“Yaxt klub”dakı söhbətin davamı

“Yaxt klub”dakı söhbətin davamı
17 yanvar 2013
# 18:42

Qorxmaz Haqqarar

Yaponların xəyanəti

(novella)

“Yaxt klub”da dostların növbəti məclisində mövzular sanki monopoliyaya götürülmüşdü: biri söhbəti quş qripinə çəkir, o biri beynəlxalq vəziyyətdən dəm vurmaqdan yorulmur, digəri Peledən, Messiyə qədər futbolu çək - çevir edir, başqa birisi də siyasətdən danışırdı. Ucaxan ara- sıra replikalarla məclisin gedişatına müdaxilə etsə də, bu vəziyyət onu heç cür razı salmırdı. Dostları nə iləsə təəccübləndirmək, diqqət mərkəzinə düşmək lazım idi:

- Qəzetlərin birində yapon aliminin ixtirası ilə bağlı maraqlı yazıya rast gəldim. Oxumamısınız? – deyə məclisə müraciət edəndə ortalıq sükuta qərq oldu. Ucaxana da elə bu lazım idi.

- Deməli, yazırlar ki, yalanın qarşısını almaq üçün bir yapon alimi cihaz kəşf edib və onu sınaqdan keçirmək ərəfəsindədir. Cihaz kəlləyə - beyinə, dilə, gözə, qulağa müəyyən dəri saplarla birləşdirilir və mexanizm hərəkətə gətirilir. Bir neçə saniyə ərzində beyində yalan söz yaradan hüceyrələr qurudulur və bu barədə digər orqanlar – dil, göz, qulaq məlumatlandırılır. İnsan yalan danışmaqdan həmişəlik mərhum olur.

Ucaxanın təxminləri düz çıxdı. Kimi ixtiranı təqdir, kimi tənqid etsə də, xəbər hər kəsin diqqətini çəkmişdi . Ucaxan sonda öz münasibətini də unutmadı:

- Vallah ingilis alimləri bir hüceyrədən təcrübi yolla donuz yetişdirib sayını sonsuza qədər artırmağın mümkünlüyünü bəyan edəndə bütün dünya ona qarşı çıxdı. Mənə elə gəlir ki, bu yapon alimi də öz ixtirası ilə bəşəriyyətə xəyanət edir. Axı, yalanların hamısı ziyanlı deyil, üstəlik belə baxanda yalansız həyat da maraqsız olar. Məncə ,bu cihazın tətbiqi düzgün olmazdı.

İxtiranı tənqid edənlər öz yerində, tərifləyənlər də tədriclə “Ölülər” dəki kimi təlaşlanmağa başladılar və yekdil qərara gəldilər:

– Bu ixtira bəşəriyyəti fəlakətə aparacaq.

Həmin axşam söhbət yalnız yapon aliminin yeni ixtirasından getdi. Ucaxan məmnunla məclisi tərk etdi.

Ertəsi gün Ucaxan idarəyə gələndə ona bildirdilər ki, üç gün sonra Yaponiyaya növbəti ezamiyyətə yola düşməlidir. Hər il ən azı iki dəfə Yaponiyada ezamiyyətdə olan Ucaxan bu xəbərdən xoşhal oldu...

Ucaxan Yaponiyaya ezamiyyətə tez-tez getsə də heç Tokio metrosundan istifadə etməmişdi. Bu dəfə nədənsə metroya minmək qərarına gəldi. Eskalatordan adamları maraqlı süzə - süzə enmişdi ki, qatar platformaya yan aldı. Elə birinci vaqona mindi. Eynəkli, gülərüz, bəstəboy, qıyıqgöz bir yaşlı yaponun ona çox diqqətlə baxdığını hiss etdi. Əvvəlcə elə bildi ki, ezam olunduğu müəssisənin əməkdaşlarındandır. Sonra yanıldığı, bu adamı ilk dəfə gördüyü qənaətinə gəldi, vaqonun ortasına çəkildi. Eynəkli də onun arxasınca gəldi. Ucaxan bir az da aralandı. Eynəklinin deyəsən, əl çəkmək fikri yox idi, o Ucaxana yaxınlaşıb astadan soruşdu:

- Siz Azərbaycandansınız? Bakıdan gəlmisiniz?

Təəccübdən Ucaxanın gözləri az qala hədəqəsindən çıxacaqdı:

- Bəli, amma mən sizi tanımadım – dedi.

Eynəkli sakitcə dilləndi:

- Adım Micuhi Kavabatadır - dedi və davam etdi:

– Mən sizi axtarırdım. Mümkünsə, növbəti stansiyada çıxaq, sizinlə birgə qəhvə içək, həm də yaxından tanış olaq, söhbət edək.

Ucaxanın razılaşmaqdan başqa çarəsi qalmamışdı. Kafedə Micuhi Kavabata birbaşa mətləbə keçdi:

- Sizin bəşər tarixinə düşmək şansınız var. Mən insanları əbədi olaraq yalan danışmaqdan məhrum edən cihaz kəşf etmişəm. Onu sınaqdan çıxarıb kütləvi istehsalına başlamaq istəyirik. Sizə istədiyiniz məbləğdə pul verəcəklər, yeganə istəyimiz üzərinizdə sınaq keçirməyə razılıq verməyinizdir.

Eynəkli yapon danışdıqca Ucaxan həyəcanlanır, narahat olmağa başlayırdı. İş o həddə çatdı ki, Ucaxan ayağa qalxdı:

- Mənim o alimlərə böyük hörmətim var. Cəsarətiniz də alqışlanmalıdır. Lakin mən sınaq predmeti ola bilmərəm. Təklifinizə görə minnətdaram - deyib uzaqlaşmaq istəyirdi ki, eynəkli yapon onsuz da qıyıq olan gözlərini bir az da sıxdı, əli ilə yanında gəzişənlərə işarə etdi. Bu an iki cüssəli yapon bir göz qırpımında Ucaxanın əl-qolunu bağlayıb yolun kənarındakı avtomobilin arxa oturacağına itələdilər. Ucaxanın qorxudan nitqi tutulmuşdu. Maşın sürətlə irəliləyib az sonra hündürmərtəbəli şüşə binanın qarşısında dayandı.

Cüssəli və cəld yaponlar onun qollarından tutub qabaqda yürüyən eynəkli alimin arxasınca sürüməyə başladılar. Eynəkli binaya daxil olub, liftin düyməsini basdı. Ucaxan düymənin üstündə yaponca,” laboratoriya” sözünü oxuyanda eynəkli adamın niyyətinin ciddi və qəti olduğunu və heç nədən çəkinmədiyini yəqin etdi. Lift dayananda eynəkli yapon əvvəlki çevikliklə dəhlizə çıxdı. Əlindəki pultun düyməsini basmaqla liftlə üzbəüz iri qapılar taybatay açıldı. Cüssəli yaponlar Ucaxana laboratoriyadakı ağ örtüklü iri kresloların birini göstərib “ otur” işarəsini verdilər.

Ucaxanın kresloya əyləşməsi ilə robotlar işə düşməsi bir oldu: kreslonun yan qoltuqlarından ucu iynəli şlanqlar Ucaxanın başına doğru hərəkət etməyə başladı, qayışlar onun belini, ayaqlarını kresloya möhkəm pərçimlədi. Gözləri qara lentlə bağlanan Ucaxan dözməyib bərkdən qışqırmağa başladı:

- Bu nə özbaşınalıqdır? Ay aman, qoymayın! Mən istəmirəm, bu bəşəriyyətə xəyanətdir. Ay aman...

Ucaxan bir də nərə çəkib qışqırdı və gözlərini açdı:

– Allah sənə min şükür, milyon şükür deyib yorğanı kənara itələdi, ayaqlarını çarpayıdan aşağıya salladı, dirsəklərini dizlərinə yaxınlaşdırdı, başını ovucları arasına alıb dərindən “ah” çəkdi.

# 2236 dəfə oxunub

Müəllifin son yazıları

# # #