9 yaşlı uşağa zorla çadra geyindirənlər - Bu adamların etdiyi cinayətdir

9 yaşlı uşağa zorla çadra geyindirənlər - Bu adamların etdiyi cinayətdir
5 noyabr 2022
# 15:00

Kulis.az Nihat Pirin "Mahnı terroru haqqında" adlı yazsını təqdim edir.

Yaşadığım məhəllədə balaca – el dili ilə desək, “xudmani” bir avtoyuma var. Sahəsi o qədər kiçikdir ki, məsələn, bahalı bir Cip markalı maşın gəlsə, ora yerləşməz. Yəni məqsəd məhəllə və məhəllə ətrafı adamlar (onların büdcələri və maşınları) üçün nəzərdə tutulan bir obyekt işlətməkdir.

Orada işləyən, təqribən, elə özüm yaşda cavan bir oğlanı hər gün səhər işə gedəndə də görürəm, qayıdanda da. Çox qəribə mahnılara qulaq asır. Məsələn, “Bala-bala yol aldıq Yaroslava” adlı mahnını da ilk dəfə həmin o cavan oğlandan eşitmişəm. Balaca səsgücləndiricisi var (Ümumiyyətlə, balaca anlayışı bu adamın həyatının özüdür – boyu da balacadır). O səsgücləndiricini düz elə obyektin girişindəcə balaca bir kətilin üstünə qoyur və bütün məhəlləyə gecə-gündüz demədən konsert verir. Və maraqlıdır ki, bu səs heç kəsi narahat eləmir. Elə məni də.

Bu yaxınlarda dinlədiyi mahnının sözləri diqqətimi çəkdi:

9 yaşa dolmusan,
Böyük qızım olmusan,
Gərək namaz qılasan,
Möminə qızım olasan.

Sənə çadra almışam,
Bir cannama salmışam,
Qızım dayan namaza,
Gözəl razu niyaza.

Mahnı cavan oğlanın vecinə deyildi. Öz işində – balaca bir “Niva”nı köpükləməklə məşğul idi. Həmin günün axşamı evə qayıdanda da eyni mahnını eşitdim. Cavan oğlan yenə də öz işinin hayında idi: qara balaca bir “07” yuyurdu.

Sonra eyni mahnını taksilərin birində eşitdim.

Sonra işin nahar fasiləsində mağazaya gedəndə yanımdan ötüb keçən hansısa maşının açıq pəncərəsindən.

Lap sonra isə sosial şəbəkələrdə.

Ümumiyyətlə, mahnılar qədər insanların həyatına daxil olan, təsir edən ikinci bir şey yoxdur. Məsələn, biz müəllifinə və mövzusuna görə kitab seçib oxuyuruq, yaxud dadına baxaraq, tərkibindəki nəsnələri incələyərək hər hansısa bir yeməyi yeyirik. Yəni seçim öz əlimizdədir. İstəməsək, oxumarıq, istəməsək, məhz həmin o yeməyi yemərik. Zorla hansısa kitabı oxuya, yaxud yeməyi yeməyimiz bir az müşkül məsələdir.

Amma mahnılar... İstədik-istəmədik, həyatımızdadırlar. Özümüz istəməsək belə, eşidirik. Buna məcbur edilirik. Ya küçədə, ya taksidə, ya hansısa qohum toyunda, ya da ki, hansısa məhəllə avtoyumasında.

Şair Qismətin belə bir şeiri var:

Şüşələr,
boşalmış şüşələr…
Axx bu mahnıların bəstəçiləri
adamın əlinə düşələr…

Şairimiz burda bəstəçiləri necə əl-əl gəzirsə, mən də bəzi mahnı bəstəçilərini o cür gəzirəm.

Dediyim kimi, mahnılar bizdən asılı olmadan bizə dinlətdirilir, beynimizə və zövqümüzə təsir edir. Əlimi qoyuram vicdanımın üstünə və etiraf edirəm: keçən dəfə Damlaya qulaq asmaq hissimə yenildim. Bilmirəm, haradan və necə qaynaqlandı, necə bir ehtiyac yarandı, amma oldu və mən Damlanın düz üç ayrı-ayrı klipinə baxdım, mahnısını dinlədim. Deyim ki, peşman oldum, yalan olar. Olmadım, daha doğrusu, ola bilmədim. Çünki şokda idim. Peşmanlıq hissini yadırğamışdım. Nə bilim?! Amma buna səbəb, çox yəqin ki, küçədə, taksidə, restoran və kafelərdə, toylarda istəmədən Damlaya qulaq asmağımdır. Allah üçün, məhəllədəki avtoyuma sahibi indiyə kimi Damlaya qulaq asmayıb.

Qayıdaq mahnımıza:

Mahnıda 9 yaşlı qıza atası və ciy-ciy səs çıxaran qardaşı tərəfindən məsləhət xarakterli ifadələr səslənir. Atası 9 yaşında bir qızın artıq böyük qız olduğunu (yaşa dolduğunu), namaza başlamasının lazım olduğunu və ona çadra belə aldığını deyir. Təsəvvür edirsiniz? Və adam bunu mahnı kimi oxuyur.

9 yaşında körpənin yaşa dolduğunu iddia edən ata, çox yəqin ki, 12 yaşında da tutub onu ərə verər ki, qızım, bəs axı evdə qaldın?! Eləməz? Edər. Allah haqqı, edər. Din haqqı, iman haqqı, edər! Niyə? Çünki bu adamın beyni yoxdur. Yuyulub. Manqurtdur. Öz balasını da özü kimi beyinsiz – manqurt eləmək istəyir. Üstəlik, bunu hamıya bəyan eləməkdən də çəkinmir.

Bunun bircə adı var: terror. Bu, açıq-aşkar terrordur.

9 yaşında bir uşağa kitab almaq, təhsil vermək, oxumağın vacibliyini izhar eləmək əvəzinə, onun artıq yaşa dolduğunu iddia eləmək, atası olaraq çadraya bürünməyi tövsiyə eləmək terrordur.

9 yaşında bir uşağa deyə-gülə “yaşa dolmusan” demək, bunun iddiasını aparmaq terrordur.

Ümumiyyətlə, namazdır, çadradır, hicabdır – bütün bunların heç biri məcburi şəkildə edilə bilməz. Bunu mahnını oxuyun həmin o adam da yaxşı bilir, amma dərk edə bilmir. Beyni ağappaq kağız olan körpəyə gedib-gəlib eyni şeyi diktə eləsən (mahnı kimi hətta), əlbət ki, o bir müddət sonra sənin diktənə yeniləcək. Bu, normal təbii prosesdir. Amma bunu etmək, bu formada təbliğ eləmək anormallıqdır.

Təkrar edirəm: bu, terrordur!

Klipin yayımlandığı “Youtube” kanalının 1 milyona yaxın abunəsi var. Bu, Azərbaycan əhalisinin onda biri deməkdir. Yəni Azərbaycanda internetə çıxışı olan hər 10 nəfərdən biri məhz o kanala abunədir, məhz oradakı mahnıları – mərsiyələri, zərərli məsləhətləri dinləməklə məşğuldur. Bu ifadənin necə qorxunc olduğunu hiss edə bilirsiniz? Mən edirəm və mən qorxuram.

Kanalda yayımlanan mahnılar – bəlkə də, mərsiyələr elə baxış sayları yığır və elə rəylər alır ki, təhlükəli durumda olduğumuzu bar-bar bağırmaqdan başqa çarəmiz yoxdur. Sözügedən mahnıya gələn rəyləri bacardığım qədər oxudum: bir dənə də olsun, neqativ rəy yoxdur. Adam var, yazır ki, inşallah, bir il sonra mən də qızıma eyni şeyi diktə edəcəyəm. Adam var, yazır ki, adam bu mahnıya qulaq asıb evlənmək istəyir. Adam var, yazır ki, bu adamın səsi məlhəmdir. Adam var, yazır ki, Allah sizi bu ölkənin başından əskik eləməsin. Adam var, yazır ki, siz qəhrəmansınız!

Adam var... yox, yox, bu adamlar nə yazdığını heç özləri də bilmir!

Ən əsası isə mahnının müəllifi belə bir rəy yazıb:

"Əzizlərim, qız balalarımız üçün hazırladığımız bu layihəni necə dəyərləndirirsiz?

Fikirlərinizi bizimlə bölüşün (gül işarəsi)"

Bu adam necə zərərli bir iş gördüyünün fərqində deyil. Bu adam elə bilir ki, 9 yaşında qız uşağını tutub zorla çadraya salmaq ona edilə biləcək ən gözəl şeydir. Və bunu təbliğ eləmək Allah yolunda, din yolunda savabdır! Amma bu, əslində, birmənalı olaraq, dini gözdən salmaqdır. İnsanların din haqqında, inanc haqqında təsəvvürlərinə xələl gətirməkdir, zədə, zərbə vurmaqdır.

Bu adam doğru bilmir. Bu adam doğru bilmədiyi şeyi məhz doğru olmayan formada təbliğ edir. İnsanları öz arxası ilə çəkir, insanları uçuruma sürükləyir. Bu adam və bunun kimi adamlar qəti şəkildə nəzarətdən kənarda saxlanılmamalıdır. Bu adam və bunun kimi adamlar, birmənalı olaraq, təhlükədir. Bu adam və bunun kimi adamlar cəzalandırılmalıdır. O mahnıda əməyi keçən kim var, hamısı cəzalandırılmalıdır: mahnının sözlərini yazan, bəstələyən, aranjeman edən, oxuyan, klipini çəkən, montajını edən – əməyi keçən kim var, hamısı Bulvarda hamının görə biləcəyi yerdə ayağından asılmalıdır.

Azərbaycan kimi bir sekulyar ölkədə bu formada təbliğat yolverilməzdir.

Biz multikultural dövlətik. Dövlətin yürütdüyü siyasətlərin başında gələn siyasət məhz multikultural dəyərləri hamıya aşılamaq, təbliğ etməkdir. Azərbaycanda dini seçim azaddır. Azərbaycanda hər bir vətəndaş bir digər vətəndaşın dini inancına hörmətlə yanaşır, hörmət edir. Amma bu adamların etdiyi şey bütün bu qaydaların üstündən xətt çəkir. Bu adamlar zərərli təbliğatla məşğuldurlar.

Bu adamların etdiyi terrordur.

Bu adamlar məsuliyyətə cəlb edilməlidir.

# 8057 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #