Bacımın bizi Laçına qaytaran oyuncaqları

Bacımın bizi Laçına qaytaran oyuncaqları
18 may 2021
# 13:07

Kulis.az Bakı Dövlət Universitetinin müəllimi, “Qarabağa Dönüş” İctimai Birliyinin Beynəlxalq məsələlər şöbəsinin əməkdaşı Ayşən Aslan-Məmmədlinin “Görən səsim çatacaqmı, Laçın dağlara, dağlara?!” yazısını təqdim edir.

Uşaq vaxtı atamın maşınında yol gedərkən mərhum sənətkarımız Məhəbbət Kazımovun yanıqlı səslə oxuduğu bu ifanı daha çox dinləyərdik:

Bu il yenə gedəmmədik
Bizim dağlara, dağlara.
Görən gedib çatacaqmı
Səsim dağlara, dağlara?!

Nə gizlədim, atam “can a dağlar” deyib kövrəlsə də mənə çatmazdı. Mən Laçından heç bir yaşımı tamam etməmişdən əvvəl çıxmaq məcburiyyətində olmuşam. Həm də atam həmişə deyir ki, Laçının gözəlliyini duymaq üçün o əvəzsiz diyarı, cənnət guşəni mütləq görmək lazımdır.

Bu gün Laçının işğal tarixindən 29 il... ötmür. Hələ kiçik yaşlarımdan anamdan eşidərdim:

“Uşaqlar da, mən də təsadüfdən sağ qalmışıq”.

Niyəsini anlamazdım. Sonralar o dəhşətli gecəni bacılarım da xatırlayır, həyəcanlı şəkildə danışanda səbəbini başa düşdüm. Bacım deyir, anamın səsi hələ də qulaqlarımdadır:

“Allahım, mənim gözümün qabağında balalarıma heç nə olmasın, körpədirlər, qıyma...”

Bacım danışır:

“...Kəndimiz mənfur düşmənlərlə sərhəddə olduğundan, vəziyyət gərginləşməyə başlayandan atəş səsləri demək olar ki, hər gün eşidilirdi. Ancaq o gün eşidilən səs digərlərindən fərqli idi. Həmin gün doğulub 5 yaşa çatdığım evimizdən məcburən çıxırdıq. Qapımıza bir maşın yaxınlaşdı, vacib olan əşyalarımızı maşına yüklədilər. Mənim üçün isə ən vacib əşyalarım - oyuncaqlarım qalmışdı. Ağlaya-ağlaya oyuncaqlarımı yığdığım qutunu götürməyimizi istədim, dedilər, yer yoxdur, qalsın evdə, onsuz da qayıdacağıq. Bizi də maşına əyləşdirdilər. Mən arxamızca adını “Xallı” deyə çağırdığımız itimin hələ də mənə baxmasını unuda bilmirəm. Mən ağlayıb elə hey “Xallı qaldı, onu istəyirəm”, - deyirdim.

Atam könüllü müdafiə polkunda olduğundan, bizi - anam, bacılarım və məni ata nənəmgilin kəndinə - Güləbirdə əmim və dayım gətirəsi oldu. Yolda bütün maşınları Ermənistandan artilleriya, top atəşinə tuturdular, ona görə də sürücülər məcburən maşınların işığını söndürdülər. Atəşdən biri bizim qarşımızdakı maşına düşdü. Maşın gözümüzün qabağında yandı. Dedilər, 24 yaşlı cavan oğlan yanıb, anası qışqırmaq istəyirdi, amma ətrafındakı insanlar onun ağzını əlləri ilə yumurdular, çünki ermənilər səs gələn tərəfə atırdılar. İşıq olmazdı! Səs salmaq olmazdı! Bir uşağın qaranlıqda qorxusunu azalda biləcək iki şey birdən əlindən alınmışdı.

Sonra “Tikanlı zəmi” deyilən yerə, oradan da meşəyə qaçdıq. Qaranlıq meşədə hara getdiyimizi bilmirdik. Qəfildən təbiətin fəryadı uşaqların fəryadına qarışdı - dəhşətli bir yağış başladı. Əmim və dayım bizi, hamilə anam isə ən kiçik bacımı qucağına almışdı. Bizim əynimiz nazik idi, çox üşüyürdük. Anamın qucağında 11 aylıq balaca bacım bükülmüş yorğan isə tamam su idi. Güclü yağış yun yorğanı daha da ağırlaşdırmışdı. Amma anam yenə də şükür edirdi. Çünki ermənilər yağış səbəbindən atəşi dayandırdılar. Palçıqlı meşədən geri qayıtmağı bacardıq və təsadüfi bir maşınla Güləbirdə çatdıq. Halsız, taqətsiz vəziyyətdə idik. O kənddə də işığı, qazı tamam kəsmişdilər, bir stəkan isti çay belə tapmaq mümkün olmadı ki, körpə bacıma içirdələr.

Səhər açılanda Ağdamın Quzanlı kəndində yerləşən ana nənəmin evinə gəldik. Babamın qəbri isə Laçında, Zabux kəndində qaldı. Elə mənim uşaqlığım da orda qaldı…”

Qələbəmizdən sonra tez-tez qulağımda Ulu Öndərin qətiyyətlə dediyi sözlər səslənir:

“Laçın dağları bizə əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik!”

Yaşıllığı, meşələri, başı dumanları dağları, özünəməxsus gözəl təbiəti, torpağı, bulaqları, çayları, mərd insanları ilə fərqlənən Laçın diyarımız doğma sakinlərinin yolunu gözləyir.

Yeni çəkilən yollar bizi rahatlıqla o gözəllikləri görməyə aparacaq. Və bacım da orada qoyub gəldiyimiz oyuncaqlarını, uşaqlıq xatirələrini elə oradaca gedib tapacaq. Axı oyuncaqlarını da götürməkçün ağlayanda anam ona demişdi ki, qoy qalsın, onsuz da qayıdacağıq!

# 2522 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
#
#
# # #