“Neyçün səni bəs unuda bilmirəm?” – Məşhur mahnının müəllifi

“Neyçün səni bəs unuda bilmirəm?” – Məşhur mahnının müəllifi
12 sentyabr 2024
# 15:20

Bu gün Azərbaycan poeziyasının layiqli nümayəndəsi, şair, dramaturq Novruz Gəncəlinin anadan olmasından 103 il ötür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Novruz İsmayıl oğlu Sadıqov 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub. Atası vəfat etdikdən sonra qardaşının işi ilə əlaqədar Gəncəyə köçüblər, uzun illər orda məskunlaşıblar. O, Gəncədə olarkən həyatı, ətrafı, təbiəti dərk edib, insan hisslərinə burada bələd olub, duyğuların poetik həllini tapıb. Elə ona görə də, Əhməd Cəmil gənc şairə “Gəncəli” təxəllüsünü verib.

Novruz Gəncəli orta məktəbi bitirdikdən sonra – 1939-cu ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olub. Novruz Gəncəli "Ədəbiyyat” qəzetində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında müxtəlif vəzifələrdə işləyib. 1945-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan şair bir müddət orada poeziya üzrə məsləhətçi kimi də fəaliyyət göstərib.

1947-ci ildə Yazıçılar Birliyində keçirilən toplantıda Səməd Vurğun onun bir şeirini ucadan oxuyur və sonda deyir:
“Ədəbiyyatımıza əsl şair gəlir”.

"Unuda bilmirəm"

Ayrı düşdük, aylar ötdü, il oldu,
Eşqim sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, çiçək açdı, gül oldu,
Neyçün səni bəs unuda bilmirəm?

Mir rəng verir bahar hər bir çiçəyə,
Ruh gətirir hər qəlbə, hər ürəyə.
Mən çatıram min arzuya, diləyə,
Neyçün səni bəs unuda bilmirəm?

Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə qız-oğlan edir adət.
Doğrudan da yoxdur əgər məhəbbət,
Neyçün səni bəs unuda bilmirəm?

***

Ananın səsi

Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs deyilmi ey insanlar,
Töküldü qan, axdı qan?
Bəs deyilmi, qara torpaq
Su içdi göz yaşından.
Yer üzündə dostu olsun,
Gərək insan insanın,
Qəlbimdəki bu arzular,
Arzusudur zamanın.
Mən anayam bu səsimdə
Yerin, göyün dərdi var.
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar!
Silahları yandırın,
Ərşə qalxsın tüstüsü
Hər obada, hər eldə,
Qanad açsın “sülh” sözü
Üzü gülsün insanların
Bayram etsin yer üzü.

***

Azərbaycan

Könül necə sussun gələndə adın,
Mənim həyatımdır sənin həyatın.
Sevincin, kədərin, alovun, odun
İlhama nur verir, nur, Azərbaycan,
“Mahur” Azərbaycan, “Şur” Azərbaycan!

Bir cüt hörüyündür Araz ilə Kür,
Gözlərin Göygöldür, hər zaman gülür,
Bu hüsnü görməyə dünyalar gəlir,
Dəyməsin hüsnünə göz, Azərbaycan,
Vəsfinə tapmıram söz, Azərbaycan.

Qoynunda qaynayan bulaqlar şəfa,
Çəmənlərin şəfa, yaylaqlar şəfa,
Yaşıl bağlarında yarpaqlar şəfa,
Şəfadır gül-çiçək, şeh, Azərbaycan,
Səhər-səhər əsən meh, Azərbaycan.

Boylu çinarların şah vüqarındır,
Dağların ağ saçı etibarındır,
Yüksələn qalalar nağıllarındır,
Pıçıldar, danışar Kür, Azərbaycan,
Gah susar, gah coşar Kür, Azərbaycan.

Axır aram-aram, axır durmadan,
Bir an dincəlməyir o təbi rəvan,
Odur ən müqəddəs əsər yaradan,
Boyası günəşdən dürr, Azərbaycan,
Əbədi rəssamdır Kür, Azərbaycan.

Burda millətlərin ülfəti mayak,
İnsanın insana hörməti mayak,
Keçdiyin yolların şöhrəti mayak,
Mayak Azərbaycan, dan Azərbaycan,
Günəş ol göylərdə, yan, Azərbaycan.

Gözündə qalmasın xoş arzuların,
Açılsın cənuba gedən yolların,
Arazda bənd quran mərd oğulların,
Olsun şəfəqlərə qərq, Azərbaycan,
Qoşulsun dostluğa şərq, Azərbaycan.

Araz Araz deyil, candır, ürəkdir,
Araz günəş olub nur səpəcəkdir,
Sağı da, solu da bəzənəcəkdir,
Açacaq sahillər gül, Azərbaycan,
Sevin, Azərbaycan, gül, Azərbaycan.

Oyanar Babəklər, qoç Koroğlular,
Çəkər qılıncını Murovla Qoşqar,
Şahdağı hayqırar, Kəpəz hayqırar
Başında əskilsə tel, Azərbaycan,
Durur keşiyində el, Azərbaycan.

***

Bilinməz
(Səməd Vurğunun heykəli önündə)

Necə yaranıbdır qoca kainat,
Xəlbiri, ələyi nədi, bilinməz.
Tutub mayasını qəmdən, sevincdən,
Nənnisi, bələyi nədi, bilinməz.

Yaradar, bəsləyər, sonra soldurar,
Bir yandan uçurar, bir yandan qurar,
Yorulmaz, usanmaz, axtarar, arar,
Arzusu, istəyi nədi, bilinməz.

Gəncəli, dostların baş alıb gedir,
Çevrilir torpağa, daş olub gedir,
Ətrafın günbəgün boşalıb gedir,
Fələyin ürəyi nədi, bilinməz

# 1517 dəfə oxunub

Müəllifin son yazıları

# # #