Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsinin qaliblərinin adları bu tarixdə açıqlanacaq

Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsinin qaliblərinin adları bu tarixdə açıqlanacaq
15 sentyabr 2021
# 10:35

Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika–Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilən Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsi başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.

Cari il yanvarın 15-də elan olunmuş şərtlərə əsasən, hər bir iştirakçı təşkilat komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusu (bir və ya bir neçəsi) əsasında bəstələdiyi, başlığında Ü.Hacıbəylinin və onun melodiyasının adının qeyd edildiyi instrumental əsəri iyulun 20-nə kimi müsabiqəyə təqdim edib. Müsabiqədə Yaponiya, Çin, Tayvan, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Almaniya, İsrail, Bolqarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Türkiyə, Kolumbiya, Çili, Venesuela, Meksika, İran, Küveyt, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycandan 51 bəstəkar iştirak edib.

Avqustun 15-nə qədər münsiflər heyəti audioyazı və həmçinin PDF faylı şəklində təqdim olunmuş əsərlərlə tanış olub və qiymətləndirib. Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova həyata keçirib.

Dahi bəstəkarımızın doğum günü ilə əlaqədar keçirilən müsabiqənin qaliblərinin adları 18 sentyabr – Milli Musiqi Günündə açıqlanacaq. I, II və III yerlərin sahiblərinə diplomlar və pul mükafatları təqdim olunacaq. Bundan başqa, iki iştirakçı Üzeyir Hacıbəyli adına Diplom və “Ən gənc bəstəkar” xüsusi diplomları, beş iştirakçı isə diplomlarla təltif olunacaq.

Qaliblərin əsərləri sentyabrın 23-də Bakı şəhərində Ü.Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək Qala konsertdə ifa olunacaq. Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət simli kvarteti, CadeNZa qrupu, Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Nərgiz Əliyarova və gənc bəstəkar Zərrin Şükür də iştirak edəcəklər.

Noyabrın 5-də isə Nyu-York şəhərindəki Linkoln Mərkəzində Hacıbəyli Beynəlxalq Bəstəkarlıq müsabiqəsinin yekun konserti keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunacaq.

# 3736 dəfə oxunub

Oxşar xəbərlər

"BTS" “Ən yaxşı kişi qrupu”  seçildi

"BTS" “Ən yaxşı kişi qrupu” seçildi

18:41 23 noyabr 2026
"İlin ən yaxşı opera teatrı" bəlli oldu

"İlin ən yaxşı opera teatrı" bəlli oldu

17:44 23 noyabr 2026
Kandinskinin tablosu 85,7 milyon dollara satıldı

Kandinskinin tablosu 85,7 milyon dollara satıldı

17:38 23 noyabr 2026
Futbolçunun tövsiyəsi Tolstoyu bestseller etdi - 140 illik əsər yenidən gündəmdə

Futbolçunun tövsiyəsi Tolstoyu bestseller etdi - 140 illik əsər yenidən gündəmdə

17:06 23 noyabr 2026
"Matrix" beşinci film ilə ekranlara qayıdacaq

"Matrix" beşinci film ilə ekranlara qayıdacaq

16:32 23 noyabr 2026
Billi Cin Kinqin həyatından bəhs edən sənədli film yayımlandı

Billi Cin Kinqin həyatından bəhs edən sənədli film yayımlandı

15:41 23 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər