Ərə getmək polemikası

Ərə getmək polemikası
12 noyabr 2014
# 11:30

Ərə getmək istəyən qızların nəzərinə deyən xanıma ərdə olan xanımdan “namə”...

Ötənlərdə məhz elə bu başlıqla yayımlanan bir yazı diqqətimi çəkdi. Açdım, oxudum, qəribə hislər keçirdim. Ona görə yox ki, mən ərdə olan və hər gün ərinin corablarını yumalı olan qadınam. Ona görə ki, hələ də ərə getməyi vahiməli bir borc, qulluqçuluq, köləlik, boyun əymək kimi görən insanlar, ələxsüs xanımlar var.

Özü də modern, oxumuş və çox güman ki, iş-güc sahibi xanımlar.

Türklərin bir yaxşı deyimi var. Feminizm kocayı bulana kadar sürər. Maraqlıdır ki, qadınlar onlara Tükəzban kimi yanaşan, “bozbaş iyi verən” insan kimi münasibət göstərən kişilərə qarşı hər zaman aqressiv olur. Axı biz belə deyilik, biz baxımlıyıq, təhsilliyik və əgər 2-3 nəfər bu tipdə qadın varsa bura bütün xanımlar daxil edilməməlidir deyə düşünürük. O zaman nə üçün bütün kişilər də məhz “corabı iylənmiş”, sosial şəbəkələri əxlaqsızlıq ocağı kimi görən geri qafalı, mədəsinə düşkün, qadınına sayğısız bir “mağara adamı” kimi qələmə veririk?

Bəli, mən ərdəyəm. Anayam. Ali təhsilli və iş sahibiyəm. Subay ikən belə heç vaxt “iylənmiş kişi corabı yuyacağam” deyə düşünməmişəm. Çünki, mən özümü heç vaxt məhz bu cür baxımsız insana layiq görməmişəm. Sevərək ailə qurmuşam və xoşbəxt insanam ki, saat 7-də işdən gələcək “ər”imi gözləyirəm. Corablarını yuyuram, yeməyini bişirirəm, onsuz keçən bir gecəmdə belə ərə getmək arzusunda olan qadınların “qoxumuş” adlandırdığı köynəklərinə belə sarılıb yata bilərəm. Xoşbəxtlik ağ gəlinlik geyinmək deyil. Onu soyunandan sonra belə qara da geyinsən, boyaqsız da gəzsən, işsiz də qalsan, evinin süpürgəçisi də olsan o ağ gəlinlik zamanındakı kimi xoşbəxt hiss edə biləsən. Anlayacağınız ərə getmək bir şansdır. Türklər demiş piyanqodur. Tutdura bilməyən və buna görə, ər evi gor evi deyənlərə inanmayın. Ər evinə yan pəncərədən baxın. Məsələn, sən yorulma mən edərəm, sən əziyyət çəkmə mən də kömək edim mənzərələri canlanan pəncərədən.

Bəxt insan üçün İlahi tərəfindən verilə bilər amma, bunun üçün çalışmaq lazımdır, ey ərə getməyi “ər corabı yumaq eşqi ilə yanıb tutuşmaq” kimi görən qadın! Özünü elə zəngin və ucalaşdıracaqsan ki, sənə corabımı yu deyə yox, gözümün önündə ol deyə səslənsinlər. Elə bir insanı seçəcəksən ki, ər evi gor evi deyənlərin qarşısında qürurla dayanasan. Elə bir könüldə taxt quracaqsan ki, o könül sənin üçün “ər” məfhumundan çox ata, qardaş, dost, güvəndiyin dağ, oğul, uşaq və min insanı özündə cəmləşdirən tək insan olsun. Bunun üçün sadaladığın bütün meyarlar ki var, sosial şəbəkə, sarı saç, rəfiqə qeybəti, oğlan dostu, iki mərtəbə aşağı öpüşmə anı və s. qəbul edəcək “kişi” gözləmək lazım deyil. Bunun üçün bu sadalananları sadəcə ağıl ucundan belə keçirməmək lazımdır. Çünki, əxlaq bunları etməməklə yox, düşünməməklə ölçülür. Ocaq yanmayan yerdən də nadirən tüstü qalxar. O da qığılcımlardan. Cəmiyyət qaralayır amma, hər kişinin qadınını yox... Kişilər isə qaralansa belə çamur götürməyən qadını çox yaxşı seçə bilirlər.

Ruhu fahişə, bədəni bakirələr üçün ər evi əsla məhəbbət yuvası olmur...

# 1544 dəfə oxunub

Müəllifin son yazıları

# # #