Dünya bir ağ kağız ola... - Xuraman yazır

Dünya bir ağ kağız ola...  - Xuraman yazır
1 sentyabr 2020
# 18:19

Kulis.az Xuraman Hüseynzadənin şair İlham Qəhrəmanın şeirləri haqqında “Dünya bir ağ kağız ola... ” yazısını təqdim edir.

Onun şeirləri məntiqi, məna çaları ilə seçilir. Oxucuların ürəyinə yol tapan şair İlham Qəhrəmanın şeirlərindən danışacağıq... “Şairin vətəni sevgidir” kitabının müəllifi “Sevgi” şeirində bu əvəzsiz nemətin günəşlə təmasından danışır. O, içini günəşə sərən sevginin əslində doyumluq olmadığını bildirir:


Sevgidən çox deyiblər,-
İçini sərir Günəşə.
Sevgi doyumluq deyil,
Aclıq çəkməkdi həmişə.


Şair ola, sevgidən yazmaya?.. İlham Qəhrəman bu şeirdə sevginin günəşlə oxşarlığından danışır. Onların ikisi də həyat doludur. Biri ürəklərdə yaşayır, o biri göylərdə. Onlar bəşəriyyətə həyat bəxş edir... Şair, bir müsahibəsində günəşə sevgisindən söz açır. Evlərinin Laçında Həkəri çayının yatağına yaxın olduğunu bildirən İlham Qəhrəman çay yatağının sağı və solu sıra dağlar olduğundan və səhər günəşin çayın sol qolundakı dağların başından doğmasından, axşam sağ qolundakı dağların başında batmasından danışır: “Yayda axşamüstü günəş əyilib, sağ əldəki dağın başında üfüqi vəziyyət alırdı. Gözlərin qamaşana qədər baxdığın anda sənə elə gələrdi ki, günəş dağın başına söykənmiş top lüləsidi. Ağlıkəsməz uşaq vaxtlarımda çayın qırağından götürülərdim dağın başına ki, birdən gedib günəşi yaxından görərəm.” Yəqin günəşə olan bu sevgidəndir ki, o, sevginin içini günəşə sərdiyini deyir...

İnsanın ən yaxın, ən ağıllı və ən sadiq dostu bəzən öz ürəyi olur və o, nə dərdi var, ürəyinə deyir. Bir az da sükut, sakitlik və vaxt lazım olur ki, ürəyi ilə baş-başa qalıb onun məsləhətini dinləsin. Dostuna xitabən yazdığı “Ürək söhbəti” şeirində şair, ayrılığın aradan sel aparan körpü olduğunu bildirir. Ona iki yol qaldığını deyir şair. Bu yollardan biri geri qayıtmaq, o biri isə dizi qucağında çayın qırağında oturmaqdır:

Birinciyə ürək lazımdı,
İkinci də ürək istər.
Baxır sən hansı ürəyə sahibsən...

“Səni unutmaq olmur” şeirində o, bu hissin necə ağrılı, əzablı olmasını unuda bilməməklə izah edir:

Məhbusun illər sonra
unutmadığı təkadamlıq
məhbəs kimi,
Şimşəkdən sonra
ağlımıza gələn səs kimi
Səni unutmaq olmur.

Unutmaq çətindir, əlbəttə. Ayrılığın bir adı da unutmaqdır. Şairlər üçün bunu misralara çevirmək yaşamaq kimi çətindir. Məmməd Araz da unutmağın çətinliyini deyir:

Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki, adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam...

“Hərə birinə aldanar” şeirində yaxşı olanların “tələsinə düşmək” göstərilir:

Çiçək açar günə doğru,
Mən sənə.
Quş uçar dənə doğru,
Mən sənə.

“Bilməsin” şeirində şair, lirik qəhrəmanına bir söz deyir, o, cavab vermir. Şair, yolunu kəsdiyi üçün onun gəlməsini istəmir:

Mənim dilimdə “gəlsin” bitdi,
onun dilindən qıfıl götürülmədi
yolumu kəsdi, “gəlməsin”.
Birdən ürəyinə salar,
dərdindən öldüyümü bilməsin.

O, lirik qəhrəmanın dərdindən ölməyə razıdır, amma onun əzab çəkməsini istəmir...
“Ayrılığın payız yağışı” şeiri şairlərin çox sevdiyi payız fəslinin yağışlarının da ayrılığa başqa cür kədər bəxş etdiyini bildirir:

Kövrək xatirələr qaldı nə qədər, -
Heç bilmirəm pisdi, yaxşıdı, tellim.
Zəng edib dəstəkdə o hönkürməyin
Ayrılığın payız yağışıdı, tellim.

Fərqanə Mehdiyeva lirik qəhrəmanın onu şairlərin fəsli-qəmli, kədərli payızın yanında gözləməsini istəyirdi:

Qızılı əlindən tutub payızın,
Küsəyən könlünə yatıb payızın.
Başını söhbətə qatıb payızın,
Payızın yanında gözlərsən məni.

Bütün şairlər kimi o da təbiəti çox sevir. “Çiçəklər” şeirində o, bir həqiqəti də misralarda deyir:

Çiçəklər örüş yeridi,
iş yeridi arılara.
Çiçəklər səhnədi quşlara.
Çiçəklər “sevirəm!” deməkdi
bir bəy əlində.
“Sevilirəm!” deməkdi
bir xanım əlində.

Şair, ən ağır günümüzdə də bizi tərk etmədiyini deyir:

...hamı bizi tərk edər,
Çiçəklər gecəni də
bizimlə qalar qəbrimizdə!

Ayrılığın, əzabın, iztirabın, kədərin fəsli olan payızın özünəməxsus gözəlliklərini söz adamları, şairlər daha yaxşı bilir. İlham Qəhrəman da bunu misralarla oxucuların diqqətinə çatdırır.

“Gedək” adlı şeirində o, yarı görmək üçün könlünə üz tutur. İstəyir ki, könlü göydə quştək qanadlanıb onunla getsin:

Gedirəm yarı görəm, könül,
Gedirsən sən də qoşul, gedək.
Sənin ayağın yeydi məndən,
Qanadlan göydə quş ol, gedək.

“Gedək biz olmayan yerə” deyən Ramiz Rövşənin də getməklə bağlı şeiri maraqlıdır:

Atam oğlu, az çabala,
Sən deyən çətin tapıla.
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?

“Ömür” şeirində İ. Qəhrəman hamının onunla yol getdiyini, eyni zamanda ona qarşı gəldiyini deyir:

Yatdın oyandığın yerdə,
Su axdı yandığın yerdə...
Elə dayandığın yerdə
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.

Bəxtiyar Vahabzadə deyir: “Yaşamaq yanmaqdır, yanasan gərək.” Şamın yaşamağının yanmaq olduğunu deyən B. Vahabzadə ömrün elə bu olduğunu misralarla izah edir.

“Təklik Allaha yaraşır” şeirində şair, təkliyin əsarətindən söz açır:

O qədər ağlamışam təkliyimə
ta gözümdən yaş çıxmır,
Elə bilirlər yanımlığım yoxdu.
Hər şey var, telli balam,
xanımlığım yoxdu.

O, “Mənzil” şeirində mənzilin nəyə deyildiyini poetik dillə ifadə edir:

Sözümüz hara çatırsa
dilin mənzili sayılır.
Ətri haranı tutursa
Gülün mənzili sayılır.
Ovun güllə mənzili
ölüm mənzili sayılır.

Təklik Allaha məxsusdur, əlbəttə. Şairlər, yazıçılar təklikdən qaçmırlar. Onlara yazmaq üçün tənha qalmaq, bəzən inzivaya çəkilmək lazımdır. Amma bu tənhalıq onların alın yazısında olmayaydı kaş... Təklik haqda yazılan şeirlərin də çoxluğu şairlərin ondan qaça, bəlkə də qurtula bilməməsinə dəlalət edir...
“Axirət yükü” adlı şeir də adını ehtiva edir. Bu yük hər insanın çiynində özünə yer edir. İlham Qəhrəman da bu yük haqda fikirlərini misralarla oxuculara çatdırır:

Ölümü düşünəndə ruhuma
doğma olan musiqidən ayrılmağın
qəfil yağışa tutulan adam kimi
kədər yükünə tutuluram.

Sonra isə sevildiyi üçün indi yükünün ağırlaşmasından söz açır:

Sən məni sevirdin, amma
axirət yüküm ağırlaşdı!

“Əlim, dizlərimə niyə döyürsən?” şeirində İ. Qəhrəman dərdlərinin də onu tərk etdiklərini misralarla oxuculara çatdırır:

İçim dəniz kimi, sözlər balıqdı,-
sahilə çıxırlar sətirlər məndən.
Baxdılar bir dərdə dərdkar deyiləm,
Yüz illik dərdlərim gedirlər məndən,
Əlim, dizlərimə niyə döyürsən?

Onun poetik ovqatını ifadə edən bu şeirində əllərə verilən sualın alt qatında insanın ağır günlərdə, çarəsizlikdən dizlərinə döyməsi dayanır...

İlham Qəhrəmanın lirikasında vətənpərvərlik mövzusu önəmli yer tutur. Doğulduğu Laçın rayonunun ermənilər tərəfindən işğal edilməsi, vətəninin igidlərinin şəhid olması, yaşadığı didərginlik həyatının iztirabları onun bu qəbildən olan şeirlərində də diqqət çəkir. Şəhidin dilindən dediyi “Mərmiyəcən yaşamaq” şeiri hər misrası ilə bunu sübut edir:

Ömür vəfa etmədi -
qara buluda girən aya döndü,
gizləndi məndən...
Kim düzdü bu ömrü sapa, bilmədim,
ha çırpındım -
ömrümün ardını tapa bilmədim.

O, əsgər ömrünün sonunda mərmi dayandığını deyir. O mərmi ki əsgər ömrünü yarıda kəsir. Yarıda qırılır ömür. Arzularına çata bilmir:

Ömrümün sonunda mərmi dayandı...
İyirmiyəcən yaşadım,
Həmin mərmiyəcən yaşadım.
Yıxıldım qaldım torpağınan,
son dəfə sarmaşdıq bayrağınan.

“Bir əsgər öldü” şeiri də İ. Qəhrəmanın vətən, torpaq sevgisini misralarda necə ağrı ilə yaşatmasını göstərir:

qanad rəddi göydə,
Onun Bir əsgər öldü...
Quşun yeri, boy-buxunu
Cərgədə qaldı.

Doğulduğu Laçın torpağını şair unudarmı heç? Hələ o torpaq düşmən işğalında olarsa, o yurda əli çatmaz, ünü yetməzsə...

Bu gün gah kürətək qızmar,
Gah da qış kimi ayazam.
Dünya bir ağ kağız ola,
Mən də bircə kəlmə yazam:
Laçın.

Əsgərin Laçını səsləməsini də İlham Qəhrəman misralara çevirir:

Sudan çıxan balıq kimi
Ağzımı açıb-yumuram.
Bir əsgər çıxmır yuxumdan -
Əldə bayraq, dildə "Urra,
Laçın"!

Yurdu, el-obası ermənilər tərəfindən işğal olunan didərgin şairin evi yadından çıxmaz:

Nə vaxtdı sayırıq günləri, ayı,
Nə vaxtdı sağ gözüm Zabux çayıdı,
Nə vaxtdı sol gözüm-Həkəri çayı.
O vaxtdan boğazım Çayqovuşandı.
Bu da bir gecədi belə yaşandı, -
Bu gecə evimiz yadıma düşdü.

Son günlər erməni qəsbkarların Tovuz rayonunu atəşə tutması nəticəsində yenə igid oğullarımız şəhid oldu. Ölkə xaricində ermənilərin həmvətənlərimizlə dava etməsi də torpaqlarımızı işğal etmiş bu xainlərin düşmənçilik mövqeyini əks etdirir. Yurd-yuvası erməni əsarətində olan İlham Qəhrəmanın şeirləri də bütün vətənpərvər şairlərimizin ruhundan, qələmindən süzülən şeirlər kimi vətənimizi bizə bir daha sevdirir…

Tənqidçi Əsəd Cahangir İlham Qəhrəmanı sözün rəssamı adlandırıb. Plutarx deyirdi: Şəkil çəkmək səssiz poeziyadır, poeziya isə danışan şəkildir.”

Şair İlham Qəhrəmanın şeirləri səmimidir. Vətən nisgilli, yurd həsrətli şair İlham Qəhrəman poetik ovqatını misralarda maraqla ifadə edən şairlərdəndir…

# 2906 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #