Xəyalların röyapərəst şairi - İlkin Mirələmovun şeirləri...

Xəyalların röyapərəst şairi - İlkin Mirələmovun şeirləri...
26 aprel 2022
# 16:20

Kulis.az İlkin Mirələmovun şeirlərini təqdim edir.

***

Sürüşdü fəzada quyruqlu ulduz,

Sayrışdı fırçada təxəyyül sonsuz.

Xəyal etdi, düşündü,

rəssam boyadı.

Ağ kətana qan qırmızı,

yarpaq yaşılı,

mavi, bəmbəyaz, sarı

saçdı bəzək, işartı.

Xəyallar işıldadı,

dünya parladı.

Fərqli həyatları,

əlvan xülyanı,

Ya sevinc, gülüş,

ya qəm, kədəri.

Ya qəmli gözləri,

gülən üzləri.

Parlaq ulduzları,

kövrək düzləri.

Ağlayan buludları,

güclü dağları.

Qaranlıq ormanı,

ucsuz fəzanı.

Bizə zülmət dünyanı,

görən, kim nurladır?

Kim aydınladır?

Axı kim reallaşdırır?

Xoş mənzərələri...

– Sənətçi, mahir sənətkar çəkir.

Rəssam sadəcə şəkilmi çəkir?

Yox, tək şəkil çəkməyir rəssam.

Axı kim bilir ki, o nələr görürür,

nələr təsvir edir,

nələrsə çəkir...

Bəzən çox sevincli

röyaya qərqdir.

Bəzən gözdən,

könüllərdən uzaqlarda

fikir, qəm çəkir,

o, həsrət çəkir...

Bizim seçmədiyimiz aləmləri,

müxtəlif fırçalar,

əlvan boyalarıyla sanki,

nəqqaştək nəqş edir,

o təsvir edir...

Rəngarəng tablolar

zövqlər oxşayır,

Yaşayır, yaradır

rəssam çıxarır,

Dərinlərdə yatan xəzinələri,

yalanın içindən həqiqətləri.

Hərdən portretində

insan danışır.

Onun bir tablosu

ürəklər açır.

Bəzən ilhamından

hər kəs zövq alır.

Rəssamın ilhamı,

gülşəndə bülbül.

Ulduz rəssamdır

– Rəssam Könül.

***

“Bir başqası günəş siman,

gülərkən işıq saçan,

gecə kimi gözlərinə baxdı,

mənsə məşəl gözlərinin

uzaq seyrində qaldım...

Özgələr şirin söz axtardı,

Mənsə tufan kəlmələrdən,

bəyaz, bomboz bulud kimi

topa-topa dolub, yağdım.

Onlar sənə heç yanmadı,

mənsə daim odlar alıb,

alov-alov alovlandım.

Özgələr səni dünyaya satdı,

mənsə tək telinə qıymadım.

Özgələr səni sükut yerdə tapdı,

mən əngin fəzaya ucaltdım.

Başqaları səni dəryaya oxşatdı.

mənsə dərin, coşqun okean,

çağlayan bir ümman sandım.

Bir başqası şam kimi yandı,

mənsə ay kimi işıq saçıb,

əbədi günəştək parladım.

Onlar boş sevincində qaldı,

mən nisgilində göz yaşı kimi,

yanağından tək-tək axdım.

kədərində çox qəm yedim,

sevincində gülümsədim,

səni uzaqdan izlədim...

Özgələr qızıl gül istədi,

mənə acı tikan bəs idi.

Başqaları sənə kiçik,

“musiqi”lər bəstələdi,

mənsə şirin poemalar,

dərin romanlar yaratdım.

Səni çarəsiz ümidlərdə,

yoxsul inamlarda tapdım.

Mən hər şeyi səndə aradım,

səndə tapdım.

Xoş baharlar, qızıl payızlar

isti yaylar, soyuq qışlar,

yola saldım, sağollaşdım...

Yalnızlıqla sirdaş oldum,

tənhalıqla yoldaş oldum.

Bir başqası səndə qaldı,

mən...mən bəs niyə yalnız qaldım?!”

***

Qütblərdə don vurmuş,

dəryadakı su kimi:

– Zaman donmuşdu.

Xəyalların röyapərəst şairi,

həqiqəti duymuş

ağ-qara yuxu kimi:

– Sözləri indicə susmuşdu.

Bu an çox fərqli gəlir,

bu gün bambaşqa gedir.

Sanki Günəş gülümsər,

Ay bəmbəyaz sevincin,

parlayıb bizə bölər.

Üfüqlərdə sevgi var,

düşüncələr çox zəngin,

deyil xəsis, ya da dar.

Soruşslar bu gün hansı fəsildir?

– Mən bilmirəm, söylə sən,

getmir soyuq qış, nədən?

Aylar, illər uzunu,

mənə xoş bahar gəlmir.

Niyə səhra ömrümə,

bir damla yağmur dəymir?

Ancaq bu dəfə, yəqin,

qış öz çantasın yığıb,

getdi daha gəl sevin.

Bu yaz gözəl xatirə,

bu ay bir ayrı aydır.

Bu gün bambaşqa gündür.

Fərqli bax bu dünyaya,

bu dağ, torpaq, qayaya.

Məqsəd olsa qarşında,

soyuqda, qarlı qışda:

– Sən daim isti düşün,

dayaz həyat başlanğıc,

çalış sonda üzü ağ çıx.

Bu qanlı mübarizə,

qan qoxan müharibə.

Soyuq, güclü fırtına,

acı tufan,

güclü amal, çətin zaman,

ağrılı aldanışda:

– Qayən olsun qarşında.

Sən yenə tək özün ol,

həyatda yanar günəştək,

parla, parla, sən işılda,

ya da sol.

Bir ildırım məsəli

göy üzündə qəzəbli,

parıltı və inamla çax,

dayağın olsun böyük zirvə,

uca dağ.

Seç həmişə doğru yol,

dənizlərə hakim ol,

sən yenə tək özün ol.

Başqası olmaqdan qorx.

Kiminsə kölgəsi yox!

Düşmənlərdən çəkinmə,

öz yaxınlarından qorx...


# 3859 dəfə oxunub

Müəllifin son yazıları

# # #