Atamı öldürən səbəb - Alpay Azər yazır

Atamı öldürən səbəb - Alpay Azər yazır
11 iyun 2021
# 13:45

Kulis.az Alpay Azərin "Qəzəblə qədərin arasında" adlı yazısını təqdim edir.

Saat hardasa beşdi, qapı açılır, atam içəri girir (hər gün bu vaxt işdən gəlir). Mətbəxdə oturub şıdırğı enerjiylə yeni hekayəmi yazıram. Atam həmişəki kimi, hamama girib əllərini yuyacaq, sonra mətbəxə gələcək yemək yeməyə. Ürəyimdən keçir, yanımda oturub yeməyə başlayandan sonra süni etinasızlıqla "nə yazırsan?" soruşsun, mən də həvəslə tez "təzə hekayə" deyim.

Hamamdan çıxır və gəlmir. Elə bilirəm, mənim acığıma gəlmir, halbuki bu, qətiyyən belə deyil, çünki içəri girəndə nəsə yazdığımı heç uzaqdan da görməyib, mətbəxə dəymədən birbaşa otağına keçib. Sadəcə, tıncıxıram, səbirsizlənirəm deyə, elə bilirəm ki, mənim acığıma gecikir. Pero qələmimi kağızın üstünə qoyuram. "Nooldun? Gəl çıx da”, - dodaqaltı deyinirəm. Bu vaxt anam mətbəxə daxil olur, deyinənfason qımıldanıram: "Ata yemək yemək istəmir ki?" - "İdman eliyir". Yadıma düşür ki, bel ağrılarına görə bir müddətdi otağında yoqa hərəkətləri edir...

Bu gün - 2021-ci il, martın 22-si başlamışam bunları yazmağa. Srağagün iyirmi gündən çox Yeni Klinikanın reanimasiyasında Covid-19-dan müalicə alan atam süni nəfəs aparatına qoşulan gün dünyasını dəyişdi. “Covid”ə inanmayan, "Əşi, boş şeydi, elə xəstəlik yoxdu, soyuqdəymə kimi bir şeydi" deyən atamı fevralın sonları bu xəstəlik yaxalamışdı. Martın ikisi təcili tibbi yardımın işçiləri atamı xərəyə qoyanda, heç olmasa, yaxınlaşıb əlindən tutmadım, ürək-dirək vermədim, eləcə qıraqdan yad bir adamı xəstəxanaya aparırmışlar kimi hər şeyə tamaşa etdim.

İndi gündə dörd-beş dəfə gizlicə anam olmayan otağa, ya hamama keçib beş-on saniyə hönkürürəm, qəfil özümə "Stop" deyirəm. Sonra güzgüdə özümə diqqətlə baxıram görüm, hönkürtüdən iz-filan qalmayıb.

...Nəhayət, atam mətbəxə girir, anam yeməyini çəkir. Başımı qaldırmadan yazıram ki, ondan "nə yazırsan?" sualını umduğumu hiss etməsin. Bir yandan, yemək yeyən atamın horultu-marçıltı səsindən, o biri yandan, "nə yazırsan?" sualını verməməyindən əsəbiləşirəm. "Nə yazırsan?" - qəfil soruşur. Nəhayət ki. Sevinirəm, büruzə verməsəm də. "Təzə hekayədi. Daha doğrusu, povestdi”, - başımı qaldırıb atamın "nə yazırsan?" sualına həvəslə cavab verirəm. Son vaxtlar məndən irihəcmli mətnlər gözlədiyini bildiyimdən, "povest" sözünü xüsusi vurğuyla deyirəm. Atam sevincini gizlətmək istəsə də, qaşları yuxarı qalxır, "hmm" edib mənalı-mənalı başını tərpədir. "Nədi mövzusu?" - soruşur. "Yox, onu demiyim hələ, "Hisslər və macəralar" silsiləsindəndi. Bitirəndə print edib "Azərbaycan" jurnalına aparacam. Sən təzəlikcə onlara çapa nəsə verməmisən? Ya yaxın vaxtlarda ora yazı aparmaq fikrin var?" - ehtiyatla soruşuram, "yox" sözünü eşitmək ürəyimdən keçir. "Yox" cavabını verir və mən yenə büruzə vermədən sevinirəm.

Haşiyə: Atamla mən eyni vaxtda qəzet, jurnal, ya sayta yazı verəndə redaktorlar mısmırıqlarını sallayırdılar. Bir dəfə redaktorlardan biri yarızarafatla mənə dedi ki, ata-bala yazı gətirməkdən bizi bezdirdiz. Ona görə jurnal, ya qəzetə, hekayə, məqalə aparmamış atamla məsləhətləşirdim... İndi dilim də çönmür deməyə, artıq "rəqibim" yoxdu. Amma son vaxtlar atamın bu dünyadan köçəcəyini hiss edirdim nəydisə, içimdəki "birinci mənim yazım çıxsın" ehtirasını öldürüb, onun yazısının əvvəl çıxmasını istəyirdim.

Düzü, vaxtını almamaqçün həmin povestin əlyazmasını atama oxumağa verməmişdim. Sürpriz etmək istəyirdim, həmişəki kimi sakitcə jurnalı qoyacaqdım masasının üstünə, o da jurnalı vərəqləyə-vərəqləyə şəklimi və povestimi görüb "Oo, povestin çıxıb? Təbriklər" deyəcəkdi. Elə həmin gün povesti oxuyub, jurnalda qara karandaşıyla qeydlər edəcəkdi, sonda yenə mübahisələrimiz başlayacaqdı. "Hə, bu qeydinlə razıyam", "Yo, yo, yo, qətiyyən razı deyiləm səninlə, ay ata. Sən Allah, əl çək bu səliqəli cümlələrindən"... İndi povesti print halında ona verməməyə elə peşmanam ki.

- Ay ata, təsvirlərə hədsiz çox yer verirsən, - son yazdığı hekayələrdən birini oxuyub fikrimi deyirəm. - İndi belə şeylər oxucuları bezdirir, başa düşürsən?

- Başa düşmürəm, heç düşmək də istəmirəm. Əsl ədəbiyyat elə bədii təsvirdi. Yoxsa gəldim, getdim, yatdım, yedim, içdim kimi qısır cümlələrlə ədəbiyyat olmur.

- Bəs minimalizm?

- Minimalizmin ədəbiyyata dəxli yoxdu.

- Dəxli var. Bəyənmirsənsə, bu, artıq zövq məsələsidi. Amma söhbət düşəndə, heç vaxt demə ki, əşi minimalizm-zad boş şeydi. Mən demirəm ədəbiyyatda maksimalizm olmasın, belə götürəndə, Prust mənim sevdiyim yazıçıdır, səndən beşbetər təsvirlərində uzunçuluq edir. Amma... - dayanıram. - Nə amma? Gördün, özün axırda gəldin mən deyənə. Prusta olar, mənə yox hə?..

Daima "Hamımız ölüm şərbətini içəcəyik" fəlsəfəsiylə yaşamaq asan deyil. Atamın ölümüylə bağlı dostlarının onun feysbuk profilində yazdığı ağrılı, nostalji statusları, otağında yoxluğunun lal sükutuna bürünmüş əşyaları, yağlı boyayla çəkdiyi şəkilləri, çantası, uzaq səksənlərdə anamın hekayələrini yığdığı yazı makinası, atamın yazıları olan saralmış A4 kağızlar ("Qranka demə, ay ata! İndi A4 kağızı deyirlər bunlara"), yazı masası, kreslosu, asılqandan asılmış kurtkası ("Axı nə məcburuydu o soyuq gündə bunu geyinib küçəyə çıxasan") - sözlər və əşyalar susqun halda mənə deyirlər ki, bir də sən saat beşdə içəri girməyəcəksən, mətbəxə keçib yemək yeyəndə "nə yazırsan?" soruşmayacaqsan və heç də torpağın üzü soyuq deyil. Əşyalar və yaddaşımız zaman anlayışını bəzən az qala, shift delete-lə silir beynimizdən. Elə bil, hər şey zamansızlıq içində baş veribmi. Atam 81 yox, 60, ya əksinə, daha çox, 90 il yaşasaydı, mən yenə onun ölümünə zaman kontekstində yanaşmayacaqdım.

Mətbəxdəyik, "nar kəs ye", - nar dənələrini ağzına atır. Həm "nar kəs ye" deməsi, həm də xırçıltı səsi əsəblərimə toxunur, ayağa durub o biri otağa keçmək istəyirəm. "Yüz dəfə demişəm, nar yemək istəsəm, götürüb kəsib yeyəcəm. Bu evdə kimdən utanıram ki?". Bunu əvvəllər demişəm özünə, xeyri olmayıb, ona görə bu dəfə dinmirəm. Kəsdiyi narlardan birini sakitcə qoyur qabağıma. Artıq səbrimə güc gələmmirəm, heç nə demədən durub o biri otağa keçirəm...

