Bir tək qaradan qorxuram

Bir tək qaradan qorxuram
20 may 2013
# 11:29

Bəyaz rəngdən zəriflik, paklıq yağır. Ona görə çox sevilir, o özü də əzəldən, hər zaman bəyaz qalmaq istəyib. Hər bir rəngin rəngi yalnız bəyazlıq üzərində özünü ifadə edə bilir. Bir gün bəyaz digər rəng qardaşlarına dedi ki, ey boyalar, istərdim insanlar üzərimi sizlər vasitəsilə elə boyasınlar ki, gözəl, əsrarəngiz bir əsərə çevrilim, göz oxşayım. Daha mənə ləkə salmasınlar. Yaşıla, sarıya, qırmızıya, hətta boz rəngə də razıyam, bir tək qaradan qorxuram. Mənim nəzərimdə qara rəng silinməyən ləkədir...

Yaşıl dedi: mən ot, çəmən cizgisiyəm, qorxma, onlar sənə hüzur gətirəcək, ruhunu oxşayıb sənə baxanları sakitləşdirəcək.

Göy rəng dedi: rahat ol, mən səmanı əks etdirəcəyəm ki, səndən təmiz, saf havanın qoxusu duyulsun.

Təlaşlanma deyən Sarı əmin etdi ki, günəşin şəfəqlərini ətrafa saçaraq insanları isindirəcək, bir parça bəyaz kağızdan ətrafa xoş əhval yayılacaq.

Qırmızı buyurdu ki, zanbaq və qızıl güllərə “dönəcək” ki, ondan xoş rayihəli çiçək ətri gəlsin.

Növbə çatdı qara rəngə! O, “təəsüf ki, istəsəm də, istəməsəm də, digərlərinin sadaladığı əlvan mənzərələri sənə bəxş edə bilməyəcəm”, - dedi. Güllərim solmuş, çəmənlərim yanmış, günəşim sönmüş, səmam tutulmuş olacaq. Sən xoşbəxtliyi, mən bədbəxtliyi, sən yoxuşu, mən enişi, sən gündüzü, işığı, mən zülməti, qaranlığı, sən şəffav suyu, mən qara torpağı və... sən HƏYATI, mənsə ÖLÜMÜ cızıram – sən Cənnətə, mən Cəhənnəmə məxsusam!

Amma unutma, sən var olduğun kimi, mən də varam. Məndən qaçsan da, sənə qovuşmaq üçün hər zaman səni qarabaqara izləyəcəm. Çünki mənim özəlliyim, xarakterim ağlıq, bəyazlıq üzərində tamamlanar. Sənin bəyazlığın gərək bütün aləmi bürüsün ki, mənim qara mürəkkəbim onu qaraltmağa yetməsin.

Qaranı dinləyən Bəyaz dedi:

– Hər insanın həyatı bir bəyaz kağızdan başlar. Nə qədər ki, insanlar o ağlığı qoruyacaq, sənə orada nöqtə şəklində də yer olmayacaq. Paklıqdan doğan bəyazlıq qələminin gözünü elə qamaşdıracaq ki, qara mürəkkəbin elə qələminin içində quruyub gərəksiz bir çöpə dönəcək. Özün dedin ki, mənim əksimsən. Düz dedin, həqiqətən də hər qaranlıq gecəni gündüzlü səhər, hər yoxuşu da eniş əvəzləyər. Qaldı qara torpağa, onun da işi müvəqqətidir, çünki sonu yenə Bəyaz Həyatdır!

# 1897 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #