Köpəyoğlu kimdir?

Köpəyoğlu kimdir?
3 fevral 2015
# 14:55

Bir tanış var, evlidi, 3 uşağı var. 2 aydı işlətdiyi kafedə qalır, ofisiant qızla yaşayır. Kafedə balaca ekran televizorda "Samanyolu"na baxırdı. "Sirlər dünyası" adlı proqramda arvad-uşağını atıb Almaniyaya gedən Tarık adlı obraz göstərirdilər, onu söyürdü. Arada çönüb mənə qayıtdı ki, görürsən bu şərəfsiz köpəyoğlunu? Söyə-söyə televizora tüpürürdü.

***

Taksidə gedirdik. Yolboyu ən azı 6 qayda pozuntusu eləyən taksi sürücüsü şüşəni açdı, işıqforda gec tərpənən qadın sürücüyə qayıtdı ki, sənə "prava" verənin...

Həyat yoldaşına xəyanət edən o qədər qadın var ki, ekrandakı müğənnilərə baxıb fahişə deyir...

Bu adamlar "Molla Nəsrəddin"də, "Mozalan"da həmişə ələ salınıb, öz obrazına həmişə gülüb, amma hələ də düzəlməyib... Və çətin ki düzələ. Deyim niyə? Çünki konkret ola bilmirik.

Bir lətifə var, bir nəfər gedir Fransaya, oturur taksiyə, deyir, mənə buranın əxlaqsız qadınları olan küçələri gəzdir. Taksi sürücüsü müştəri gözləyən qadınların dayandığı küçələrdən keçərkən, bir-bir küçələrin adlarını sadalayır və qadınların qiymətlərini dilə gətirir. Məsələn, bura filan küçədi, burdakı qadınlar 20 avrodu. Beləcə qiymətlər artan istiqamətdə bir xeyli küçə gəzirlər. Axırda kişi taksi sürücüsündən soruşur ki, cənab, bəs Fransada əxlaqlı qadın yoxdu? Sürücü cavab verir ki, əlbəttə var, amma onlar çox bahadı.

Bu lətifədən onlarla istiqamətdə nəticələr çıxarmaq olar. Mənim fikrim diqqətinizi burdakı əxlaq anlayışına çəkmək idi. Azərbaycanda əxlaqlı adam, digərlərinə nisbətən daha az əxlaqsız adama deyirlər. Digərlərinə nisbətən daha az qayda pozana qanunsevər... Və beləcə kimdənsə daha yaxşı və ya daha az pis olduğu üçün hamı yaxşı adamdı Azərbaycanda... Və bayaqkı konkretlik. Normativ dərdi...

Sual verirsən ki, necəsən? Konkret yaxşı ya pis deyə cavab verməzlər. Ortabab. Babat. Belə də. Nə deyim vallah kimi cavablar verərlər. Nə deyim vallah... Canına azzar de, nə deyəcəksən, ya denən yaxşıyam, ya da pis denən!

# 1481 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #