Belə dərs günü olar? - Ayxan Ayvaz yazır... 

Belə dərs günü olar? - Ayxan Ayvaz yazır... 
15 sentyabr 2020
# 10:30

Məktəblər açıldı.

Təkcə ibtidailər üçün...

Böyük siniflər hələ bir ay da gözləməli olacaq.

Düzü, bu qayda-qanun mənə qəribə gəldi. Hamımız virusdan yana narahatıq, uşaqlarımızın üstündə əsirik. Amma bu virus sinifi ikiyə bölüb dərs keçəndə gəlib yaxamızdan tutmur? Üç gün dərsə gəl, həm əyani, həm distant təhsil al, üç gün evdə qal. Elə bil, iynə üçün xəstəxanaya gedirsən.

Müəllimlərə də, balaca şagirdlərə də bu yeni üsullar təzə-təzə çətinlik yaradacaq. Hər gün maskanı tax işə gəl, sinfi ikiyə böl, eyni dərsi iki qrupa de, saatın artıq çıxsın, maaşın dəyişməz qalsın.

İbtidailər üçün də çətindir. Əvvəl yanlarında biri otururdu, ona pənah aparırdı. İndi tək oturacaq partanın arxasında. Bəlkə birinin xoşu gələn qız olacaq, o qızla bərabər oturmaq ehtimalı belə olmayacaq. Bəlkə də o qız başqa qrupla dərsə gələcək və onu heç vaxt görmək imkanın yaranmayacaq.

İlk dərs günü həyat yoldaşımla onun işlədiyi məktəbə getdim. Bizim vaxtımızdakı ilk dərs günlərindən tamam-kamal fərqliydi hər şey. Məktəbin həyətinə uşaqlar ara məsafəsi saxlasın deyə dairələr çəkmişdilər. Hər uşaq iki qol məsafəsində duracaqdı. Valideynlərin məktəb həyətində dayanması, müəllimə gül verməsi, hətta məktəbdə musiqi səsləndirilməsi qadağan idi.

Gül verilməsinin qadağan olunması bizim üçün təzədir və məncə, yaxşıdır. Musiqinin, əylənməyin qadağan olunduğu gün uşaqların yaddaşında necə qalacaq bəs? Bundan əmin deyildim. Mən elə hesab edirəm ki, hər halda ilk dərs gününü əyləncəli, musiqili etmək olar. Heç olmasa dünyanın məsafələrlə çaş-baş qaldığı bu zamanda uşaqlar doyunca güləydilər, əylənəydilər.

Özü də ilk dərs günündə siniflərin hamısı iştirak etmirdi. Müəllimlərin təyin etdiyi ilk qruplar gəlmişdilər məktəbin önünə. Hamısı da həyəcanlı, çaşqın. Uzaqdan valideynlərin narahatlığı ara məsafəsini aşıb onların həyəcanına qarışırdı. İlk dərs günü məktəbdə adət etmədiyimiz bir sükut dolaşırdı.

Yadıma məktəbə getdiyim ilk gün düşdü. Onda Tiflisdə yaşayırdıq. Mənim yaşım az idi, amma qardaş-bacımla məktəbə getmiş, arxa partada oturmuşdum. Sonralar da tez-tez onlara qoşulurdum. Barmaqlarım hələ qələm tutmağa alışmamışdı, amma dilim bülbül kimi cəh-cəh vururdu. Şeirləri, nağılları o çətin gürcü dilində bir göz qırpımında əzbərləyir, müəllimin üzünə oxuyur, o da çaşqınlıqdan, həm də sevincdən məni öpürdü.

İndi bu uşaqlara baxanda bilmədim mənim uşaqlığım daha yaxşıydı, ya onların.

Məsafələrlə yaşamaqmı gözəldi, yoxsa məsafələri aşaraq yaşamaqmı?

Bilmirəm.

Bir onu bilirəm ki, tarixdə heç belə ilk dərs günü olmamışdı: sakit, məsafəli, sönük...

Uşaqların temperaturu yoxlanır və onlar sakitcə bir-bir siniflərə keçirdilər.

Hər şey o qədər səssiz baş verirdi ki. Elə bil, Tanrı ilk dərs gününün səsini almışdı.

Valideynlərə yazığım gəldi. Uşaqlarına gözləri ilə toxunurdular. Onlara baxanda ağlımda bir sual dolaşdı:

"Görəsən, uşaqlar böyüyəndə bu gün haqda necə danışacaqlar?"

# 4647 dəfə oxunub

Oxşar xəbərlər

"Bu dünya nərdivandır..."  - Xalq şairi Nəriman Həsənzadə ilə  son vida

"Bu dünya nərdivandır..." - Xalq şairi Nəriman Həsənzadə ilə son vida

15:00 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

12:50 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

11:35 2 avqust 2026
Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

15:10 1 avqust 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

14:35 1 avqust 2026
"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

13:40 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər