Ağacları evləndirən adam – Ayxan Ayvazın reportajı

Ağacları evləndirən adam – Ayxan Ayvazın reportajı
16 mart 2020
# 09:00

Kulis.az “Həyatın içindən” layihəsindən Ayxan Ayvazın Calaqçı Zakirdən yazdığı reportajı təqdim edir.

Calaqçı Zakirin bağında gəzişəndə hava az-maz tutaşmışdı. Biz bağda özünü soyuqların boz üzünə təslim etmiş ağacların arasıyla gəzə-gəzə söhbətləşirdik.

O tərəfdə, iri-iri, çılpaqlaşmış ağacların arxasında calaq olunmuş ağaclar vardı. Calaqçı, bağban Zakir əynində əsgər paltarı bizə calaqları, tingləri, qələmləri göstərir.

- Calağı necə eləməyi göstərməklə olur ancaq... - əli ilə calağın birini tutub göstərir.

Deyir, burda gördüyün bütün ağaclar calaq olunmuş ağaclardı. Yəni bu tərəf başdan-başa bir-biri ilə tanış olmuş və qovuşmuş ağacların məskənidir.

Calaqçı Zakir danışa-danışa bizə tingləri göstərir, həvəslə öz işinin incəliklərini xırdalayır.

- Ən çox gilas, şaftalı calağı olunur.

- Niyə?

- Asan calağ olunur, ona görə.

Bizə göstərdiyi calaq şaftalnın badama olunduğu calaqdır. Deyir, hər ikisinin tumu bir-birinə oxşadığı üçün calaq eləmək asan olur. Çılpaq tinglərə baxıram: bu əldədüzəltmə ağaclar böyüyəcək, böyüyəcək və başqa bir ağac kimi bu bağa gözəllik qatacaq.

Elə bil bu canı o cana birləşdirirsən – iki can bir bədəndə birləşir. Calaq da belə bir şeydi.

Gallery

- Bu göz calağıdır. – Zakir bizi ağaclarla tanış eləyir. – İki-üç cür calağ var, biri göz calağıdır, o biri yarma. Bir də qabıqaltı.

Calaqlar bir-birinə sıx dayanıblar, doğmalaşıblar, deyəsən, artıq hamısı bir-birini yaxı tanıyır. Məsələn, badamla şaftalı artıq bir bədəndə - bir ağacda can tapıblar. İndi hər ikisi bir yerdə yaşayır. Yayda meyvə verəcəklər, uşaqlar başına yığışacaq, qadınlar o meyvələrdən mürəbbə eləyəcək.

Yay gələndə ağacların ən çox bar gətirəni, necə deyərlər, ən xeyirlisi seçilir, ona nişanə qoyulur. O ağacların zoğundan calaq vaxtı istifadə olunur. Göz calağı yay aylarında – iyul-avqusta aparılır. Sarğılar da 25-30 gün sonra kəsilir. Calaq olunmuş tinglərin yuxarı hissəsi kəsilib atlır. Hər calaq iki ilə başa gəlir.

Yəni bu calaq elə-belə, asan məsələ deyil, qəliz işdi – zəhmət, diqqət və bir də... Sevgi... O olmasa ağacların üzü gülməz, sənə meyvə verməz, küsüb bir qıraqda quruyar.

Yağışların bol olduğu vaxtlarda calaq eləmək daha yaxşı imiş. Onda ağaclar suya həsrət qalmır, torpaq islanır və öz islaqlığı ilə ağacın yetişməsinə dəstək verir.

Calaqçı Zakirə soruşuram:

- Ən qeyri-adi calağınız hansıdır?

Fikrə gedir, gülümsünür.

- Gəl bura...

Gallery

İslaq torpaqda gedə-gedə gəlib çatırıq qeyri-adi calağın olduğu yerə.

- Bax bu. Qayısıya badam vurulub. Calağaltı ağacın özüdür, yəni qayısı. Onun üstünə də calağ olunub.

Sonra yenə fikrə gedir və tapıntısına sevinən kaşif kimi üzünə təbəssüm qondurur:

- Qeyri-adi... Sənə bir qeyri-adi calaq göstərim ki...

Bağın lap başına gedirik.

- Qoz. Türk cövüzü yoxdur?

- Aha...

- Türk cövüzü ilə bizim qozu calaq eləmişəm.

Ağac elə bil bir az utancaq görünür. Dili olsa, mənə yaxın durmayın deyəcək sanki. Və Zakir zarafatla əlavə edir:

Gallery

- Evləndirmişəm bunları.

Bəlkə calaq elə budur – ağacları bir-biri ilə tanış edirsən, huyu-suyu, xasiyyəti bir-birinə uyursa və sevgi varsa o ağac olur. Və o ağacın meyvəsi ən dadlı meyvə olur.

- Bəs sevgisi alınmayan calaq var? – təbəssümlə soruşuram.

Gülür.

- Var. Niyə yoxdur ki? O qədər.

Göz calağından birini göstərib deyir:

- Bax bunu keçən il calağ elədim, yetişmədi.

Öz-özümə dedim ki, bu ikisində alınmayıb yəqin, boşanıblar, amma hələ də bir evdə - bir ağacın bətnində yaşayırlar.

- Calanan ağac üç-dörd gün əvvəl sulanmalı, gübrə verilməlidir ona. Hazırlıq mərhələsidir bu. Bir də ki calaq meyvə ağaclarına vurulmalıdır. Əsasən...

Gallery

Calaqçı Zakir 20 ildir bu işlə məşğuldur, dediyinə görə, 1000-dən çox calaq eləmişliyi var. Deməli, mindən çox ağacı tanış eləyib, huyunu-suyunu öyrənib, bir-birinə alışdırıb, qovuşdurub və həm onları, həm də özünü sevindirib. Bəzən də hüsrana uğrayıb o qovuşdurmaqlar...

- Qeyri-adi çox calağım olub. Məsələn, İrandan gətirdiyim xurma var idi. Sonra...

Yadına birdən nəsə düşür:

- Gəl, bura, tez elə...

- Nə oldu?

Elə bildim, arxamızca atlı gəlir.

- Bu da sənə qeyri-adi calaq.

- Nədir ki bu?

- Almadı. Əslində Qızıləhmədiyə oxşayır, ancaq o deyil. Nəsə adını qoya bilmədiyim bir almadır.

Adsız alma. Ata-anası olmayan uşaq kimi. Yetim alma. Dediyinə görə, bu yetim alma yaxşı meyvə verir.

Bizə başqa bir alma calağı da göstərir:

- Bu xırda-xırda, qırmızı almadır.

- Cənnət alması kimi...

- Yox, bu çox dadlı olur. Xırda-xırda, qıpqırmızı. Hələ bunun da adını qoymamışam.

Gallery

Adsız alma ağaclarının yanından keçəndə bir anlıq özümü Cənubi Afrikada hiss edirəm: palma, kivi, banan ağacları...

- Bunları hardan gətirmisiniz?

- Mənə hədiyyə ediblər.

Kivini göstərir, birini dərib mənə pay verir.

- Necə yetişirlər burda?

- Çox yaxşı. Kividir, banandır, belə yerdə yaxşı yetişir. Soyuq yerlərdə. Xaçmazda ona görə yaxşı yetişir.

Palmaya baxdım. Elə hüznlü görünürdü ki... Yəqin ki, öz doğma yerindən uzaq olduğunu hiss edirdi. Bananın, kivinin yanında bəlkə də darıxmırdı. Ancaq o palma bu bağda yox, dəniz sahilində, adalarda olmalıydı, yüzlərlə palmanın içində xoşbəxt-xoşbəxt yırğalanmalıydı.

- Bu palmanı dostum Bakıdan verib mənə. Özümün marağım var idi. İstəyirdim bağımda palma olsun.

- Bananlar yetişir?

- Hə, özü də necə... - əli ilə bananın gül kimi açılmasını göstərir.

Gallery

Bağın xarici ölkələr olan tərəfindən çıxanda calaqçı Zakir bananın birini kökündən çıxarıb mənə uzadır:

- Sənə hədiyyə edirəm. Hiss elədim ki, bananı çox sevirsən.

- Çox...

Sevincək banan ağacını əlimə alıram, gövdəsi çox soyuqdur, əllərim buz kəsilir.

- Mən əsasən Bakıdan alıram sifarişləri. Belə gedib kiminsə bağında calaq eləmirəm. Hamı bilir ki, məndə calaq var. Gəlib alırlar.

- Heç olub ki, sizə elə bir calaq deyiblər, onu eləyə bilməmisiniz?

- Yox, elə bir calaq olmayıb. Əslində hamı gilas, şaftalı calağı istəyir. Kəndlərdən sifariş almıram. Tanış-tunuş deyəndə ki, gəl bizə calaq vur, gedib eləyirəm, pul filan almıram.

- Pul demişkən... Calağı neçəyə eləyirsiniz?

- Gilas 5 manatdı. Qalanları ondan aşağı qiymətə. Belə...

Qəfil hava qaralır, ağacların üstünü qara buludlar alır. Biz calaqçı Zakirin bağındakı ağaclara əl eləyə-eləyə onunla sağollaşırıq...

Uzaqdan çılpaqlaşmış ağaclar alatoranlıqda qələmlə çəkilmiş rəsm əsəri kimi görünür...

# 7811 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
# # #