Xəyallarımızın gedə bilməyəcəyi yer...

Xəyallarımızın gedə bilməyəcəyi yer...
30 oktyabr 2013
# 11:46

Yazı tənqidçi Elnarə Tofiqqızının əziz xatirəsinə ithaf olunur

Deyirlər ki, şərəfli ölüm gözəl həyat deməkdir. Çünki Allah hər adama belə ölüm qismət etmir. Məncə, şərəfli ölüm o deməkdir ki, Allah insanı nə özü unudur, nə də başqalarına unutdurur.

Ölmək gözəldi! Ona görə gözəldir ki, axtardığımız əbədiyyət, xoşbəxtlik, təmizlik, dürüstlük və ən nəhayət görmək istədiklərimiz, lakin görə bilmədiklərimizin hamısı ölümdədir.

Yaşımızdan, kimliyimizdən asılı olmayaraq, hamımız bu dünyada qonağıq. Biz istəsək də, istəməsək də bir gün ölüm bizi məxsus olacağımız yerə aparacaq. Ancaq bu da son deyil! Ona görə son deyil ki, ölüm başlanğıcdır. Bu müvəqqəti dünyada daimi olmadığımız hamımıza bəllidir. Amma çox təəssüflər olsun ki, biz bunun fərqində belə olmuruq. Məncə, bu da normal haldı, çünki Hz. Əli (ə) belə deyir: “Sən bu dünyada elə yaşa ki, elə bil heç vaxt ölməyəcəksən, həm də elə yaşa, elə düşün ki, indi öləcəksən...” Bəlkə də on görə deyirlər ki, ölüm gözlə qaş arasındadı. Bu məqamda Hz. Əlinin (ə) daha bir kəlamı beynimi məşğul etməyə başladı, həmin deyimdə deyilir:

“Bəzi insanlar yaşadıqları sürədə onlar ölüdürlər. Yalnız öləndən sonra diriləcəklər”.

Adını xatırlaya bilmədiyim dahilərdən biri belə deyir, bu dünya tuneldir, o biri dünyaya keçiddi. Biz isə ölümü ən böyük faciə hesab edirik. Dünyasını dəyişmiş insan üçün ağlayırıq, çığırırıq, hətta özümüzü döyürük. Halbuki ölən insan üçün bunların heç birinin faydası yoxdur.

Bir reallıq da var ki, necə möhkəm insan oluruqsa olaq, yenə də itirdiyimiz insançün çox kədərlənirik. Hərdən o qədər kədərlənirik ki, o kədər göz yaşlarına çevrilir. Məncə, ağlayan insan üçün ağlamağın faydası çox böyükdür, ondan ötrü böyükdür ki, o, özü də bilmədən göz yaşları ilə içindəki ayrılıq yanğısını söndürür. Kim bilir bəlkə elə öz gününə ağlayır? Hz. Əlinin (ə) dediyi kimi, həm də elə yaşa ki, elə bil indi öləcəksən. Yəni, o özü də bir vaxt öləcəyi haqda düşünür. Düşündükcə düzgün yaşamadığı onu narahat edir deyə ağlayır. Biz kədərlənsək də, ağlasaq da lap belə özümüzü döysək də itirdiyimiz insanların qədrini, dəyərini ancaq o insan öləndən sonra bilirik. Onda da çox gec olur... Yalnız və yalnız “yaddaş kartımızı” işə salırıq, o insanla bağlı bütün xatirələri süjet kimi bir-bir canlandırırıq xəyalımızda... O görüntülərlə təskinlik tapırıq bəlkə də.

Dünyasını dəyişən insan bundan sonra bizim xəyallarımızın ən dəyərli insanı olur. Və həyatımızda baş verən hadisələrdən asılı olaraq o da zaman-zaman yuxularımıza “qonaq gəlir”. Amma çox təəssüflər olsun ki, o insan bizim xəyallarımızın və yuxularımızın gedə bilməyəcəyi bir yerdədi...

# 2994 dəfə oxunub

Müəllifin son yazıları

# # #