel 2024
Mikayıl Azaflının şeirləri yeni kitabda

Mikayıl Azaflının şeirləri yeni kitabda

18:30 22 aprel 2024
Leonardo Di Kaprio Frank Sinatra obrazını canlandıracaq

Leonardo Di Kaprio Frank Sinatra obrazını canlandıracaq

18:00 22 aprel 2024
"İçəri şəhər"  filminin təqdimat tarixi açıqlandı

"İçəri şəhər" filminin təqdimat tarixi açıqlandı

17:46 22 aprel 2024
# # #