Deyəsən, ölürəm... - İtin dilindən hekayə

Deyəsən, ölürəm... - İtin dilindən hekayə
1 iyul 2021
# 17:29

Kulis.az Şahsənəmin "Culbars" hekayəsini təqdim edir.

Deyəsən, ölürəm...

Sahibim gedib-gəlib məni yoxlayır. Mənimlə danışmasa da, hiss edirəm ki, ölümümü gözləyir. Axı mənim hissiyyatım güclüdür...

Bu ağrılar məni lap huşdan eləyib. Özümü əvvəl sizə tanıtmalıyam ki, biləsiniz söhbət nədən gedir. Mən Culbarsam. Sahibim heç kimin eşitmədiyinə əmin olduğu vaxtlarda mənimlə söhbət edirdi. Adamların min işi var, biz itlərin isə bircə. Sahibimizi səmimiyyətlə sevib, onu qorumaq. Harda qalmışdım? Hə... sahibim mənə demişdi ki, Çingiz Aytmatov deyilən bir yazıçı var. O romanlarından birində mənim uzaq qohumum olan çoban itindən danışıb. Adı xoşuna gəldiyinə görə sahibim məni onun şərəfinə Culbars adlandırıb.

Sən demə Culbars adı elə-belə ad deyilmiş. “Müharibədə çoxlu mina və mərmilər aşkarlayan, Qızıl meydana Stalinin kitelində parada gətirilən itin də adı Culbars olub” - deyirdi sahibim. Müharibənin, minanın, paradın, Qızıl meydanın nə demək olduğunu, Stalinin kim olduğunu başa düşməsəm də, sahibim danışanda ona diqqətlə qulaq asırdım.

Mən də çoban iti ola bilərdim. Kəndin yaxınlığındakı çoban binələrindən birində doğulmuşam. Valideynlərim həmin binəni qoruyurlar. Biz 6 bacı-qardaş idik. Bəzi çobanlar itləri balalayanda küçükləri küllükdə basdırırlar. Kül iyi azdırdığından ana it balalarının başına gələni hiss etmir. Amma bacılarımla mən şanslı doğulmuşuq. Bizim doğulduğumuz binənin çobanı insaflı adamdır, küçükləri öldürmür, kənd uşaqlarına hədiyyə verir.

Yetim qalsaq da, sevəcəyimiz sahibimiz, yeməyə sümüyümüz, içməyə yalımız, qorumağa evimiz oldu. Evin kiçik oğlu məni gətirən gün qonşu uşaqlar ona nə öyrətdilərsə, qulaqlarımdan yapışıb məni fırlatdı. Körpə küçük qulaqlarım dibindən üzüldü, əlində qaldı. Ağrıdan zarımağıma məhəl qoymayıb üstəlik quyruğumu da kəsdi. O gecə səhərə kimi ağladım. Atası biləndə oğlunu bərk danladı. Deyəsən əlindəki ağacla döymək də istədi. Amma şuluq uşaq əldən çıxıb gizlənməyi bacardı.

Qabım gecə gündüz südlə dolu olurdu. Süddən içir, sürətlə böyüyürdüm. Sahibimlə oyun oynayanda əvvəl pəncələrimi dizinə, sonra qarnına, axırda çiyinlərinə qoyurdum. Ətrafdakı bütün itlərdən iri idim.

Bir gün sahibim başımı sığalladı, belə lazım olduğunu dedi və boynuma xalta keçirdi. O gündən gündüzlərim zəncirdə keçdi. Nə qədər dartınsam da, zənciri qıra bilmirdim. Artıq mənə ev də düzəltmişdilər. Gecələrin düşməyini səbirsizliklə gözləyirdim.

Gecələr zəncirimi açır, ətri ətrafdakı itləri qısqandıran təzə yalımı içir, bağda atlanıb-düşürdüm. Qonşu itlər də adamlar kimi məndən qorxurdular. Qonşunun qoca iti idi deyəsən onları başa salan. Onları mənimlə dostluq etməyə qoymayan. Eybi yox, qoymur heç qoymasın deyib, vecimə də almırdım. Onsuz da təkliyə öyrəşmişdim.

Sahibim deyirdi ki, kəndə namım yayılıb. Heç kim qorxusundan bizim həyətin həndəvərindən keçə bilmir. Keçməklərinə icazə verməzdim axı. Allahın biz itlərə verdiyi hissiyyatla qəlbiqara insanları qaraltısından əvvəl hiss edirdim.

Bir gün həyətə çoxlu adamlar gəldi. Ertəsi gün ondan çox, sonra qəribə işlər oldu. Çoxlu stol-stul daşıdılar, düzdülər həyətdə. Məni artıq gecələr də zəncirdə saxlayırdılar. Sahibimin başı qarışmış, məni tamam unutmuşdu. Düzdü, qarmaqarışıqlıq başlayandan qabım ətli sümüklərlə dolu olurdu. Qarnım tox idi. Amma mən azad olmaq istəyirdim. Yenə gecələr kəndi gəzmək, adamlı, itli-pişikli hamını qorxutmaq istəyirdim. Stollar düzülən günün səhərisi gurultu qopdu. Evin ortancıl oğlu evlənirdi.

Ev sahibləri ilə sizi düz əməlli tanış eləmək yadımdan çıxıb. Huşum hey gedir... Evin üç oğlu olub. Böyük oğlan mən gəlməmişdən çox-çox illər əvvəl müharibədə öldürülüb. Ortancıl oğlu yeni gəlib evə. Hardasa uzaqlarda oxuyurmuş, indi də evlənir. Kiçik oğlan isə məni bu evə gətirən, qulaqlarımı qoparan, quyruğumu kəsən dələduzdur. Sahibimlə arvadının müəllim işlədiyi məktəbdə oxusa da ağacla döyülməyincə ora getmək istəmir.

Hə... Toydan danışırdım axı. Toya böyüklərlə bərabər çoxlu uşaqlar da gəlmişdilər. Böyüklərin başı qarışan kimi uşaqlar qorxa-qorxa yaxınıma gəlir, məni daşlayırdılar. Axı mən onlara heç nə eləməmişdim...

Yaxşı ki, bu vurhavur tez qurtardı. Yoxsa olan qalan səbrim də tükənəcək, zəncirimi qoparıb nadinc uşaqları necə lazımdı cəzalandıracaqdım. Sakitlik düşən gecə sahibim məni zəncirdən azad etdi. Adətim üzrə əvvəl həyətə qaçdım. Həyətdən indiyə kimi heç vaxt hiss etmədiyim yasəmən qoxusuna bənzər zərif bir iy gəlirdi. Qırmızı xalatlı, qısa saçlı, kənddə gördüyüm qızların heç birinə bənzəməyən bir qadın idi iyin sahibi. Onu bu həyətdə heç görməmişdim. Ev camaatının “Culbars” qışqırtısını vecimə almadan özümü qadına çatdırdım. Pəncələrimi çiyninə qoydum, gözlərinə baxdım. İlk dəfə idi ki, belə məhəbbətlə baxan gözlər görürdüm. Məndən zərrəcə qorxmamışdı. Hamı donub qalmışdı. Qadınla mən isə bir birimizə baxırdıq. “Sən Culbarssan, tanışlığımıza şad oldum” dedi sevincək. Bu an təzə yalın iyi məni tutdu. Yemək qabıma doğru götürüldüm.

O gecədən sonra yeməyimi o qadın verməyə başladı. Ev adamları evdə olmayanda özünə nəsə şirin bir şey bişirirdi. Mənim payımı da mütləq verirdi. Sahibim kimi o da hamıdan gizlicə mənimlə söhbət etməyə başlamışdı. Mənə bəzi qadağalar qoyurdu. Mən də hamısına əməl edirdim. Adamlar yemək yeyəndə stola yaxın getməyə qoymurdu. Pəncələrimi çiyninə qoyub gözlərinə baxmağa da icazə vermirdi. Aşağı əyilir, özü gözlərimə baxır, mənimlə danışırdı. Onu hətta ərindən də qoruyurdum artıq...

Sahibimin səliqəli bağı var idi. Çoxlu meyvə ağacları, qara və ağ üzümlər, tərəvəz və göyərtilər əkdiyi kərdiləri kənddə adla idi. Çoxlu tənək şitili basdırmışdı həyətə. Bir gecə həyətdə dolaşanda iyi xoşuma gəldi, tənək şitillərindən birini çeynədim. Turşməzə dadı başımın ağrısını götürdü. O birini də, o birini də... Hamısını çeynəyib bitirdim. Səhər sahibim çeynənmiş meynələri göründə zəncirlə məni talvara bağladı, “gör sən neynəmisən, iki illik əməyimi zay etdin” deyə-deyə məni bərk döydü.

Günahımı başa düşsəm də, adam dilində danışa bilmədiyim üçün peşman olduğumu ona deyə bilmirdim. O isə döydükcə döyürdü. Gəlin sahibimə yalvarmağa başladı ki, “dayı, döymə sən Allah, bir bax gör necə baxır, vallah səhvini başa düşüb”... Birtəhər kişini yumşaltdı. O gündən sonra sahibimdən küsdüm, xaltamı gəlindən başqasının bağlamağına icazə vermədim.

Gecələr daha məni zəncirdən açmadı sahibim. İnəklər bağlanan yerdə qarqara düzəltdilər, zəncirimi qarqaraya bənd elədilər. Mıxa bağlı olmaqdan belə yaxşı idi. 5-10 addım irəli-geri gedə bilirdim heç olmasa. İsti havalar düşəndə günün altında qalmayım deyə yerimi kölgəliyə dəyişirdilər. Kölgə yer qonşu ilə aralıqda, nar kollarının altında, çəpərin dibində idi. Bura sərin idi, qabıma tökülən su da sərin qalırdı. Yerim rahat olsa da, qonşunun nadinc uşaqları mənə heç cür rahatlıq vermirdilər. Həyətdə adam olmayan kimi gəlib məni daşlayır, hürdürürdülər. Gəlin uşaqlara məni daşlamamağı desə də, o gedən kimi yenə daş atırdılar.

İsti günlərin birində gəlin harasa getdi. Soyuqlar düşəndə qucağında körpə ilə qayıtdı. Körpə ağlayanda anası onu mənim yanıma gətirir, körpə ağlamağını kəsib mənə tamaşa edirdi. Günbəgün uşaq böyüyürdü, mənə sevgi göstərənin biri də artmışdı evdə. Uşağın bir yaşı olacaqdı yaxın günlərdə. Bir gün gəlin uşağını götürüb harasa uzaqlara getdi. Getməzdən əvvəl mənimlə yenə dərdləşdi. O gedəndən bir neçə gün keçmişdi. Ev adamları da gözə dəymirdilər. Havalar çox isti olduğuna görə yenə çəpər dibinə bağlamışdı sahibim.

Qonşunun 8-9 yaşlarında olan qızı gəlin gedən gündən yenə məni daşlamağa, əsəbiləşdirməyə başlamışdı. Əlindən sözün həqiqi mənasında zəncir çeynəyirdim. Bir gün lap həyasızlıq elədi. Çəpərin o üzündən çubuğu uzadıb düz gözümə soxdu. Bu artıq son damla oldu. Güc verməyimlə zəncirin qırılmağı bir oldu. Çəpərin üstündən hoppanıb uşağı haqladım. Yumşaq yanından yapışıb qaldırıb yerə çırpdım. Dişlərim yanına batan kimi ağzıma qan dadı doldu. Bu uşağın qanını içsəm ürəyim soyumazdı... Uşağın qışqırtısına əlində balta ilə gələn babasını görcək canımdan qorxub buraxıb qaçdım. Həmin gün gecəyarıyadək kəndin bütün çəpərlərini süləndim. Pis bir iş gördüyümün fərqində idim. Amma Allah şahiddir ki, heç bir günahım yox idi...

Ertəsi gün səhər tezdən qorxa-qorxa evə qayıtdım. Sahibim təzyiqdən qızarmış gözlərlə məni süzdü. “Ay oğraş, məni niyə qonşu yanında diligödək elədin?” dedi və sakitcə xaltamı boynuma keçirdi. Qorxduğumun əksinə olaraq məni döymədi. 3 gün dinmədən suyumu, yeməyimi verdi. Dünən yeməyimi verəndə mənə uzun-uzadı baxdı. O boyda kişi uşaq kimi hönkürüb ağladı. Dünəndən bəri halım yaman qarışıb.

Onu deyirdim axı... Deyəsən mən ölürəm...

# 1956 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur ulduz səhnədə paltarını kəsdi

Məşhur ulduz səhnədə paltarını kəsdi

17:47 25 iyul 2024
Azərbaycanlılar xaricdə onkoloji xəstəyə oxşayır - İlham Əziz

Azərbaycanlılar xaricdə onkoloji xəstəyə oxşayır - İlham Əziz

16:00 25 iyul 2024
"Uşağın ciyərini kəsib götürdük..." - Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

"Uşağın ciyərini kəsib götürdük..." - Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
Ağadadaş Ağayevi döyən mühafizəçi adam oğrusu imiş... - Vəkil danışdı

Ağadadaş Ağayevi döyən mühafizəçi adam oğrusu imiş... - Vəkil danışdı

13:54 25 iyul 2024
“Şirvanşahların səsi” konsert proqramı təqdim olunub

“Şirvanşahların səsi” konsert proqramı təqdim olunub

13:20 25 iyul 2024
Ağadadaş Ağayevin fəxri adı alına bilərmi? - Açıqlama

Ağadadaş Ağayevin fəxri adı alına bilərmi? - Açıqlama

10:44 25 iyul 2024
#
#
# # #