İflic əri dodaqlarından hiss etdi xəyanəti

İflic əri dodaqlarından hiss etdi xəyanəti
31 yanvar 2013
# 18:21

Ülviyyə Tahir

Dar ağacı

- Hansısa kitabdan oxumuşdum ki, insanların qarğışı əgər qayıdıb yer kürəsinə tokülsə, insanlar öz murdarlıqlardan özləri məhv olarlar - deyərək qadın başını qaldırıb səmaya baxdı.

- Çox qarğayırsan?- kişi onun əlini ovuclarına alaraq sanki onu gözlərini zillədiyi səmadan ayırıb yanına qaytarmaq istədi.

- Hər gecə əvvəl ona, sonra özümə - deyərək qadın əllərini onun əllərindən çəkərək saçlarını geri daraqladı.

Kişi əllərini qoymağa yer tapmayıb oturduğu daşın ətrafındakı xəzəlləri , quru budaqları ovxalamağa başladı. Qadın isə sanki özü-özünə danışırmış kimi çılğıncasına söyləməyə başladı:

- Əvvəl ona, sonra özümə, ən axırda Allaha qarğayıram. Nə etmişəm ki, çəkirəm. Sən heç bilirsən mən gecələr bir başqa adam, sabahları isə tamam başqa adam oluram. Gecələr mən sənə aşiq çöllərə düşmüş dəli, gündüzlər isə o dəlini içində asan namuslu bir qadın oluram. Bax mən belə hər gecə dirilirəm sabahları - dan yeri ağaranda özümü öldürürəm. İçimdə qurulmuş dar ağacından - vicdan ağacından özümü asıram Hər gecə, hər gecə elə bil vampir oluram. Səhərlər isə insan cildinə qayıdıram. Arabir mənə elə gəlir ki, qurdla qiyamətə qalacam və bu əzab heç bitməyəcək.- Qadın hönkürtü ilə ağladı.

- Sən çox vicdanlısan. Bundan qurtulmalısan. Sən bilirsən ki. mən səni sevirəm. Sən isə qərar verə bilmirsən. Niyə? Niyə insanların danışması bu qədər əhəmiyyətlidir?! Cəhənnəm olsunlar. Bax gör sənə nə danışacam. Bir ananın öz oğluna gözü düşür. Oğluna mətləbi açanda məlum olur ki, oğlunun da bundan xoşu gəlirmiş, lakin oğlu bunun eldən çox ayıb olduğunu deyərək geri çəkilir. Anası isə tədricən hər kəsin alışacağını deyərək oğlunu inandırmağa çalışır. Oğlunu heç cür inandıra bilmədiyini görərək ona bir çarə təklif edir. Ondan bir toyuğun tüklərini yolub bazara aparmasını istəyir. Oğlu bunun nəyə yarayacağını soruşduqda isə “ona et və nəticəni anlayacaqsan” deyir. Nə isə, oğlu toyuğu bazara aparır. Hər kəs təbii olaraq diri toyuğu tüksüz yoluq halda görərək gülməyə başlayır. İlk gün bütün bazar əhli gülür. Oğlu bunu evə gələrək anasına söyləyir. Anası ikinci gün yenə bunu etməsini istəyir. İkinci gün yenə bu hadisə təkrarlananda artıq bazarda öncəki gün qədər insan gülmür. Beləcə oğlan bu işi bir həftə dayanmadan təkrarlayır. Nəhayət, yeddinci gün toyuq və oğlan tərəfə baxan heç kəs tapılmır. Beləcə ana bala evlənirlər. Sən yəqin mənim nə dediyimi anladın.

- İyrənc söhbətdi Amma məsələ təkcə camaat deyil ki... dərdim bircə bu olsaydı tüpürərdim onlara. Yox! Yox! Onun gözləri.......

- Onu sən iflic etməmisən ki?! Allah edib də. Onun hesabını biz niyə ödəməliyik?! - kişi hirslə siqaret yandırdı.

- O mənim ərimdi. Onu mən də vursam yəqin öləcək.

- Elə yaşamaqdansa....- kişi cümlənin sonunu demədən susdu.

- Keçən dəfə yenə səhər-səhər özümə yenicə gəlmişdim ki, onun həyat eşqi ilə çırpınan gözlərinin dodaqlarıma dikildiyini gördüm. O, bilir. Hər şeyi bilir. O, mənim dodaqlarımda sənin izlərini gördü. - qadın yenə də doluxsundu.

- Axmaqlama necə ola bilər ki bu - kişi siqaretini yerə ataraq ayağı ilə əzdi və yenə qadının əllərini tutmağa cəhd etdi. Qadın isə dişi canavar kimi dişlərini qıcıyaraq

- Sən belə şeyləri bilməzsən-dedi və onu itələyərək qaranlığa qarışdı. Zülmətin içində gözəyarı ayırd edə bildiyi cığıra düşüb sürətlə getməyə başladı. İçinə dolan nifrəti, ehtirası göz yaşlarında boğaraq için-için ağladı. Ətrafını saran zülmət ən qatı şəkildə içinə çökmüşdü. Addımlarını yavaşıdaraq içəri keçdi. Pillələri səssiz dolanaraq çardağa çıxdı. Orada artıq neçə aylardır sallanan kəndirin altına çökdü. Ürəyi qulaqlarında, ovuclarında sanki bütün bədəninə səpələnərək döyünürdü. İçindəki zülmətdən qurtulmağın yeganə yolu olan kəndiri yenicə doğan ayın zəif işığında yenə diqqətlə süzdü. Bir anlıq yox olmaq keçdi içindən. Özünü unudaraq ”Niyə özünü öldürəcəkdi ki?! Gunah etməmək üçünmü yoxsa ... Axı deyirlər intihar edənlərin ruhu həbs olar, cənnət onlara haram olar. Bəs bu dünya? Bax, budur cənnətim bir addımlığımda və mən heç nə edə bilmirəm. Boynumda ərli qadın zənciri, sinəmdə döyünən vicdan adlı bir səs özüməmi məğlub oluram, yoxsa içimdəki şeytana? Mən şeytan olandan sonra ona nə ehtiyacım var ki?!.. Görəsən doğurdan cənnət var ? Bəs Allah?......Hanı bəs o? Allah niyə gəlib bəndəsini qurtarmır?! “ – içindəki qarmaqarışıq düşüncələrlə əlini kəndirə atdı.

Lakin aşağıdan gələn səs sanki onu naməlum bir aləmdən özünə döndərdi. Oğlu idi. Yenə yuxuda sayıqlayırdı. Az sonra sayıqlaması ağlamağa keçdi. Bu səs qəti bir əmr kimi onu bir anda çardaqdan otağa sürüklədi. Ərinin çarpayısının yanından ötərək oğlunun yatağına doğru əyildi. Onun yanaqlarını oxşayaraq sakitləşdirməyə çalışdı. Az sonra oğlunun mışıltısı dünyanın ən gözəl musiqisi kimi onun qulaqlarına sığal çəkdi. Ayağa qalxıb geri dönəndə o məşum parlaq gözləri gördü. Ərinin gözləri yenə rentgen şüaları kimi içinə işlədi.

Sanki dünyanın bütün dərdləri, sualları hamısı o gözlərə toplanmışdı. Gecə ilə gündüzün fərqi yox idi bu gözlər üçün. O gözlər həbs olunduğu cəsəddən qurtulmaq ümidi ilə, atəşi ilə ona baxırdı. Bəzən sükutun dili daha acıdır. Yenə üç il ərzində bu evdə hakim olan sükut onun üstünə qılınc çəkdi. Ürəyi necə sıxıldısa, sanki iki ayaq da borc alıb otaqdan qaçdı. Evdən uzaqlaşdıqca o parıltılı gözlərin onun dalınca düşüb gəldiyini sanaraq addımlarını daha da sürətləndirdi.

Düz bağacan qaçdı. Budur o, yenə ordadı. Həmin daşın yanında. Barmaqlarının arasında közərən siqaret olmasaydı qadın onu artıq həmin daşın bir parçasına çevrildiyini zənn edərdi. Qadın ona tərəf irəlilədikcə paltarlarını çıxarmağa başladı. Üç il ərzində zorla öpə bildiyi bu qadının indi çılpaq halda onun yanına gəldiyini görəndə kişi əlindəki siqaretin quru xəzəllərin arasına saldığının belə fərqinə varmadı.

O gecə qadın vicdanını əynindəki paltarlar kimi bağın harasınsa vızıldatdı.

O gecə qadın gözlərini yumaraq düşüncələrini bu yolla qaranlığa qərq etdi.

O gecə cisminin intiharından vaz keçərək vicdanına hökm çıxardı.

O gecə zənn etdiyi cənnət umduğu kimi çıxmadı.

O gecə oğlunun yenidən ağlayaraq çarpayıdan yıxıldığını görməyəcək qədər uzaq oldu özündən.

O gecə...

O gecə payız xəzəllərinin qucaq-qucağa yatdığı bağ alovlanıb yandı. Üç illik atəşindən bir nəfəsdə qurtulan qadın isə dan ulduzu doğanda özünü əvvəl vicdan məhkəməsində sorğuladı, sonra isə çardaqdakı kəndirdən asdı.

# 3123 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #