Pekuniya - Süleyman Əliyev

Pekuniya - Süleyman Əliyev
8 avqust 2023
# 13:00

Kulis.az Süleyman Əliyevin "Pekuniya" adlı yazısını təqdim edir.

Əvvəlcə qısa olaraq yaradıldığım zamandan və təkamülümdən bəhs edim. Mən ilk dəfə E.Ə VII-ci yüzildə Lidyanın Sardes kəndində zərbxanada hazırlandım. İlk hazırlandığımda tərkibim 75% qızıldan və 25% gümüşdən ibarət idi. Elə ilk zamanlardan mənim hazırlanma maliyyətim baha başa gəlirdi. Sivilizasya çox tez bir zamanda anladı ki, dəyəri az olan balaca pullara da ehtiyyac var. Daha sonralar Çində kağız əskinazlardan hazırlanmağa başladım. Avropa qitəsinə isə məni tanıdan ilk insan Marko Polo oldu. Avropada ilk kağız mən 1661-ci ildə İsveçdə hazırlandım.
Əvvəlcə hər şey mənim özümə əyləncəli gəlirdi. Hazırlanmağım baha başa gəldiyindən çox vaxt böyük ticarətlərdə və vergilərdə istifadə olunurdum. Beləcə mənə sahib olan(varlı) insanların əhatəsində dolaşırdım. Yavaş-yavaş insan kimi hər yerə yayılmağa başladım. Artıq bir müddət sonra insanlar mənə sahib olmaq üçün, ağıla gələcək və ağlın almadığı hər şeyi etməyə başladılar. Get-gedə saysız ölümlərin, dəhşətli hadisələrin şahidi olmağa başladım, pis işlərin qurbanına çevrildim. Bir onu bilirəm ki, nə oldusa məndən sonra oldu. Yaşıyan və yaşamaq istəyən çox insanın mənə Tanrıdan daha çox ehtiyacı vardı. Mənə görə bütün gəncliyini həbsxanada keçirən kim, yoldaşına xəyanət edən kim, qardaşına düşmən olan kim, digərlərinin həyatına son qoyan kim və daha nələr-nələr baş verirdi..
Çox müəmmalı hadisələrə şahidlik, dəbdəbəli günlərə ev sahibliyi etdim. Osman adlı yaşlı birinin ölüm yatağında, ölümünə sayılı günlər qala, məni bərk-bərk bağrına basıb, üfunətli nəfəsini üstümə vuraraq, burnu ilə qoxladığını və öskürərək ağız seliyini üstümə axıtdığını niyəsə heç unuda bilmirəm. Bir insan nəyə görə son günlərini bu cür ağrılı mənzərəyə özünü məhkum edərək ölməyi seçib? Axı başqa seçimləri də var idi. Nə düşünürdü görəsən? Məni özüylə dartıb aparacağınımı?
Təbii ki, bir il əlavə yaşamaq üçün bütün məni qurban verməyə hazır insanları da görmüşəm. Qəribədir insanoğlu. Bir-birlərini, müqəddəs zənn etdikləri dəyərlərini dəyər-dəyməzə satırlar...
Çox hadisəni xatırlayıram, çox. Basdırılmış küplərdə, qəbirlərdə, müxtəlif saxlanclarda, bildiyiniz və bilmədiyiniz yerlərdə gizlədilir, zinət əşyalarının içərisində mən də yer alırdım.
Məncə Tanrı şeytanı yox, elə məhz insanı yaratdı. Onlar isə məni hazırladılar. Elə məhz dinlərdə də şeytan obrazı bu cür təsvir edilməyibmi, yoldan çıxaran? Halbuki, izlyəci olduğum halda günahkar, səbəbsiz yerə səbəbkar bir mən göstərilirəm.
Məni yaradan insanoğlu az qala mənə itaət etsin. Demək olar ki, dünyəvi ehtiyyaclarının çox hissəsini mən qarşılayıram. Bu bir gerçəklikdir. Mən olmadığım yerdə aclıq, səfalət, olduğum yerlərdə isə firəvanlıq höküm sürür, və yaxud da əksinə. Bir növ insanlarda yeni tanrı qavramını formalaşdırmışdım. Çoxu yoxluğumdan əziyyət çəkir. Lakin bir insanda yetərincə, qədərindən artıq tapılıram. Nəyə gərəkdir bu qədər iztirab, bu qədər ağrı, bu qədər xaos? Bütün bunları mən yaratdım ya məni yaradanlar?
Az olmayıb, özümü toplu halda güclü, yalnız halda tək hiss etdiyim zamanlar. Ciblərdə, pul qabılarda, çantalarda elə söhbətlərə şahidlik etmişəm ki, bir insanın nə qədər insan olduğunu hələ də dərk edə bilməmişəm. Homo sapiens elə bir ziddiyyətli canlıdır ki, mənə bir qədər sahib olmaq üçün dəridən-qabıqdan çıxır, sahib olduqdan sonra isə sıxılmağa başlayır, daha çoxunu istəyir. Sonunda isə sahib olmaq istədiyi mən ona sahib oluram. Bu insanların hər şeyləri var, heç bir şeyləri olmadıqları halda.
Balaca bir qızcığazın məni səki kənarında bir az nəmli vəziyyətdə tapdığını xatırlayıram. Sevincək halda məni əlinə alıb, sinəsinin ortasına basaraq gözlərini yumdu. Üzündə yanaqlarındakı çuxur görünəcək dərəcədə kiçik və gözoxşayan təbəssüm yarandı. Qurumağım üçün üstünə silərək tələsik halda yolun digər tərəfinə doğru qaçmağa başladı. Elə bu zaman qarşı tərəfdən gələn mikroavtobusun sürücüsü əyləci sona qədər sıxaraq maşını dayandırmağa çalışdı, amma nail ola bilmədi. Balaca qızcığaza dəyən zərbə o qədər güclü idi ki, həyatda qalma ehtimal yox idi və elə də oldu. Can çırpınışında belə məni bərk-bərk sıxaraq ovucunda saxlamışdı, buraxmırdı o kiçik, qanlı əllərindən. Görəsən mənimlə nə almaq istəyirdi? Üst-başından, görkəmdən daha yoxsul ailəyə mənsub olduğu bilinirdi. Hələ də bilmirəm, mənim yoxluğum bunları öldürür, yoxsa varlığım?
Hə, bir də günlərin birində varlı bir şəxslə birgə yandığım yadıma gəlir. Nə o qurtula bilmişdi nə də mən. Bir evin içərisində ikimiz də külə çevrilmişdik. Bütün mənləri un kisəsinin içərisinə yığıb evdən çıxmağa çalışırdı. Ev alovlara bürünüb, amma o hələ siyirmənin içərisində qalan, digər tərəflərə səpələnən pulları yığmağa çalışırdı. Qolunu qaşlarının üzərinə tutub, bir otağdan digərinə keçməyə cəhd göstərirdi ki, evin taxta tavanı alovlar içərisində üzərimizə düşdü. Bağırtılar, qışqırıqlar fayda vermədi. Bütün ümidlər söndü, amma alov yanmağa davam edirdi. Yanan insanoğlu un kisəsini buraxmağa niyyətli deyildi. Bəlkə də düşünürdü ki, son anda mən də, o da xilas olacaq. Mən yanıb külə çevrildim və başqa pulun şuuruna yönləndim. Şüuruna yönlədiyim pulun məkanı, bir otel otağı idi. Bir kişinin əlində bir qadına tərəf uzadıldım və söhbətdən belə başa düşdüm ki, mənim qarşılığımda sevişəcəklər. Daha əyləncəli bir yerdə, tanış səhnə ilə üzbəüz idim. Sadəcə bu ticarətdə həmişəki kimi mənə bu sual maraqlı idi: Mən bir pozğuna satılırdım, yoxsa bir pozğunu satın alırdım?

# 7114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #