Atam yan otaqda ikinci həyat yoldaşı ilə əylənir, anam susurdu – Aqşin Yenisey yazır

Atam yan otaqda ikinci həyat yoldaşı ilə əylənir, anam susurdu – Aqşin Yenisey yazır
8 yanvar 2020
# 12:02

Kulis.az Aqşin Yeniseyin yenicə çapdan çıxan və maraqla qarşılanan “Tarix və Tale” romanından bir parçanı təqdim edir.

Atam on beş ilə yaxın ailə tənhalığı, sərgərdan evlilik yaşayandan sonra, - onlar otaqlarını mənim on yaşım olanda ayırmışdılar, - bunu başa düşdü və özünə başqa bir həyat yoldaşı tapdı. Hər axşam əl-ələ tutub evə gəlirdilər, əyinlərini soyunub atamın otağına keçirdilər. Atam mazaqlaşma səsləri “düşmən cəbhəsi”ndə eşidilsin deyə, otağının qapısını örtmürdü. Artıq onun anamın bişirdiyi ala-çiy yeməklərə də ehtiyacı yox idi. İkinci həyat yoldaşı hər gələndə özü ilə kolbasa, xiyar turşusu, mer-meyvə alıb gətirirdi. Etiraf edim ki, “ögey anamın” bazarlıq zənbilindən mənə də pay çatırdı. Atam günlərini onunla keçirdikcə mənə də doğmalaşırdı, hərdən məni də otağına dəvət edir, üçümüz birlikdə oturub maraqlı və gülməli söhbətlər edirdik. İkinci həyat yoldaşı atamı çox əyləndirirdi, onunla birlikdə olanda atam özünü tənha hiss etmirdi, əksinə, yaşamaq üçün yeni-yeni arzular, bəhanələr tapırdı. Gerçəkləşməsi mümkünsüz olan birgünlük arzu və bəhanələr... Bəlkə də, bu arzuları atam mənə miras qoymaq üçün kəşf edirdi, bələ də, bu arzular nə vaxtsa mənim olacaqdı.

Anam isə hələ ki, susurdu. Atamın yan otaqda ikinci həyat yoldaşı ilə əyləndiyini, maraqsızlaşdığını divarın o biri üzündə dinlədikcə, onun bir qığılcıma bənd olan barıt çəlləyinə döndüyünü hiss etmək mənim üçün çətin deyildi. Atam indi ona sevmək üçün deyil, nifrət etmək üçün lazım idi, anamı yaşadan, həyata bağlayan atama olan bu nifrəti idi. İndi onun nifrət etmək üçün yanında yaşadığı kişini başqa biri əlindən almışdı, həm də öz evində, gözünün qabağında. Hansı qadın buna dözər? Amma anam hələ ki, dözürdü, bəlkə də, düşünürdü ki, atam onu qısqandırmaq, qəlbinin mağarasında ölmüş, bir-birlərini sevdikləri ilk illərin sevgisini şaman kimi diriltmək, onu yenidən özünə qaytarmaq üçün bunları edir. Qayıda bilərdimi? Çətin. Sevgini nifrətə çevirmək çox asandır, ancaq bunun əksi heç vaxt mümkün deyil.

Atam bu həqiqəti gec də olsa başa düşdüyü üçün öz kefində idi. Artıq onun ikinci həyat yoldaşının ayağı bizim evdən çəkilmirdi, hətta o, anamın acığına mətbəxə belə ayaq açmışdı. Bəzən anam xəstəxanadan evə gələndə onu mətbəxdə, öz qab-qacağının əhatəsində görürdü, acıqlı-acıqlı sifətinə baxıb öz otağına keçirdi. Bu da o demək idi ki, mən gedib atamın ikinci həyat yoldaşını mətbəxdən uzaqlaşdırmalıyam. Atam artıq taleyinin yüyənini onun əlinə vermişdi, o, atamı hara istəsə apara, yarı yolda yıxa, apardığı yerdən geri qaytarmaya bilərdi. Atam ona hakimiyyət, o, atama azadlıq bəxş etmişdi: aralarında mühafizəkar ailənin, yaxud vətəndaş nikahının deyil, liberal demokratiyanın şərtləri hökm sürürdü. Bu azadlığın əvəzində atam evlərdəki qaranlıqlardan qazandığı bütün pulları ona, ikinci həyat yoldaşına xərcləyirdi. Düzdü, evə də bazarlıq edirdi, amma daha çox vaxt və pul ayırırdı. Artıq şəhərdə işini görüb qayıdanda atam evə bir yox, iki zənbillə gəlirdi: zənbilin biri bizim – anamla mənim idi, biri onların. Anam hələ ki, sal qayadan yonulmuş qadın fiquru kimi susurdu.

Bəzən onlar səhər açılanacan yatmırdılar, birlikdə musiqi dinləyir, siqaret çəkirdilər, həm də o qədər çəkirdilər ki, atamın örtülü qapısının məsamələrindən mənim yatdığım ümumi otağa tüstü axırdı, həm də elə axırdı ki, sanki atamın otağında bir gecə klubu açılmışdı və paytaxtda arvadından, ərindən bezən nə qədər adam vardısa, gecələr bu kluba yığışıb havasızlıq mühitində, siqaret dumanı içində canlarını gizli yaşadıqları qaçaq sevgilərə fəda edirdilər. Bəzən də onlar mövzuları tükənəndə mənim yatdığım ümumi otağa gəlib, birlikdə film izləyirdilər. Atam ən çox fransız kinosunu sevirdi, çünki fransız filmlərində bizim evdə olmayan kişi-qadın məhəbbəti vardı. Onlar da sevirdilər, ayrılırdılar, amma heç bir fransızın ümumi məhəbbəti nifrətə çevirməyə ixtiyarı yox idi: ən azı, filmlərdə bu belə görünürdü. Fransız aktyorları filmlərdə ayrılandan sonra da bir-birlərini yeniyetməlik illərinin sevgisi ilə xatırlayırdılar. Ayrılmaq onlarda, sadəcə, yataqda baş verirdi, fransızlar bu işə ürəyi, uşağı, məhkəmələri qatmağa tələsmirdilər. Bu filmlərdə sevgi həmişə gənc yaşda qalırdı, necə yaranmışdısa, o cür – həya və ehtirasın qarışığından ibarət romantik bir əyləncə kimi. Ancaq nə o həyanın əxlaqa, dinə, nə o ehtirasın pornoqrafiyaya bir dəxli vardı.

Maraqlısı da o idi ki, bu filmlərdə sevgi qadında qadınlığı, kişidə kişiliyi şiddətləndirirdi. Bizim evdə olduğu kimi, kişini qadına, qadını kişiyə çevirib yerlərini dəyiş-düyüş etmək dərdinə düşmürdü. Amma bizim evdə mənəvi despotizmə dəllallıq edən qohumların, daha doğrusu, bir-birlərinin azadlığını, xoşbəxtliyini, maaşını qısqanan icma üzvlərinin təhriki ilə atamdan arvad, anamdan kişi düzəltmək kimi eybəcər bir məsuliyyəti öz üzərinə götürdüyü üçün, ailə münaqişələrindən başı açılmayan sevgi hamıdan tez qocalıb, hamıdan tez ölmüşdü: ürək çatışmazlığından. Atam gec də olsa, bunu başa düşmüşdü və mənə elə gəlirdi ki, o, yerdə qalan həyatını fransız kişilərinə xas olan hisslərin sərxoşluğunda yaşamaq istəyir. O, ikinci həyat yoldaşı ilə də filmlərdəki kimi əsl fransız sevgisi yaşayırdı: münasibətlər tələb yox, təklif üzərində qurulmuşdu. Düzdür, ikinci həyat yoldaşı onu gözünün qabağından uzaqlaşmağa qoymurdu, amma evdən yoxa çıxanda da “haradaydın” deyib zəhləsini tökmürdü. Atam anamla dörd divarın arasında çərlədib öldürdükləri sevgisini də unutmamışdı, bəzən filmə baxa-baxa gözləri dolurdu, bunu məndən və ikinci həyat yoldaşından gizləyərək bəzən filmdəki epizoda replika ata-ata bir dirsəyinin üstündən o biri dirsəyinin üstünə aşaraq səssizcə göz yaşları da tökürdü.

Atamın dünyasında yas toya qarışmışdı, mən bilirdim. O öz otağında eyni zamanda həm ölən sevgisinə yas saxlayır, həm də yeni sevgisinin bal ayını qeyd edirdi. Həm gülür, həm ağlayırdı; həm ölmək, həm yaşamaq istəyirdi; nə ölümdən, nə həyatdan əl çəkə bilirdi – ikisinin arasında vurnuxurdu. Anam isə belə gecələrdə dişi bağırsağını kəssə də, hələ ki, susurdu. Yan-yörəsində gecə-gündüz gülümsəyən qohumlarının şəkilləri onu təmkinli olmağa, bu “acından ölən əyyaş”a hələ ki, baş qoşmamağa çağırırdı. Düzünü desəm, anamla atamın sevgisinə onların qohumları vaxtilə müftə ələ keçirilmiş şərik sərvət kimi baxırdılar: ailəmiz üç nəfərdən ibarət olsa da, evimiz özü burada olmayıb, ürəyi burada olanların səs-küyü ilə dolu idi. Hər iki tayfanın adamları bu sərvəti yalnız özləri, həm də mümkün olduğu qədər ortaqlarından daha çox xərcləmək istəyirdilər, daha çox da anamın qohumları. Hər iki tayfanın adamları qarışqa kimi axışıb balaca, körpə bir sevginin canına daraşmışdılar o vaxt. Mənim yeddi yaşım olanda bizim evdə artıq iki tayfa anamın və atamın ağzı ilə bir-birlərini didirdilər. Mən evimizdə sevgi-filan görmədim, anamla-atamın sevgisindən mənə heç nə qalmamışdı, dişlərim çıxana qədər valideynlərimin qohumları evimizdəki bütün sevgini iliyinəcən sümürmüşdülər. Sümürdükdən, bu müftə sərvətin dibinə daş atdıqdan sonra isə hamısı çıxıb getmişdilər, indi o qaraqabaq, vampir adamlardan bizim evə gülümsəyən şəkillər qalmışdı: öz xoşbəxtliyinin miqdarını başqalarının bədbəxtliyi ilə ölçən zalım adamların şəkilləri...

Mən nifrət, kin, hiylə, qeybət, pıçapıç içində böyüdüm. Bəlkə də, ona görə çay daşı kimi bərk idim, üstümdən sellər-sular axıb keçmişdi. Məni bundan sonra sarsıtmaq, sadəcə, mümkün deyildi. Uşaqlığımda həyatım boyu sarsılacağımdan daha çox sarsılmışdım. Məktəbdə oyun zamanı sınan qolumun, tətildə qaynar samovarı aşırıb yandırdığım ayağımın ağrısı belə, məndən bir damcı da olsun göz yaşı qopara bilmədi. Mən ağrı, əzab, bədbəxtliklə üzləşdikdə özümü ölülüyə vurmağı öyrənmişdim. Ona görə də, heç bir işgəncə mənimlə əylənə bilmirdi, şər allahı üçün maraqsız adam idim. Hətta indi də anamla atamın mənə gizli nifrət etdiyini bilirəm, çünki onların bir evdə əzab çəkmələrinin yeganə səbəbi mən olmuşam. Bu məişət düşmənliyinin ailə adlandırılması mənim mövcudluğumla bağlıdır. Mən olmasaydım, indi yəqin ki, anam hansısa bir bürokrat meşşanın evində, atam isə hırnan-zırı ayırd edə bilməyən bir kor Fatmanın yatağında xorhaxor yatırdı. Onların bir-birlərinə olan nifrətinin ömrünü uzadan mən idim. Hətta anadangəlmə günahkar olduğumu bilmək hiss belə mənə əzab vermirdi, əksinə, evimizdəki bu soyuqqanlı nifrət məni qəribə bir maraqla özünə cəlb edirdi, bəzən əyləndirirdi də...

Mən indi qarşılıqlı sevginin, hörmətin deyil, qarşılıqlı nifrətin qoruduğu bu ailə həyatının necə başa çatacağını gözləmək üçün bacardığım qədər övladlıq borcumu yerinə yetirirdim. O vaxt yaşım az olduğu atamla anamın o qarışqa-adamlar daraşmış sevgisinin sonunu anlamaq, yaddaşıma həkk etmək mənə qismət olmamışdı, amma indi nifrətlərinin sonunu görmək istəyirdim. Başlanğıc maraqsızdır, möhtəşəm olan sondur, qismətdir. Mən anamla atamın qiyamətinin yeganə şahidi olmaq istəyirdim.

Anam hələ ki, susurdu, atam isə günlərini öz otağında uzanaraq ikinci həyat yoldaşı ilə keçirirdi. Hə, az qala yadımdan çıxacaqdı – onun adı İçki idi.

# 31139 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #