Laqeydliyin hökmü

Laqeydliyin hökmü
18 avqust 2016
# 14:49

Vüsal Hacı

Bu isti günlərdə nədənsə mənə elə gəlirdi ki, havanın temperaturu ilə insanların laqeydliyi arasında bənzərlik var. Ədədi silsilə şəklində artan bu asılılığın nəticələrinə şahid olmaq arzusunda idim ki, məndə yaranmış bu fikri təsdiqləyə bilim. Buna görə bir neçə gün günorta saatlarında, insanların bir-birinə olan laqeydliklərini şübhə yeri qoymadan sübuta yetirə biləcək hadisələr axtarırdım. Sonralar bildim ki, mən həmin vaxtlar öz səhhətimə də laqeyd yanaşmışam.

Yenə əli-ayağı işdən soyumuş, öz qiymətli əşyasını itirən şəxs kimi pəncərədən bayırı diqqətlə nəzərdən keçirdim. Evdə kitab, kağız və qələmlə heç bir şey alınmayacağını müəyyənləşdirdikdən sonra həyətə düşdüm. Kölgələrin binaların dibinə qısılmağından aydın olurdu ki, Günəş yer səthinə düz bucaq altında perpendikulyar dayanmışdı. Yəni tam günorta saatları idi. Bu vaxt günəşdən qorunmağa çalışanlar binaların divarına söykənərək pusquda gizlənən adam təəssüratı yaradırdı.

Qarşı binanın yarım metrlik kölgəsinə özünün gombul bədənini güclə yerləşdirən qonşumuz Həsən əmini gördüm. O, bu zaman dondurma yeyirdi. Ya bunu çox qəribə şəkildə etdiyindən, ya da ünsiyyət ehtiyacını ödəmək tələbim məni qeyri-iradi ona yaxınlaşdırdı.

Həsən əmi çox qeyri-adi xasiyyət sahibi idi. Bu səbəbdən də indiyədək bir neçə dəfə həyatı təhlükə qarşısında qalmışdı. O, 50 yaşlarında, bayırda çox fağır görünüşü olan, lakin ailədə arvadının narazılıq ifadə edən sözlərinə inansaq çox dalaşqan və qəddar kişidir. Halbuki o, indiyədək evdə arvadına qətiyyən əl qaldırmamış, təhqir etməyi bacarmadığını dəqiq bildiyim üçün deyə bilərəm; onun şərəf və ləyaqətini alçaldacaq heç bir söz işlətməmişdir. Görünür, Həsən əminin arvadını haqlı çıxardacaq mənə məlum olmayan başqa səbəblər də var imiş. Deyəsən, o, yenə arvadı ilə mübahisə etmişdi, çünki heç vaxt onun dondurma yediyini görməmişdim. Bilirəm, bu sizi təəccübləndirsə də o dondurmanın dadına məhz birinci dəfə idi ki, baxırdı. Bundan da maraqlısı ondan ibarət idi ki, həmişə hirslənəndə sanki özünə cəza verirmiş kimi heç vaxt etmədiyi hərəkəti edər, heç vaxt dadmadığı təamı dadar və bundan sonra sanki günahının yuyulmasına əmin olardı. O bu hərəkətləri yalnız bir dəfə edərdi. Məsələn, ömründə bir dəfə idi ki, belə məqamlarda siqaret çəkmiş, spirtli içki içmiş, qumar oynamış, pəhrizi pozmuş və s. özünə ziyan verə biləcək işlərlə məşğul olmuşdu. Məhz o indi yediyi dondurmanı da bu sıraya daxil edirdi. Amma dondurma məsələsi mənə bir qədər gülməli göründüyündən onu təhlükəli hesab etməyi ağılsızlıq kimi qiymətləndirirdim. Bu fikrimin yanlış olduğunu onunla yarım saatdan artıq söhbətimdən sonra öz gözlərimlə şahid oldum. Belə ki, onun vəziyyətinin dəyişdiyini və özünü pis hiss etdiyini görüb dərhal təcili yardım çağırmalı oldum. Həkim ilk yardım göstərdikdən sonra xəstəxanaya aparmağın lazım olduğunu bildirdi. Bütün bu zaman ərzində isə 2 saatdan artıq vaxt keçmişdi. Yəni 1 saatdan artıq təcili yardım maşınının gəlməsinə və elə o qədər də vaxt xəstəxanada tələb olunan həkimi gözləməyə sərf olundu. Bütün bunlar Həsən əminin həyatı təhlükəsini get-gedə artırdı. Gözlədiyimiz həkim gəlib çıxdıqda isə Həsən əminin vəziyyətinin ağır olduğuna görə reanimasiya yerləşdirdilər. Həsən əmi dondurmadan zəhərlənmişdi.

İndi düşünürəm ki, hərarətin pik nöqtəyə çatdığı günorta saatlarında laqeydlik də kəmiyyət etibarı ilə bir o qədər yüksəlmişdi. Belə ki, Həsən əmini heç vaxt dadmadığı dondurmanı yeməyə təhrik edən ailə daxilində baş verən münasibətləri onun öz sağlamlığına ziyan vurması ilə nəticələnməsi, təcili yardımın 1 saata yaxın gecikməsi, xəstəxanada həkimin xeyli müddət ləngiməsi və s. Baş verən bütün hadisələr əsl laqeydlik faktı kimi qiymətləndirilə bilər. Nəticədə isə həyata əlvida deməyə cəmi bir addımı qalmış Həsən əmi kimi qurbanı göstərmək kifayətdir. Məhz son istifadə tarixi çoxdan ötmüş dondurmaların da Həsən əmi kimi müştərilərini həmişə tapmaq mümkün olduğundan onların bazarı qaydasında gedir.

# 1343 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #