“Oğul ata üçün cavabdeh deyildir” məqaləsi

“Oğul ata üçün cavabdeh deyildir” məqaləsi
31 oktyabr 2012
# 11:51
Arxiv materialları insanı həmişə maraq içində saxlayır. 30, 40, 50 ilin saralmış qəzet səhifələrini çevirdikcə hər an qarşına maraqlı nəsə çıxacağını gözləyirsən. Sovet dövrü mətbuatına nəzər salanda sanki o illərin ab-havasına qayıdırsan, özünü sosializm quruluşunun dəmir qanunları altında hiss edirsən.

Bu dəfə ötən əsrin 30-cü illərinin mətbuatını vərəqləmək fikrinə düşdüm. Nədənsə, 1936-cı ilin, məlum və məşum “37”dən bircə il əvvəlin mətbuatıyla tanış olmaq məqsədiylə M. F. Axundov adına Kitabxanaya üz tutdum. Mənə maraqlıydı, görəsən “37”dən bir il əvvəl ölkədə ümumi ab-hava necə olub?

“Kommunist” qəzetinin 5 aprel 1936-cı il tarixli sayında “Oğul ata üçün cavabdeh deyildir” adlı yazı nəzərimi cəlb etdi. Yazı “Komsomolskaya pravda” qəzetinin 2 aprel tarixli sayına istinadən dərc olunub və Stalindən sitatla başlayır:

“Bolşevik firqəsi tarixinə bütün cəbhə boyunda sosializm hücumu qurultayı kimi daxil olan XVI firqə qurultayının böyük tribunasından Stalin yoldaş demişdir:

“Artıq köhnəliyə doğru qayıtmaq yoxdur. Qolçomaqlar məhv olmağa məhkumdurlar. Təkcə bir yol qalır, o da kolxoz yoludur”.

Daha sonra yazıda deyilir:

“Sağların siyasəti nə ilə nəticələnə bilərdi? Bu siyasət sənayeləşdirməmizi pozar, kənd təsərrüfatının sosialistcəsinə rekonstruksiyasını məhv edərdi, bu siyasət işçi sinfinin tamamilə silahsızlaşması və kənddə kapilalist ünsürlərinin qüvvətlənməsi SŞCİ-nda kapitalizmin bərpası şansının artması ilə nəticələnə bilərdi”.

Yazıda bu fikir inkişaf etdirilir:

“Düşmən heç bir vaxt öz mövqelərini könüllü surətdə əldən verməyir. Qolçomaqlar istehsalat bazasından (istehsal vasitələri, muzdla işçi qüvvəsi tutmaq haqqından) məhrum ediləndən sonra onların ən qəddar hissəsi xüsusi sürgün yerlərinə göndərilmiş, digər hissəsi isə öz oblastının xaricinə çıxarılmışdır və i.a”

Bu yazının ümumi ruhundan göründüyü kimi, Stalinin başlıca siyasəti məhv etmək, sürgün, repressiya etdirməkdir. Bu siyasət cəmi bir ildən sonra ölkənin aparıcı ziyalılarına, fikir adamlarına da tətbiq edildi. Qolçomaqların bir sinif olaraq məhv edilməsindən sonra ziyalı sinfinin, düşünən beyinlərin məhvinə start verildi.

İkrah doğuran bu yazıda qolçomaq balalarının komsomola qəbul olunub-olunmaması məsələsinə də toxunulur və qeyd olunur ki, “ölkəyə sədaqətini işdə sübut etmiş sabiq qolçomaq balalarını komsomol sıralarına qəbul etmək olar”.

Amma həmin qolçomaq balalarının başını sığallaya-sığallaya komsomola qəbul etdirib sonradan onları atalarının “ləkəli keçmiş”inə görə güllələyən də Stalin rejimi olmuşdu.

Yazıdan daha bir sitat:

“İnqilabi sayıqlıq – bolşevikin bu xassəsi – namuslu adamları “qoyun dərisi geymiş qurdlardan” ayırmağa kömək edəcək. Yalnız inqilabi sayıqlıq lazımdır”.

“İnqilabi sayıqlığın” acı nəticələri 37-ci il repressiyasına gətirib çıxardı. Ölüm və cəza maşını dayanacaqsız və fasiləsiz işləyirdi. Bir gündə - 24 saatda 96 nəfər, ayda-30 gündə 2880 nəfər, 2 il yarımda isə mindən çox insan repressiya edilmişdi. Sumbatovun, Qriqoryanın, Markaryanın, Qalstyanın və onların nökərlərinin əliylə təxminən 70 min Azərbaycan ziyalısı görünməmiş vəhşiliklə məhv edildi.

Bu məqalənin özü başdan-başa repressiya qoxuyur. Stalin gələcək repressiyalar üçün zəmin hazırlayırmış. Yazı çirkab və üfunət qoxuyur, adamın bu kin və qəzəb dolu söz yığınına yazı deməyə dili dönmür. Əslində “qoyun dərisi geymiş qurd” elə Stalinin özü idi. Azərbaycan şairləri onu “Ellər atası” deyə öyürdülər, şəninə dastanlar, poemalar qoşurdular. Ona təzim etməyənləri gedərgəlməzə yollayırdılar, “zərərli ünsür” kimi güllələyirdilər...

“Oğul ata üçün cavabdeh deyildir”. Stalin bu replikanı ordenli kombaynçı Tilbanın çıxışı zamanı səsləndirib. Onu yerli hökümət qolçomaq oğlu olduğu üçün Ümumittifaq Kombaynçılar Müşavirəsinə buraxmırmış. Axırda Firqənin Mərkəzi Komitəsi Tilbanı müşavirəyə çağırır. Tilba müşavirədə çıxış edərkən deyir:

“Mən qolçomaq oğlu olsam da işçi və kəndlilərin işi uğrunda, sosializm qurmaq uğrunda namusla çarpışacağam”.

Stalin isə məlum replikanı səsləndirir. Tilba bu sözləri deyərkən heç də səmimi deyildi. Onun başqa çıxış yolu yox idi, əks halda qolçomaq oğlu kimi ya sürgün ya da məhv ediləcəkdi.

Stalinin bu replikası tələyə sancılmış yem idi...

Kənan Hacı
# 1849 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #