10 metr sonra görəcəklərindən qorxma – Vətən müharibəsi qazisi Kulisə yazır...

10 metr sonra görəcəklərindən qorxma – Vətən müharibəsi qazisi Kulisə yazır...
7 yanvar 2022
# 09:00

Kulis.az Vətən müharibəsi qazisi Daşqın Əzizin “Alnıma yazılan “29” yazısını təqdim edir.

29 sentyabrda başlayıb, "29"la bitən marafon...


7 noyabr gecəsi. Müharibənin son akkordlarıdır. Şuşanın Laçın yolu istiqamətindən olan girişindəyik. Şəhər artıq azad edilib. Xüsusi Təyinatlı Qüvvələrimiz düşməni son əsgərinədək Şuşadan qovub. Ancaq proqramçıların diliylə desək, bəzi "açıq"lar var. Hansı ki, həmin nöqtələrə nəzarət etmək üçün də bizim tabor ora göndərilib. 1 saat olardı ki, Daşaltı kəndinin kandarıyla ard-arda yüksəklikləri aşıb, mənzil başına çatmışdıq. Şuşanın kəskin soyuğu adamın "içindən keçirdi". Oradakı köhnə elektrik stansiyasının yanında tərli-tərli dayanmışdıq. O an özümə ölüm arzulayırdım. Artıq 12 saat idi ki, ac idim. Bir içim su da yox idi. Kəskin soyuqdan titrəyirdik, dişlərimiz bir-birinə dəyirdi. Yağış da yağır, təmiz islanmışıq. Nə isə, baxdım ki, yer palçıqdı, başımdan qoruyucu dəbilqəni açıb, yerə atıb üstündə oturdum. Bir də gördüm "Yaşma"nın döyüşçüləri qarşımızdan keçir. 10 metr irəlidə başniyası xarab olmuş "T-72" tankı da vardı. Amma bilmədim bizim idi, ya ermənilərin vurulmuş tankıydı. "Yaşma"nın 4 giziri ordan keçəndə, biri yan cibindən yarım şüşə viski (yəqin ki Şuşadakı mağazalardan götürmüşdülər) çıxarıb bizə tulladı. "İçin, bəlkə bir az qızınarsınız", - dedilər. Stəkan da yoxdur. 3 nəfərə "başımıza çəkdik". Həmin vaxt da ermənilər qumbaraatanlarla sağ tərəfimizdəki ağaclığa dayanmadan atəş açırdılar. Amma qaranlıqda orada nə görüblər bilmirdim, yəqin ki, nəsə hədəf vardı. Xüsusi təyinatlılara dedik ki, "ora getməyin. Qumbaraatanla vururlar". Qulaq asmadılar. Danışa-danışa 20 metr irəliləmişdilər ki, həmin nöqtəyə bir də atəş açıldı. Dedim, "vay-vay, yazıqları vurdular". Onlar isə həmin an qaçaraq geri gəldilər. Qəzəbli halda bədnamları təhqir edə-edə dumanlı havada Şuşanın digər başına getdilər.

Baş qatacaq nə isə yoxdur. Bir-birimizə sığınıb oturmuşuq. Neynim-neynim, yanımda olan gəncəli balası, Elnur müəllimlə söhbətləşməyə başlayıram. Elnur həm yaşca məndən böyük idi, həm də məşhur marketlər şəbəkəsinin birində şöbə müdiri işləyirdi. Könüllü olaraq orduya yazılmışdı. Müəllimlə dişlərimiz taqqıldaya-taqqıldaya bir iki kəlmə kəsirik:

- Ay müəllim, nə olacaq axrı?

- Ay imamına qurban olum, nə olacaq, donacağıq.

- Demə.

- İki saat da belə qalsaq, heykələ çevriləcəyik.

- Müəllim, deyirəm, Şuşaya kimi gəlib çıxmışıq. Deyirsən, bir erməni öldürmədən donaq?

- Darıxma, bizi bura boş-boşuna gətirməyiblər. Sabah yəqin ki, açıq döyüşə girəcəyik.

- Görək də, ay müəllim, görək. Kaş bir tikə də yemək olaydı.

... Mən müəllimlə söhbətləşməyimdə olum, ermənilərin yiyəsiz qalmış iti də ətrafımızda gəzinməkdə.

Quyruq bulaya-bulaya ətrafımızda dolanırdı. Artilleriya səsi gələn kimi qorxusundan ulayır, gizlənməyə yer axtarırdı. Biz isə şübhəli idik. Hiyləgər düşmənin həmin itin üzərinə hər hansı partlayıcı maddə bağladığını düşünürdük. Qaranlıqda işıq yandırıb baxmağa da qorxurduq ki, ermənilərə görüntü vermiş olacağıq. Həmin köpəyi hər vəchlə oradan uzaqlaşdırmaq istəyirdik.

***

Hər qaranlıq gecənin bir işıqlı səhəri olsa da...

Gecəni beləcə yola verdik. 8 noyabr səhər saat 11:30-dur. Meşəyə girmişik. Düşmən olduğumuz yerə minaatanlarla atəş açır. Heç kim olduğu yerdən tərpənmirdi. Amma qismət deyilən bir şey var. Əgər bəxtin yoxdursa, mərmi düz gəlib sənin yanına düşəcək. Xoşbəxtlikdən orada şəhid və yaralanan olmadı. Həmin vaxt qərargah rəisimiz dərhal düzülməyimiz üçün əmr verdi. Daha da irəli gedəcəkdik. Od-alovun içinə girəcək, müharibənin ən qəddar üzüylə yaxından tanış olacaqdıq. Hərəkət başlayır. 50 metr irəliləmişdik ki, minaatan mərmisi arxamızdakı bulağın yanına düşür və Maddi Texniki Təminat böyülünün iki əsgəri şəhid olur. Artıq taborumuzdan ilk şəhidlərimizi veririk. Tam olaraq vahimə içindəyəm. Hər an parça-parça olacağımı düşünürəm. Mərminin qorxulu vıyıltısını eşidəndə dərhal yerə uzanaraq sipər alırıq. Bir anlıq başımı qaldırıb, Şuşanın yalçın qayalarına baxıram. Ora eyni anda 2-3 mərmi düşür. Təsir gücündən qayalıqdan daş parçaları qopub tökülür. Bax, əsl müharibənin içindəyəm. Bundan oyanası yoxdur. Durub yenidən irəliləyirik. Açıqlıqdan iki təpənin arasına daxil oluruq. Asfalt yolun sağ tərəfində məhv edilmiş ermənilərin cəsədləri var. Donmuş vəziyyətdə “əl-ələ verib” uzanıblar. Üstlərinə soyuqdan şeh düşüb. Düşmən meyitlərinin 1 metrliyindən keçirəm. "Sizin "pay"ınız elə bu idi", - deyə-deyə gedirəm. Amma daxilimdə vahimə də var. Hər an onların gününə özümün də düşəcəyini zənn edirəm. Kölgəlikdən günəşli əraziyə daxil oluruq. Buradakı erməni meyitləri kəskin qoxu verir. Elə bir qoxu ki, insanın bağrını çatladır. Qolumla burnumu tutub, yeriyirəm. Və birdən...

Bizi güllələrlə "salamlayırlar". Başımızın üzərində gizlənən, xəlvəti pusqu quran 3-5 düşmən əsgəri bizi avtomat və pulemyotlardan atəşə tutur. Biz isə elə zənn edirik ki, təpə ermənilərlə doludur. "Bismillah", - deyib mən də onlar olan istiqamətə atəş açıram. Döyüş yoldaşım ermənilərdən birini snayperlə alnından vurur. Sevincək qışqıraraq "vurdum, vurdum", - deyir. Qısa müddətə bu pusqunu yarırıq. Düşmən qorxuya düşərək həmin mövqedən geri çəkilib, Xankəndi tərəfə yol alır. Biz isə irəliləyirik. Təxminən 200 metr qarşıda, təpənin başında lüləsi bizə tuşlanmış tank görürəm. Yox, bu tank bizə atəş açmayacaq. Çünki "cansız"dır. Sadəcə maketdir. Bu, o tankdır ki, 1992-ci ildə Xankəndidən Şuşaya hücum edilərkən üzərində düşmənin döyüş bayrağını gətirirdi. Qaqik Avşaryanın sürücüsü olduğu bu "T-72"ni Milli Qəhrəmanımız Albert Aqarunov elə həmin model tankdan açdığı bir sərrast atəşlə məhv etmişdi. Həmin vaxtdan da ermənilərin ziyarətgah yeri idi. Hər il mayın 8-də düşmən ölkənin prezidenti həmin tank memorial kompleksini ziyarət edir, üzərinə gül dəstələri düzürdü. Hikkələrindən tankı elə lüləsi Şuşaya tuşlanmış vəziyyətdə vurulduğu yerdə "əbədiləşdirmişdilər". Nə isə, mən bu tankı görəndə qeyri-ixtiyari qışqırmağa başlayıram. Çünki Albert Aqarunovun xatirəsinə açdığım feysbuk səhifəmdə bu məlumatı bir neçə dəfə paylaşmışdım. Qismətə bax ki, həmin tankı bu dəfə monitor arxasından yox, lap yaxından görürdüm. Elə tam ora çatmışdıq ki, qorxunc nərilti ilə minaatan mərmisi yanımıza düşür. Bir neçə döyüşçümüz aldığı ağır qəlpə yaralarından şəhid olur. Biri isə ağ divarın yanında yerə çökmüş halda dayanıb. Elə bilirəm ki, gülür. Vallah, elə zənn edirəm. Qəribə gəldi ki, bu, niyə gülür?! Amma nə gülməyi...
5 metrliyinə çatanda hönkürtü ilə ağladığını sezdim. Çünki ən yaxın dostu gözünün qabağında şəhid olmuşdu. İlahi, bu nədir axı? Ömrümdən ömür, canımdan can gedir. Çarəsiz halda ona baxa-baxa irəli gedirəm. Birdən havadan uğultu eşidilir. Sanki quduz it ulayır. Bu, elə quduzlaşmış ermənilərin Xankəndi şəhərində yerləşən hərbi hissəyə verdiyi həyəcan siqnalının uğultusu idi. Bizim mövqedə olduğumuzdan xəbərdardırlar. Həmin siqnalın ardınca düşmən zirehli texnikalar və piyada qoşunla üstümüzə gəlir. Uzaqdan müşahidə edəndə, sanki qarışqalar yuvadan çıxıb üzərinə hücum çəkirdi. Minaatan mərmiləri göydən, tank mərmiləri də qarşımızdan başımıza "yağırdı". Artıq aramızdan bir neçə nəfəri təyin edib yaralıları təxliyyə etməyə başlayırıq. Həmin təxliyyə qrupunun içində mən də varam. Ağstafadan olan döyüş yoldaşımı xərəklə daşıyırıq. Ağır yaralıdır, çox qan itirib. Arıq, çəlimsiz biridir, amma gəl ki, yaman ağırlaşıb. Yorulduğumuzdan xərəyi yerə qoyub bir balaca nəfəs dərmək istəyirik. Bu an həmin yaralı üşüdüyünü və üzərinə nə isə atmağımızı istəyir. Mən 5 metrliyimizdə olan erməni "buşlat"ını götürüb onun üzərinə atanda, özüm gülləyə tuş gəlirəm. Sanki bədənimin sol nahiyəsinə təpiklə möhkəm vurdular. Hiss edirəm ki, qan axır, amma həmin vaxt ürək edib yaraya baxa bilmirəm. Bədənimin bir hissəsinin parçalandığını zənn edirəm. Dünya başıma dolanır. 26 yaşımda həyatla vidalaşıram? Açığını deyim ki, həmin an nə ata, nə də anamı fikirləşirdim. Sadəcə, kəlmeyi-şəhadəti deməyə hazırlaşırdım. Bu azmış kimi, yanıma minaatan mərmisi də düşür. O anda tədbiri davranıb yerə yatdığımdan qəlpələr məndən yan keçir. Zərbənin təsirindən burnumdan qan da açılıb. Aman Allah, qan, barıt iyi, yoldaşlarımın çığırtı, ayaq səsləri, öz yaram. Hər şey bir-birinə qarışıb. Ağstafalını isə yaxşı ki, oradan çəkib çıxarıblar. Tək qalmışam. Amma güc toplayıb ayağa dururam və "kitel"imi qaldırıb yaraya baxıram. Güllə dəyib çıxıb. Yüngülcə qan axır. Əsas odur ayaq üstə dura bilirəm, bu bəsdir. Avtomatımı qoruyucusu açıq vəziyyətdə çiynimə alıb birtəhər yeriyirəm.

***

"Cin atına minmiş" XTD leytenantı və can üstə olan əsgər...

Yarı sürünərək, yarı ayaqüstə magistral yolun kənarı ilə irəliləyirdim. Məndən təxminən 30 metr məsafədə ayaqlarını aralayıb, iki əli ilə avtomatını sinəsinə sıxıb dayanan birini gördüm. Gözüm yaxşı seçmirdi, birtəhər "kaska"sından sezdim ki, bizim uşaqlardan deyil. Şəvə kimi də saqqalı vardı. Bu oğlan "tez ol da, bir az cəld hərəkət elə", - deyib üstümə çəmkirdi. Dedim, "vazgen"lərdəndir, mühasirəyə düşmüşük. Uca səslə məxfi parolumuzu verdim. O da qarşılıq verəndə rahatladım ki, bizimkilərdəndir. Nə isə, buna yaxınlaşdım. Aman Allah, adamın gözündə nə qəzəb, simasında nə gərginlik var. Bir saniyə belə vaxt vermədən məndən cəld şəkildə dağa qalxmağımı tələb etdi. Bu vakuumda mənim "ağzım nədir" yaralıyam deyim, ya da ləng davranım. O vəziyyətdə dağı qalxırdım, bir balaca nəfəs dərmək istəyəndə isə yenə təpinirdi, "tez ol demirəm, sənə?!". Baho, ay Allah mən nə edim?

