Metroda yatan kişilər

Metroda yatan kişilər
16 dekabr 2014
# 16:20

Neçə gündür metroda diqqətimi çəkən bir məqam var. Nə edim, inanırsız (yəqin ki, inanırsız), o qədər hadisə olur ki, insan paylaşmaya bilmir.

Hə, onu deyirdim axı, metroda qəribə bir xəstəlik yaranıb. Yox, qorxmayın bu xəstəliyin xüsusiyyəti odur ki, insan istədiyi vaxt tutula bilər. Hə birdə qadınların bu xəstəliyə tutulma ehtimalı azdır, ya da hardasa heç yoxdur. Kişilərin yerində qurcandığını görən kimiyəm. Amma dedim axı, bu xəstəliyə tutulmaq sizdən asılıdır, hörmətli kişilər. Sizi intizarda saxlamadan xəstəliyi açıqlayıram, axı gözləməyi sevmirsiniz.

Hə, bu xəstəliyin adı metro yuxusudur. Bəli-bəli, düz eşitdiniz, məhz metro yuxusu... Əslində, ona "yalançı yuxu" və yaxud “aldadıcı yuxu” da demək olar. Amma ən çox metroda rast gəlindiyindən, belə adlanmağı daha düzgündü.

İndi gələk xəstəliyin əlamətlərinə. Birinci əlaməti məhz əyləşənlərə aid olmasıdır. Ayaq üstə dayanmısınızsa heç bir təhlükə yoxdur, narahat olmağa dəyməz. Qatar boşdursa, yaxud qatarda qadın yoxdursa, yenə də təhlükədən uzaqsınız. İndi, yəqin ki, ağlınıza cürbəcür xəstəlik gəldi. Oturaq, qadınsız mühitdə olan və yalnız kişilərin yoluxduğu metro yuxusu xəstəliyi çox təəssüf ki, sağalmaz xəstəlikdir.

Neçə vaxtdır müşahidə edirəm, insanların ən sıx olduğu, dayanmağa belə yer tapmadığın vaxtlarda kişilər heç nədən xəbərsiz yuxuya gediblər. Daha doğrusu, yuxuya getmiş kimi görsənirlər. Bəli, məhz kişilər. Kişilər məni qınaya bilər ki, niyə, bəlkə elə yorğunluqdan mürgüləmişik. Düzdü, həkimlər də qeyd edirlər ki havasız mühit insanda yuxusuzluq yarada bilir, yəni qadın və yaxud kişinin hansı vəziyyətdə olmağından asılı olmayaraq yuxunun gəlməyi normaldır. Amma, ay balam, noldu səhər-səhər gün yeni başlayanda yatdınız, gün batanda da?! Həm də, qadınlar da sizin kimi yorğun deyilmi? Hələ arada bir gözucu ətrafa nəzər salırlar ki, görən, qadın, ya da yaşlı adam yoxdur ki. Gördülər var, daha da dərin yuxuya getmə prosesi başlayır, hətta arada yuxu görürmüş kimi diksinib ayılırlar da. Bunu elə vaxta salır ki ətrafda təhlükə olmasın. Yox əgər qadın, qoca, uşaqlı biri yoxsa yuxulama növbəti stansiyaya qədər təxirə salınır. Xəstəliyin qayıdıb-qayıtmamsı artıq qatara minənlərdən asılıdır.

Görürsünüz, necə də qəribə əlamətləri var. Amma qorxulu heç nə yoxdur, xəstəliyə tutulmaq kimi, ondan qurtulmaq da insanın özündən asılıdır. Ən qəribə cəhəti isə budur ki, heç kim könüllü olaraq qurtulmaq istəmir. Ya bir dürtmə, ya da gileyli bir söz bəlkə kömək edə. O da bəlkə haaa! Elə kişilər var ki, onlara bu da təsir etmir, elə yata-yata gedirlər. Oyanın, ay kişilər, elə siz yatdıqca Qarabağ əldən getdi... Siz yatdıqca dünya dağıldı e. Heyhat! Kimə deyirsən, yatan yatıb, həm də xumarlana-xumarlana. İstər-istəməz Sabirin bu misralarını dodaqaltı deyə-deyə qatardan düşürəm.

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın,

Tək-tək ayılan varsa da həq dadıma çatsın,

Mən salim olum cümlə cahan batsa da batsın;

Elə mən də düşəndə sakitcə hərəkət edirəm, nəyə lazım birdən oyanarlar axı.

Siz rahat yatın, ey kişilər!!!

# 1223 dəfə oxunub

Müəllifin son yazıları

# # #