Ölümündən hardasa bir həftə öncə, fevralın sonlarına yaxın, Elmlər tərəfdə, çöldə meyvəsatandan alıb balkondakı ləyənə yığdığı balaca narlara baxıram. Çox vaxt qıraqdan baxmaqla istənilən meyvənin şirinini turşundan ayıra bilirdi, aldığı meyvələri bir-bir özü seçirdi. Büzüşüb balacalaşıblar atamın əlinin dəydiyi bu narlar, mənim kimi yetimdirlər sanki. Heç olmasa, birini kəsib yeyəcəyəmmi? Bu sualı verən kimi, "kəsib qabağıma qoyduğu narı yeməməyim bir yana, o biri otağa keçməkdə haqlı olmuşammı?" sualı gəlib yaxamdan yapışır. Soyuq baş bu suala "hə", ürəksə "yox" cavabı verir. Bircə şey mənə təsəlli verir, - atam durub o biri otağa keçməyimə görə məndən elə də inciməmişdi, həmin gün nə barədəsə söhbət etmişdik, yəni küssəydi, ən azından, həmin gün mənimlə danışmazdı.

Atamı bir dəfə acılayanda mənə belə demişdi: "Mən də vaxtilə atamı acılamışam, ona görə sənin üstümə bozarmağın mənə adi gəlir, sən elə mənsən". Bununla mənə, bir növ, öncədən təsəlli vermişdi, çünki mən səs tonumu qaldıranda, hətta bəzən qışqırandan bir müddət sonra - amma şükür ki, aramızda heç vaxt ciddi dava-dalaş olmadı, - özümə sual verirdim: "Görən, atam bu dünyadan köçəndən sonra arada ona qarşı etdiyim kobudluqlara görə peşmançılıq hissi çəkəcəyəm?". Mənə dediyi "sən mənsən" sözləri hal-hazırda peşmançılıq yükümü yüngülləşdirir, tam aradan qaldırmasa da... "Eşşəklik eləmişəmsə, bağışla məni, ata".

Bir tərəfdən, qəzəbliyəm sənə, ay ata, amma bu qəzəb nifrətdən yox, sənsizlikdən gəlir. Nə məcburuydu gedib nəşriyyatda şəkil çəkirdin, yerin darısqalıydı bəyəm? Evdə hər cür şəraitin varıydı, yekə otaqlardan birində oturub çəkərdin də şəkillərini. Bir də, o soyuq, küləkli havada nə məcburuydu gedib ət alırdın?!

Axı sən niyə Covid-ə inanmadın? Nə qədər faktlar gətirdim sənə, tələbəmin nənəsi, babası, bibisi o xəstəlikdən öldülər, özün də feysbukda hər gün xəbərləri oxuyurdun, filankəsin qohumu qırx səkkiz yaşında, filankəsin əzizi əlli iki yaşında bu zibil xəstəlikdən getdi. Əl çəkmədin tərsliyindən, dedin ki, yox e, hardan bilirsən onlar məhz Coviddən ölüb. Ömrün boyu şübhəcil oldun.

Bir dəfə özünə dedim ki, Azərbaycanda inamsızlar arasında yarış keçirilsə, sən ən azından, siyahıda onluğa düşərsən. Axırda məni o həddə çatdırdın ki, şeytan içimə girdi: "Axx, bu Covid sənə bir qulaqburması verə". Əlbəttə, qulaqburmasından o yana, yəni ölüm variantı heç şüuraltımın ən aşağı mərtəbəsindən belə keçməmişdi". Bu cümlələr neçə gündü var-gəl edir beynimdə, axırda bezirəm, qovmaq istəyirəm onları. Eyni zamanda anlayıram ki, bir müddət sonra atama olan qəzəbim get-gedə zəifləyəcək, amma ömrümün sonuna qədər məndən əl çəkməyəcək.

Hərdən özümə sual verirəm, tutaq ki, atam ət almağa çıxdığı gün onu yol zolağında maşın vurub öldürsəydi, yenə ona qəzəbli olardım? Tez də özümə cavab verirəm: əlbəttə, yox. Qəzəbimin əks tərəfində isə Allahın Qədəri dayanıb. İndi mən nə vaxta kimi qəzəblə qədərin arasında var-gəl edəcəm? Ey Qədər sahibi, elə et ki, atamın yoxluğuna təslim olum, hələ şükür edim ki, atama 81 il ömür verdin. Yeri gəlmişkən, hardasa 65-67 yaşlarında evdə belə bir etiraf etmişdi: "Allahdan yetmiş il ömür istəyirəm, bundan artığı lazım deyil". Eləcə də Allaha yalvarıram ki, atamın reanimasiyadakı iyirmi günlük əzabları günahlarının yuyulması üçün kəffarə olsun.

Arada fikirləşirəm, atama qarşı olan qəzəb yox, hirsdir, elə bilirəm, qəzəb ancaq düşmənə qarşı olur. Sonra özümə haqq qazandırmaqçün bir pillə də aşağı düşürəm: məndəki hirs yox, əsəbdi. Yox, əsəb sağ adama qarşı olur, dünyasını dəyişənə qarşı yox. Axırda belə nəticəyə gəlirəm: qəzəb və hirs oxşardı, mənə təsəlli verən əvvəlki fikrə qayıdıram: axı mənim qəzəbim nifrətdən yox, sevgidən əmələ gəlib.

Günlər keçir, atama olan qəzəbim qeybət vasitəsilə çölə çıxdıqca bir az özümə gəlirəm, rahatlanıram.

- Səni doğma bilirəm deyə, bunu sənə deyirəm. Öz səhlənkarlığının qurbanı oldu, - Sevil bibimə telefonda deyirəm. - Ona nə qədər faktlar gətirdim, filan tələbəmin nənəsi, babası, bibisi, başqa birinin əmisi oğlu Coviddən öldü. Heç birinə inanmadı, öz bildiyini elədi sənin tərs qardaşın.

Başqa bir gün dostuma qeybət edirəm:

- Atamın evini yıxan məsuliyyətsizliyi oldu, - bu dəfə qəsdən səhlənkarlıq yox, "məsuliyyətsizlik" sözündən istifadə edirəm. - Adama nə qədər fakt deyərlər, nə xeyri, o qulağından aldı, bu birindən çölə verdi.

İndiyə qədər doğma bildiyim yeddi-səkkiz adama aşağı-yuxarı eyni şeyləri deməklə atama olan qəzəbimi bir az azaltmışam, düzü, bilmirəm, qeybət məsələsində haqlıyam, ya yox. Haqlı olmağımı eqoistliyimə bağlayıram, yəni anlayıram ki, qəzəbdən qurtulmaqçün, rahat olmamçün atamı qınamağım doğru deyil. Özümü haqlı saymağımı isə elə məhz atamın səhv olmasıyla bağlayıram. Atamı qınamağa başlayanda Allaha inananlar o dəqiqə belə reaksiya verir: Allah nə yazmışdısa, o da olmalıydı. Mənimsə cavabım belə olur: axı Allah insanlara düşünməkçün seçim verir, yəni eyni məntiqlə həkimin təyin elədiyi dietanı pozub insultdan ölən ağır şəkər xəstəsinə də haqq qazandırıb demək olar ki, bəs bu adamın ölümü Allahın qədəriydi, halbuki həkim əvvəlcədən ona filan-filan şeylərdən uzaq olmağı tapşırmışdı.

Korona testi məndə pozitiv çıxanda, bir xeyli sistem, dərmanlar yazan həkimə atamın məndən öncə xəstə olduğunu, infeksiyanın ondan mənə keçdiyini dedim. Həkim atamın yaşını, ağır xəstə olub-olmadığını soruşub axırda dedi: "Təcili, elə bu gün aparın, kate elətdirin atanızı". Öz dərmanlarımı alıb evə gəldim, birbaşa artıq bir həftədən çoxdu çarpayıda uzandığı otağına girib "Ay ata, başa düş, sənə mütləq kompüter tomoqrafiya lazımdı. Bunu mən yox, həkimim dedi, o həkim ki, məni bir neçə dəfə müalicə edib" deyəndə atam üz-gözünü turşutdu: "Off, nə qorxaq adamsan sən". - "Mən yox, həkim dedi, sən niyə belə tərslik eliyirsən?", - səsimi qaldırmağa məcbur oldum. Əsəbi-əsəbi əlini yellədi, yəni çıx otaqdan. Vəssalam, bu işarə o biri otağa keçməyimçün bəs oldu və yenə bu xəstəliyin ona ölüm verməyəcək həddə qulaqburması verməsi arzusu içimdən keçdi, hərçənd bu artıq baş vermişdi: bir həftədən çox idi, antibiotiklər, sistemlər onun istiliyini sala bilmirdi.

Atam reanimasiyadadır, on gündür onu görmürəm. O, xəstəxanaya gedəndən hər gün səhər qardaşımla votsapda yazışıram. "Nətəərdi atanın vəziyyəti?" - "Hələ də oksigen balonuyla nəfəs alır". - "Saturasiyası necədi?" - "Oksigen balonunda olanda doxsan-doxsan iki. Onu çıxaran kimi saturasiyası yetmişə, bəzən altmış beşə düşür". On ikinci gün qardaşım deyir ki, ağır bir dərman var, ağ ciyərdəki iltihabın (camaat arasında ağ ciyərin buzlaşması məsələsi) qarşısını almaqçün gündə iki dəfə içməyə başlayıb. Qəribədi, bir yandan, sağalacığına ümid edirəm, o biri yandan, ertəsi gün səhər özümdə güc tapıb qardaşıma yazıram: "Sən həkimə, ya medsestraya de ki, atama desin şəhadətini oxusun". - "Yox, nətəər deyim?" Üç gün dalbadal şəhadət məsələsini qardaşıma yazıram, tərəddüdlə "necə deyim, nətəər deyim" tipli cavablar alıram və səbəbini anlayıram: bu, birbaşa atamçün "ölümə hazırlaş" demək olar. Atam dünyasını dəyişəndən sonra isə fikirləşirəm ki, mən özüm qardaşımdan tibb bacısının nömrəsini alıb şəhadət məsələsini ondan xahiş edə bilərdim. Düzünü deyim, bu, onda ağlıma gəlməmişdi, o biri tərəfdənsə, nömrəni alsaydım, cürətim çatardımı... 26 mart, 2021-ci il. Qardaşımın maşınında Xırdalan qəbiristanlığına gedirik, yolboyu elə hey özünü qınayır ki, niyə xəstələnən gün onu məcbur edib həkimə aparmadı. Düzü, həkim çağırmaq, ya vaxtında xəstəxanaya aparmaq məsələsinə görə mən də özümü qınayıram, elə bilirəm, məsələnin ciddi olmağına onu inandırmaqçün az cəhd etmişəm. "Səncə, ata infarktdan ölsə necə, yenə özünü qınayardın?" - qardaşımdan soruşuram. "Yəqin ki, yox. O, ürəyinə görə dərman içirdi".

Qardaşımla atamın qəbri qarşısındayıq. Külək vıyıldayır, boynumu şərflə bərk-bərk bürümüşəm, dimdikli papağımı tam açmışam ki, qulaqlarımı soyuqdan qorusun. Hə, öncə yazmışdım, həmin günlər mən və anam da o zibil xəstəliyə tutulmuşduq, sistem, antibiotik dərmanlardan sonra birtəhər özümüzə gəlmişdik.

"Fatihə"ni, bir neçə dəfə "Qədr" surəsini oxuyuram, oturub əlimi qəbrin üstünə qoyuram, Allaha dua edirəm, atamın bərzəx dünyası rahat olsun. Birdən mənə elə gəlir ki, atam qəbirdən səslənir: "Bala, rahatam burda. Təzə sağalmısan, hava soyuqdu, surələri də oxudun, bilirəm, namazlarında dualar edirsən ki, burda mənə rahat olsun. Rahatam, tay gedin evə". Gedənə yaxın məni üşəndirən bir söz "deyir": "Bir də axı, o vaxt evdə hamınıza demişdim, Allahdan yetmiş il istəmişdim, o da on bir il əlavə elədi ömrümə. Ona görə özünüzü çox həlak eləməyin".

Aprelin on yeddisindən bu yana hər gün ləyəndəki balaca, yetim narlardan üç-dördünü kəsib yeyirəm, çoxu şirin, bəzən şipşirin çıxır. Bu gün mayın on biridir, neçə gündü ləyəndə qalan dörd dənə nara baxıram, elə bilirəm, onları kəsib yesəm, atamla olan hansısa yaddaş kanalını qapatmış olacam. Birdən belə bir səhnə xəyalıma gəlir. Atamı bir günlük bərzəxdən evə buraxıblar, içəri girən kimi məni narlara tamaşa edən yerdə görür və deyir: "Alpay, onları da kəs ye, qoyma xarab olsun". Mən bıçaq və boşqab dalınca tez mətbəxə qaçıram, - ikisini ona, ikisini özümə kəsməkçün.

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #