İmamın yadigarı – Yeni hekayə

İmamın yadigarı – Yeni hekayə
17 fevral 2022
# 16:30

Kulis.az Əli Ucalın "İmamın yadigarı" adlı hekayəsini təqdim edir.

Gecə yatdığım yerdə nəsə səs eşitdim, yuxum qaçdı. Pişiklər idi deyəsən. Marta hələ bir dünya var, amma bu lənətə gəlmişlərə indidən cin girib elə bil. Günün hansısa saatında bir də görürsən nəyisə bölə bilməyiblər, vıyıltı səsi götürür aləmi. Mənim də yuxum qaçdısa öldür yata bilmərəm. Yenə də yataqda bir xeyli o tərəf-bu tərəfə vurnuxdum, amma heç nə alınmadı. Arvad hələ yatırdı. Uzanmaqdan sıxılıb telefonu əlimə alıb instaqramda veyillənməyə başladım. Yatmaq işi uzun bir müddətlik təxirə düşdüyünə görə yastığı dikəltdim, özüm də dik oturdum.

Maraqlı heç nə yoxuydu, arvadı oyatmamaq üçün videolara baxmaq olmurdu, amma yenə də həvəssizcə barmağımı yuxarı sürüşdürür, çıxan paylaşımlara bir-iki saniyə baxıb darıxa-darıxa yenə də sürüşdürürdüm. Belə-belə gəzərkən qabağıma sponsorlu bir reklam çıxdı. Mavi rəngli bir maşının üstünə qırmızı rəngli instagram yazısıyla “Satlır” yazılmışdı. Açıqlama hissəsinə sadəcə nömrə yazılıb, başqa da heç nə yazılmayıb, eləcə boş buraxılmışdı. Bir pıqqıltı qopdu dodaqlarımın arasından. Arvad oyaq olsa ona da göstərər, bir yerdə gülərdik.

Bizimkilər bu reklam işini nə vaxt öyrənəcək, ay qardaş? Yəni çox çətindi bir az yazı qaydası öyrənmək? Bilmirsən, heç olmasa bilən birindən soruş da. Bir də utanmadan reklam verib ki, hamı şahid olsun bu biabırçılığa. Pulu ilə rəzil olmaq buna deyirlər. “Sabah yığım bunu bir az zarafatlaşım” deyə keçirdim içimdən. Saat hələ 4 idi. Bir az ora-bura eşələndim, yata bilmədim yenə. Durdum bir çay içdim, TV-ni açdım. Mədəniyyət TV-də yenə “Hicran” tamaşasını verirdilər, bir az baxıb çevirdim.

Divanda bir az yuxuladım, ona kimi arvad da durdu, çay-çörək hazırladı, qəlyənaltı elədik. Birdən yadıma gecə gördüyüm reklam düşdü. Telefonu əlimə alıb “reklam”dakı nömrəni yığdım. 4-5 dəfə çağırdı, sonra məşğul edildi. Dedim yəqin nəsə işi var, bir azdan özü yığar. Yarım saat keçdi yığmadı, bir saat keçdi yığmadı. Səbrim çatmadı, yenə özüm yığdım, yenə məşğul elədi. İşə bax, adam həm reklam verir, həm də edilən zəngə baxmır. Bizimkilərin görəcəyi iş bundan artıq olmayacaq onsuz.

1-2 saat keçdi, bazar günüdü deyə evdəyəm, bikarçılıqdı. Telefondan zaddan sıxıldım, dedim qoy bu nömrəni bir də yığım görüm, nə məsələdi. Yığdım, yenə məşğul verdi. İçimə bir qurd düşdü. Yenə yığdım, yenə məşğul. Artıq prinsipə çevirdim bu işi. O məşğula atdıqca mən təzədən yığıram, o məşğula atır, mən saniyəsində geri yığıram. İşin qəribə tərəfi bu adam zəngimdən narahat olursa nömrəmi tamamilə əngələyə bilərdi. Amma bunu eləmir, ancaq məşğul verirdi.

Belə-belə bunu 3 gün boyunca hər yarım saatdan bir yığdım. Axır ki, açdı. Qalın, kobud səsiylə: “deməli bu maşını almağı bu qədər çox istəyirsən” dedi. Nə maşın, nə istəmək? Həyatımda maşın almaq barədə heç vaxt düşünməmişdim. Ümumiyyətlə maşın sürməyi belə bilmirəm. O ki, qaldı onu belə çox istəmək. Tək niyətim bu reklamı qoyan adamla bir az zarafatlaşmaq, kefimi düzəltmək idi. Amma telefonun o tərəfindən gələn səs o qədər ciddi, o qədər ürəyə toxunan idi ki, qeyri-ixtiyari “bəli, çox istəyirəm” dedim. Hətta məhz bu andan sonra zarafatlarıma başlamağa qərar verib “tam arzularımdakı kimi bir maşındı” dedim.

Telefonun digər ucundan “ehh” deyə bir səs gəldi. “Sabah saat 3-də Razindəki məscidin yanına gəlib görə bilərsən” dedi və telefon üzümə söndürdü. Özümü qəribə hiss elədim. Bu nə hörmətsizlikdi? Bilən bilir ki, həyatda ən zəhləm gedən şey telefonun üzümə söndürülməsidi. Hətta arvadla bu barədə çoxlu söz-söhbətlərimiz olmuş, axır ki, bu yaramaz hərəkəti ona tərgitmişdim.

İndi tanımadığım adamın durduq yerə belə eləməsi məni daha da özümdən çıxarmışdı. Normalda bu adam bu maşını tərifləyə-təriflə göylərə çıxarmalı, məni min cür dillə razı salmağa çalışmalı ikən bu nətəhər hərəkət idi ki? Zarafat edəcəm deyən yerdə çox əsəbiləşmişdim. Amma arvada büruzə vermədim. Çıxıb çayxanada bir çay içdim. Təzədən bu adamı yığıb ağzının payını vermək istədim, amma adamın səs tonunda elə bir özündənəminlik vardı ki, allah bilir haranın mərdiməzarıydı. Yaxşı bəs mən indi sabah gedib bu adamla görüşməliydim, ya yox? Uzun-uzun bunu düşündüm. Axırda qərara gəldim ki, “satlır” deyə reklam verən adamdan çəkinməyə dəyməz. Gedib maşını görəcək, marağımı aradan qaldıracaq, axırda da “bir az düşünüm, deyərəm sizə” kimi bir cümlə qurub aradan çıxacaqdım, bu məsələ də burada qapanacaqdı.

Axşam işə yığıb sabah vacib bir işim olduğu üçün işə gələ bilməyəcəyimi deyib icazə aldım. Saat üçdə adamın Razin məscidi dediyi Bakıxanovdakı o məscidin yanında gözləməyə başladım. 10 dəqiqədir gözləsəm də heç kim gözə dəymirdi. Yığdım, açıb,-“5 dəqiqəyə ordayam” deyib yenə söndürdü. Bu iki oldu. Zatən ilk andan sevmirdim, bu dəfə əməllicə məni qıcıqlandım. Gəlsin görək, hələ kimdi bu adam imkan vermir ağzımızı açmağa.

15 dəqiqə sonra reklamdakı maşın yavaş-yavaş mənə tərəf yaxınlaşdı. Maşının qabağında yüngül sıyrıq izi varıydı. Düşündüm elə bu əla bəhanədi almamağa. Amma maşın mənə tam çatmamış bir az qıraqda dayandı. Maşından düşən qara eynəkli, boz kostyumlu, kirli saqqallı, balaca boy, arıq dayday dirsəyini maşına söykəyib, o biri bir əlini belinə qoyub məni başdan aşağı süzdü, axırda “bu nə geyimdi ə, geymisən? Sənin Bismarka hörmətin budu?!” Bir an özümü itirdim. “Bismark nədi? Mən belə bir şey tanımıram axı”. “Axmağın biri axmaq” dedi, “mən də elə bilirəm normal adamsan. Get əyninə düzəməlli bir şey geyin. Bu geyimlə Bismarka əlini də vura bilməzsən!” dedi, maşına mindi, qapını sərt şəkildə çırpdı, sürüb getdi.

Şokdaydım. Heyrətdən ağzım bir qarış açıq qalmışdı. Kamera zarafatı zadıydı bu? Bu adam niyə belə hərəkətlər edirdi ki? Fərəməzlə çox məzələnirdim işdə. Yoxsa o əclaf qurub bütün bu oyunları? Yox e, Fərəməzin ağlı belə işə yetməz. Bəs onda nəydi bu işin sirri? Əməllibaşlı fikir götürdü məni. Yığıb söyəcəkdim ağzıma gələni, gözümə görükəni. Telefonu alıb yığdım, açan kimi “sabah kostyum gey, gəl. Bismark kimi əsilzadə bir maşına o cür cır-cındır geyimlə minə bilməzsən!” deyib yenə üzümə söndürdü.

“Tfu lənət şeytana” desəm də bu dəfə üzümə söndürməyinə elə də əsəbiləşmədim. Fərqinə vardım ki, adamın tərzi belədi. “Gözəl ölkəmdə hər cür başdanxaraba rast gəlmək olur, bu da başqa növüdü yəqin” deyib keçdim. Amma geyimimdə də qəribə heç nə yoxuydu yəni. Normal cins şalvar, qara dəri ayaqqabı, üstdən də qara rəng gödəkçə geymişdim. Bu adam niyə bu qədər əsəbiləşdi, anlamadım. Maşın qaldı qıraqda adama olan maraq məni bürüdü.

Sabah oldu. Bu səfər kostyum geydim. Axırıncı dəfə nə vaxt geydiyimi xatırlamadığım üçün qəribə, kökəldiyim üçün də bir az dar gəldi. “Qalstuk da taxmalımıydım görəsən?” deyə düşündüm. Bəlkə üstümdə götürüm, adam “tax” desə taxaram deyə düşündüm, amma sonda qərar verdim ki, o taxmamışdı, mən də taxmasam problem olmaz yəqin.

Sabahı gün saat yenə 3-də, yenə məscidin yanında gözləyirdim. Bu dəfə vaxtında gəldi. Yenə maşını bir az aralıda saxlayıb, eyni geyim və tərzdə süzdü məni. İt oğlu it, elə bil qızına kürəkən seçirdi. Bir az baxdıqdan sonra “tam istədiyim kimi olmasa da, yenə də pis deyil”, deyib yanıma gəldi, əlini uzatdı, salam verdim.

- Adın nədi, ə sənin? – dedi, eynəyini çıxarıb dəsmalıyla silib gözünə taxaraq
- Fərruxdu, dayı.
- Mənimki də Qüdrəddin. Keç oturaq maşında söhbət edək.
İkimiz də maşına yönəldik, qapını açıb axır ki, bu içinə azzarım olan maşına minəcəkdim dayı qayıtdı ki:
- Dayan görüm, ə. Dəstəmazın var?
- Dayı, nə dəstəmazı? Məzələnirsən? Maşında namaz qılmayacayıq ki,- dedim
- Bismarka dəstəmazsın minmək istəyirsən ə, heyvərə? Cəhənnəm ol, get dəstəmaz al, gəl. Gözləyirəm.

Çarəsiz maşından düşdüm, qapını bağlamamış dedi ki, “corabın üstündən məsh çəkmə ha, ayağını aç, yu. Peyğəmbər dövründə corab varıydı bəyəm, üstündən məhz də çəksin?”

Gedib ayağımı soyunub dəstəmaz aldım. Maşına gələndə day dayıya deyə bilmədim ki, mənim qüsulum da yoxuydu...

Uzun-uzun hazırlıqlardan sonra axır ki, Bismarka minmək nəsib oldu. Bu qədər əlləşəndən sonra adi maşın da adama çox-çox qəribə gələrdi. Salona göz gəzdirəndə ağlımdan keçən şey “bunu neçəyə verər görəsən?” oldu.

Heç nə soruşmadan ora-burasına baxdım uzun müddət. Birdən dayı qayıtdı ki, “bu maşına görə neçə-neçə adam yığıb məni xəbərin var? Heç birinin telefonunu belə açmamamışam”.

Dərin bir səssizlik çökdü. İkimizdə yola baxdıq uzun-uzun. Yanımızdan keçən bir maşına Yol Polisi xışıltılı səslə, “ver qırağa saxla” dedi, o da qırağa verib saxladı. Bu dəxlisiz görüntü bizi içinə düşdüyümüz sehrli aləmdən bir anda ayırsa da “amma bircə sən sona qədər səbr etdin” dedi gülümsəyərək. “Və Bismark səni seçdi”.

Çox qəribə hisslər keçirirdim. Həm maşından, həm dayıdan çox təsirlənmişdim. Nə olur olsun bu maşını almalıydım.

Amma dayı birdən-birə qayıtdı ki, “amma hələ çox tezdi. Sən bu maşına layiq olmaq üçün çox çalışmalısan”. Elə bildim zarafat edir. Necə yəni maşına layiq olmaq? Görən də deyər matah bir şeydi ağlar qalmış. Bakının yarısı bu merətdən sürür də. Bu sözləri eynən bu şəkildə dayıya dedim. Əsəbdən əlləri əsdi, gözləri hədəqəsindən pırtlayıb çıxacaq kimi baxdı, sifəti çuğundur kimi qızardı. “Düş rədd ol, ə. Bismarkı sənin kimi tərbiyəsizə heç vaxt satmaram!”

“Bağışla” dedim, “bir az ağır oldu. Amma bu maşının kənardan baxanda heç bir fərqli cəhəti görsənmir axı. Adi, hətta çox adi bir maşından başqa heç bir təsir bağışlamır. Əgər bu maşının bizim görə bilmədiyimiz bir xüsusiyyəti varsa denən biz də bilək”.

Dayı kədərli gözlərini qaldırıb mənə baxdı. Üzündə hüznqarışıq təbəssümdən sonra dedi ki “bu maşının 87-ci il olduğunu sənə demişdim?” Mən o dəqiqə qayıtdım ki, “tembole”. Onda heç sərf eləmir”. Onda Qüdrəddin dayı başını mənə çevirib “bu maşını ilk dəfə Məşədi Babək alıb Almaniyadan. Adını da Otto Bismarkı çox sevdiyi üçün Bismark qoyub. Tanıyırsan Bismarkı?” “Yox” dedim. “İngiltərənin qurucusu olub o vaxt. Məşədi Babək o vaxt bu maşını alanda əhd edib ki, Almaniyadan Məşədə bununla gedəcək. Elə o vaxt düz Hamburqdan Məşədə sürür bunu. Yolda başına gəlməyən hadisə qalmır. Gah maşını vurur, gah təkəri partlayır, gah motoru vurur, amma Məşədi Babək nə olur olsun, öz yolundan dönmür, min əziyyətlə gəlir çıxır İmam Rzanın qəbrinə, ziyarətini yerinə yetirir. Geri qayıdacağı günün gecəsi imam girir bunun yuxusuna, deyir “sən ki bu qədər əzab-əziyyətə baxmaraq öz yolundan dönmədin, gəlib məni ziyarət elədin, ziyarətin qəbul olundu”. Sonra imam yaxınlaşıb yolda keçirdiyi qəzalardan xurd-xəşil olan maşına məsh çəkir, maşında bir cızıq belə qalmır. Bircə qabağındakı cızıqdan başqa, o da imamın məsh çəkdiyi yerin izidi. İnan allaha, Məşədi Babək rəhmətə gedəndən sonra oğlu Məşədi Hüseyn hələ 17 il sürdü bu maşını, bircə dəfə bir yerinə bircə şey belə olmayıb. Hüseyn kişi rəhmətə gedəndə mənə and verdi ki, bu maşını elə bir adama sat ki, o, ancaq pak bir ruha sahib olsun, çünki bu maşın onlara İmam Rzadan yadigardı.

Qüdrəddin dayı bu sözü deyib kövrəldi, mən də kövrəldim. Elə bu an məsciddən azan oxundu, hər ikimiz salavat çəkdik (mənim qüsulum olmadığı üçün sözləri demədim).

Azan bitdikdən sonra Qüdrəddin dayı sözə başladı: bu maşının mənəvi dəyəri milyonlarla hesablanar, oğlum, amma Bismark səni seçdi. Ona görə çox bir şey istəməyəcəm səndən. 20 min ver, xeyrini gör.

Təəccüb içində qalmışdım. Hekayədən çox sarsılmışdım, amma dayının dediyi qiymət də 4 ildi yığıb kənara qoyduğum pul qədəriydi. Elə bil qurban olduğu mənə bu qədər pul qismət edib, dayıya da eynisini tələffüz etdirmişdi. Tam razılaşmaq üzrəydim Qüdrəddin dayı zarafatla soruşdu ki, “bu nə qarındı ə, yoxsa pivə zad içirsən?” Mən heç bir problem olmayacağını düşünərək “arada uşaqlarla oturub yüngülvari içi..” deyər-deməz “düş rədd ol ə” dedi. “Qüdrəddin dayı, səhv başa düşdün” deməyə imkan vermədən “düş!” dedi. Böyük bir sarsıntıyla maşından düşdüm. Tez qaza basıb vıyıltıyla uzaqlaşdı.

O gecəni yata bilmədim, gah o tərəfə, gah bu tərəfə onlarla dəfə dönsəm də heç nə alınmadı. Durub bir siqaret çəkdim.

Nə olsun indi mən pivə içirəm? Pivə içəndə guya nə olur ki? Axı harda yazılıb ki, pivə içmək haramdı? İndiyə qədər bəlkə min dəfə içmişəm, nə bir faydasını, nə də ziyanını görməmişəm. Pivə içirəm deyə belə bir təhqirə nə ehtiyac var?

Sabahı gün nə qədər yığsam da Qüdrəddin dayı telefonu açmadı. Axırda dözməyib mesaj yazdım ki, “20 min deyirsən, 30 min verirəm, gətir maşını bura”. Dərhal geri yığdı, elə bildim o dəqiqə gətirəcəyini deyəcək. Amma tam əksi oldu: sən özünü nə hesab edirsən, əclaf? O maşını neçə hacı istəyib, satmamışam xəbərin var? Məşədi bilsə ki, bu qədər hacı yalvara-yalvara Bismarkı durub sənin kimi “alkaş”a satışam onu, o dünyada heç üzümə də tüpürməz. Sən elə bilirsən maşın alacaqdın, amma heç bir lüks maşında belə olmayan bərəkət, xətadan-bəladan uzaq, səni haqq yolunda tutacaq bir vasitə alacaqdın. Amma naqis əməllərin buna imkan vermədi. Get, nə vaxt tövbə edib paklanarsan, onda gələrsən”. Yenə üzümə söndürdü.

Dəhşət içindəydim. Özümü tamamilə unutmuşdum. Bəlkə də doğrudan da bu maşın məni allaha aparacaq bir vasitəydi. Bəlkə imamın məhs çəkdiyi o maşın həqiqətən də mənim xilaskarım olacaq, cənnətə girməyimə səbəb olacaq əməllər etməyimə vəsilə olacaqdı? Bəlkə də Qüdrəddin dayı doğrudan da allah tərəfindən mənə göndərilən elçiydi? Bu suallar beynimdə vargəl edə-edə yuxuladım. Yuxumda İmam Rzanı gördüm. Sürücü kreslosunda oturmuş, məhzun-məhzun mənə baxırdı. Mən günahlar içində ona baxmağa qorxur, nə edəcəyimi bilmirdim. Birdən Qüdrəddin dayı qabaq kresloda, İmam Rzanın yanında oturdu. İmam Rza çox məyus olduğumu görüb “Qüdrəddin, bağışla bu cavanı. Qoy xeyir-dua verdiyim bu maşın onun olsun. Bundan sonra tövbə eləsin. Bu cavanın günahları bəlkə onda bağışlana” dedi və qeybə çəkildi. Onda Qüdrəddin dayı mənə çöndü “düş gəl qabağa ə”,- dedi.

O an yuxudan hövlnak oyanıb tələm-tələsik Qüdrəddin dayını yığdım. Bir dəfə çağıran kimi açdı, “Qüdrəddin dayı, tövbə edirəm. Gəl görüşək, mənə namazı öyrət, bundan sonra içkiyə tövbə deyib namaza başlayacam”,- dedim. Qüdrəddin dayı “yaxşı, oğlum” deyib yenə telefonu üzümə söndürdü.

O ana qədər heç bir açıqlama vermədiyim arvada olanları bir-bir danışdım. Arvadım dinin heç bir hökmünü yerinə yetirməsə də dindar biriydi, məni dinlədikdən sonra “bunlar hamısı Allahın bizi sınağıdı. Sənə neçə vaxtdı deyirdim, qulaqardı edirdin” dedi. Gedib qüsul aldım. Kostyumumu geyib çıxdım. Yenə məscidin yanında Qüdrəddin dayı ilə görüşdük. İndiyədək ancaq yanına getdiyimiz məscidin bu səfər içinə girdik. 2 rükət nafilə namazı qılıb dualar elədik. Çıxıb təzədən maşında oturduq. Özümü çox yüngülləşmiş, tər-təmiz hiss edirdim. “Oğlum” -, dedi Qüdrəddin dayı. “Qəlbinin nə qədər təmiz olduğunu bilirəm. Əgər təmiz biri olmasan heç vaxt bizim rastlaşmağımız mümkün olmazdı. Allahın sevgili qulu olduğun üçün bu gün Bismark bu qədər zəvvar istəyə-istəyə sənə qismət olur. Buna nə qədər şükür eləsən azdı”. “Elədi” ,- dedim. “Oğlum”,- dedi yenə,- “ürəyin nə qədər təmiz olsa da günahların da bir o qədər çoxdu. Dəhşət çox namaz qəzan var, üstəlik içki içərək Allahın sənə bəxş elədiyi bədəni zəhərləmisən. Ona görə allah-taala sənə çox qəzəblidi. Nə qədər namaz qılsan, oruc tutsan da bu günahları yumağa ömrün çatmaz. Amma rəbbimiz o qədər mərhəmətlidir ki, hər şeyə bir çarə tapır. Əgər günahlarının bağışlanmağını istəyirsənsə fitrə verməlisən. Yüz kasıbın qarnını doyurmalı, yüz yetimin üzünü güldürməlisən”.

Başımı aşağı salıb onu dinləyirdim. Nə desə razılaşırdım. “Yaxşı”,- dedim,- Qüdrəddin dayı. Nə qədər fitrə verməliyəm?

“Sənə maşını öz dəyərinin dəfələrlə aşağısına verdim, oğlum, amma fitrə kasıbın haqqıdı, ona mən heç nə edə bilmərəm. Ona görə 10 min əlavə verərsən, mən də o pula 5-10 heyvan alıb kəsdirər, məsciddə, yetimlər evində ehsan verdirərəm, beləcə günahların bağışlanar”.

Razılaşdım. Qüdrəddin dayı ilə vidalaşıb dostum Akifi yığdım. Sabaha xeyirli bir iş üçün təcili 10 min lazım olduğunu dedim. Akifin atası yaxşı yerdə işləyir, daha doğrusu vergi məmurudu, pul zibil kimidi yəni. Axşamı gətirdi, verdi.

Sabahı gün 30 min pul da götürüb getdim Qüdrəddin dayı ilə notariusa. Maşını adıma keçirib tam rahatlaşdım. Bismark artıq mənim idi. Hələ sürə bilmədiyim üçün Qüdrəddin dayı özü sürdü bizə. Yolda gələndə dedi ki, pulun bir hissəsiylə Kərbəlaya, ordan da Məşədə gedəcək. Gətirib maşını həyətimizdə saxladı, halallaşdıq getdi.

Axşam Akif maşın aldığımı xəbər tutub gözaydınlığı verdi, sonra dedi həyətə düşüm, baxaq görək nə var nə yox. Akif Bismarkı yoxlayandan sonra dedikləri xoşuma gəlmədi, getdik onun ustasının yanına. Usta maşına baxandan sonra ilk sözü “bunu necə sürüb bura qədər gətirmisiz?” oldu. “Bu maşının salamat yeri yoxdu” dedi, motordan başlayıb 7-8 hissə saydı, motordan başqa heç birini əvvəllər eşitmədiyim üçün o birilər yadımda qalmadı. Yəni İmam Rzanın yadigarında yadigarlıq heç nə qalmamışdı. “Bu maşının öldürən yeri 8-9 min qiyməti var” ,- dedi usta. 8-9 min də bunun təmir xərcinə çıxsaq babat bir ziyandaydım.

Xırda bir zarafat edək dedik, Qüdrəddin 40 minlik zarafat elədi mənə.
Bu hadisədən sonra həyatım alt-üst olmuşdu.İllərlə yığdığım bütün pulu bircə gündə itirmiş, üstəlik borca da girmişdim. Təzəcə namaza başlasam da artıq qıla bilmir, qıla bilmədiyim üçün də özümü çox günahkar hiss etdirdim. Tövbə eləmişdim deyə artıq pivə də içməmirdim, ən pisi bu idi. Ara yerdə gül kimi daddan da olduq. Amma daha betəri hər gün həyətə düşəndə ehtiyacım olmasa da aldığım, alıb sürə bilmədiyim, sürməyi bilsəm də məni yarı yolda qoyacaq maşını hər dəfə görəndə keçirdiyim hisslərdi.

Usta ilə danışandan sonra Qüdrəddini yığsam da bu dəfə məşğul vermək əvəzinə “bu nömrə işləmir”,- dedi xətdəki qız. Polisə verdim, üstündən aylar keçib hələ də tapa bilmirlər. Düzü axtardıqlarından da əmin deyiləm.

Arvad sağolsun, heç deyinmədi bu hadisəyə görə. Sadəcə hər işə gedəndə söz vurur “maşının açarı yaddan çıxmasın” deyə, ölüb yerə girirəm.

Bu söhbətdən uzun müddət sonra yenə bir maşın reklamı çıxdı qabağıma. O dəqiqə zəng elədim, bir az çağırdı, məşğula atıldı. Yenə yığdım, yenə məşğula atdı..


Əli Ucal

# 3373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #