Əgər uşağın qızdırsa həkimə de ki...

Əgər uşağın qızdırsa həkimə de ki...
4 may 2013
# 07:00

Ayzek Kərimovski

Gecədən yağan yağış deyəsən elə gecəyə kimi davam eləyəcək. İldırım çaxacaq, hönkürtü ilə ağlayan təbiət göz yaşlarını tökəcək küçələrə, kiminin evinin bacasından, kiminin cırıq ayaqqabısından, kiminin də küçələri özünə ev edənlərin o damsız otağından içəri.

Bir uşaq, uzanmış soyuq yatağında. Yaşla dolmuş gözləri dikilib pəncərəyə, atasını xatırlamaq istəyir. Qoxusunu duymaq, onu bağrına basdığını, oxşadığını xatırlamaq istəyir. Ancaq... Gözqamaşdırıcı işığıyla göyləri hönkürdən ildırımdan qorxaraq ədyalı başına çəkir... Ağlama uşaq...

Doğum evindən bir səs ucalır göylərə: “ Ata məni öldürmə”. Bu hələ ana bətnində olan körpənin səsidir. Hələ heç tam formalaşmamış bir körpənin səsi. Onun bu dünyadakı günahı isə yalnız qız olmasıdır. Ana göz yaşları içərisində körpəsini sığallayar. O, qızını çox sevir. Dəhşət. Kimlərinsə övlad üzünə həsrət olduğu bir vaxtda, Allahın onlara verdiyi qız hədiyyəsini allahları Hipokrat olan ağ xələti qatillərə boğduran ata. Daha sənin heç nəyin yoxdur.

Qonşu binada 4-cü mərtəbənin işığı hələ də yanır. Bir gənc universitetə hazırlaşır. Atası Vətəni uğrunda şəhid olub. Atasının adına inşa edilən bulağın suyu kəsiləndən, o bulağın üzərinə kimlərinsə sevgi etirafı yazılan gündən, o evdə, o otaqda işıq heç vaxt sönmədi. Gündüzləri evin bütün xərcləri ödəmək və xəstə yatan anasına dərman almaq üçün işləyir. Gecələri isə gec saatlara qədər atasına verdiyi sözə əməl etmək üçün dərs oxuyurdu. Həkim olacaq, anası və onun kimi ürək xəstəliyindən əziyyət çəkənləri pulsuz müayinə edəcək.

Nişanlısı ilə çəkdirdikləri şəkillərə baxar. Baxdıqca axan göz yaşlarıyla: “ Nə olar Allahım, tez gəlsin. Çox darıxıram” - deyər.

Səngərdə dayanan əsgər saatına baxır. Yuxusuzluqdan güclə dayanır ayaq üstə. Yaxınlıqda yerləşən evlərin bacasından çıxan tüstünün istisinə isinir, evləri, anası düşər yadına. Hər gecə onun üzərini örtmək üçün isti yatağından qalxar, onun üzərini yaxşı-yaxşı örtərdi. Bir yandan yorğunluq, bir yandan yağış onu yaman kövrəltmişdi. Çox darıxırdı evləriyçün. İndilərdə onu əvəzləyəcək əsgər yoldaşı gəlməlidir. Budur. O da gəldi.

Ölkə xaricindən gələn iş təklifi haqda çox düşündü. Yaxınlarından ayrılmaq istəmirdi. Ancaq anlayırdı ki, bu hamı üçün yaxşı olacaq. Qısa zamanda işlərini sahmana salıb ailəsini də yanına aparacaq. Övladları yaxşı təhsil alacaq, həyat yoldaşını daha çox xoşbəxt edə biləcək...

Həyat qəribədir. Bəlkə də bu qəribəliyi insanların taleyi yaradır. Kimi doğulanda kimisi dünyasını dəyişir. Kimisi güləndə kimisi ağlayır. Dünyanın bir yerində sabah olduğu zaman digər bir yerində hər tərəf zülmət qaranlıq olur...

Yağış yağır dayanmadan. Küçələrdən, evlərin damından, bağlardan, bağçalardan şırıltıyla yağır yağış. Yağış Allahın yerə göndərdiyi Ruzidir, Rəhmdir, Bərəkətdir. Sanki Mələkdir. Dünyaya insanların arzu istəklərinin qəbul olunması üçün vasitəçi olmaqdır onun vəzifəsi. Yağış yağarkən qəlbən edilən bütün dualar qəbul olur...

Kimlərsə şirin yuxudadır, kimlərsə də yağışın göz yaşlarıyla yuyulan pəncərəsindən onu seyr edir.

Otağımın pəncərəsində əlimdə öz oduna əriyib gedən siqaretə baxıram. Səhiyyə nazirliyi xəbərdarlıq edir. Ziyandı. Elə bu bahalı siqareti nazirliyin yanındakı dükandan almışam. Sözlərini yerə salmaq istəmirəm. Çəkmirəm. Sadəcə xoşlayıram onun əridiyinə baxmağı. Yağış otağımın pəncərəsini tıqqıldadır, kompüterim hələ də işləyir. Dostlarım sosial şəbəkədə öz fikirlərini yazırlar:

Səbinə - dərin bir yuxu istəyir, oyanması zaman alacaq, oyandığında gözəlliklər göz qamaşdıracaq....

Rəvanə - belə soyuq havada limon, salfetka, meyvə satanların bütün mallarını alacaq qədər pulunun olmasını arzulayar.

Ceyhun - sevgi qayğıdır deyər.

Xəyalə yağış haqda öz fikirlərini bölüşür: “Onun özünəməxsus xarakteri var, gözəlliyi var. Bəzən çox şıltaq olur, bəzən də cansıxıcı, bəzən ona baxmaqdan doymursan, bəzən heç baxmaq istəmirsən. Çoxları onu sevir. Amma onu sevə bilmirəm “ - deyə...

Hə Səbinə, ayıldıqda yuxudan görəcəksən o gözəlliyi. Səni səhər yeməyinə səsləyən səslərin atanın, ananın, bacının, qardaşının olduğunu biləcəksən. Yeni bir günə belə bir xoşbəxtliklə başlamaq çox gözəldir.

İnşallah Rəvanə, bu arzunun mükafatını alarsan tezliklə. ”Bu mənim bu günki ruzumdur” deyər, şükür edər insanlar...

Sən düz deyirsən Ceyhun. Sevgi qayğıdır. Sevgi hər şeydir.

Sən də onu sevirsən Xəyalə. Sakit, narın-narın yağan yağışı .Fərqi yoxdur necə yağır. Əsas odur yağış yağır.

Beləcə vaxt keçir..........................

Sabah olur.Y ağış deyəsən bu gecə də davam eləyəcək.

Televizorun səsinə yuxudan oyanır. Yaxınlaşır. Gözlərinə inanmır. Atası ezamiyyətdən qayıtmış, oğlu üçün gətirdiyi hədiyyələri çantasından çıxarırdı.

Xəstəxana gözlərini açdıqda, yoldaşının gözləriylə qarşılaşdı gözləri. Yuxusuzluqdan qızarmış, ağlamaqdan şişmişdi gözləri. Son anda həkimlərə mane olmuş, fikrindən daşınmışdı. ”Bağışla” dedi. “Mən bunu etməməliydim, sizi çox sevirəm. Səni də, qızımızı da, bağışla”... İndi çox xoşbəxtdir qadın. Çünki qızı onunladır, ailəsi onunladır.

Poçtdan zəng vurub məktublarının olduğunu söylədirlər. Dayısından idi. Onları yanına, İngiltərəyə aparmaq istəyirdi. Tezliklə hazırlaşmağı yazırdı. İndi anası tezliklə müalicə olunacaq. Çoxdan arzusunda olduğu universitetdə oxuya biləcəkdi.

“ Salam əzizim.Səhər reysi ilə gəlirəm. Səni çox sevirəm”.

Nişanlısından gələn bu esemes onun bütün yuxularını qaçırtdı. Saatı qarşısına qoyub saniyələrin, dəqiqələrin necə getdiyinə tamaşa etməyə başladı. Sabah onu qarşılamağa hansı paltarda gedəcəyinə qərar verə bilmirdi. Paltarın birini geyinib ,o birini soyunurdu. Çox sevinirdi...

Vanna otağında üzünü qırxarkən telefon zəng çaldı. Ailəsindən ayrılmaq istəməməsi üzündən çox hiss olunurdu. Telefondan gələn səsləri eşitdikcə üz ifadələri dəyişirdi. Dəstəyi yerə qoyandan sonra: “ Hazırlaşın, hamımız gedirik. İş təklif edən şirkət mənə ailəli olduğumu nəzərə alıb bizə ev verib.”

Günorta yeməyindən çıxmış, istirahət edirdilər. Bölük komandiri yaxınlaşdı, hərbi hissə komandirin imzaladığı məzuniyyət kağızını və nizam-intizamına görə təltif edildiyi fəxri fərmanı ona uzatdı: ”Biz səninlə fəxr edirik”- deyən komandirinə “Azərbaycan Respublikasına Xidmət Edirəm “ cavabı gəldi ardınca...

# 2536 dəfə oxunub

Müəllifin son yazıları

# # #