Gözlənilən bir görüşün tarixçəsi – Çingiz Abdullayevin imza günündən reportaj

Gözlənilən bir görüşün tarixçəsi – Çingiz Abdullayevin imza günündən reportaj
12 aprel 2023
# 13:00

Kulis.az dünən Xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşündən reportajı təqdim edir.

Görəsən, elə bir gün gələcəkmi, kimsə ölümlə həyat, yuxu ilə reallıq arasında yaşanan bu dumanlı, əsrarəngiz ovqa...

– Ülvi, gəl, çıxırıq.

Ay daa, heç yeridi? Nəysə. “Kor bayquş” un ağzına bir qıça pendir atıb otaqdan çıxıram.

Hara gedirik? Çingiz Abdullayevlə görüşə. APA-nın “bəyaz mələyi”nin qanadında bir yer tapıb otururam və dostlarla LİBRAFF-a yol alırıq.

– Bakı varsa, nə var?

– Külək?

– Yox!..

– Üstünə çıxan avtobuslar?

– Aha, yaxınlaşdın.

– Tapdım. Tıxac

– Bəli, tıxac.

– Tıxacda neyləyərlər?

– Təbii ki, telefonda qurdalanarlar.

Mən də elə elədim. Yox, bu dəfə internetim var idi. Aha, mesaj gəldi. Dostum Əlibala şeir göndərib. Bəxtəvər başıma. “Poeziyanın dequstatoru” olaraq təzə şeirinə münasibət bildirməyimi istəyir.

Bu ağappaq, çay qoxulu həyətdə

Sənin səsin seyrəlmiş, bəyaz tüstü kimi...

Sanki uzaqda yaşıl çəmən üstünə

şirin boyalar tökür bir uşaq gülümsəyib.

Və ağappaq dondurmanı fırçşasıyla rəngləyir.

Ağ təyyarənin qanadında qızılgül rəsmləri...

Meyvənin dərdləri bitir günəşin şüasında...

Sənin səsin qanadlanıb axtarsa indi məni, gəzsə dağları

İslanmış çəmənləri keçsə daşlardan, yaşıllıqıar üstündən...

Gözlərim qıyılır parıltının yoxluq kölgəsi ilə...

Siz Allah, necədir? Xeyli işləməlidir. Ə, zalım oğlu, özünü niyə zuluma salmısan? Otur detektivdən-filan yaz, gözəl-gözəl qızlar axışsın imza gününə, fan klubunu filan yaratsın. Bu nədir? “Parıltının yoxluq kölgəsi” ee...

– Nə qədərə çatarıq?

– Tıxacdı ee, yoxsa çoxdan çatmışdıq.

İstəyirəm özümü qonşumuz Məhyəddin kişi kimi aparıb deyim ki, ə bəs deyirlər, işsizlikdir, millət qırılır acından, bu qədər maşını necə alırlar, restoranlar da ağzına kimi dolu. Çayxana söhbəti olduğunu hiss eləyib əyləci basıram.

Gözüm hündürmərtəbəli binalardan birinin yanındakı orta boylu qurumuş ağaca sataşır. Üstündə balaca bir quş küləyi imitasiya eləyir. Ağac sozalıb, özünə çəkilib. Bunu hiss eləyən quş tez-tez budaq dəyişir. Ağacın üşüyən yerlərini kövrək ayaqları ilə isidir.

Radio... “Üç hərbi qulluqçumuz şəhid olub”.

Quşların ağacları isitdiyi dünyada insanlar bir-birini soyudur. Şəksiz ki, dünyanın ən soyuq yeri şəhid analarının qəlbidir. Hələ bunun qan-tər içində oyanıb səhərə qədər uzaqlara baxmağı var. O da gözünə yuxu getsə...

Nəhayət ki, LİBRAFF-a çatırıq. Uzaqdan tanımaq qeyri-mümkündür, çünki üzü yenilənir.

İçəri giririk. Oğlanların arasından keçib birtəhər hadisə yerinə gəlirəm. Mən yazdım, siz də inandınız? Budu ha, ölkədə nə ki, qəşəng qız var, hamısı burdadır. Oturmuşam kənddə, dünyadan xəbərim yox.

Axır ki, uzaqdan-uzağa Sərxan Rüstəmovu görüb reallığa qayıdıram.

Sevimli müəlliflərinin kitablarını şəxsiyyət vəsiqəsi kimi əllərində tutan növcavanlar uşaq kimi sevinir.

Keçən reportajda yazmışdım ha, mən hamını tanıyıram, amma heç kim məni tanımır. Bu dəfə vəziyyət fərqlidir. Mən də 1-2 nəfəri çıxsaq, heç kimi tanımıram. Birinci dəfə idi ki, heç kimi tanımadığıma bu qədər sevinirəm. Yoxsa adamları tanıyırsan, arabir baxırsan ki, bəlkə, o da səni tanıdı, bir-iki addım yaxınlaşırsan, elə təzəcə salam vermək istəyirsən ki, kimsə araya girir, öpüşüb-görüşürlər, sən də qonşunun həyətinə düşən heyva kimi qalırsan zalın tən ortasında. Özünü o yerə qoymayıb telefonu qulağına aparırsan, guya zəng gəlib.

Mağazanın giriş hissəsində 5-5 hədiyyə kitablar qoyulub. Bir kitab diqqətimi çəkir – “Boyalı quş”.

Dostlardan biri o gün yazıb ki, bu kitabı neçə aya oxumuşam. Bundan əvvəl də bir neçə nəfərdən eyni sözü eşitmişəm. Vallah mən 2 günə oxumuşdum. Yəqin problem məndədir.

Elə-belə mənasız şeylər fikirləşirdim ki, Sərxan Rüstəmov sarımsağı diş-diş eləyib atdı xəyallarımın tən ortasına:

“Dəyərli oxucular və hörmətli Çingiz müəllim, hər birinizi həm LİBRAFF, həm də TEAS Press nəşriyyat evi adından salamlayırıq. Məlum olduğu kimi 7 aprel Xalq yazıçısı Çingiz Abdullayevin doğum günü idi. Biz gecikmiş bir doğum günü münasibətilə gecikmiş bir görüş və imza saatı keçirməyi düşündük. Çox sağ olun ki, gəlmisiniz. Çingiz müəllimə təşəkkür edirik. Nə vaxt biz dəvət eləsək, oxucularla görüşə gəlir. Bizim bu tədbir müddətində bir neçə çıxışımız və 2 videoçarxımız olacaq”.

Əvvəlcə yazıçı, şair, TEAS Pressin redaktoru Kərim Kərimli, sonra da AYB-nin mətbuat katibi, şair Xəyal Rza çıxış elədi. Xəyal Rza Çingiz müəllimi necə peşəkarcasına parodiya etməyindən danışdı.

Sonra Çingiz müəllim çıxış elədi. Böyük posterini göstərib zarafatyana dedi:

– Çoxları belə şəkillərdə saç-filan qoydurur özünə. Mənim ehtiyacım yoxdur.

Ailəsi haqqında məlumatlar verdi və mövzunu kitablarının tərcüməsinə gətirərək bayaqdandır ciddi müzakirə olunan mövzuya nöqtəni qoydu;

­– Mən 34 dilə tərcümə olunmuşam. Hətta bir dəfə bir görüşdə oxuculara kitabları doğma dillərində imzaladım. Axırıncı dəfə Vyetnam dilinə tərcümə olundum. Şəklini də instaqrama qoymuşam. Hər dəfə təzə kitabım çıxanda çox sevinirəm. Deyirəm, tez göndərin mənə o kitabı.

Sonra videoçarxlara keçildi.

Birinci videoçarxda məşhur simalar – Seyran Səxavət, Azər Aydəmir, Emin Musavi Çingiz müəllimi doğum günü münasibətilə təbrik etdilər.

İkinci videoçarx isə küçə reportajı idi. Sadə insanlar Çingiz müəllimə öz ürək sözlərini bildirdilər. Axırda da Çingiz müəllimin kitabları həmin adamlara hədiyyə olundu.

Elə bu an oturacaqların birindən balaca, qıvrımsaç bir qızcığaz boylandı və şirin-şirin mənə baxmağa başladı. Qəfildən narahatlıq yarandı baxışlarında. Sonra atası gəlib qucağına götürdü. Bərk-bərk sarıldı atasına.

Sonra tort kəsildi:

– Bu, sonra yeyiləcək də.

Ay Çingiz müəllim, Allah sizi güldürsün. Hardan tapırsınız ee bu “şutka” ları? Kaş mən də belə zarafatlar eləyə biləm.

Sual-cavab hissəsinə keçəndə təzə durulan əhvalımın üstünə bir kamaz zibil tökdülər.

Suallar rus dilində olduğuna görə nə mən başa düşdüm, nə də sizə nəsə çatdıram biləcəyəm. Açığı, Çingiz müəllimin azərbaycanca dediyi cümlələri də anlamaqda çətinlik çəkirəm, amma bir-iki sözün ucundan yapışıb harasa varmaq olur.

Arxada almaq istəyib ala bilmədiyim kitablar var. Almırıq, heç olmasa burda bir-iki cümlə oxuyaq.

Nəhayət... Nəhayət ki, axırda Azərbaycan dilində sual verilir.

– Rus ədəbiyyatından ən çox sevdiyiniz 5 əsər...

– Struqatski qardaşları “Tanrı olmaq çətindir”, Mixail Bulqakov “Master və Marqarita”, Fyodor Dostoyevski “Cinayət və cəza”, Qoqol “Ölü canlar”, Mixail Şoloxov “Sakit Don”

Sonra Çingiz müəllim bir suala cavab olaraq dövlətə verdiyi vergilərdən gileyləndi:

– Polad Bülbüloğlu eşidəndə dəli olmuşdu.

Yavaş-yavaş kitab imzalama hissəsinə keçirik. Adamlar sıra nömrəsi ilə Çingiz müəllimə kitabını imzaladıb xatirə şəkli çəkdirirlər.

Mağazadan çölə çıxıb piyada keçidinə doğru addımlayıram. Arxadan bir cəh-cəh eşidirəm.

– Dronqo!

İşıq dirəyinin altında bel çantamı yerə atıb əllərimi yuxarı qaldırıram.

# 5087 dəfə oxunub

Oxşar xəbərlər

Rəngkarlıq Muzeyində növbəti mühazirə

Rəngkarlıq Muzeyində növbəti mühazirə

12:50 9 sentyabr 2023
Əlamətlərə inanmaq lazımdırmı? - İlahə Ümidli

Əlamətlərə inanmaq lazımdırmı? - İlahə Ümidli

12:00 6 sentyabr 2023
Öldüyünü zənn edən yazıçının kitab təqdimatından  - Reportaj

Öldüyünü zənn edən yazıçının kitab təqdimatından - Reportaj

15:30 24 iyun 2023
˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək

˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək

21:41 19 iyun 2023
Yazıçı Nahidin yeni kitabı çap olundu

Yazıçı Nahidin yeni kitabı çap olundu

15:20 19 may 2023
˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

10:58 19 may 2023
#
#
# # #