Ölmək üçün səbəbim var, məkanım yox

Ölmək üçün səbəbim var, məkanım yox
17 fevral 2015
# 17:45

İçimdəki təşnə

Qəlbimdəki məhəbbət

Gözümdəki həsrət,

Adı çəkildikcə titrədiyim, üşüdüyüm hərarət-

İçimdəki təşnə.

Əlimdən gəlmir heç nə.

Necə qırım bu səbri, bu dözümü

Necə ağ edim üzümü,

Necə hayqırım dünyaya,

necə söyləyim sözümü

içimdəki təşnə?

Əlimdən gəlmir heç nə.

Yolunda ölə bilmirəm,

Çünki ölmək imkanım yox.

Səbəbim var ölmək üçün, məkanım yox.

Mənin kimi can verməyə cananın çox

içimdəki təşnə!

Əlimdən, əlimdən gəlmir heç nə.

Köksümdəki dağ,

Hər təqvimi çevirəndə qanıyar qaysaq,

Düşmən tapdağında inləyən torpaq,

Qarabağ, Qarabağ, Qarabağ! -

İçimdəki təşnə,

əlimdən gəlmir heç nə...

Bəhanədir

Üşüyən ürəklərə

Boran, qış bəhanədir.

Ağlamaq istəyənə

Ağ yağış bəhanədir.

Gülüş dodaqdan küssə,

Çiçək torpaqdan küssə,

Budaq yarpaqdan bezsə

Payız bir bəhanədir.

Ruh mənzilə yetmirsə,

Yollar uzun, bitmirsə

Ayaqların getmirsə,

Sis-duman bəhanədir.

Hər şey zamanında gözəl

Zaman-bizim ömrümüz,

Ömrümüzə bölgümüz.

Yaş üstünə yaş gələr,

Arzu doğar hər səhər,

Hər arzuda bir əməl

Hər şey zamanında gözəl.

Uşaqlıqda dəcəllik

Gəncliyində dəlilik,

Subaylığın –sultanlıq.

Qocalığa sığortan

xərclədiyin cavanlıq.

Hər şey zamanında gözəl.

Ömrün fəsillərini yaşamadan yaşlanmaq

Zəmidir biçilməmiş,

Qədəhdir içilməmiş,

Dəryadır keçilməmiş...

Sabah düşünmə kaş ki,

Söyləmə qoymur yaş ki...

Nə gecik, nə tələsmə.

Nə qismətinlə barış,

nə taleyindən küsmə.

Hər şey zamanında gözəl!

Var hər şeyin öz vaxtı,

Dinləməyin zamanı,

düşüncənin söz vaxtı.

Var alovu, atəşi, ehtirasın köz vaxtı.

Yalnız sevgi zamansız.

Gələr vaxtsız-vədəsiz,

Gələr səndən xəbərsiz.

Ürək pəncərəsini odlu baxışla döyər,

Bəzən gözdən süzülən narın yağışla döyər...

Hər şey zamanında gözəl,

Yalnız sevgi zamansız!

xxx

Uzaqlarda bir körpənin gözləri yaş

Əllər yox ki, silsin onu.

Zamanın dar meydanında gedir savaş

Bilən yoxdur nədir sonu.

Bu dünyanın fırçasında ağı qara,

Bazarında vicdanları alan para.

Sürüsünün düzümü nə, yolu hara?

Seçilmir qurddan qoyunu.

Yeyən yedi, yığan yığdı, yatan yatdı.

Bu bazarda alan aldı, satan satdı.

İsgəndəri tapmayanı, de kim tapdı?!

Dadan varmı “o” suyunu?

Qəribədir deyilmi?

Dünya binadan belə

Özün yox izin qalar.

Daşlara, qayalara yazdığın sözün qalar.

Torpağa əkdiyin,

Tarlaya səpdiyin,

Kətanlara çəkdiyin

Bəzəyər bu dünyanı özün olmasan belə.

Qəribədir deyilmi?

Büstün, heykəlin qalar

Sənin yaratdıqların

Sənimi yola salar,

Qəribədir deyilmi?

Cansız daş səndən güclü,

Səndən uzun ömürlü.

Kədərlidir deyilmi?

Mən və mən

Bir mən vardır o mənəm

Biri də var içimdə.

İçdəki mən bilmirəm

Nə donda, nə biçimdə.

Mən həyatın selindən

Keçirərək hər günü,

Zaman ilə barışıb

Daşıyıram ömrümü.

Osa tamam bir başqa,

Günə varmaq istəmir.

Mən mən olduğum halda

O, mən olmaq istəmir.

O, üsyankar, inadkar

O, mənə müxalifdi.

Bu dövranda yaşayıb

Susduğumçün qalibdi.

Biz Tanrının zərrəsiyik

Mən Tanrının bir parçası,

Sən Tanrının bir parçası,

O, Tanrının bir parçası,

Biz Tanrının zərrəsiyik.

Toxuduğu sonsuzluğun

hərəmiz bir ilməsiyik.

Günəş Onun, ulduz Onun,

Gecə Onun, gündüz Onun.

Yerlər Onun, göylər Onun,

Yer altında, yer üstündə,

Yaxınlarda, uzaqlarda,

Hər nə varsa torpaqlarda.

Pıçıldaşan yarpaqlar da

söylər-Onun.

Məkan onun, zaman Onun

Yaşadığın hər an Onun

Hər şey Onun!

Biz Tanrının zərrəsiyik.

Birinə az, birinə çox qismətiyik.

Hökm Onun, qərar Onun.

Müsbət-mənfi nisbətiyik,

Sabit Onun, mütləq Onun.

Göylərdəki yolumuzla

Daşlardakı izimizlə,

Nitqimizlə, sözümüzlə

Dərk olunmaz hikmətiyik.

Biz Tanrının zərrəsiyik.

İçimizdə doğan nifrət, doğan qəzəb,

yatan günah, oyanan şər,

hər pis əməl

şeytanınmı fitnəsidir?

Amma şeytan da Onun.

Yaxşımızla, pisimizlə

Mələk, iblisimizlə

İki dünya arası zəncirin həlqəsiyik.

Biz Tanrının zərrəsiyik.

xxx

Torpaq isti bir çarıq ayağı yalınlara,

Kürk belə soyuq gələr gövdəsi qalınlara.

Quru çörəklə doyar yaşamaqçün yeyənlər

Nədən doyar sən söylə, “mənim-mənim” deyənlər.

Tamahın yolu bağlı sevgi uyuyan qəlbdə.

Parıldayan daşlar yox, məhəbbət saxlar cəlbdə.

Tənha ruhlar doymaz ki, bu aləmin varından,

Məhəbbəti dadanlar uzaq dünya malından.

Yalnız zaman sənindir, gerisi bəhanədir.

Vücudu bəzəyən sən, səni bəzəyən nədir?

Düşünsənə bir anlıq, məhəbbətsiz dünyanı

Pozulmazmı nizamı, dəyişməzmi mizanı.

# 1611 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #