Sənə yazdığım şeirlərdən asacam özümü

Sənə yazdığım şeirlərdən asacam özümü
12 oktyabr 2016
# 16:07

Tural Cəfər

Yoxluğun

Sənin yoxluğun
Mənfi neçə dərəcədi?
Ayrılıq havasında
Məndən soruş deyim sənə,
Nəfəs almaq necədi...

İndi sənsiz darıxanlar
Cərgəsinə qoşulmuşam...
Yoxluğunun ad gününü qeyd edirəm,
Səni gözləyirəm bayaqdan.
Həsrətin şirinlik gətirsin deyə,
İki dilim tort kəsmişəm ayrılıqdan....
Sənin üçün adi təqvim,
Mənim üçün son gecədi...

Sənə yazdığım şeirlərin birindən,
Lap kədərli olanından -
asacam özümü,
Şahid olacaq intihara sözlərim.
Bir ümidin əllərindən yapışıb,
Xəyalını axtaracaq gözlərim.

Sabah tüstüsü çıxacaq bu odun,
Mərhum qoyacaqlar adımı.
Yəqin sən də duyarsan,
Bu məişət qayğılarından,
Az da olsa uzaqlaşıb,
Axır ki mənim haqda,
Bir xəbər oxuyarsan...

Sən bilmədin

Sən bilmədin,
bilmədin ki,
məhəbbətin üzünə
qapını bağlayanda,
xoşbəxtlik də
bayırda qalır...
Kədər evinə girir,
Həsrət yatağına uzanır,
Xəyalların çay kimi,
süfrəyə gəlir...
Sən bilmədin ki,
ürək bir dəfə sevir,
bir dəfə aldanır,
bir dəfə də dayanır...
Sən bilmədin,
bilmədin ki,
ölüm da gizlənqaç kimidi,
tapacaqdı səni nə vaxtsa,
növbə sənə də gələcək,
sakit baxıb susacaqsan,
sən də bu oyunda uduzacaqsan...

Uzaqdasan

Sən uzaq bir şəhərdə,
Kirayə qaldığın evdə,
Gündəlik məişət qayğıları ilə
Qucaqlaşıb yatırsan...

Xırda qüsurlarını
gizlətmək əvəzinə,
Hər gün poçta gedirsən,
Məktub yazıb göndərirsən,
Naməlum bir ünvana,
Adsız bir küçəyə...

Bəlkə də utanırsan,
Ya da lap darıxırsan,
Gecələri ağlayıb,
Günahkar axtarırsan...

Ən acısı budur ki,
Hər gün bir az da olsa,
Sevdiyin tərəfindən
Soyuqqanlı şəkildə,
Səssizcə unudulursan...

# 1259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #