Düyməmi tikirəm, subaylıq əlimə batır... – Günün Şeiri

Düyməmi tikirəm, subaylıq əlimə batır... – Günün Şeiri
11 oktyabr 2021
# 14:30

Bu gün müasir dövr Azərbaycan ədəbiyyatının ən parlaq imzalarından biri, şair, esseist Fərid Hüseynin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və “Günün şeiri” layihəsindən onun “Təşbehə ağı” şeir silsiləsini oxucuların diqqətinə çatdırır.

I

Sənin hicrətindir mənim ömrüm, –

uzun bir səfər etmisən –
xəyallarımdan xatirələrimə köçmüsən.


Həyat bizlə

yalnız sevişdiyi günlər mehriban olan

meşşan kimi davranır,
və eşqin rahatlığı
bizim yalnızlığımızda quyulanır...

Olanları xatırlatmaq vaxtın işidi,
ürəyim yaralar muzeyidi,
ancaq xatirəsi olanlar içəri buraxılır.
Şüşənin altında qorunur

dilimin zəhəri,
divardan asılıb

günahın şeytan təbəssümü...

Cümə yorğunluğuyla baxıram şəklinə, –
heç nə dəyişməyib,

hər şey eynidi –
sənli günlər üzünə parça atılmış,
ayaqları açıq qalan ölüdü.


Sıyrılmış dəri kimi göynədir tale,

qədər...
dirilərin gözlərinə,
ölülərin ayaqlarına

çökür kədər...

Hardasan indi,
hansı qaralanmış sözün altındasan?
Yenə nöqtəli hərflər kimi
səhvlərin astanasındamı yaşayırsan?

Beynimdə bir-birinə qarışır

qadın xəyalları:
vaxtı və yeri unudub

xatırlayıram onları.


Heç zaman yaranmadı

iztirabla mehrin ülfəti,
ehtiras vaxtı soyunulmuş

paltarlar kimidi günahlar, –
hərəsi tələskən bir ananın əbədiyyəti...

II

Getdiyim yolların qəlbi daş,

içdiyim şərablardan

tövbə əmir ürəyim.

Ayaqlarım

gəzdiyimiz yerlərdən

izlərini gəmirir...

Kim ki özündən qaçır,

qamçılasın özünü...

Hamı yaxşı tanıyır

günahın güzgü üzünü...

III

Səndən xatirələri soruşsalar

kəsilməsin səsin,

solmasın bənizin,

de ki mən də sevmişdim

aşiqlərlə bərabər,

de ki nəğməm qocaldı, –

öz səsimlə sərasər.

De ki söndürülmüş işıqları

ovutmaq üçün

layla oxuyuram nur dilində,

de ki günah təzə-tərdi,

yada düşən hər gündə.

Gəl xatirən tərəfə –

özünlə bir qarşılaş,

mən keçmişdən dərs keçim –

nəyi bilməsən soruş.

IV

Çox şey tarix olurmuş,

tarixçilər

Heredotun şəkli uydurulmuş otaqlarda

danışmazlar belə günlərdən...

Yaddaşın işğal tarixi başlar,

gözlərinin önündən...

Çox şey tarix olurmuş:

məsələn,

gözəl bir qadının qocalması...

Haçandan başlayır o faciəli gün?

Dırnaqlarını boyamağa

ərindiyi səhərdənmi,

ona yaraşan papağı

hardasa unutmasındanmı,

olmaya çəkələkləri

ayaqlarına oxşamayandan?

Məndən olsaydı,

sənin əllərinlə ömrümü ovub,

yaşadığın günlərə qarışardım.

Əgər Allah kimi hər şeyi bilsəydim,

yenə də səndən adını soruşardım.

V

Keçmişi arzulamaq

bir başqa üzümüzdür indi,

təmiz,

pak,

ləkəsiz üzümüz,

əyintisiz sözümüz...

Keçmişi xatırlamaq bəzən

yüngül əxlaqlı qadının

evdarlıq arzulamasına taydır, –

ilişdirirsən yaxanı ümid ilgəyinə,

sən paklığına qovuşacağını düşünürsən,

ancaq insanlar

inanmır sənin dəyişəcəyinə.

VI

Sənin əllərinin cadarlarına

hansı günlərin izləri düşüb?

Mənim dilimə oyuncaq

sevgilərin qırıq yerləri hopub.

Mən sözlərimi köksümdə

sən əllərini ciblərində gizləməklə

geriyə qayıda bilərik,

ancaq

sən mənə əl uzatmalısan,

mən də nəsə deməliyəm sənə.

VII

Səndən danışırlar mənə,

sanki heç nə eynimə deyil,

amma ürəyimdən buzlar sınır,

Səni heç vaxt görmədiyim,

adamlarla düşünürəm,

heç vaxt getmədiyim

özgə yerlərə gedirsən xəyalımda,

eşitmədiyimiz mahnılar dinləyirsən,

saçlarının rəngi fərqlidi,

gülüşün də dəyişib,

başqa ifadələr daşlaşıb üzündə,

səni hər şeyə yadlaşdırmaqla

qoruyuram içimdə.

VIII

Xoşbəxt günlər

bir işıq xəyalıdır yaddaşımda,

sənin adına

yandırdığım şamlar ölüb,

ürəyində arzu tutma...

Yığmışam qəlbimə,

yanmış kibrit çöplərini

sənəd səliqəsiylə...

IX

Bax, indi düyməmi tikirəm,
subaylıq əlimə batır,
anamın ağrısı

iynənin gözündən keçir...

Çay dəmləyirəm,
sən yadıma düşürsən,
qalxıb yapma gülləri sulayıram...

Şəklinə baxıram, – bu sənsən.
Gözümün görməyə
alışmadığı qədər gözəlsən.

Gündüzün yorğunluq qandalın
gecənin sükutuna taxıram –
Günəşi söndürüb yatıram.

Sabahsa həminki – eynidi.
Nolar, tanıma sən məni –
dəyişən içimin əynidi...

# 5368 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

22:47 22 fevral 2025
Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

21:03 22 fevral 2025
Mətbəə 60 ildən sonra muzeyə çevrildi

Mətbəə 60 ildən sonra muzeyə çevrildi

14:22 22 fevral 2025
Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

13:00 22 fevral 2025
Ledi Qaqa pulsuz konsert verəcək

Ledi Qaqa pulsuz konsert verəcək

12:30 22 fevral 2025
Azərbaycanda kremasiya hansı qaydalarla həyata keçirilə bilər?

Azərbaycanda kremasiya hansı qaydalarla həyata keçirilə bilər?

11:18 22 fevral 2025
#
#
# # #