Xəyalını qurduğu qızı xərçəng əlindən aldı

Xəyalını qurduğu qızı xərçəng əlindən aldı
1 iyul 2013
# 14:56

Elvir Nizamoğlu

Əmimin cənazəsi həyatımda gördüyüm ilk cənazə idi. Olduqca qəribə gəlmişdi mənə. Qış olmasına baxmayaraq hava o qədər də soyuq deyildi. Gödəkcəmin önü açıq , papaq isə əlimdə idi. Sağ qolumu əmim oğlunun çiyninə atmış ,uzaqdan toplaşan insanlara baxırdım.

Qara geyinməyə vərdiş etmiş camaatımız havanın buludlu ,yerin palçıqlı və sovetdən qalma binaların cansıxıcı solmuş rəngləri arasında daha da qara görünürdü. İnsanların üzündəki kədər, darıxdırıcı səssizlik ,heç kimin görünüşdə ağlamamasına baxmayaraq qulağıma ağlayan qadın səslərinin gəlməsinə səbəb olurdu.

Baxmayaraq ki, ortalıqda heç qadın da görünmürdü. Mən səssiz şəkildə binanın önündə qurulmuş böyük çadıra girib-çıxan insanlara, çadırın içi insanla dolu olsa da, ətrafı bürüyən səssizliyə tamaşa edir , sonra dönüb əmim oğluna baxır və hər şeyi dərk edirmişəm kimi, dərindan nəfəs alırdım. Əslində isə sadəcə tamaşa edirdim. Həqiqi mənada nə baş verdiyini dərk etmirdim. Sadəcə bu mənzərəni izləmək mənə maraqlı gəlirdi.

Yanımda durmuş, mənimlə bərabər eyni səhnələri izləyən əmim oğlunun isə nə düşündüyünü bilmirəm. O məndən də uşaq idi. Atası rəhmətə getmiş ,insanlar cənazəsinə toplaşmış , o isə bu gün mənə tapşırılmışdı. Atasının rəhmətə getdiyini görür, amma nə baş verdiyini anlamırdı. Üzündə saf bir ifadə, gözlərində boş bir baxış var idi. Atanın ölümünün nə olduğunu qavraya bilmirdi.

Bu balaca uşaq səssizliyi mənə verdiyi bu sual ilə pozmuşdu: “Atam öldü?” Qorxduğum sualı eşidəndə duruxmuşdum, yalan cavab vermək istəsəm də, qərarsızlıq içərisində udqunaraq “hə” demişdim. Cavabdan sonra yeni bir sual eşitmək qorxusu ilə səssizcə durmuş, sonra isə bu cansıxıcı anı bitirmək üçün mövzunu dəyişdirərək onu bu fikirlərdən yayındırmağa çalışmışdım.

Söhbət edərək ordan uzaqlaşmış , hardan gəldi əlaqəsiz mövzulardan danışmışdıq. Kefini düzəltməyə cəhd etmirdim, sadəcə nə danışacağımı bilmirdim. Mən də uşaq idim.

O gün axşama qədər əmim oğlumla bərabər vaxt keçirtdik. Heç ağlamadı. Amma illər sonra atasına ehtiyacı olduğu bir gün atasının həyatda olmamasının verdiyi boşluğu doldura bilməyəcəyi bir anda yəqin ki, ağlamışdı...

...Əmim xərçəng xəstəliyindən rəhmətə getmişdi. Xərçəng xəstəliyinin və ölümün necə bir şey olduğunu ilk dəfə əmimdən öyrənmişdim. Əmimi sevə biləcək qədər vaxtı olmadı . Amma əmim oğlunu sevirdim. Elə uşaq vaxtı da çox şirin idi. Əmim xəstə olduğu ərəfədə bircə dəfə evlərinə getmişdim. Əmiuşağı dırmaşırdı atasının başına ki, ata çıxaq gəzməyə, əmim isə belə cavab vermişdi: “Bala, sağalım çıxarıq, azca qaldı sağalmağıma”.

Əmimin gözündə yaşayacağına inam olduğunu görmüşdüm. Bundan əmin idim. Mən isə gözlərimin dolmasının qarşısını ala bilməmişdim . Anidən üzümü çevirib bir iki saniyəyə özümü yığışdırmışdım.

Aradan illər keçdi, əmim oğlu böyüdü, mən universitetə qəbul olub gəldim Ankara şəhərinə, tibb universitetində oxumağa . Xəstəxanamızın onkologiya şöbəsinin qarşısından keçərkən, bəzən dayanıb əlində böyük bir çəngəl tutan güclü bir adam heykəlinə baxırdım. Çəngəllə ona zərər verməyə çalışan xərçəngi öldürürdü . Xəstəxanadakı tək bəyəndiyim heykəl idi. Kaş heykəldəki kimi içəridəki xəstələr də çəngəllərini xərçəngə batırıb öldürə bilərdilər. Adətən isə, bu binadan xoş xəbər eşitmək olmurdu.

Bir dəfə uzmanlıqda olan həkimlərimizdən biri xəbər göndərmişdi ki, onkologiya şöbəsində Azərbaycandan gələn xəstə var, gedib ziyarət etsəz yaxşı olar. Mən bunu sonradan eşitdim və bir neçə gündən sonra iki-üç azərbaycanlı tələbə yoldaşımla həmin xəstənin ziyarətinə getdik. Açığı, bir az narahat idim, çünki nə görəcəyimi bilmirdim. Xərçəng xəstəsi olduğunu bilən xəstələr və yanlarında xərçəng xəstəsi olduğunu bilən yaxınları.

Təbii ki, Tibb Universiteti tələbəsi olduğum üçün xəstəxana mənim üçün yad məkan deyildi. Bəzən xəstəxana içərisində hansısa şöbəni və ya kimisə axtaran insanlar görürdüm. Çox çarəsiz və qorxaq görünürdülər. Özlərinə inamsız, çəkinərək yaxınlaşıb kömək istəyirdilər.

Gözləri ağ xələt geyinmiş hər hansı bir nəfəri axtarırdı. Mən isə xəstəxanada ağ xələtlə gəzərkən özümü çox güclü hiss edirdim. Amma hərdən buraya xəstə kimi gəldikdə vəziyyət dəyişirdi. İnamımı itirirdim, qorxaq və utancaq olurdum, xəstəxananın özünə xas qoxusu, sanki məni daha da “xəstələndirirdi”.

Uşaqlıqdakı xəstəxana qorxum yenidən dirilirdi. Başqa vaxt yüksəkdən baxaraq danışdığım ordakı məmurların, tibb bacılarının qarşısında əyilirdim, nə isə xahiş edirdim. Növbədə önə keçmək haqqım olsa da bunu xəstə ikən etmək çətin gəlirdi. Sıradakı digər xəstələri görəndə onlara qarşı haqsızlıq olduğunu düşünürdüm.

İlk ziyarət etdiyimiz xəstə vəziyyəti ağır olduğundan digərlərindən ayrı şəraitdə, xüsusi palatada yatırdı.

Giriş bir-birinin ardınca iki böyük şüşə qapıdan keçirdi. Şüşələr tünd olduğundan içərini görmək mümkün deyildi. Birinci qapı icazə ilə, ya da xüsusi kodla açılırdı. İkinci qapını açmadan öncə isə verilən önlükləri geyinirdik, maskaları taxırdıq.

Bizi çox gülərüz bir qadın qarşıladı. Bizim azərbaycanlı olduğumuzu biləndə qucaqlayıb öpdü, hal əhval tutdu. Bu qadın içəridə yatan xəstənin həyat yoldaşı idi. Çox enerjili, çox danışan qadın idi. İlk baxışda belə görünürdü . Bir az söhbət etdikdən sonra anladım ki, narahatlığını büruzə verməmək üçün bu qədər danışır və hər şeyin yaxşı olacağına əminliyini sübut etməyə çalışırdı. Əlbəttə ümid var idi . Xərçəng xəstəsi əlli yaşında olardı, ya da bir az çox. Öyrəndik ki, həkimdi, həyat yoldaşı da həkim imiş. Bir az söhbət etdikdən sonra imkanlarının pis olmadığını başa düşdük. Pəri xala tez-tez dərmanın bahalığından gileylənirdi. Xəstəmiz də yaxşı görünürdü. Xeyli söhbət elədik, bizə məsləhətlər verdi, bu tibb mərkəzinin qədrini bilməyimizi tövsiyə etdi. Açığı söhbət maraqlı idi . Otaqdan çıxarkən xəstənin sağalacağına mənim də ümidim artdı .

Qapıdan yenicə çıxırdıq ki, Pəri xala yan palatada başqa azərbaycanlı xəstənin olduğunu dedi .Bu bizim üçün gözlənilməz oldu, onu da ziyarət etməyə qərar verdik. Yan palatada bizi qarşılayan qadın bayaq qapıdan girərkən bizə tərs-tərs baxırdı. Palataya daxil olub iki-üç addım atdıqdan sonra yataqdakı xanımı gördük.

Şəfalar diləyib, hal-əhval tutduq. Bu ərəfədə gözlərimi xəstənin gözlərindən ayıra bilmirdim. Onun kimi gözəl baxan qadın ya az görmüşdüm, ya da gördüyümü, ümumiyyətlə, xatırlamırdım. Həyat dolu gözlərdə elə işıq gördüm ki, anlıq olaraq vuruldum.

İçimdə inanılmaz dərəcədə onun sağalmasını istəyən bir istək, arzu oyandı. Çox şirin danışığı var idi. Bizə “balam” deyə müraciət edirdi. Deyəsən, saçları aldığı müalicədən tökülmüşdü. Ona görə başını bağlamışdı. Halsız görünürdü, amma onunla danışarkən sağalacağına inandım. Bizə Azərbaycandan gətirdikləri paxlava təklif etdilər. Sonra öyrəndim ki, mənə bu qədər cavan görünən xanımın əllidən çox yaşı var imiş.

Ordan ayrıldıqdan sonra mən günlərlə o xanımın sağalmasının xəyalını qururdum. Daha cavan olduğunu xəyal edirdim. Xəyalımda həmişə yanında idim və onunla dostlaşırdıq. Sağaldıqdan sonra daimi dost olurduq və toyunda mikrofondan danışırdım. Bəzən xəyallarımda hətta onunla evlənirdik, amma sırf o son günlərini xoşbəxt keçirtsin deyə...

Bəzən özümü qınayırdım ki, gərək gələcəyin həkimi olaraq belə şeylərdən təsirlənməyim, amma mümkün deyildi. Bir insan ölüm döşəyində ikən necə belə həyat dolu baxa bilirdi. Həyatımda ən çox təsirləndiyim baxışa sahib insanlardan idi. Amma bir daha ziyarətinə getmədim. Dedim ki, gedərəm. Üç gün sonra keçən dəfə birlikdə getdiyim dostlarımdan biri zəng etdi ki, gəl bərabər gedək, mən isə sabah özüm gedəcəyimi dedim.

Amma sabaha qədər yaşamaq ona nəsib olmadı. İçimə bir sıxıntı girdi. Sanki onu mən öldürmüşəmmiş kimi. Son dəfə ziyarətinə getmədiyim üçün özümü günahkar hiss edirdim, sanki getsəydim sağalacaqdı. Bir neçə gün daha xəyalımda onu xatırladım. Amma sonra o da unudularaq yerini başqa xəstələrə buraxdı.

Pəri xala ilə artıq bir az daha səmimi olmuşduq . Otaq da dəyişmişdi. Artıq hərkəsin qaldığı standart otaqlardan biri idi . Xüsusi şüşəli qapı yox idi, önlük də geyinmirdik . Sadəcə maska taxırdıq . Amma xəstəmiz hər keçən gün daha da pisləşirdi . Daha az danışırdı. Tez yorulurdu. Pəri xala danışdı ki, burnundan qan açılıbmış. Trombosit çatışmazlığı var. Sabah bir neçə adam tapıb gətirdim qan verdi. Xeyli uzun çəkən qan vermə prosesində məni də qan verən yoldaşımı da yuxu tutmuşdu. Baxmayaraq ki xəstəmizin vəziyyəti pisləşir Pəri xalanın davranışlarında heç bir şey dəyişmirdi. Gülər üzündən şən ehvalından əl çəkmirdi. Amma artıq narahat olduğunu çox gizlədə bilmirdi . Elə tez-tez xəstəliyin tam nə olduğunu başa düşməyiblər deyib özünü ümidləndirirdi.

Ziyarətə gəldiyimiz üçüncü gündə eşitdik ki, başqa bir Azərbaycanlı xəstə daha var. Bu xəstə də mənə çox təsir elədi . 91ci il təvəllüdlü idi. Əsgərlikdə ikən xəstə olduğu ortaya çıxmışdı. Ona görə də mali cəhətdən bəxti gətirmişdi , əgər belə demək düzgündürsə . Xəstəlik ayağının ağrımasıyla özünü göstərmişdi . Ayağı təxminən bir ildir ara-sıra ağrımasına baxmayaraq həkimə müraciət etməmişdi . Otaqda 6 xəstə yatırdı. Hamısı əsgər idi. Bizim xəstənin düz yanında saçları tökülmüş arıqlamış biri yatırdı. Elə gülərüz üzümə baxırdı. Ona baxanda gülmək tuturdu məni, elə özü də gülürdü . Əsgərlərin içərisində ən şən o idi . Onunla üzbəüz yataqdaki isə danışmırdı. Görünürdü ki çox narahatdır və ölmək istəmir . Bizim gülərüz xəstəmiz isə bir iki həftəyə çıxıb gedəcəyindən , ev yeməkləri üçün darıxdığından danışırdı. O otağa girərkən mənim içim də enerji ile dolurdu . İçərdəkilərlə çox tez səmimi olmuşdum. Zarafatlaşmağa, bir-bir hər biri ilə söhbət edib maraqlanmağa çalışırdım . İçlərindən biri mavi gözlü yaraşıqlı bir oğlan idi. O da əsgər idi. Ama içərdəki digər əsgərlərdən fərqli olaraq o Türkiyənin qərb bölgəsindən idi. Əsgərlikdə testislərində xərçəng olduğu üzə çıxmışdı. Əməliyyat olmuşdu və sağaldığını demişdlər. 3 ay sonra xərçəng yenə aktivləşmişdi. Çox mədəni biri idi. Nə qədər normal danışsa da narahatlığını gizlədə bilmirdi. Dediyi bir söz yadımdadı: “Daha yeni başladım yaşamaya”. Bunu mənə sağalacağına inandığını göstərmək üçün şən tərzdə demişdi. Amma gözləri aldada bilməmişdi.

Bizim xəstəmiz isə sakit təbiətli idi. Beyləqanlı idi. Atası diş həkimi idi. Yaşının məndən az olduğunu düşünəndə dəhşətə gəlirdim . Mən həyatda əlimdə olan şeylərdən şikayət edib daha çoxunu istəyərkən ,o həyatı üçün mübarizə aparırdı. Sakit danışıq üslubuyla etdiyi zarafatlara bəzən dəqiqələrlə gülürdüm . İçərdəykən kefim heç pozulmurdu . Danışdıqca yaşayacağına inamım artırdı. Həkimlər isə heç bir klinikada görmədiyim nəzakəti ve qayğıyı göstərirdilər burda.

Atası ilə tez-tez görüşürdük. Ürəyinin dərdini boşaltmağa çalışırdı, danışarkən qızıl dişləri görünürdü. Rafiq dayı oğlunun buralarda müalicə almasından təəssüflənirdi “Niyə bizdə belə müalicə şəraiti yoxdur ? Bu insanlar nəyə görə gəlib Türkiyədə yaxınlarından uzaqda , öz yeməklərimizə həsrət qəribdə müalicə alırdılar? “. Sonra isə hərşeyin vaxtla düzələcəyinə inamını bildirib bu mövzunu bağlayırdı.

Danışdığı 2 şey heç vaxt yadımdan çıxmır. Biri qızıl dişi ilə bağlı idi ... Bir gün yemək yemək üçün xəstəxananın yaxınlığındakı urfa kababcısına getdik . Ayağına geyindiyi “uzun burun” ayaqqabını nəzərə almasaq idman üslubunda geyindiyini demək olardı. Üşüməmək üçün də dəri gödəkcəsini əyninə geyinmişdi.. Havalar soyuqlaşmağa başlamışdı . Oturduq başladıq yemək yeməyə . Neçə vaxtdır danışarkən fikir verirdim sanki dişlərini gizlədir. Düşünürdüm bəlkə də danışıq tərzi budur . Ama məlum oldu ki məsələ tamamilə başqa cür imiş. Kişi diş həkimi idi. Və Türkiyəyə gəldikdən 1 gün sonra yemək yeyərken bir qızıl dişi düşmüşdü . Və bir diş həkimi olaraq bu vəziyyətindən utanırdı. “Dişimi görərlər deyərlər ki buna bax diş həkimidi heç öz dişini düzəldə bilmir . Mən cəhənnəm Azərbaycan biyabır olacaq “ . Azərbaycanlı diş həkimi ilk dəfə gəldiyi bu ölkədə tanımadığı insanların ona gülməsindən qorxurdu . Oğlunun dərdi bəs deyilmiş kimi bir də xərçəng poliklinikasında ölkəsini təmsil edirdi .

Digəri isə həyatdan gileylənməsi idi . İlk dəfə onda gözləri dolmuşdu . Soyuq havada çıxıb söhbət edirdik .Kişi də siqarət çəkirdi . Artıq dişini gizlətmədiyi vaxtlar idi . “ Həyatım boyu hərkəsə yaxşılıq etməyə çalışdım . Bir çox hallarda imkanı olmayan xəstələrimdən pul almırdım . Hətta elə olub ki taksiyə oturdub özüm yola salırdım . Pulunu da özüm verirdim . Allah haqqı belə olmuşam mən . Axı mən neynədim Allah mənə bu günləri göstərdi . Tek oğlumdu . Neçə gündü həkimlərdən soruşuram ağ ciyərdəki ləkə haqda . Ama hələ heç nə demirlər . Bəlkə də xərçəng ağciyərə keçməyib başqa ləkədi bəlkə . Ola bilər hələ görək nə deyəcəklər , sağalacaq oğlum sağalacaq bilirəm “. Cavan oğlanla söhbətimizin birində “ Heyif oxumadım . Qıza qoşuldum sonra gördüm eh vallah səhv eləmişəm . İndi sağalım söz vermişəm gedib texnikom oxuyacam . Bəlkə universitetə də hazırlaşdım . Görək də . Vallah burda uzanmaq problem deyil ancaq yeməklərini yeyə bilmirəm bunların . Kabab üçün darıxmışam . Bunların kababı yeyiləsi deyil.”

İki üç gündən bir xəstələri ziyarət edirdim . Onkologiya şöbəsinin yanından keçərkən də bəzən 5 10 dəqiqəlik baş çəkirdim qalan iki xəstəmizə . Cavan oğlan eyni görünürdü amma atası gündən günə daha da pis görünməyə başlamışdı . Mən ziyarəti qurtarıb gedərkən Rafiq dayı məni yola salmaq üçün həm də bir siqaret çəkmək üçün mənimlə aşağı düşürdü . Ele o qısa bir iki dəqiqəlik müddətdə danışdıqlarından gündən günə niyə bu qədər çökdüyünü daha yaxsı anlayırdım: “ Burda qaldıqca daha da pisləşəcək oğlum . Hər gün ağlaşma . Gündə biri ölür . İnsanı stresə salır təmiz .Dünən yenə biri öldü .Qoca kişi idi .Nə ağlıyırsız axı . Hirsimdən dəliyə döndüm . Mən də o dəqiqə qapını bağladım ki oğlum yuxudan oyanıb səsi eşitməsin.”

Xala isə gülərüz idi hələ . Sırayla oğulları da gəlmişdi . İlk gördüyüm oğlu ağır tebiətli idi . Atasının xəstə olması ölə biləcəyi haqda düşünürdü . Narahat idi və atasının qayğısına qalırdı. Amma digər oğlu məni təəcübləndirmişdi . Tez-tez burda gözləməkdən sıxıldığını şəhərə gedib gəzmək istədiyini təkrarlayırdı . Atası da dəstəkləyirdi . Saniyəlik bir hadisə Pəri xalayla məni göz-gözə gətirmişdi. Atasının başqa tərəfə baxdığı anda ona dönüb iki söz demişdi “haram olsun” və o anda mən də onunla göz-gözə gəlmişdim və heçnə olmuyubmuş kimi davranmışdım . Bir ailənin dramına şahid olduğumu düşünürdüm.

Cavan oğlanın müalicəsinə , qəbul etdiyi ağır şüalardan sonra 20 gün ara verilirdi . Baxmayaraq ki, həkimlər burada qalmasını məsləhət görürdülər ama ata-oğul ikisi də Azərbaycana gedib qurban bayramını vətəndə keçirtmək istəyirdilər . Diş həkimi son vaxtlar xəyalpərəsət şeylərdən danışırdı “Bir rus həkimi var . Nə isə dərman hazırlayıbmış bizim rayonda bir xərçəng xəstəsini sağaldıbmış . Elə mən də ona aparacam” . Onlar getməmişdən əvvəl sağollaşdıq . Hem Azərbaycan həm Türkiyə nömrələrimi götürdü ki zəng edəcək. 20 gün sonra geri gəlməli idilər . Amma bir daha gəlmədilər . Nə də zəng etdilər . Mən isə bu haqda düşünmədim .Ürəyim də pis olmadı . Öldüyünə inanmaq istəmirdim . O rus həkimi sehirli dərmanından hazırlamışdı və onu sağaltmışdı . Burdaki həkimlər ən azı sol ayağnın kəsiləcəyini(amputasiya ediləcəyini) demişdilər . Amma bəlkə o sehirbaz rus həkimi buna da imkan vermədi . Və o hələ də yaşayır . Texnikomda oxuyur yeni sevgilisi var.Yenə gülür. Dayımız isə öz dişini yerinə taxıb və öz işinə dəvam edir . Yenə xəstələrinə qayğı ilə yaxınlaşır və imkanı olmayan xəstələrinə güzəştə gedir . Artıq Allaha da daha çox inanır . Sevinirəm ki nə baş verdiyini bilmirəm .

Onlar getdikdən sonra onun otağına getmişdim . Gülərüz keçəl oğlan yox idi , onunla üzbəüz yatan küskün əsgər ve mavi gözlü oğlan da yox idi . Otaqda bircə nəfər var idi onu isə tanımırdım . Yanına qoca atası əyləşmişdi . Allahdan şəfa diləyib otaqdan çıxdım . Sanki onlar bu otaqda heç yatmayıbmış kimi öldükdən sonra yerlərini başqa xəstələr doldururdu. Bunda təəccüblü heçnə yox idi . Sanki bu olanlar həyatın bir xəstəxana otağında kiçildilmiş forması idi . Daimi döngü və tarixin təkəbbürü . Gedənlər sadəcə yerlərini gələnlərə buraxırdılar . Təbiət özünü yeniləyirdi. Otaq isə yeni xəstələrlə dolurdu.

Poliklinikada bir xəstəmiz qalmışdı . Xala artıq tək idi . Oğulları Azərbaycana qayıtmışdılar . Xala çox şikayyət edirdi . Onlar da qurban bayramında Azərbaycana getmişdilər . Və xəstəmizin orda araq içib kabab yediyindən şikayətlənirdi . Bunun ona çox təsir etdiyini əgər o yeməkləri yeməsə idi bu vəziyyətə düşməyəcəyini deyirdi. Sadəcə şikayət edəcək nə isə axtarırdı . Həkimləri pisləyirdi .Sonra otağın havasızlığından ,yeməklərin dadsızlığından danışırdı .Mən isə oturub bəlkə də bir saat darıxmadan dinləyirdim . Ara bir çəkinmədən artıq insanlarla ünsiyyət qurma qabiliyyətini itirmiş olan xəstəmizə baxırdım . İllərin həkimi ,atası artıq insanlarla ünsiyyət qura bilmirdi . Danışmırdı , anlaşılmaz sözlər işlədirdi . İnildəyirdi . Bu dəfə otaqdan çıxanda artıq yaşama ümidinin olmadığına əmin idim.

Və bir gün gəldikdə otaqda Pəri xalanı tapa bilmədim . Yerində başqa bir kişi oturmuşdu . Amma qəribəsi o idi ki, xəstə burada idi . Mən həmişə daha tez saatlarda geldiyimdən axşamları xəstələrin yanında baxıcı qaldığını bilmirmişəm . Bir anlıq rahatladım ki hələ hərşey bitməyib. Baxıcıdan xəstənin vəziyyətini soruşdum “Bugün sabah öləcək . Artıq həkimlər əlini üzüblər “ dedi . Xəstəxanaya gələrkən qarınlı, canlı kişinin artıq sümükləri görünürdü .Sonra baxıcı mənə sabah Azərbaycana aparılacağını dedi xəstənin . Bunu gördükdə artıq son dəfə Pəri xalaya zəng etməyə qərar verdim . Səsində ilk dəfə kədəri eşitdim , hətta telefonda ağlayaraq “Görürsənmi oğul nə günə düşüb “ dedi , mən isə “Bəli xala görürəm” dedim . Başqa nə deyəcəkdim ki . “Sabah Bakıya gedək son dəfə qızlarım da görsün atalarını” dedi . “Allah köməyiniz olsun . Yolunuz açıq olsun “ deyib hərşey üçün təşəkkür etdikdən sonra sağollaşdıq . Son dəfə otağa girib baxıcıya təşəkkür etdim . Bəlkə də son gününü yaşayan xəstəyə baxdım . Heç bilmədim nə hiss edim . Nə geridə 7 yaşlı uşaq buraxmışdı ,nə də yüklü miqdarda borc . Həyatda görəcəyi qədər görmüşdü . Gözlərində həyatı tapdığım o qadından , keçəl ərzicanlı kürd əsgərdən, göy göz izmirlidən , qızıl dişiylə Azərbaycanı təmsil edən atadan sonra , bu qoca kişiyə sadəcə baxdım . Artıq ölümü daha soyuq qarşılamağı öyrənməyə başlayırdım. Nə qədər istəsəm də içimdə kədər yox idi, gözlərim dolmamışdı. Gündəlik olaraq işdən qayıdırmışam kimi hiss edirdim... Ürəyimdə sağollaşdım. Ağ xalatımın açmış olduğum düyməsini də ilikləyib otaqdan çıxdım.

Tibb bacılarına “Xeyirli işlər” diləyib, liftə tərəf addımladım və liftin gəlməsini gözlədim. Qapı açılanda xərəkdə uzanmış, olduqca qoca görünən bir xəstə və onu daşıyan tibb bacısına yol verdim. Deyəsən otaqlardan biri də boşalmışdı deyə düşündüm. Anlaşılmaz bir gülümsəmə oldu üzümdə. Birinci mərtəbəyə enib 20-25 metrlik koridoru ağır-ağır yeriyərək keçib bayıra çıxdım.

Onkologiya binasının önündə ağlayan bir qız var idi , əlində də siqaret. Görəsən hansı yaxını xəstə idi, kimin üçün ağlayırdı. Qıza tam baxmağa çəkindim, göz ucuyla süzüb yanından keçərək , pilləkənlərı endim. Nə düşünəcəyimi bilmədən yeriməyə davam etdim. Onsuzda düşünüləsi nə var idi ki. Hər gün ölən insanlar , yerlərinə yeni gələn xəstələr və onlar üçün ağlayanlar.

Onkologiya binası bir az arxada qalmağa başlamışdı ki, dönüb geriyə baxdım . Çox sevdiyim o heykəl yenə orda dururdu: Xərçəngi öldürən adam . Bu heykəl xəstələrin gözlərindəki ümidin rəmzi idi. Ümidin ən çox lazım olduğu vaxtda xərçəngi öldürən adam həmişə orda çox güclü və inamlı görünürdü.

# 2125 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #