Allah, ona görə tənhasan ki, heç kimə etibarın yoxdu

Allah, ona görə tənhasan ki, heç kimə etibarın yoxdu
28 mart 2013
# 18:17

Coşqun Cəfər:

ALLAHa yazdığım məktublar (şeir)

1.

...Dünyada o qədər xaos var ki,

Elə bil kainatı yaradıb harasa çıxıb gedibsən,

Bir də qiyamət günü qayıdacaqsan...

Bəlkə də elə bizdən bezib gedibsən...

Məncə heç kim sənin kimi

Bir ömür tənhalıqla bir çatı altında yaşaya bilməz

Heç kim sən yaşayan həyatı yaşaya bilməz...

Deyirlər sən hər yerdəsən

Bəs niyə heç bir yerdə sənə yer yoxdu?

Məncə sən ona görə tənhasan ki

Heç kimə etibarın yoxdu

2.

Heyf ki, allahların ata-anası olmur,

Heç olmasa dərdlərinə ortaq olardılar...

Heyf ki, allahlar doğuşdan yetimdir.

Deyirəm bir günlüyə

Yerini

Bu hər gün səni danyanlara ver,

Görsünlər ki, kölələrlə yola getmək necə çətindir...

3.

Məncə cəhənnəmə orda od-alov olduğu üçün yox,

Sən orda olmadığın üçün cəhənnəm deyirlər.

Cəhənnəm sənin olmadığın yerin adıdır.

Necə ki, işığın olmadığı yerin adı qaranlıqdır.

4.

Göndərdiyin bütün peyğəmbərlər deyir ki, "sən birsən"!

Amma göndərdiyin dinlərin və məzhəblərin... arasında birlikləri yox.

Nə də heç vaxt olmayacaq!

Çünki hamısı özünü haqlı bilir, səni yox.

Məscidlərinin, kilsələrinin içi boş...

İçi dolu olanlarının içindəkilərin içi boş...

Axundlar, mollalar, şeyxlər, papalar, keşişlər, hocalar...

Bu qoca təfəkkürlü gənclər, o qulağı tüklü qocalar,

Səni rüsvayi-cahan ediblər.

Səni hər yerdə elə bəyan ediblər ki,

Guya sən diktatorsan, cəlladsan, qəddarsan, terroristsən, faşistsən...

Hansı ki, sən hamıdan daha çox humanist, daha çox kosmopolitsən!

5.

Sənin yadına gəlməz,

Bir dəfə problemim vardı,

Həll etmirsən deyə səndən küsmüşdüm.

Sonradan hər şeyi başa düşdüm.

Dedin ki, bir düşün;

Kainatda neçə milyard varlıq var?

İnsanlar... Heyvanlar...

Quşlar... Həşəratlar...

Böcəklər... Güllər...

Çiçəklər... Bitkilər...

Ağaclar... və s. və ilaxır.

Səncə bu qədər varlığa kim baxır?

Özü də tək başına... 24 saat?!

Dedin ki, hər gün beş dəfə, beş dəqiqə

Özünü mənə xatırlat.

6.

Qadınlar səni kişi vasitəsi ilə sevir,

Kişilər qadın.

Bil ki,

Budur göndərdiklərinin içində

Səni bizə ən yaxşı tanıdan din;

Sevgi!

Sevgi ideallaşdırmaqdı,

Yəni sevgilimiz sevdiyimizdə

Otuz faizdən artıq yoxdu.

Biz isə o otuz faiz var-dan daha çox,

Yetmiş faiz yox-u sevirik.

Mənim üçün sən o yetmiş faiz yoxsan...

7.

Əvvəllər sən mənim üçün

Yalnız, məscid, mədrəsə və kilsələrdə idin,

İndi isə hər yerdəsən,

Məscid, mədrəsə və kilsələrdən başqa...

...Deyəsən nəsə baş verib,

Buludlar evinin qabağına yığılıb.

Deyirlər bu yağan da yağış deyil,

Sənin təsbehin dağılıb...

# 2376 dəfə oxunub

Müəllifin son yazıları

# # #