Əri onu tərk etdi, işsiz qaldı – Ona niyə 40 ildir Xalq artisti adı verilmir? – “Bəxt üzüyü”nün Sarası

Gülşad Baxşıyeva. Əməkdar artist

Gülşad Baxşıyeva. Əməkdar artist

13 dekabr 2022
# 21:00

Kulis.az aktrisa, Əməkdar artist Gülşad Baxşıyeva haqqında maraqlı faktları təqdim edir.

Gülşad Eynulla qızı Baxşıyeva 1952-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunda professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib. (Wikipedia)

***

Həmin dövrlərdə Şəki teatrının yaradıcılarından biri olub. 10 il ərzində teatrın repertuarında olan tamaşalarda aparıcı aktrisa kimi əsas rolları ifa edib.

***

1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülür. 1982-ci ildə teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adı alır.

Aradan qırx il keçməsinə və aktrisanın istər pedaqoji fəaliyyətdə, istərsə də kino sahəsində gördüyü işlərə baxmayaraq, ona Xalq artisti adı verilməyib. Bu haqda o, özü müsahibələrinin birində deyir:

“Keçmişə baxanda peşmanlığım, təəssüf hissim var. "Kaş ki, daha inadkar olardım" deyirəm. Əgər elə olsa idi, indi mən Xalq artisti fəxri adına da layiq görülmüşdüm. Əslində, mən o adı almaq üçün kifayət qədər işlər görmüşəm. Sadəcə kiməsə ağız açmaq, nəsə istəmək xarakterimə yaddır. Bunu niyə mən deməliyəm? Mədəniyyət Nazirliyi özü məni görməlidir, dəyərimi verməlidir. Əvvəllər oyunumu izləyən bir neçə əcnəbi sənətşünaslar qəzetlərdə mənim haqqımda tərifnamələr yazırdılar. O yazıların dəyərini indi anlayıram. Neçə ildir böyük bir ailə dar mənzildə yaşayırıq. Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişəm. Hələ də bir xəbər yoxdur. Seriallar, filmlər çəkilir, amma bizim aktyorlara layiq olduğu qonorar ödənilmir. Əcnəbi aktyorları gətirəndə isə bizim həsədlə baxdığımız, arzuladığımız məbləği onlara çox rahat verirlər".

Aktrisa bir dəfə ailəli olub. O, 1977-ci ildə tələbə yoldaşı, rejissor Hüseynağa Atakişiyevlə ailə həyatı qurur. Bu o zaman idi ki, onların hər ikisi Şəki Dövlət Teatrında çalışırdılar. Həmin ərəfədə Hüseynağa Atakişiyevin işləri pis getmirdi, Şəkidə hazırladığı hər üç tamaşasından biri Azərbaycan teatr mədəniyyətində hadisəyə çevrilirdi.

***

Bir il sonra - 1978-ci ildə onların Elbəy adlı bir oğlu dünyaya gəlir. 1979-cu ildə Hüseynağa və Gülşadın ikinci oğlu Elmir doğulur.

Gülşad Baxşıyeva Hüseynağa Atakişiyevlə ailə qurduğu günləri belə xatırlayır: “Bizim evləndiyimizi eşidənlər təəccüblənmir, şoka düşürdülər. Xasiyyətlərimiz tamam fərqli idi. Mən danışıb gülən, hamı ilə ünsiyyətdə olan, hamıya istiqanlılıq edən gənc qız, o isə qapısı bərk-bərk bağlı bir evin cavan sahibi. Ona ürəkdən gələn sözü çatdırmaq üçün bu qapını saatlarla, günlərlə, aylarla dayanıb döymək lazım gəlirdi”.

***

Gülşad Baxşıyeva ana olmağına on beş gün qalsa da, səhnədə olur və bir-birindən maraqlı rollar ifa edir. O, həmin günləri belə xatırlayır:

“Hamiləyəm, uşağın doğulmağına təxminən 15 gün qalıb. Səhnədə “Kleya”nı oynayıram. Cahangir Novruzov da tərəf müqabilimdir. Səhnədə “Ksanf, mən bir də bu evə qayıtmayacağam” deyib dəzgahın üzərində üzü yuxarı qaçmalıyam. Ancaq qaça bilmirəm, hamiləyəm axı. O isə “Kleya, mən sənsiz yaşaya bilmərəm” deyəndən sonra arxamca gəlməlidir. Deməli, mən nitqimi bitirdikdən sonra üzü yuxarı çıxmağa çalışıram. Cahangir isə elə qaçırdı ki, dəzgah tərpənirdi. Mən də turbadan tutub dayanmışam. Dəzgah yellənir, o, gəlib mənə çatır. Yavaşca Cahangirə acıqlandım ki, “axmaq, yavaş qaç da. Axı yıxıla bilərəm. Gör, sənə neyləyəcəm”. Cahangir də məni arxadan qucaqlayıb, əlini qarnımın üstünə qoyub dedi, qorxma Gülşad, uşaq doğulsa, onu özüm tutacam. Təbii ki, bunları pıçıltı ilə deyirdik. Həmin gün yadıma düşəndə xeyli gülürəm”.

