Adam necə yazıçı olur? - Ayxan Ayvaz yazır

Adam necə yazıçı olur? - Ayxan Ayvaz yazır
19 fevral 2020
# 10:52

Nuri Bilgənin “Əhlət ağacı” filmi yazıçı olmaq istəyən Selim və kənddə quyu qazıb su tapmaq istəyən atanın hekayəsidir. Hər ikisi bu yolda uğursuzluğa düçar olur. Selim kitabını çap etdirmək üçün maliyyə axtarır və atasının qumar borcları ilə qarşı-qarşıya gəlir.

Sevilməyən bir ata, üstəlik borclar, Selimin yazıçı olmaq iddiası. Reallıqla toqquşub sarsılan gənc bir gün tanınmış, kitabları çox satılan bir yazıçı ilə kitabxanada rastlaşır. O yazıçı Selimə dəqiq bir fikir söyləyir:

“Ya onların istədiyi kimi biri olacaqsan, ya da ailənlə arandakı mübahisələri vicdanında həll etməlisən”.

Yazmaq imtinadır. İmtinanı bacarmaq. Həm hər şeyin qaydasında olsun, həm də yaxşı yazım deyə bir şey yoxdur. Sən bütün çətinlikləri gözə almalısan.

Həmin filmdə bir epizod da var. Artıq həvəsdən düşmüş Selim təəssüflə deyir: “İnsanları sevə bilmirəm”. Və bunun ardınca əlavə edir: “İnsanları sevə bilməyən adamdan necə yazıçı olacaq ki?”

Sual ritorikdir. Cavabı ola da bilər, olmaya da. Məncə, sevmədən olmaz. Ümumiyyətlə, yazıçılığın mayasında sevgi var. Heç bir yazıçı insana nifrətdən ilhamlana bilməz.

Əslində bəlkə də sənətin mahiyyəti bu sualdadır: “Niyə belə oldu?” Bu sualın qabağına hər bir söz əlavə edə bilərsiniz. Həyat, dünya, şəhər, insanlar, Tanrı və s. Yaradıcı adam bu sualın axtarışına çıxır və məğlub olur. Daha doğrusu, məğlub olduğunu bilə-bilə bu yolla gedir. Folkner necə deyirdi: “Yeni bir əsəri bitirəndə məğlub olduğunu anlayırsan və qəribədir ki, bu məğlubiyyət sənə həzz verir”.

Yaradıcılığın düz ortasından qırmızı xətlə “məğlubiyyət” sözü yazılıb. Sən yazırsan və məğlub olursan, amma yenə məğlub olmaq üçün qollarını çırmalayırsan. Bekketin dediyi kimi: “Həmişə cəhd etdin, həmişə də məğlub oldun... Olsun, yenə cəhd et, yenə məğlub ol! Daha yaxşı məğlub ol”.

Və yazıçı bu məğlubiyyətin formasını axtarır. Necə məğlub ola bilərəm? Məsələn, Çexov deyir ki, hər hadisədən hekayə yaratmaq olar. Markes bunu bir başqa cür deyib: “Başınıza gələn hadisəni hekayəyə çevirin”. Kazuo İşiquro isə tamam başqa cür düşünür: “Bildiyini yazmaq axmaqlıqdır”.

Hər kəsin öz yanaşması var və bu təbiidir. Və heç biri dəqiq deyil. Yəni hər hadisədən də hekayə yazmaq olar, başına gələn əhvalatı da hekayəyə çevirmək mümkündür. Yaxud, ümumiyyətlə, bütün bunları əlinin tərsiylə itələyib bilmədiyin bir mövzunu da araşdırıb yaza bilərsən.

Dəqiq düstur yoxdur. Yaradıcılıq üçün hazır resept olmur. Biz Çexov, Markes, İşiquronun dediyi ilə oturub-dursaq, Molla Nəsrəddinin məşhur lətifəsinə bənzəyəcəyik. Ev tikən mollaya hərə bir ağıl verir və nəticədə ortaya əndirəbadi bir ev çıxır. Molla deyir ki, bu sizin ağlınızın məhsuludur, indi özüm tikməliyəm.

Yazıçı da eynən Molla Nəsrəddin kimi yazı masasına gələndə bütün bu söz-söhbətləri unutmalıdır. Folkner belə deyib, Pamuk bu cür yol cızıb və s.

Yaradıcılıq insanın öz-özünə yaratdığı tənhalıq ərazisidir. Bu əraziyə isə heç kim yaxın düşə bilməz. Ola bilsin, minanın üstünə basarsınız.

Bütün mənalarda, yaradıcılıq tənha olmaq bacarığıdır. Yəni sən yazarkən dünyanın heç bir məşhur yazıçısı əlindən tutub kömək etməyəcək. O yazı eşqi içində varsa və bu dünyada sənin üçün yazmaqdan daha mühim heç nə yoxdusa, yazacaqsan. Dünya yazıçıları, nəzəriyyələr, oxuduqlarımız bizim əlimizdə tutduğumuz xəritədir. O xəritədə doğru ünvana daha tez və daha dəqiq çatmaq üçün isə böyük çətinliyə qatlaşmalısan.

Bu arada özümlə də bir zarafat edib yazıya son verirəm: “Danışmaq asandı, otur mətnini yaz”.

# 4880 dəfə oxunub

Oxşar xəbərlər

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir – Tarix və məkan açıqlandı

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir – Tarix və məkan açıqlandı

18:14 21 may 2026
WUF13-ün balaca qonaqları - Fotolent

WUF13-ün balaca qonaqları - Fotolent

17:20 21 may 2026
Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı

Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı

17:06 21 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

13:10 21 may 2026
Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

12:40 21 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər