Bir çox insanın müxtəlif şeylərə qarşı fobiyası var. Bəzi insanlar qorxuların üstünə gedib onlarla birlikdə yaşamağa alışsa da, bəzi fobyalar sahiblərinin həyatını kabusa çevirib. Məşhur insanlar arasında fobyalarının əsirinə çevirilənlər də var.
Kulis.az dünyaca məşhur şəxslərin fobiyalarını təqdim edir.
Məşhur yazıçı Ceyms Coys iki şeydən qorxurmuş; itlərdən və göy gurultusundan. İtlərdən qorxma səbəbi uşaqlıqda daş atdığı küçə iti onu çənəsindən dişləmişdi. Göy gurultusundan qorxunu isə onda katolik olan dayəsi formalaşdırıb. Dayəsi kiçik Coysa göy gurultusunun Tanrının qəzəbi olduğunu deyər, hər göy guruldayanda ondan xaç çəkib, dua etməsini istəyirmiş. Coys böyüdükdən sonra belə göy guruldayanda qorxudan əsirmiş.
Edqar Alan Po qaranlıqdan çox qorxarmış. Bunun səbəbi varmış. Ponun İngiltərədə oxuduğu yatılı məktəbdəki sinif pəncərəsindən qəbiristanlıq görünürmüş. Məktəb müdirləri riyaziyyat dərslərini qəbiristanlıqda keçərmiş. Tələbələrdən hərənin bir qəbir daşı seçib mərhumun hansı yaşda doğulub, hansı yaşda öldüyün hesablamalarını tələb edirmiş .
Virciniya Vulf uzun illər dəli olma qorxusu ilə yaşayıb.
Ziqmund Freyd qatardan və musiqidən qorxurmuş. O buna görə piano çalan qonşusu ilə həmişə dalaşırmış.
“Kamusi-Türk” əsərinin yazarı Şəmsəddin Sami ayda sadəcə bir dəfə küçəyə çıxıb. Deyilənə görə beş il küçəyə çıxmadığı vaxtlar da olub.
Nazim Hikmət ölüm qorxusu yaşayırmış. Şair qorxudan yata bilmirmiş, güclü yuxu həbləri isə ona gündə sadəcə bir neçə saat kömək edə bilirmiş.
Dünyanı qana çalxalayan Adolf Hitler sudan qorxurmuş. Bu qorxusuna görə Hitler həyatında bir dəfə də olsun dənizə girməyib.
Uliyam Şekspir nə zamansa cənazəsinin qəbirdən çıxarılacağından qorxurdu. Ona görə də belə bir şeir yazmışdı ki, sümüklərimi oğurlayan lənətə gəlsin. Onun yaradıcılığını araşdıranların fikrincə, Şekspirin ekshümasiya fobiyası varmış. Onun “Hamlet”, “Romero və Cülyetta” və bir çox əsərlərində bu qorxunu əks etdirən hissələr var.
Vladimir Mayakovskinin atası əlinə sancaq batması nəticəsində mikrob qaparaq ölməsi şairin psixalogiyasına ciddi təsiri olub. Bu hadisədən sonra onun ən kiçik yaraya belə ifrat diqqəti formalaşmışdı. Şair həmişə özü ilə yod, sabun, bir neçə əl yaylığı götürdü.
Onore de Balzak isə evlənməkdən qorxurdu. Uzun illər qrafinya Evelina Hansa vurulan yazıçı nikahdan qaçmağa çalışırdı. Onların eşq macərası qrafinya dul qalana kimi davam elədi. Balzak çıxılmaz vəziyyətdə qalmışdı, nikahdan imtina etmək qadını və özünü rüsvay eləmək idi. Amma yazıçı evlənməyə 8 il sonra razılıq verdi. Toy günü yaxınlaşdıqca o, qorxuya düşürdü. Nəticədə Balzak qorxudan xəstələndi və qrafinyaya yazdı ki, biz evlənsək tezliklə məni məzarlığa yola salacaqsan. Amma qrafinya israrlı idi. Toy baş tutdu. Balzakı nikah masasına kresloda gətirdilər. Çünki o, özü yeriyə bilmirdi. Toydan 5 ay sonra Balzak vəfat etdi.
Dəhşət filmlərinin atası sayılan Alfred Hiçkok yumurtadan qorxurmuş.
Viktor Pelevin qarpızdan qorxurmuş. Hətta qarpızı doğramağı vəhşilik hesab edirmiş.
Pyotr Çaykovski ciddi xəstəlik qorxusu varmış. O daima müxtəlif simptomlar axtarır və tez-tez həkimlərə müraciət edirdi. Həkimlər ona hər nə qədər də səhəttinin yerində olduğunu, heç bir xəstəlik tutmadığını söyləsələr də bəstəkar buna inanmırdı. Ona görə də Çaykovski tez-tez həkim dəyişirdi.
Nikolay Qoqol Tafafobiyadan əziyyət çəkirdi. Yazıçı ömür boyu diri-diri basdırılmaq qorxusu ilə əzab çəkib. Deyilənə görə bu qorxu yazıçıda gənc yaşlarında keçirtdiyi malyariya səbəbindən yaranıb. Bundan sonra tez-tez huşunu itirməyə başlayan Qoqol onu ölü bilib basdıracaqlarından qorxurmuş. Buna görə də o, cəsədinin yalnız çürümə əlamətləri görünəndə dəfn olunmasını vəsiyyət edib.
“Mickey Mouse”u dünyaya bəxş edən Uolt Disney siçanlardan qorxurdu.
Stiven Kinq pişiklərdən və təyyarədə 13 nömrəli oturacaqda uçmaqdan qorxur. Kitab yazarkən heç vaxt 13-cü səhifədə dayanmır. Bundan başqa yazıçı qaranlıqdan qorxduğu üçün həmişə işıqda yatır.
Məşhur Eyfel Qülləsinin yaradıcısı Qustav Eyfel hündürlükdən qorxurdu.
Fransa imperatoru Napoleon Bonapart, çaxnaşmaya səbəb olan pişiklərdən qorxurdu. Maraqlıdır ki, Hitler, Mussolini, II Nikolay, Böyük İskəndər və Julius Sezar da daxil olmaqla bir çox lider aylurofobiyadan- pişik qorxusundan əziyyət çəkirdi.
Sergey Yesenin sifilis yoluxmaqdan qorxurdu.
Culia Roberts keçici xəstəliklərdən dəhşətli dərəcədə qorxur. Bu səbəblə də aktrisa dezinfeksiya edilməyən stullarda oturmur.
Aktrisa Nikol Kidman kəpənəkdən qorxur.
Məşhur aktyor və rejissor Vudi Allen xəstəlikdən qorxduğu üçün iki saatda bir temperaturunu ölçürdü. Onun həm də yüksəklik və yanğın qorxusu vardı. Elə buna görə də yatanda ayaqqabılarını çıxarmırmış.
Maykl Cekson da mikrob qapmaqdan qorxan məşhurlar arasındadır. Cekson xəstəlik xəstəsi idi. Ona görə də ağzını həmişə qapalı tutan, maska taxırdı.
Leanardo Di Kaprio liftdən qorxur.
“Hörümçək adam” filmi ilə məşhur olan aktyor Tubey Maguri filmin sonuna qədər hörmüçək adam kastyumu geyinib divardan divara tullansa da, həyatda həm yüksəklikdən, həm də hörümçəklərdən qorxur.