***

Ard-arda iki oğulun doğuluşu ilə Atakişiyevlər ailəsində ömrün ən xoş anları yaşanırdı. Hüseynağa və Gülşadın ətrafında olanların hamısı elə düşünürdü ki, bu cütlüyün ailə xoşbəxtliyi bir ömrün sonunadək sürəcək. Amma belə olmur...

***

Onlar hələ də Şəki Dövlət Teatrında çalışırdılar. Hər şey İncəsənət İnstitutunu bitirib Şəkiyə təyinat alan o gənc qızın teatra gəlişindən az sonra başlayır. Şahzadə adlı bu gənc aktrisa ilə Hüseynağa Atakişiyevin təzə eşq macərası qısa müddətdə hər kəsə məlum olur.

Həyat yoldaşı Gülşad Baxşıyeva hər vəchlə ərini cavan aktrisadan qorumağa çalışsa da, ancaq heç nə əldə edə bilmir. Dözməkdən savayı əlacı qalmır. Dişini-dişinə sıxıb dözür – balaca oğlanları Elbəylə Elmirin xatirinə. Onların isə hələ heç 5 yaşı da tamam olmamışdı.

***

Lakin Hüseynağa və Gülşad cütlüyünün ailə xoşbəxtliyi artıq çat verir. H. Atakişiyev daha Şəkidə qərar tuta bilmir. Və belə bir zamanda onu Akademik Milli Dram Teatrına baş rejissor kimi dəvət edirlər. Aktrisa Şahzadə də onunla birgə Bakıda işləməyə gəlir.

***

Çox çətin günlərdən keçən aktrisa bu gün keçmişə nəzər salanda bunları deyir:

“Hüseynağa Atakişiyevlə biz Mehdi Məmmədovun kursunda bir yerdə oxumuşuq, bir yerdə işləmişik, sonra da tale elə gətirib ki, ailə qurmuşuq. 19 il həyat yoldaşım olub, uşaqlarımın atasıdır. O, hələ də bizdədir, bizim evimizdədir. Nəvələrimə baxıram və fikirləşirəm ki, indi onu necə unudasan?! Altı nəvədir, altısı da ona bənzəyir. Hərəsində bir cizgi, hərəsində bir naxış var Hüseynağadan. Bax, bunların içində Hüseynağadan hara qaçmaq olar?! Heç onu unutmaq fikrim də yoxdur. Mən həmişə pis şeyləri düşünüb kədərlənirdim. Oğlumun 14 yaşı var idi, gəldi yanıma və soruşdu ki, sizin heç yaxşı günləriniz olmayıb? O sözdən sonra valın üzü dəyişdi, indiyə kimi ancaq yaxşı xatirələrimi xatırlayıram”.

Aktrisa kinolara çəkilməklə yanaşı teatr fəaliyyəti ilə də məşğul olub. O, Şəki teatrından Bakıya gələndən sonra üç il Milli Dram teatrında işləyir. Lakin teatrda ona rollar verilmir, aktrisaya haqsızlıq edilir. Gülşad Baxşıyeva ona olan haqsızlıqdan danışarkən “teatrdan onu təxirə saldılar” kimi bir ifadə işlədir. Haqsızlıqlardan bezən aktrisa Dram teatrından gedir və Gənc Tamaşaçılar Teatrında işləməyə başlayır. Üç ildən sonra teatrda onunla yeni müqavilə bağlanılmır. Belə olan halda aktrisa teatrla həmişəlik üzülüşməli, meylini pedaqoji fəaliyyətə və kino sahəsinə yönləndirməli olur.

***

Aktrisa "Bəxt üzüyü", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Girov", "Yalan", "Günaydın mələyim", "istanbul reysi" adlı filmlərə çəkilib. Ona ən böyük uğuru "Bəxt üzüyü" filmindəki Sara obrazı gətirib.

***

Gülşad xanım 2006-cı ildə Ramiz Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülüb.

***

Teatr və kino yaradıcılığıyla yanaşı, o, həm də 23 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor kadrlarının hazırlanması ilə məşğuldur. Onlarla istedadların formalaşmasına böyük diqqət və qayğı göstərir. Tələbələrinin sırasında Xalq artisti, Əməkdar artist fəxri adına layiq görülənlər də var. ADMİU-da 1985-ci ildən "Səhnə danışığı", 1994-cü ildən isə "Rejissor və aktyor sənəti" kafedrasında işləyir. 2000-ci ildən dosentlik, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır.

# 19387 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #