Atama məktub

Atama məktub
16 oktyabr 2015
# 10:31

Atama məktub

Ata, qəlbim odlanır,

Yadıma düşəndə sən.

Yerin yaman görünür,

Qayıdasan, gələsən.

Ölüm yaman amansız,

Baxmaz o, göz yaşına.

Üzünə həsrətəm mən,

Baxıram baş daşına.

Sənə yazdığım məktub,

Çətin ki, sənə çata.

Sən məndən nigaransan,

Məndə ki, səndən, ata.

Göz yaşıyla qayıtmır,

Bu dünyadan gedənlər.

Əbədi bir iz qoyur,

Yaxşı əməl edənlər.

Payız düşüncələri

Bax ötdü beləcə neçə ay, fəsil,

Gəldi ömrümüzün qızıl payızı.

Oyandı qəlbimdə xatirələrim,

Yenə xatırladım o gözəl qızı.

Nə olsun payızdır, küləklər əsir,

O görüş yerini dəyişməmişik.

Bəlkə bu payızda görüşək gülüm?

Nə yazda, nə yayda görüşməmişik.

Əsəndə küləklər, solanda yarpaq,

Hərdən də göynədir payız sinəmi.

Düşürsən yadıma yağanda yağış,

Yandırır qəlbimi sənsizlik qəmi.

Payız gəlib gülüm, gəl biz görüşək,

Gözləmə günəşi, yazı, baharı.

Gəl göydə qoşulaq durnalara biz,

Payızda köç edir durna qatarı.

Bax ötdü beləcə neçə ay, fəsil,

Gəldi ömrümüzün qızıl payızı.

Oyandı qəlbimdə xatirələrim,

Yenə xatırladım sevdiyim qızı.

Səhərə ümid

Ay yaralı ürəyim,

Gecəni döz birtəhər.

Sabaha nə qalıb ki?

Gələcəkdir xoş səhər.

Səhər doğacaq günəş,

Hər yana nur saçacaq.

Günəş işıq saçanda,

Qüssə, qəm də qaçacaq.

Gecələr yoldaş olur,

Səhər açılanadək.

Səhərə az qalıbdır,

Döz bir təhər, ay ürək.

Hər açılan sabahlar,

Ümid, inam deməkdir.

Ümidi üzmə ürək,

Gecə tez keçəcəkdir.

Uzun çəkdi son səfərin

Uzun çəkdi son səfərin,

Gözlərim dolubdu yaşla.

Bitirdiyin məhəbbəti,

Gəl, qayıt, yenidən başla.

Gözləyirəm, xəbər elə,

Qayıtmasan, özüm gəlim.

Soyuq buza dönüb, Vallah,

Telinə dəyməyən əlim.

Sənsiz yola, izlərə də,

İnan ki özgəyəm, yadam.

Gəl, eşqini unutma sən,

Belə olmaz sevən adam.

Uzun çəkdi son səfərin,

Belə imiş son qərarın.

Nə qədər ki yaşayıram,

Eşqi tükənməz Anarın.

# 1744 dəfə oxunub

Müəllifin son yazıları

# # #