Ümidini küləyə qapdıranlar

Ümidini küləyə qapdıranlar
28 oktyabr 2015
# 15:41

Turan İsayeva

Yağış yağır, külək əsir. Bakı yenə üşüyür. Hər dəfə soyuq havalarda, çətin vaxtlarda bir şəhərin dözümsüzlüyünü görürük.

Xatirələrinə qədər titrəyən bir şəhərdə yaşayıb, soyuğu sevmək qeyri-mümkündür. Hər yağışda yollar yağış sularıyla birlikdə baş götürüb gedirsə, hər küləkdə insanların iç üzləri açılıb saçılırsa ortalığa, demək ki, bu şəhər bir az da sirr tuta bilmir. Yağış Bakının rənglənib boyanmış üzünü yuyur, insanları belə dəyişir, gerçək üzünü ortaya çıxarır. Avtomobil sürücüləri belə etikalarını unudurlar. Piyadaların heçə sayıldığı, mədəniyyətin sıfıra endiyi bir şəhər olur Bakı. Bir də avtobus şoferlərinin sərnişinlərlə danışıq etikası var, daha doğrusu yoxdur. Havanın şəraitindən asılı olmayaraq, sürücülərimizin sərnişinə “kartoşka” gözüylə baxmaq xasiyyəti var. Bakımız kimi insanlarımız da bir yağışa, küləyə bənddirlər özlərini itirmək üçün. Ümidini də küləyə qapdıran olmuşuq. Tarix boyu, əsirlərdir nələrə, nələrə dözən, neçə düşmən qılıncı, gülləsi altından keçən şəhər bu gün soyuq hava şəraitinə məğlub olur.

Makyajlı, boyalı, baxımlı bir qadına bənzəyir Bakı. Otur bax, sev, əzizlə amma ağır söz demə, dəymə, tərpətmə. Yoxsa ağlayar, küsər. Tıxaclar yaradar yollarında, çuxurlar əmələ gətirər. İldə bir neçə dəfə gözəllik salonundan çıxmışcasına bəzənmiş yolları ilə fəxr edərkən bir yağış makyajını axıtmağa bəs eləyir bəzəkli şəhərin.


Bakını güclü görmək istəyir sakinləri. Yolları yağış sularına məhkum olmuş yox, evlərin istilik sistemlərini soyuq havalarda işə yaramayan yox, hər şəraitə dözən bir şəhər istəyir insanlar. Çünki insanlar dözür, dözəcək də. Amma şəhərin gücsüzlüyü onların da ümidini itirir.

# 1418 dəfə oxunub

Müəllifin son yazıları

# # #