Əli İsa Cabbarov: "Alim Qasımov milli kodları dollara çevirə bilir"

Əli İsa Cabbarov: "Alim Qasımov milli kodları dollara çevirə bilir"
9 iyun 2015
# 10:38

Rejissor Əli İsa Cabbarovla müsahibə. Onunla Günel Mövlud söhbətləşib.

- Əli İsa, sizinlə çoxdanın tanışı olduğumdan, barənizdə çox şeylər bildiyimdən, icazə verin, suallarda bir qədər radikal və cığal olum.

Elə bundan başlayaq ki, mən sizi olduqca ziddiyyətli, qəribə adam hesab edirəm. Özünüz bunu bilir və razılaşırsınızmı?

- Hak bir gönül verdi bana

Ha demeden, hayran olur

Bir dem gelir, şâdî olur

Bir dem gelir, giryan olur

Bir dem sanasın kuş gibi

Şol zemherî olmuş gibi

Bir dem beşâretten doğar

Hoş bağ ile bostan olur

Bir dem gelir, söyleyemez

Bir sözü şerh eyleyemez

Bir dem dilinden dür döker

Dertlilere derman olur

Bu, Yunus Əmrədəndi. İlk dəfə Elçibəyin Əmrə haqqında yazdığı “Bizim Tanrı sevgimiz” məqaləsində bu şeiri oxumuşam. İnsan belə olmalıdı da. Rəngarəng və ziddiyyətli. Bir az dərin baxsan, ziddiyyət-filan yoxdu, hər şey sadədir.

- Bir tərəfdən quru, heç vaxt sevginin klassik, saf, sadə növü ilə sevə biləcək adama oxşamırsınız. Məndən rəy soruşsalar, deyə bilərəm ki, sizin heç vaxt sevgiliniz ola bilməz. Bununla belə, lirik, sentimental, ürək dağlayan şeirlərin vurğunusunuz. Bu nədir, hansısa boşluğu doldurma, barənizdəki bu rəyi sındırma cəhdi, ya nə?

- Dəqiqləşdirim. Birinci suala cavabdan göründü ki, Əmrəyə biganə deyiləm. Məmməd Aslanın tərtibində onun Azərbaycanda ilk nəşrindən Əmrə ilə yoldaşlıq etmişəm.

Füzuli ilə də periodik dostluğumuz olub. Amma müasirlərdən iki “dostum” var: Vaqif Səmədoğlu və Qismət. Mənə elə gəlir, onlara sentimental demək dəqiq olmaz.

Hər dördündə əqli başlanğıc güclüdür. Başqa bir tərəfdən heç vaxt maskalara aldanma, soyuqqanlı, praqmatik, sinik, işbazlıq kövrəklik qurbana meyllilik və melanxolikliyin gizlətmə üsulu da ola bilər.

- Kifayət qədər işlərdə gəlir, sərfəli olub-olmadığını düşünən, çıxar hesablayan adam kimi tanıyıram sizi. Maraqlıdır, kinodan niyə getmirsiniz? Min dəfə daha gəlirli sahədə işləyə bilərsiniz axı...

- Mən özümə qarğış - dua etmişəm: ikinci kursda oxuyanda dua etdim ki, ay Allah mənim qazancımı həmişə kinodan elə. Qurban olduğum da iyirmi ildən artıqdır, xahişimi yerə salmır. Sevdiyin işlə məşğul olursan, hərdən “puldan-zaddan” da verirlər. Bundan gözəl nə ola bilər?

Amma kinonun Azərbaycanda yüksək gəlirli bir sahə olacağına şübhə yoxdur. Çünki bizim camaat kimi xəyal-plov aşiqi yoxdur. Kino fəaliyyətinin də başqa adı məhz “xəyallar fabrikidir”.

Çoxdan Bakıya gəlmirsən, xəbərsizsən. “Evim sənsin” filminə baxmaq üçün gənclər toplaşıb Lənkərandan Bakıya gəlmişdilər. Yerli komediya olan “Xoxan”ın isə 150000 tamaşaçısı olub. Gəncədə, Qəbələdə, Lənkəranda müasir tipli kino zalların tikintisi planlanır. Bu sahəyə real ciddi investisiya axır, kino sektoru gəlirliliyə çıxır.

- O vaxt Rüstəm İbrahimbəyov qalmaqalında mövqeyiniz kifayət qədər müxalifətyönlü oldu. Buna görə hansısa təqiblər, təkliflər və ya nələrsə oldumu?

- Kinematoqrafçılar İttifaqı yaradıcı təşkilatdır və mən də onun aktiv üzvüyəm. Bu təşkilat mənim və yüzlərlə kinematoqrafçının yaradıcı fəaliyyətinə dəstək olub, problemlərini həll edib.

Siyasətdən tam uzaq olan təşkilat olaraq, hədəfimiz kinematoqrafımızın inkişafıdır. İttifaqın rəhbərliyinin fəaliyyəti üzvlər tərəfindən dəstəklənir.

Və bu il təşkilat önündə yaranmış problemlərin həll ediləcəyi və ya rəsmi orqanlar tərəfindən bu istiqamətdə ciddi addımlar atılacağına çox böyük ümidlər və real şanslar var. Konkret sualına gəldikdə, qeyri-adi heç nə olmadı. Kifayət qədər bayağı və nimdaş tədbirlər oldu.

- Bildiyim qədərilə, konkret təklif almısınız. Olduqca şirnikləndirici təklif. Bu doğrudurmu, doğrudursa imtina etmənizə səbəb nə idi?

- Yenidənqurmanın məşhur fəal ədəbiyyatşünas xadimi vardı, Yuri Karyakin. O, müsahibələrin birində Stalinlə Hitlerin məşhur “Molotov-Ribbentrop” razılaşması haqda danışanda deyib: “Tarix göstərdi ki, ancaq mənəviyyata əsaslanan siyasət sonucda praqmatik olur, qələbəyə aparır” .

Yəni sözümün məğzi odur ki, könlünə, ruhuna zidd gedəndə, uğur adamdan qaçır. İçinin bir nəğməsi olur, pəsdən o nəğməni oxuya-oxuya, mızıldaya-mızıldaya get də, şübhəli qələbəyə görə niyə öz nəğmənə xəyanət etməlisən? Sadə sualına belə əndrəbadi-politkorrekt-diplomatik –fəlsəfi cavabıma görə, gərək, bağışlayasan...

- Keçək Azərbaycan kinosuna. Sizcə biz milliyyəti bəlli olmayan, bəşəri mesajlı filmlər çəkib dünyaya çıxmalıyıq, yoxsa milli, lokal problemlərimiz, cizgilərimizi ifadə edən filmlər çəkməklə dünyaya maraqlı ola bilərik?

- İncəsənətdə millilik və dinilik çox gəlirli istiqamətdir. Ümumiyyətlə, Mədəniyyət tarixi millilik və dinilikdən kənar çox az şedevr tanıyır. İ. S. Bax alman və xristian dühası, Mikelancelo italyan və xristian dühası, Sultan Muhamməd İslam və Azərbaycan dühası, Tarkovski rus və xristian dühası idi. Sergey Paracanovun bütün filmləri müxtəlif xalqların etnik ənənələrinin eksplotasiyasında qurulmuşdu.

Və yaxud. Azərbaycanı təmsil edən, amma xaricdə valyuta ilə yüksək dəyərləndirilən Alim Qasımov, Cavad Mircavadov, Əzizə Mustafazadə hamısı etnik kodları dollara çevirə bilirlər. Buna görə millilik uğur açarlarından biridi.

Film yalançı və süni tonallıqda olanda məhəlli və bayağı məhsula çevrilir.

Masazırda, Rostovda, Romada, Parisdə bütün qadınlar eyni cür qısqanırlar, atalar övladlarının ilk uğurunu görəndə eyni cür kövrəlirlər, qatillər də qurbanını yortanda eyni cür vahimələnir. Ona görə gerçək, səmimi, sevgi dolu film Lerikin ucqar kəndində çəkilsə belə, Biləcəridən o yana rahat aşacaq.

- Kinomuzun indiki vəziyyəti, dövlət tərəfindən filmlərə, filmdəki dialoqlara, ifadə şəkillərinə qoyulan senzuralar barədə nələr bilirsiniz və bütün bunların axırını necə görürsünüz?

- Könlü balıq istəyənin, quyruğu suda gərək. Sənin də epizodlarından birində aktrisa kimi rol ifa etdiyin rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin çəkdiyi “Buqələmun” filmi çox az vəsaitə çəkilib və premyerası Lokarno Festivalında baş tutub. Öz sözünü heç bir maneə olmadan demək istəyirsənsə, az vəsaitlə və ya tam büdcəsiz çəkməyə hazır olmalısan.

Hansısa zavodun direktorundan pul alıb, onu tənqid edən film çəkməyəcəksən ki. Direktoru tənqid etmək istəyirsən, öz vəsaitinə, qəpik-quruşa çəkməlisən.

Oliver Stoun Amerika cəmiyyətini sərt tənqid edən “Anadangəlmə qatillər” filmini çəkəndən sonra iri studiyaların boykotu ilə üzləşdi. Məcbur olub politkorrekt “Nikson” filmini çəkdi. “Kim para verir o da musiqini sifariş edir” qanunu Biləcəridən Vaşinqtona qədər hər yerdə qüvvədədir.

- Müasir ədəbiyyatı yaxşı bilən tək-tük kino adamlarından birisiniz. Həmçinin, yerli ədəbiyyatı. Kinomuzun yerli ədəbiyyatımızla əməkdaşlığı barədə nə düşünürsünüz?

- Konkret deyim: Sənin “Beşincisi Sənubərdi” şeirin Norşteyn ənənələrində poetik animasiya ola bilər. Seymur Baycanın “4 romantik hekayəsi”, “Qukark”ı, Şərifin “Haramı”sı, Qan Turalının “Şaxta Babanın qətli” rahat kinoya gəlir.

“Yeni nəsil ədəbiyyatla kinematoqrafçıların tandemi niyə alınmır?” sualına cavab verməyə çətinlik çəkirəm. Bir səbəbi deyə bilərəm, ilk baxışdan vacib görünməyə bilər: istedadlı yazarlar və peşəkar kinorejissorlar hələlik müxtəlif sosio-kültür dairələrin adamlarıdı. Onlar müxtəlif kafelərdə nahar edir, müxtəlif mağazalarda alış-veriş edir, coğrafi cəhətdən də təmsil etdiyi regionlar da müxtəlifdi, məişət qayğılarının spesifikası da fərqlidi.

Bəstəkarlarla bir az yaxınlıq var: Firudin Allahverdi ilə üç filmdə əməkdaşlıq etmişik. Amma gənc ədəbiyyatla nəsə alınmır.

Oxuzali.az

# 986 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #