Övladı ölən gün tiktokda canlı yayım açan ata... - Gülcənnət bizi bağışlayacaqmı?

Övladı ölən gün tiktokda canlı yayım açan ata... - Gülcənnət bizi bağışlayacaqmı?
5 aprel 2026
# 12:30

Kulis.az Ağa Rza Elçinoğlunun yazısını təqdim edir.

Ötən gün dəm qazından ölümlə bağlı xəbər yazdım. Bəlkə də indiyə qədər onlarla belə xəbər yazmışam. Amma bu dəfəki fərqli oldu...

Dünyadan köçən, amma dünyanın, yaşamağın, həyatın hələ nə olduğunu belə bilməyən cənnət gülü - iki yaşlı Gülcənnət idi.

Ölüm mələyi Cəbrayılovlar ailəsindəki doqquz uşaqdan 6, ya da yeddincisi olan körpəni səhər saatlarında aparıb. Həkimlər saat 05:00 radələrində ataya zəng edib, həmin xəbəri veriblər.

Uşağın atası Cəbrayılov Kamilin bir videosunu gördüm. Övladını bağrına basıb, morqdan çıxarırdı. Kiməsə görə uşaqların sayı çox görünə bilər. Amma onların özünəməxsus həyatı, valideyn üçün isə hər birinin ayrı yeri var və bu, belə də olmalıdır. Yaşı nə qədər az olsa da!

Sosial şəbəkədə biri yazırdı ki, ata niyə ağlamır? Digəri yazırdı: kasıb ailədir, amma 9 uşağı var və s. Əksəriyyət qınayırdı. Mən isə hər şeyə rəğmən haqq qazandırmağa çalışırdım. Deyirdim, dindar ailədir, uşağın doğulmadan ölməsi günahdır, hər halda o uşaqlara qeyri biriləri yox, həmin ata baxır...

Elə bu düşüncədə idim ki, ölən körpənin atasının "TikTok" sosial şəbəkəsində canlı yayımda olduğunu eşitdim. İnanmadım, özüm baxdım. Adam canlıdadır, öz aləmindədir. Ölən uşağının kəfəndə, çənəsi bağlı formada görüntülərinə qədər paylaşıb. Bəlkə də bununla təskinlik tapır deyəcəm, amma ölən uşaq bir yana, qalan beş azyaşlı övladı hələ də can çəkişir axı. Övladını düşünən ata indi onların yanında olmalı idi, sosial şəbəkədə oturub, prim tutmalı deyildi!

Müqayisəsi çox absurd olsa da, bir insan akvariumdakı balığı öləndə belə ona pis olur. Pişiyi üçün dəfn mərasimi keçirən görmüşəm. Bu adam isə televiziyaya açıqlamasında övladı haqqında "yarım saat əvvəl basdırıb gəlmişəm" deyir. Bəlkə də elə körpənin qədir-qiyməti bilinməyib deyə, Tanrı onu ailədən alıb?! Bircə övlad üçün ömür boyu həsrət çəkən ailələr var. Əlində olanının dəyərini bilməyənləri də görmüşük. Bu qədərini isə indi görürəm.

Yaxşı yadımdadır, 2015-ci il idi. Dayımın qəzada ölən üç yaşlı oğlunu kəfənə büküb, verdilər qucağına ki, aparıb dəfn eləsin. Onun təsəllisi, ikinci bir oğlu yox idi, sonradan da olmadı. Bu 11 ildə hər aldığı nəfəsdə onun ağrı-acısını hiss etdim. İndi də elədir. Doğulmadan ölsə belə, övladdır, candır.

Amma bu ata üçün, görünür, canın, övladın fərqi yoxdur. Bəlkə psixi problemləri var, bəlkə də alzheimer xəstəsidir. Hər bir halda araşdırılmalıdır, qalan uşaqlara sahib çıxılmalıdır.

Bəlkə də o uşaq yaşaya bilərdi, ataları xəstəxanadan tez təxliyə etməsəydi. Çünki evə gəldikdən sonra, vəziyyətləri yenidən pisləşib və ikinci dəfə xəstəxanaya aparılıblar. Üstəlik, xəstəxana onların vəziyyətini bilə-bilə evə buraxıb. Belə bir şeyə necə və niyə yol verilib?

Əlqərəz, bir can yaranıbsa, yaradılışında hikmət var. Kiminsə laqeydliyinə və ya həvəsinə görə həyatları məhv olmalı deyil!

Bu gün sussaq, sabah Gülcənnət bizi bağışlamaz...

# 704 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər