Paris 68 tarixi - ARAŞDIRMA

Paris 68 tarixi - ARAŞDIRMA
30 aprel 2011
# 20:00
“68-ci il Paris hərəkatı” yəqin çoxlarınıza tanış ifadədir. Hamının sevgi şəhəri kimi tanıdığı Parisdə 1968-ci ilin mayında sevgidən əsər-əlamət yox idi. Küçələr əməlli başlı savaş meydanına çevrilmişdi. Fransanı tələbə və fəhlə üsyanı bürümüşdü, milyonlarla insan tətil edirdi.

Nə baş verirdi?

İkinci dünya müharibəsindən sonra kapitalizmin sürətli inkişafı dünyanı yeni bir böhrana sürükləyirdi. Bu həm iqtisadi həm də mənəvi böhran idi.

Müharibədən sonra bir çox xalqlar faşist rejimlərdən azad olmuşdu. Avropa ölkələrində “möcüzəli inkişaf” gedirdi. İndi təhsil almaq təkcə yuxarı təbəqələr üçün deyil aşağı təbəqələr üçün də əlçatan idi.

Bütün bunlara baxmayaraq qabaqcıl ölkələrdə gənclər artıq köhnə qaydalarla yaşamaq istəmirdilər. Onlar yeni dünya, yeni əlxaq, yeni həyat istəyirdilər. Onlar fərdlərin azad olacağı cəmiyyət arzulayırdılar.

1963-cü ildə ABŞ-ın Vyetnamda başlatdığı müharibəyə qarşı həm Amerikanın özündə həm də bir çox Avropa ölkələrində etiraz səsləri yüksəlməyə başlamışdı.

Fransa hadisələrin mərkəzində

1968-ci ildən öncəki 2 il ərzində Fransada fəhlələrin xırda tətilləri olmuşdu. Belə aksiyaları həmkarlar ittifaqları təşkil edirdi. Onlar əslində belə xırda aksiyalar etməklə hakimiyyətləri xilas etmiş olurdular. Yəni bu fəhlələrin vəziyyətinə heç də müsbət təsir etmirdi.
Tələbə hərəkatı da təhsil sisteminə etiraz, Vyetnama dəstək formasında özünü göstərirdi. Belə aksiyaların başında əsasən maoçu, troçkist və anarxist tələbə təşkilatları dayanırdı.

68-in Parisi

Paris hərəkatı isə Nanterre Universitetindən başladı. Burda universitetdaxili sərt nizam-intizam qaydalarının etiraz etmək məqsədiylə başlayan və yataqxanaların işğal olunmasına qədər gedib çıxan aksiyalar sonradan Vyetnama dəstək formasına keçdi. 1968-ci ilin martında Vyetnam nümayişlərində həbs olunan Nanterre tələbələrinin azad olunması tələbiylə həmin universitetin tələbələri martın 22-də Fransada ilk dəfə universitet işğalını reallaşdırdılar. Bu işğal 29 martda polis müdaxiləsiyə dayandırıldı. Ancaq aprel ayı ərzində sosialist tələbə təşkilatları ilə faşist qruplar arasında paytaxt Parisdən tutmuş bir çox şəhərlərdə qarşıdurmalar yaşandı. Qarşıdurmalar artdığına görə Nanterre Universiteti mayın 2-də müddətsiz bağlandı. Polis faşist basqınının qarşısını almaq adıyla mayın 3-də Sarbonna universitetinin daxil olub bəzi tələbələri həbs etməsindən sonra tələbələrin nünmayişləri daha da artdı.

Paris küçələrində müharibə

Mayın 6-da Parisdə on minlərlə tələbə iztihamlı mitinqə başladı. Paris küçələri gecə-gündüz polislə tələbələr arasında qarşıdurma meydanına çevrildi.

Tələbələr barrikadalar qururdular. Parisin küçələrində sanki müharibə gedirdi. Maşınlar yandırılır, tələbələr polis daş atırdılar. Polis isə zorakılıq nümayiş etdirirdi.

Mayın 10-da nümayiş iştirakçılarının sayı 50 minə çatmışdı. Qarşıdurmalarda tələbələr artıq tək deyildilər. Digər parislilərdə onlara dəstək olurdu.

Fəhlələr tətildə!

Nəhayət həmkarlar təşkilatlarının nümayəndələri toplaşaraq tələbələrə qarşı polisin zorakılığına etiraz etmək üçün Şarl de Qoll hakimiyyətinin 10-cu ildönümü olan 13 mayda bir günlük ümumi tətil və nümayiş çağırışı etdilər. 13 mayda Parisdə bir milyona yaxın insanın iştirakı ilə möhtəşəm mitinq oldu. Həmin günün axşamı tələbələr Sarbonu ələ keçirdilər. Mitinqdə həmkarlar ittifaqının tələbi əvvəlcə maaşların artırılması idi. Sonra tələbələrin “fəhlə hakimiyyəti” kimi siyasi şüarlar səsləndirməsi etirazların miqyasını daha da böyütdü. Ancaq nümayişlərin ağırlıq nöqtəsi “On il yetər” və “Gülə-gülə de Qoll” kimi şüarların səsləndirldiyi Şarl de Qolla qarşı tələblər idi.

Həmkarlar ittifaqları və Fransa Kommunist Partiyası (FKP) bu nümayişin enerji dağıtmaq üçün yetərli olacağını və məsələnin qapanacağını düşünmüşdülər. Ancaq belə olmadı. Mayın 14-dən etibarən məşhur Renault fabrikləri də daxil olmaqla ayrı-ayrı şəhərlərdə zavodların işğalı başlanıldı. Mayın 20-də Fransa etiraz edənlərin sayı 9 milyona çatmışdı.

Tətilə qoşunların miqyası artmışdı. Rəqqaslardan futbolçulara, bənnalardan tutmuş jurnalistlərə qədər hamı tətildəydi. Artıq tətilə qoşulmamaq ayıb sayılırdı. Ona görə də hər kəs bir bəhanə tapıb aksiyalara qatılırdı

Hər yerdə qırmızı bayraqlar yellənirdi. FKP-nın rəhbərliyi ilə həmkarlar ittifaqları tətillərin nəzarətdən çıxdığını görüb bir çox tədbirlərə əl atmalı oldular. Onlar bu tətillərə sahib çıxdıqlarını bildirdilər və aksiyaları rəsmiləşdirdilər. Bu aksiyalarda fəhlələrlə təmasda olan inqilabçı tələbələr tətillərin radikallaşmasına təsir göstərirdilər. Buna görə FKP fürsət düşdükcə tələbələrlə fəhlələrin ünsiyyətdə olmalarına mane olmağa çalışırdılar.

De Qoll hücümda

Prezident Şarl de Qoll öz səssizliyini pozaraq mayın 24-də radioda çıxış etdi. O dedi ki, vəzifəsindən istefa verməyəcək. İstefa verəcəyi təqdirdə bunun vətəndaş müharibəsi ilə ilə nəticələnəcəyini vurğuladı. Bundan sonra tələbələrin etirazları yenidən alovlandı və yenə polislə qarşıdurmalar oldu. Bu qarşıdurmalarda iki nəfər həlak oldu və 500 nəfər isə yaralandı.

Vəziyyətin getdikcə pisləşdiyini görən hökümət həmkarlar təşkilatlarını danışıqlara dəvət etdi. Hökümət bəzi güzəştlərin olacağını bildirdi. Lakin tətilçilər bunlarla razılaşmadı. Onlar tələbləri yerinə yetirilməyincə tətili davam etdirəcəyini bildirdilər. Bəzi yerlərdə artıq kəndlilər də aksiyalara qoşulmuşdu.

Ancaq hərakat bir yerdən idarə olunmadığına görə konkret nəticələrə nail olmaq imkanları az idi. Şarl de Qoll Almaniyadakı Nato-Fransa qarnizonuna və Fransa ordusunun sadaqətindən əmin idi. Bir ay ərzində gözləməyə mövqeyində dayanan de Qoll hücuma keçdi. Aranı sakitləşdirmək üçün mayın 30-da radiodakı çıxışında parlametin buraxılacağını yeni seçkilərin keçilcəyinə söz verdi. Bunun ardından Parisdə de Qolçu partiyaların, faşist qrupların və digər hökümət tərəfdarı təşkilatların 700 minlik yürüşü oldu. Sonrakı günlərdə faşist qruplar küçələrdə aktivliklərini artırdılar.
Bundan sonra tətillərin zəifləmə prosesi başladı. 3 iyunda tətilçilərin sayı 3 milyon, 14 iyunda isə artıq 1 milyona çatmışdı. Ancaq geri çəkilmə prosesi də polislə qarşıdurma, dirəniş göstərmə ilə müşayət olundu. Bu məğlubiyyət Fransada bir müddət böyük depressiyaya, həmin il keçirilən seçkilərdə isə de Qolçu partiyanın qələbəsinə gətirib çıxardı.

68-ci ildən yeni dövr başlayırdı

Ancaq bu ümumi mənada məğlubiyyət deyildi. 68-ci ilin Paris hadisələri dünyanı xilas elədi.

Bu yeni bir dönəmin başlanğıcı idi. Siyasi inqilab olmasa da mədəni inqilab idi. 68 –in inqilabçıları “Biz inqilab üçün ölmək yox, onun sayəsində yaşamaq istəyirik” deyirdilər. Onlar dünyanı dəyişdirməyi özlərindən başlayırdılar.

1968-ci ildən sonra müharibələrin, siyasi savaşların, böhranların qurbanı olan təbəqələr oyandı. “Hansı sahədə azadlıqlarımız varsa, hamısını istəyirik” dedilər.

Bu dövrdən başlayaraq “siyəsət sosiallaşdı”. İndi fərdlərin haqları
önə çıxmağa başladı. Demokratiyanın və modern düşüncənin inkişafına yol açıldı. Məhz bu dövrdən sonra etiraz musiqisi olan rok yarandı.

68-in şüarları

68-ci il Paris hərəkatının şüarları isə çox maraqlı idi. Onlardan bəzilərini təqdim edirik:

Darıxmaq – əks-inqilabdır!

İnqilabı yarıyacan edənlər özlərinə qəbir qazırlar. (Sen-Jüst)

Biz heç nə tələb və xahiş etməyəcəyik: biz alacaq və zəbt edəcəyik.
1936-cı ildən mən əmək haqqının qalxması üçün mübarizə apardım. Əvvəllər elə bunun üçün də mənim atam mübarizə aparardı. İndi mənim televizor, soyuducu ve Volksvaqenim var, ancaq bununla belə mən öz həyatımı uzunqulaq kimi yaşadım.

Sahibkarınızla sövdələşməyin, onları ləğv edin.

Sən sahibkara lazımsan, o isə sənə yox!

Fəhlə! Sənin 25 yaşın var, ancaq sənin həmkarlar ittifaqın keçən əsrdən qalmadır!

Realist ol, Mümkünsüzü tələb et! (Çe Qevara)

Sənin xoşbəxtliyini alıblar. Onu oğurla!

Nə Allah, nə də ki rəhbər!

Kobud olacağıq!

Qadağan etmək qadağandır!

Bütün macəraları ləğv etmiş cəmiyyətdə yeganə macəra cəmiyyətin özünü ləğv etməkdir!

Bəşəriyyətin azadlığı ya tam, ya da ki heç olmayacaqdır.

Qaç, yoldaş, sənin arxanca köhnə dünyadır!

Başçıya tabe olmaq çətindir, ancaq onları seçmək daha ağılsızlıqdır.

Bir həftəsonu inqilab daha qanlıdır, nəinki bir ay ümümbəşəri inqilab.

Küçələrdə poeziya!

İncəsənət ölüb, onun meyitini yeməyin.

Qalx ayağa, caduyla lənətlənmiş Universitet!

Seks: Yaxşıdır, -nəticə çıxardı Mao, -ancaq tez-tez yox. (Solçular arasında məşhur olan “Mao Tszedunun sitatları” kitabına parodiya)

Yoldaşlar! Sekslə təkcə çəmənlikdə deyil, eləcə də Siyasi Elmlər məktəbində də məşğul olmaq olar.

Bütün dünya proletarları, əylənin!

Ürəklərinizin pəncərələrini taybatay açın!

İnsanın azadlığı total olmalıdır. Əks halda azadlıqdan heç nə qalmayacaq!

Hər şey yaxşıdır: 2 dəfə 2 daha 4 etmir!

68-ci ildə azad olmaq – Yaratmaq deməkdir!

Siz qocalmısınız, professorlar!

Universitet – tələbələrə, zavodlar – fəhlələrə, radio – jurnalistlərə, hakimiyyət – hamıya!



Elmin Həsənli
# 1965 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #