“Füyuzat”ın elanları

“Füyuzat”ın elanları
14 avqust 2012
# 11:42
Mətbuatın maliyyə mənbələrindən ən əsası şübhəsiz reklam və elanlardan gələn gəlirlərdir. Satış çap xərcini, əməkdaşların maaş və qonorarlarını ödəmirsə, qəzetin reklamsız fəaliyyət göstərməsi imkansızdır. Bu baxımdan Azərbaycan mətbuatının ilk jurnallarından olan “Füyuzat” dərgisində gedən maraqlı elanlarla sizləri tanış edəcəyəm. Öncədən deyim ki, həmin dövrün elanları ilə indiki reklamlar arasında böyük fərq var, o zamanlar reklam olunacaq şeylər çox az idi. Bundan başqa digər qəzet və dərgilərin elanları da dərc edilirdi.

Elanların bəzilərinin mətnini olduğu kimi yazdığımdan dil baxımından anlaşılmazlıq yaransa da mahiyyəti aydın olur. Beləliklə “Füyuzat” toplusundan seçdiyim elanları diqqətinizə çatdıraq:

“Təqvimi-şərqi”- Qiyməti 80 qəpik olan bu təqvimi Axund Yusif Talıbzadənin hazırladığı yazılıb. 1324-1325-ci illəri (1907) əhatə edən bu təqvimdə müsəlman bayramları yaşıl, rus bayramları qırmızı verilib. Hər səhifənin arxasında maraqlı əhvalatlar, tarixə və ədəbiyyata aid bilgilər mövcuddur. Digər şəhərlər üçün təqvimin göndərilməsi xərci bir manatdır. On ədəddən çox təqvim alan müştərilər üçün manata 20 qəpik güzəşt olunacağı söylənilir. Təqvimin əldə edilməsi ünvanı kimi “Füyuzat” və “Kaspi”nin mətbəələri göstərilir.

“Dərs verirəm”- “Müsəlman qızlarına rus və müsəlman dillərində ünas gimnaziyasının 5-ci klasının mütəəliməsi. Xahiş edənlər bu adresə rücu etsinlər: Kladbişenski və Pozenovski küçəsində Cəfərovun 28 nömrəli evində”.

Maraqlı reklamlardan biri bir neçə sayda getmiş, mətndən anlaşıldığı kimi kişi paltarı ilə bağlıdır: “Tamam ər əlbəsəsi üçün pək gözəl trikodan tövsi qara, yaxud qara ilə sövri arası (çerno-seriy) dörd arşın bir çərəklik kəski 5 rublə 25 qəpik ki, Z.Rozentalın sukonnı fabrikası yollanıyor şəhri-Lodz, nömrə 527-müxabirə və xətt rusca”.

“Füyuzat” oxucuları Malakan bağının yanında Hacı Nemətin evindən isə bunları əldə edə bilərdilər: “Amerikan fibrası vodoqon (ejektor) buxar ilə su çıxaran (sveametal) amerikan gönü yaxşı (ijektorlar) dəvə gönü, gön (remen) qayış remen boltları. Bloklar intəhasız vintlərlə.
F. Bernqart”.

Bu reklam da bir neçə nömrədə dərc olunub.

“Füyuzat”da insanı maraqda saxlayan bir elan var. Bir neçə sayda dərc olunub. “Çoxlu qazanc” adlı elanda yazılır: “Hər bir kəs qış fəslində istifadə edə bilər. Mətləbdən xəbərdar olmaq istəyənin bir marka göndərməsi lazımdır. Aşağıdakı adresə: A.Bohlander, Mannheim (Baden)”.

Digər bir elan “Kaspi” qəzeti üçün abunə elanıdır. “Kaspi-rus lisanında müsəlman qəzetəsidir” başlıqlı elanda qəzetin abunə qiyməti belədir: “Şəhər üçün: bir illiyi 7 manat 5 qəpik, altı aylığı 4 manat, üç aylığı 2 manat 50 qəpik, bir aylığı bir manatdır. Özgə şəhərlər üçün: bir illiyi 8 manat 55 qəpik, altı aylığı 5 manat, üç aylığı 3 manat və bir aylığı 1 manat 50 qəpikdir”.

“Həyat” kitabxanası adlı elanda oxuculara kirayəyə verilən kitabların siyahısı verilib, kitablar müəllifinə görə 40 və 50 qəpikdir. Sahibi Mirzə Əliməhəmməd xan Oveysi olan “Həqayiq” məcmuəsinin elanında Rusiya və İran üçün qiymətləri verilib. “Həyat” qəzeti ilə bağlı elanda qəzetin aprel ayından etibarən müdirliyinə Haşım bəy Vəzirovun keçdiyi, sponsorunun isə H.Z.Tağıyev olduğu bildirilir.

“Müsəvvər Tərəqqi”- “İstanbulda nəşr olunan bu qəzetə Türkiyədə çıxan mükəmməl və ucuz bir qəzetədir. Rəsmləri çoxdur. Mündəricatı nəfisdir. Arzu edənlər adresini bildirdikləri halda bir nüsxə məccanən göndərilir. Abunələrə bir kitab hədiyyə edilir. İdarəxanamız İstanbulda Babi-ali caddəsində, nömrə 4”.

“Yüz sənəlik təqvim” adlı elanda təqvimin indiyə qədər misli-bərabəri olmayan, divardan asılması mümkün, hicri və miladi tarixlərin olduğu, İstanbul və Tehrana uyğun azan saatlarının qeyd edildiyi göstərilir. Qiyməti 30 qəpikdir. On ədəddən artıq sifariş edənə manata 20 qəpik güzəşt edilir. Daha çox sifarişdə isə xüsusi güzəştlərin olacağı göstərilir. Müəllif Ağdaşda yaşayan Əhməd bəy İsmayılbəyovdur.

Digər bir elanda Əbdürrəhim Talıbovun yazdığı “Məsailül-həyat” və “Məsalikül-möhsinin” adlı fars dilindəki əsərləri əldə etmək istəyənlərin Bakıda Lalayev karvansarayındakı kitabçı Məşədi Vahibə müraciət etmələri bildirilir.

Digər bir qəzet elanı “Tazə həyat”la bağlıdır. Nikolayevski küçəsində, Tağıyevin evində türk dilində gündəlik ədəbi, siyasi qəzet olan “Tazə həyat”ın Bakıda bir illik abunə haqqının 7 manat, 6 aylıq 4 manat, 3 aylıq 2 manat 50 qəpik olduğu qeyd olunur. Həmçinin bu elandan bəlli olur ki, “Tazə həyat”ın elan qiyməti qabaq səhifədə hər sətri 10 qəpik, axırıncı səhifədə 5 qəpikdir.

Rusiyanın Orenburq şəhərində həftədə üç dəfə nəşr olunan, türkcə ədəbi və siyasi qəzetin elanından bəlli olur ki, illik abunə haqqı 4 rubl, altı aylıq 2 rubl, üç aylıq 1 rubl 20 qəpik, aylıq isə 40 qəpikdir. Redaktoru Məhəmməd Fateh Kərimovdur. Elanı verilən digər bir kitab “İranda vaqe olan axırıncı hərəkati-siyasiyyə” adlı kitabdır ki, iki hissədən ibarət kitabın hər biri Bakı üçün 40 qəpik, digər şəhərlər üçün 70 qəpikdir.

Digər mühüm kitab elanı “Türk-rusi və rus-türki lüğəti”dir. Sifarişçilərin lüğətin naşiri M.Ə.Rəsulzadəyə müraciət etmələri bildirilir.

Misir qəzetlərinin elanları

“Mirati-ülum” qəzetinin 64 səhifədən ibarət olduğu, aylıq dərc olunduğu, illik abunə haqqının 4 rubl olduğu yazılır. Nəşr edənin Əzaimzadə Rəfiq bəy Əfəndi olduğu qeyd edilib. Ayda iki dəfə çıxan, siyasi qəzet “Şurayi-ümmət”in illik abunəsinin 45 quruş olduğu yazılıb. Həftəlik siyasi və elmi qəzet olan “Türk”ün illik abunəsinin 5 rubl olduğu elanda bildirilib. Ərəbcə dərc olunan “Əl-Cəridə” qəzetinin illik abunəsinin isə 150 quruş olduğu yazılıb.

Sonuncu elan

“Füyuzat” dərgisinin sonuncu elanı isə dərginin özü ilə bağlıdır. Bu elanla Azərbaycan mətbuatında olduqca maraqlı bir səhifə bağlanır:

“Bəzi əsbaba məbna “Füyuzat” müvəqqəti olaraq 32-ci nömrəsində tətil ediləcəkdir. 32 nömrəni təkmil almış olanlar on gündə bir nömrə hesabı ilə bir sənəlik abunələrini təkmil almış olurlar. Abunə bədəllərini tədiyyə edib də 32-dən əskik nüsxə almış olanların abunə bədəllərindən idarədə qalmış olan haqları tələb və ixtiyarlarına görə ya özlərinə iadə olunacaq, yaxud o haqlarına müqabil “Tazə həyat” və “Kaspi” göndəriləcəkdir.
Sahib-imtiyaz”.


Dilqəm Əhməd

Qaynaq: “Füyuzat” toplusu, Çaşıoğlu, 2007
# 2123 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #