Görəsən bu gözəl kimdir? – Şeirlər

Görəsən bu gözəl kimdir? – Şeirlər
2 fevral 2022
# 19:00

Kulis.az Vaqif Alıyevin şeirlərini təqdim edir.

Yenə bir köhnə yazı...

Sıxaraq mən səni köksümə

sarışın tellərin

ətrini çəkirəm,

mavi gözlərinin dərinliyində

itməyə, batmağa

çalışıram mən.

Saçlarındır sünbül,

gözlərin mavi dəniz

söyləyirəm

yenidən

ətrini çəkmək üçün

ovcuma yığıram tellərini

çəkirəm mən səni

yenidən köksümə sıxım

oyadır məni soyuq hava telləri

sən demə yuxudayammış

çəkdiyim yorğanımmış...

***

Dünya görəsən nəsən?

sualı könlümdə

fikirləşirkən

pəncərəm önündə göründü bir qız


sanki pəncərəm önündə

bu vaxt parladı ulduz.

Nə dünya, nə kainat?

nə fikir , düşüncə?

qəlbimə hakim kəsilən

“görəsən bu gözəl kimdir?” – sualı

bax belə işvəli,

nazlı, duzlu, məzəli

suyuşirin, qaragöz

gözləri mirvari,

dodağı lalə.

telləri ipək

əndamı yaqut -dürdanə

daha nə bilim nələr...

Birdən ayıldım düşüncələrdən

gözlərim dikləndi

düz pəncərəyə

gözümə belibükük

gözüçuxur

qarı göründü.

Qız ötüb getmişdi

pəncərəm önündən

qarı keçirdi.

Əhməd dayı

ustad sənətkar Aşıq Əhməd Rüstəmova

Sənin sözlərinin sehrində qalıb

Söyləyə bilmədim söz, Əhməd dayı.

Zəmanə dəyişib, namərd çoxalıb

Kişilər qalıbdı az, Əhməd dayı.

Türfə gözəlləri saldın bəlaya

Səsin ucalıbdır ərşi-əlaya

Bənzəyirsən sən alınmaz qalaya

Qocalmaz təbin var, ay Əhməd dayı.

Sayıb seçməsisən bizim Şirvanın

Gözəllik olubdur sənin dərmanın

Şakirin ,Eynullanın, Əhlimanın

Qərəzsiz dostusan sən, Əhməd dayı.

Vurğunu olmusan nəğmənin, sazın

Sevimli aşığı gəlinin, qızın

Düşdün qələminə gözəl Yaqutun

İndi də tarixdə qal, Əhməd dayı.

Ömrün səksənində qalmısan məğrur

Yenə də növbəndə gözəllər durur

Turac fərəsi tək boynunu burur

Tapıb deyəmmirsən söz, Əhməd dayı.

Gəlib gedəninin azalıb sayı
Yenədə umursan sən busə payı?

Hər gündə ucalır ömür sarayın

İndi zəmanədən yaz, Əhməd dayı.

Taleh müəllimi min yaşasın, min

Sevimli oğludur o Kürdəmirin

Sənətin, sənətkarın mədəniyyətin

Dostu, dayağıdır o, Əhməd dayı.

Arzumuz budur ki, hələ çox yaşa

Yüzü də şərəflə vurasan başa

Kefin istəyəndə qohum -qardaşa

Qoşasan yaxşıca söz ,Əhməd dayı.

Vaqif gözəllərdən qalıb yanıqlı

Əhməd əmisi də sazdan sınıqlı

İşvəli, ədalı, sözlü, qılıqlı

Gözəlin dərdindən yan, Əhməd dayı.

Dördlüklər

Hay salıb sızlayır içimdə bir səs
İtirmə vaxtını dünyada əbəs
Anlamaz dediyini hər nadan, nakəs
Eşşək yəhər ilə at ola bilməz.

Bac alıb dünyadan köçdü İsgəndər
Talayıb çapdığı kimlərə qaldı?
Tacsız qiymətə minsəydi əgər baş
Buynuzsuz İsgəndər məşhur olardı.

Sultanın cavabın verəndə qarı
Yanında var idi şahın əyanı
Ədalətli olsaydı sultanın özü
Bayquşun yerində bülbül olardı.

Əsiri olsan da nahaqqın, şərin
Son kəlmə axirətdə haqqın olacaq
Buynuzsuz gələrsə cahana əgər
İsgəndər fateh yox, çoban olacaq.

İmkanı olsaydı göygöz kosanın
Həkim babanı da gücdən salardı
Zülmü ərşə dirənəndə Simnar xanın
Cahanda əriməyən daş yaradardı.

# 2434 dəfə oxunub

Müəllifin son yazıları

# # #