..."Kələntər dayı, ağrıdır axı"

Bu halımda gətirib çiynimə şəhidimizin snayperini də yüklədi. "Apar, Şuşa qalasının dibində XTQ uşaqlarına ver, lazımdır onlara". Apar-apar da. Ürəyimdə deyinə-deyinə qalxıram, bunda heçmi insaf yoxdur? Dağın yarısına çatanda, mənə qayıtdı ki, "10 metr sonra görəcəklərindən qorxma". Əşi, məndə qorxu qalıb, 2 saat qabaq dünyanın o tərəfini görüb gəldim də. Elə dediyi yerə çatdım ki, şəhid olmuş komandirimiz və iki əsgər. Qorxmaq yox e, hönkürtü ilə ağlamaq tutdu məni. Çünki bir az əvvəl sağ-salamat bizə əmr verirdi. İndi bədəni quruyub qaxaca dönüb. Bu qaqaş isə heç nə olmamış kimi, "gördün, pis olma, onlar ən uca zirvədədir", - deyərək məni müşayiət edirdi.

Xülasə, gəldim Şuşa qalasına çatdım. Snayperi də başqa bir XTQ mənsubuna verdim, təşəkkür etdi. Uzandım yaralıların yanında, qatılaşdırılmış süd verdilər, içdim. İki gündür ki, ac olan qarnıma bir şey getmiş oldu. Bu qəzəbli oğlan isə yoxa çıxdı. XTQ isə ağır yaralıları bir-bir, iki-iki maşınlara mindirərək təxliyyə edirdi. Artıq hava qaralmışdı. Mənim yaramın yüngül olduğunu deyib, göstərdikləri cığırla hərəkət etməyimi istədilər. "Büş üstə", - deyib dedikləri istiqamətdə getdim. Şuşa şəhərinin mərkəzində bir otel vardı. Amma oteldə otellik qalmamışdı. Pəncərələr, fasad mərmi partlayışının təsirindən yararsız hala düşmüşdü. Amma əsas odur ki, damına bir neçə qat beton döşənmişdi və minaatan mərmiləri onu dağıda bilmirdi. Bu məkana yerləşdirilirəm. İçəridə xeyli yaralı var. Yenə zülmət qaranlıqdır, adicə papiros çəkməyə də qorxursan ki, düşmən işartı görüb bu dəqiqə koordinat götürüb atəş açacaq. Elə dəhlizdə uzanıram. Hərə bir tərəfdə zarıyır. Artıq bədənimin güllə dəyən hissəsi şiddətli ağrı verməyə başlayır. XTQ gizirlərinin birindən mənə ağrıkəsici iynə vurmasını xahiş edirəm. Sağ olsun, o qarışıqlıqda istəyimi nəzərə alıb mənə yardım edir. Bir az rahatlaşdım. Çünki ona qədər bilmirdim, başımıza yağan mərmilərin dərdini çəkim, yoxsa ağrının.

***

İndi gəlim yazının başlığındakı "29"a...

Gecə saat 11 olardı. Yuxuya getmişdim. Hiss etdim ki, kimsə məni silkələyir:

- Əsgər, ay əsgər!

- (Elə bil yuxumda kimsə məni səsləyir)

- A kişi, oyan görək!

- (Hövlnak gözlərimi açıram) Bəli, buyur.

- Harandan yaralanmısan?

- Böyrümdən güllə dəyib, komandir.

- Aç yaraya baxım.

- (Göstərirəm)

- Deməli belə, bunun da yarası ağırdır. Mənə markeri verin ordan.

- (Markeri gətirirlər)

... və həmin XTQ baş leytenantı alnıma qırmızı rəngli markerlə 29 rəqəmini yazır. Bu "29" o demək idi ki, mən təxliyyə olunacaq 29-cu adamam. Məndən əvvəl 28 nəfər aşağı düşməyi gözləyən yaralı var. Gözlə-gözlə də. Artıq rahatlaşıram. Dərindən ah çəkib, bir papiros da yandırıram.

Beləliklə, 29 sentyabrda başlayan çətin və şərəfli marafon noyabrın 9-da alnıma yazılan 29 rəqəmiylə bitdi.

Ümid edirəm ki, müharibə dəhşətini az da olsa canlandıra, oxucuları vakuuma sala bildim. Hələ bu yazdıqlarım müxtəsərdir. Danışası, yazası xatirələr çoxdur. Amma ağır səhnələri təsvir edəndə, hər cümləsində ölüb-dirilirəm.

O dağların bir daha döyüş görməməsi ümidi ilə...


# 531 dəfə oxunub

Oxşar xəbərlər

# # #