Adaxlı qız atasının şoferi ilə qaçanda

Adaxlı qız atasının şoferi ilə qaçanda
2 may 2013
# 17:08

Sona Yaqubova

Dayıcanımın eynəyi

– Burnundan gəlsin. Elə ayda 200 manat tək “fransuzki” manikürünə verirdi Azər. Altında 80 minlik maşını, evində iki qulluqçusu, ildə azı 4 dəfə gedirdi xaricə - istirahətə. Allah ağız vermədi. Oturub yeyə bilmədi bu var-dövləti. Getsin. Onu Azər kimi saxlayan oğlan tapsa it olub ulayaram Bakının küçələrində. O günü dayına deyirəm elə. İti-qurdu gətirib zorla arvad eləyincə, özümüzünkünü alaq də.

Allah adamın gözünü bağlayır elə bil. Kukla kimi qızsan. Gözümüzün qabağında böyümüsən. Elə uşaqlıqdan səni çox istəyirik. Onu da görüm boynu sınsın. Səni belə bir uşaqla yarımçıq qoyub getdi. Narahat olub eləmə. Azər uşağına da elə atalıq edəcək ki, hər dərdinizi unudacaqsınız.

Yaşından hardasa 10 il cavan görünən dayıcanımın üz cizgilərinə heyran olmamaq mümkün deyildi. Çox incə görünən burnu, əhvalından asılı olmayaraq hər zaman üzünə xüsusi ifadə verən təbəssümmü… Bütün bu gözəlliyi uzunsov, qəhvəyi, ensiz çərçivəli eynəyi tamamlayırdı.

Bir də bu harmoniyanı darmadağın edən xoşagəlməz səs ahəngi olmasaydı kaş! Səsindəki qəribə cığıltıya dözmək olsa da anlaşılmayacaq qədər tez-tez danışırdı. Bir anda fikirləşdim ki, direktor işlədiyi məktəbdəki müəllimlər bunu anlayınca nə çəkirlər?!

Dayıcanım ara vermədən danışırdı. Mənimsə fikrim ilişib qalmışdı “Allah adamın gözünü bağlayır elə bil...” cümləsində. O cümlə alıb aparmışdı məni düz 4 il əvvələ.

Kirayədə qaldığımız evin sahibi qiyməti qaldırmaq istəyirdi. Bizimsə imkanımız 80 manatdan artığına çatmırdı. Ev sahibi gündə üç dəfə zəng edib evi tezliklə boşaltmağımızı tələb edirdi. Bu problemdən sonra onsuz da it-pişik kimi yola getdiyimiz evdə əsəblərimiz tamamilə tarıma çəkilmişdi. Bir tərəfdən ev sahibi sıxışdırırdı, bir tərəfdən büdcəmizə uyğun qiymətə yeni kirayə ev tapa bilmirdik. Mənsə ərimə yeganə çıxış yolunun onun ailəsinin yanına yerləşmək olduğunu deyib durmuşdum.

Deyirdim:

- Get atanla danış, 8 otaqları var, birini versinlər biz qalaq, həyətdən də ikicə sot torpaq versinlər bir babat daxma tikib köçərik ora.

Ailəsinin yox cavabını bəri başdan bildiyi üçün demək istəmirdi.

Mənsə təkidlə davam edirdim:

- Get istə, tələb elə, bu bizim haqqımızdır. Küçədə qalacaq deyilik ki?!

Nəticədə qaynanamgilin bizə bu ögey münasibətinin hirsi, bütün bu problemlərimizin yaratdığı gərginlik şillə-yumruq şəklində mənim başımda partlayırdı.

O günü ev sahibi telefonda söyüb biabır elədi məni. Dəstəyi təzəcə yerə qoymuşdum ki, qapı döyüldü. Əsəbdən əllərim əsə-əsə qapını açdım. Nahara gələn ərimi qapıda görəndə güllə kimi açıldım. Bayaqdan yediyim bütün söyüşləri qusdum üstünə.

Deyinə-deyinə mətbəxə keçirdim ki, arxadan başıma dəyən yumruqdan yerə yıxıldım. Yox, bu dəfə sadəcə şillə-yumruqla kifayətlənmədik. Saçlarımdan tutub sürüyə-sürüyə mətbəxin pəncərəsinin küncünə sıxışdırıb orda döyürdü. Qəfil yumruqların durduğunu duyub gözümü açdım. Yalnız o an alnımdan üzümə axan qanın istiliyini hiss edəndə əlindəki bıçağın fərqinə vardım. Ceyhun bıçağı kənara atıb var gücüylə qucaqladı məni. Heç bir ağrı hiss eləmirdim.

Mətbəxin yarı açıq pəncərəsindən gələn hava birbaşa iliklərimə işləyib məni üşüdürdü. Boynumu qucaqlayıb hönkür-hönkür ağlayan ərimin qolları arasından görünən bir topa ağ-appaq bulud məni özünə çəkirdi. Beləcə tam ortasına girdiyim buludun içində sürətlə uçmağa başlamışdım. Çarəsiz bir yalvarışla “Allahım, qurban olum sənə, komək ol bizə” deyərək ağlayan ərimin səsi get-gedə uzaqlaşırdı..

Sonrasını xatırlamıram. Özümə gələndə anam oturmuşdu başımın üstündə. Ərimsə o biri otaqda yemək yeyirdi. Sən demə məni al-qan içində görən ərim qorxudan təcili yardım çağıra bilməyib. Evdə əlinə keçən, ağlına gələn nə varsa töküb başıma bağlayıb. Yod, bal... birtəhər qanımı kəsəndən sonra zəng edib anamı çağırıb.

Gözlərimi yorğun-yorğun açıb başımın üstündə inkir-minkir yerinə anamı görüncə ölməməyin peşmançılığı ilə yenidən qapadım.
İki gün sonra idi. Anamı Bakıya qardaşı oğlu Azərin nişanına çağırmışdılar. Ərimdən məni də özü ilə aparması üçün icazə istədi.

- Sən allah, qoy bunu da aparım, bir az dincəlsin, özünə gəlsin. Sən də tək qal, sakitləş. İkinizin də buna ehtiyacı var məncə. Bir az dincəlin. Sonrası Allaha təvəkkül.

Uşaqlıqdan anam daxil, ətrafımdakı bütün adamlardan həmişə bu iki sözü eşitdim: “Allaha təvəkkül”, “Qismət”… Bu iki söz bizim insanların həyat deviziydi sanki.

Anam Bakıya getməyim üçün ərimdən bir təhər razılıq ala bildi. Bakı aeroportunda anamı qarşılamaq üçün gələn dayım məni də anamın yanında görüb təəccübləndi.

- Sən nə əcəb? Ceyhun da gəlib?

Anam dedi:

- Yox əşi, bir az problemləri vardı. Dedim bu gəlsin eyni açılsın,

Ceyhun da sakitləşsin bir az.

Dayım:

- Yenə nə oldu? Bunların problemləri qurtarmadı dəə…

Üzünü mənə tutdu:

- A bala, dilini bir az qısa elə də. Bu 5 ildə niyə dil tapa bilmədiz siz?! Hamısı sənin günahındı. Elə bircə sevməyib gedən sənsən? Hamının qızı getdi, gedəndən sonra sevə bildi ərini. Bircə sən buynuz çıxardın.

Yol boyu belə danlanma janrında keçən söhbətimiz evdə də gün boyu davam elədi. Taa ki, axşam Azər işdən gələnə kimi.

Azərlə uşaqlıqdan sözümüz düz gəlmirdi. Uşaq vaxtı hər yay tətilində kəndə gələn dayı uşaqlarımdan ən çox Azərlə savaşardıq.

Həmişə deyərdi:

- Mənim alacağım qızın maşını mənim maşınımdan bahalı olmalıdır.

Yemək üçün keçdiyimiz masa arxasındakı mövzu təbii ki, yeni qohumluq əlaqələri idi.

Söhbət əsnasında məlum oldu ki, Azərin arzuları reallaşa bilib. Qızın nəinki maşını Azərinkindən bahalıdı, ailəsi istər vəzifədə, istər madiyyatda, istərsə də nüfuzda həmişə vəzifədə işləyən, maddi imkanları kifayət qədər yaxşı olan dayımgildən iki pillə yuxarıdırlar.


Təqribən gələcək planlar və xoşbəxt həyat üzərində gedən söhbətlər gecə yarısına kimi çəkdi. Kifayət qədər yorğun olduğum üçün üzr istəyərək xoşbəxtlikdən göylərdə uçan Azərə bir daha təbriklərimi bildirib yatmağa getdim.

Növbəti gün artıq nişan hazırlıqları gedirdi evdə. Xonçalar üçün aldıqları səbətlərin birinin 100-150 manat olduğunu eşidəndə gözlərim kəlləmə çıxmışdı. Dayıcanımın rəfiqələri, onların qızları xonça tabaqlarını bağlayırdılar. Yanlarında otursam da üstlərindəki qızıl-brilyantların parıltısında itdiyim kimi söhbətlərindəki dünyaya da yabançı və uzaqdım. Dayıcanım içəri girəndə mənim də xonça bağladığımı görüncə üz ifadəsi dəyişdi. Otaqdan çıxanda himcimlə qızlardan birini çağırdı. Bir azdan qız qayıtmışdı. Hiss etdim ki, dayıcanım da, qızlar da mənim xonçalara toxunmağımı istəmirlər.

Adamlar arasında belə bir inancın olmasını uşaqlıqdan bilirdim. Xeyir işlərdə evdə qalmış qızlar, boşanmış, uşağı olmayan, bir şəkildə taleyi gətirməyən qız, gəlinlər belə məclislərdən uzaq tutulurdu. Qonşumuz İsmət xalanın qızını boşamışdılar. Məhəllədəki arvadlar onu hey danlayırdılar:

- Qızın gəlin köçəndə dedik ki, qoyma qaşını Firuzə alsın. Onun özünün bəxti gətirmişdi ki, bəzədiyi gəlin də yarıyaydı?!

Düzdü, mən hələ boşanmamışdım. Amma evliliyin ən dəhşətli, ən həssas nöqtəsinə gəlib çıxmışdıq. Sirat körpüsünə bənzər bir nöqtəydi o an üstündə ləngər vurduğumuz yer. Amma bu körpü siratdan fərqli olaraq cənnətlə cəhənnəm arasında deyil, iki cəhənnəm arasında yerləşirdi.

Zatən başından bəri həyatı bir-birimizə cəhənnəm eləmişdik. Min bir ehtiyac, qayğı içində keçən 5 ilimizi, kasıb evimizi, göz yaşı və nifrətlə dolu yatağımızı paylaşmışdıq sadəcə. Döyülməmək üçün qorxudan yalnız bunları vermişdim ona. Heç cür könül verib ürək qızdıra bilməmişdim. Belə bir həyata məcbur, məhkum edildiyim üçün canım yanırdı. Səbəbkarsa o özü idi. Buna görə hər fürsətdə sevmədiyimi hiss etdirib onun da canını yandırmaq istəyirdim. Döyülüb əziləcəyimi bilsəm də!

Evliliyimizi üzüb-üzüb quyruğuna çatmışdıq. Artıq özümü bu cəhənnəm əzabına daha artıq məcbur edə bilmirdim. İki seçim imkanım vardı. Ya bir yerdə qalıb çürüməyə davam etməli, ya da ayrılmalı idim. Onu da bilirdim ki, bu seçimlərdə elə də böyük fərq olmayacaq. İndi bir nəfər döyür, əzir məni. Ayrıldıqdan sonra isə öz ailəmdən başlayaraq qohum-qardaş, qonşular, bir sözlə bütün cəmiyyət öz basqısıyla, tənəsiylə, qınağıyla döyəcək, boğacaq . Beləcə həyatımda yeni bir cəhənnəm səhifəsi açılacaq.

Yox, əgər bütün eqomu zorlayıb həyatımı öz istədiyim kimi, öz doğrularımla yaşamağa başlasam, gərək ətrafımdakı bütün insanların baxışlarını, düşüncələrini göz ardı edəm, onları yox sayam. Bu isə onları gözümdə öldürməkdi. Adam qatili olmaq üçün gərək əvvəlcə içindəki insan sevgisini öldürəsən. Sevgi isə heç vaxt ölmür. Sadəcə başqa hisslərə dönə bilir. Ən çox da nifrətə!

Hə, deməli bu zaman da özüm özümə həyatı zindan edəcəm. Nifrətimlə məhv edəcəm özümü.

Bəlkə də ən doğrusu elə dədə-baba qaydasıyla “qismət..” deyib “Allaha təvəkkül”lə davam eləməkdi?! Belə bir cəmiyyətdə “alın yazınla” barışıb, payına düşəni yaşamaqdan başqa yol yoxdu deyəsən.

Bədbəxtçiliyimi sifətimə sillə kimi vuran qadınların arasından qalxıb yavaşca otaqdan çıxdım. Əslində evdən də getmək istədim. Amma anamın qanını qaraltmamaq xətrinə dözməyi qərara aldım. Sadəcə xəstə olduğumu bəhanə edib nişana getmədim.

Nişandan sonra yaxın qohumlarla ailə dostları evə gəlmişdilər. Hər kəs təəssüratlarını bölüşdükdən sonra keçdilər toy planlarına.

Toyun hansı şadlıq evində olması, hansı sayılıb-seçilmiş adamların dəvət edilməsi və s. nəhayət gəlib çıxdılar toya çağırılacaq müğənnilərə…

Hər ağızdan bir avaz gəlsə də anladım ki, toyun bütün mahiyyəti prestij üzərində qurulub. Dayım oturduğu kresloda yuxulaya-yuxulaya dedi:

– Məndən olsa deyərəm Mənsum İbrahimovla, Teymur Əmrah gəlsin.

Yerdən uşaqlar gülüşdülər. Azər qayıtdı ki, papa, Teymur Əmrahı
axıra salaq onda, yaxşıca yatırdır adamları…

Oturanlardan kimsə dedi:

– Nadir Qafarzadə yaxşı aparır toyu, amma Faiq Ağayev ondan
prestijlidi.

Başaqa biri qayıtdı ki:

– Prestijli olar dəəə… Aralarında 8 min fərq var. Onlardansa
Manananı gətirək. O günü filan nazirin də qızının toyunu o oxuyub.

Daycanım dedi:

– Onları özünüz bilin. Mən Zülfiyyəni mütləq gətirəcəm. Xoşum gəlirondan. Almaz da məktəbdə uşağımın valideynidi. Özü xahiş edib ki, uşaqların toyunda məni də çağır. Bir də Fatimə iki-üç rəqs edər. Canıyanmış qəşəng oynayır.

Ağızlarından çıxan qiymətlər məni dəhşətə gətirmişdi: 8 min, 16 min, 6 min, 10 min... Oz-özümə fikirləşirdim ki, hardasa 4-5 müğənnini gətirsələr 40-50 min manat pul edir. Nə olar müğənninin birini əskik gətirib, o pulu verələr bizə. Torpaq da alarıq, ev də tikərik. Beləcə evsizlik dərdimiz olmaz heç olmasa. Bu xam xəyallarımdan Azərin səsi ayırdı məni:

– Sən də bir dillən də. Səncə hansı müğənni yaxşıdı?

– Məni boş verin. Bir halda ki, hər şeyin ən prestijinə qaçırsız, İlhamə Quliyevanın titulları hamısınınkından çoxdur. Ozü də deyir ki, mən bir nömrəyəm.

Mənim bu böyüklükdə ciddiyyətimi zarafat zənn edib gülüşdülər.

Axırda belə qərara gəldilər ki, Azər qızdan maraqlansın, görsün onlar öz toylarına kimləri gətirəcəklər. Bilib onlara uyğun müğənnilər seçsinlər.

O prestijli toydan 4 il ötüb. İndi çox şey dəyişib. Mən artıq altında böyüdüyüm “Qismət...”, ”Allaha təvəkkül...” inanclarının yeganə həqiqət olmadığını anlamış, ata-anamın, qohum-qardaşın allahın adından “alnıma yazdığı taleyə” qarşı çıxıb ərimdən ayrılmışam. Həyatımı min illik adətlərin əlindən alıb öz istədiyim, öz bacardığım kimi yaşayıram.

Azərinsə arvadı atasının bir zamanlar sevdiyi sürücüsünə qoşulub qaçıb. Ailəsi “ikinci sinif” adam hesab etdiyi üçün qızı ona deyil zorla dayım oğlu Azərə veriblərmiş. Bir müddət gizli-gizli görüşdükdən sonra onlar da aralarındakı sevginin sonsuzluğuna əmin olub “alın yazılarına” üsyan etmişdilər.

Azər yaşadıqlarından sonra keçirdiyi stersi üzərindən atmaq üçün məzuniyyət götürüb kəndə gəlmişdi. Bir neçə gün mənim qonağım oldu. Ürəyi yaman doluydu. Xeyli danışıb dərdləşdik. Onu anladığımı gördükcə daha çox rahatlayırdı. Dediyinə görə bu dəfə alacağı qızın maşını nəinki bununkundan bahalı olmamalı, ümumiyyətlə maşını olmamalıdır.

Deyirdi:

– Nə olur olsun, təki məndən əvvəl sevgilisi filan olmasın!

Belə danışdıqca ürəyim yanırdı ona. Artıq düşüncələrinin dəyişdiyinə inanardım bəlkə də. Amma biləndə ki, bütün bu yaşananlardan sonra hələ də qızın xalasının yanında işləməyə davam edir, fikirləşdim ki, bunlar yaşadığı hər şeyi haqq edirlər.
Azərin gedişindən bir həftə sonra budur, dayıcanım mənə elçi gəlib.

Artıq gözlərinin açıldığını deyir.

Söhbət elə qızışıb ki, bayaqdan bəri masada soyuyan çayının fərqində deyil. “Balamın dərdi” dedikcə eynəyinin arxasından gözlərinin dolduğunu hiss edirəm. Əlimi uzadıb masadakı salfetdən ikisini götürüb birini ona uzadıram. O biriylə də öz eynəyimin şüşəsini silə-silə soruşuram:

– Neçə nömrədi?

Təəccüblə deyir:

– Nə?

Eynəyinizin şüşəsi.

– Plyus 3,75

– Mənimki də 6,5-dir...

Bir şey anlamır təbii ki. Davam edirəm:

– Dayıcanı, baxın, bizim eynəklərimiz kimi həyata baxışımız da fərqlidir!

Deyirəm və soyumuş çayları götürüb mətbəxə keçirəm.

# 2722 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #