7 yaşlı Fəridi öldürən səbəb – Göz yumduğumuz həqiqət

7 yaşlı Fəridi öldürən səbəb – Göz yumduğumuz həqiqət
2 may 2023
# 12:38

Kulis.az Ümid Nəccarinin “Sizi deyib gəlmişik” adlı yeni yazısını təqdim edir.


Sizi deyib gəlmişik...

O kəsləri deyib gəlmişik ki, bizim bu söhbətimiz onlara xoş gəlməyib bəzi bəhanələr ilə uşaqların həyatını ciddiyə almırlar.

Sizi deyib yazırıq...

Yazırıq ki,

BELƏ VİDEOLARI SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞMAQ OLMAZ!

***

Bir yaxın dostumla dil kurslarına gedirdik. Ailəsi ölkədən uzaqda yaşayırdı, özünün işi ölkə daxilində olduğu üçün məcburən həm işləyir və həm ingilis dilini öyrənirdi. İşi ilə bağlı modern ölkələrə tez-tez səfər etdiyinə görə, qayıdanda, gözəl macəralarını tərifləyirdi.

Bir gün dedi ki, 9 yaşlı oğlum Almaniyadakı evimizdə biz olmadığımız vaxt götürüb ev telefonundan polisə yığıb. Bir neçə dəqiqədən sonra polis müdaxilə edərək evə daxil olub və görüb evdə uşaqdan başqa kimsə yoxdur. Uşağa deyiblər, bizə zəng etmisən, nəsə köməklik lazımdı? Uşaq deyib, yox. Sadəcə səsinizi eşitmək istədim. Polis tez evi yoxlayıb, görüb, həqiqətən də, nəsə təhlükəli bir şey yoxdur. Yaxınlaşıb uşağa oyuncaq zad veriblər, televizorda cizgi filmi açıblar. Sonra polis soruşub ki, nə xoşlayırsan, sənə alım, uşaq deyib, şokolad. Gedib şokolad alıb gətirib veriblər. Sonra yavaş-yavaş bir də soruşublar ki, səni kim incidir? Ata və anan dalaşırlarmı? Sən bizə de, biz valideynlərinlə söhbət edək. Uşaq deyib, elə bir şey yoxdur və özünü rahat hiss edir. Polis mərkəzi ilə əlaqə saxlayıblar ki, bu evdə olan uşağın valideynləri haqda araşdırma aparın, görün psixoloji problemləri və yaxud şiddətlə bağlı polisdə cinayət işi vardırmı? Ortaya heç bir şey çıxmayıb. Valideynlərinə zəng edib hadisəni izah ediblər. Anası gəlib, sorğu-suala tutublar, gediblər məktəbdə uşaqla bağlı müəllimlər və xidmətçiləri sorğulayıblar. Ortaya heç bir şey çıxmayıb. Polis uşağı bir il dövlət nevropatoloqun daimi nəzarətində olmasına göstəriş verib və bu bir ildə yenə araşdırmalarını davam etdirib. Sonunda bəlli olub ki, uşaq, həqiqətən də, polisə elə-belə zəng edibmiş.

Nevropatoloq anasına deyib ki, bu uşağın körpəliyi Şərq dünyasının stressli ölkəsinin ən izdihamlı şəhərində keçib. Uşağa pis təsir edib və ona hansısa bir dəqiqədə darıxmaq hissini yaşadıb. Tövsiyə yox, göstəriş veririk ki, sizin uşağı yaşıllığı çox olan məktəbə göndərsinlər.
Bütün bunları eşidəndə, keçmişdə müəllimlərim tərəfindən, valideynlərimin tərəfindən döyüldüyüm yadıma düşdü. Təkcə məni deyil, bütün nəsildaşlarım valideynlərindən, müəllimlərindən kötək yeyib. Müəllim var gücüylə şagirdi döyəndən sonra, hələ üzümüzə baxıb deyərdi, “kötək behiştdən gəlib, müəllim qapazı yeməyəndən adam olmaz!”.

Bu hərəkəti ilə fəxr edirdi, haqq qazandırırdı. Elə valideynlər də var idi ki, uşağı müəllimə həvalə edəndə, deyərdi, “müəllim, bu uşağın əti sənin, sümüyü mənim!. Necə edirsən elə, ancaq bu uşaq nəsə öyrənsin!”. Sabahı gün müəllim taxta xətkeşini uşağın belində qırardı.

İndi isə, böyümüşük, kişi olmuşuq, xanım olmuşuq, ailə qurmuşuq, övladımız olub. Pakizə bir cəmiyyətdə yaşamağı arzu edirik. Min dənə arzunu içimizə yığaraq, işimizin çətinliyini, gündəlik ədalətsizlikləri gözə alıb, uşağımızı bağçaya, məktəbə qoyuruq. Sonra əlimizi açırıq göyə “Allah,uşağı sənə tapışırdım”- deyirik.

Gəlirsən, görürsən, bir gün bağçada uşağa yemək çatmayıb, bir gün uşağın dişi qırılıb, bir gün sanitar vəziyyətin pis olmasından uşağı dərisində göbələk yaranıb və s. Bilmirsən iş dərdini çəkəsən, yoxsa uşağın getdiyi yeri düşünəsən. Nəysə, bunları nə üçün dedim? Çox da vacib məsələlər deyil, oxucuların da başını ağrıdıram.

Dünən gecə beş dəqiqə vaxt edib başımı qatmaq, üçün şəbəkəyə daxil oldum. Elə girən kimi, feysbuk pəncərəsinin başında bir məşqçinin uşağın ölümünə səbəb olduğu hadisənin görüntülərini gördüm. Hadisənin dəhşəti bir tərəfdən, videonu görməyim bir tərəfdən. Bütün əhvalım, olan qalan kefim də zay oldu.

Sanki bəzi adamlar belə pis görüntüləri paylaşanda, muştuluq alırlar, hamını belə xəbərlərlə zəhərləmək istəyirlər. Bu görüntülərin paylaşmağında nə faydalar ola bilər? Dərhal həmin şəxsi dostluqdan rədd elədim.

Dayana bilmədim, qayıtdım əsəbdən videonu açıb, baxdım.

Uşağı ayaq altına salıb, gələcəyə çempion yetişdirmək istəyən məşhur idmançı uşağın ölümünə səbəb olub. Gözlərim doldu, içim ağrıdı, ruhum dondu.

Axı bu haranın “təlim üsulu”dur, belə də bir sahəni 21-ci əsrin insanına öyrətmək olar? Bu adamı normal bir psixoterapevtin yanına göndərsən, ən azı 5 il müalicə tətbiq edərlər. Belə insanlar bizim təhsil və təlim mərkəzlərimizə necə yol tapa bilir?!

Mən şəxsən valideynlərin uşağa əsəbiləşməsini həzm edə bilirəm, çünki valideynlər bu çətin dövrdə əynindən-başından kəsib uşağa yapışdırırlar, tərbiyəsini, gələcəyini düşünüb uşağın düz istiqamətdə getməsi üçün çalışırlar. İşdən yorğun gəlib, səsə, hay-küyə dözə bilmir, uşağa əsəbiləşirlər. Bunu qəbul etmək olar.

Ancaq sən ki, valideyn deyilsən, sənin peşə fəaliyyətində “müəllimlik” yazılıb. Uşaqla işləmək nədir, sən yaxşı bilməlisən. Valideynlərin çoxu bilmir, yaxşı, bu ki, sənin peşəndir, 10 il təhsil almısan ki, uşaqla necə davranmaq olar məsələsini biləsən. Valideyn uşağını idman sahəsində çempion görmək istəyir, həkim görmək istəyir, cəmiyyətə xeyirli bir övlad yetişdirmək istəyir. İndi uşağın soyuq meyiti qalıb valideynlərin əlində.

Bağçada nə baş verir, bilmirsən. Məktəbdə nə baş verir, bilmirsən. Xəstəxanada nə olur, bilmirsən. Çöldə nə olur, bilmirsən. Hər gün nə qədər dəhşətli hadisələr baş verir.

Bəs biz uşaqlarımızı hara qoyaq? Kimin ümidinə qoyub gedək işə?

Yaxşı, indi bu uşağı yenidən diriltmək olacaqmı? Nəysə... Bunları nə üçün dedim? Çox da vacib məsələlər deyil, oxucuların da başını ağrıdıram.

# 2857 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #