Aldandıq biz mağara divarlarındakı əkslərə...

Aldandıq biz mağara divarlarındakı əkslərə...
28 mart 2017
# 15:56

Firudin Həmidli

Raciun

Sınmaqdadır indi bütün aynalar,

Yox olur bütün insanlar.

Bütün əzalarım yorğundur, eşidin məni,

Sönürlər yavaş-yavaş...

Bu son küləyimdir,

Əsdirirəm ruhlarınız boyunca...

Pəncərələrə inanın,

Hisslər yanılmış.

Aldandıq biz mağara divarlarındakı əkslərə...

Mütləq ki, solmazdır güllər heç bir zaman,

Qüsuru nədən aramadıq gözlərimizdə?

Bir su damlasıtək yetərəm bu son anımda

Bütün yalanları islatmağa!

Amma maraqlıdır,

Daha neçə yüz il inanacaqsınız onlara?

Gülməlidir

Ağlamalı olan hər şey indi.

Anladım ki, dünya necə dünya imiş...

Fövqlərə tutmuşam üzümü,

Ruhum çəkir ruhlarınızdan özünü

Qayıtmaq üçün...

Odur,

Eşidirəm çılpaq bir musiqi səsi

Və bir rəng dolur gözlərimə,

Gözlərimi hiss edirəm ilk dəfə,

Yoxluğum qovuşur Varlığa,

Eşidin, eşidin, ey adamlar,

Mən ondan idim və ona qayıdıram...

Sınmaqdadır indi bütün aynalar,

Yox olur bütün insanlar.

Bütün əzalarım yorğundur, eşidin məni,

Sönürlər yavaş-yavaş...

Bu son küləyimdir,

Əsdirirəm ruhlarınız boyunca...

# 1313 dəfə oxunub

Müəllifin son yazıları

# # #