Toppuş ola bilməsəm də müəllim oldum

Toppuş ola bilməsəm də müəllim oldum
18 dekabr 2012
# 10:02

Yadımdadır, 6 yaşım vardı, birinci sinfə gedirdim, müəlliməm bəstəboy, dolubədənli xanım idi. Yox, elə də mehriban müəllimə deyildi, yəni yaddaşımda elə də yaxşı xatirələrlə qalmayıb. Hətta bir dəfə əlimin üstündən xətkeşlə də vurmuşdu və mən bunu heç vaxt unutmadım. Bəlkə də elə o səbəbdən şagirdlərimlə mehriban, səmimi olmağa çalışıram həmişə.

Çünki dəqiq bilirəm ki, əslində uşaqların yaddaşı təsəvvür etdiyimizdən daha güclüdür. Bir müəllim adi bir jestlə elə bir hərəkət etmiş olar ki, şagirdi onu ömürboyu pis xatirələrlə yaşadar yaddaşında, hətta bəlkə nifrət də edər müəlliminə. Bəli, məhz müəllim kim şagirdlərimin yaddaşında yaxşı insan və əla müəllim olaraq qalmaq istəyirəm. Sonradan əsil yaşımda, yəni yeddi yaşımda yenidən başqa məktəbdə birinci sinifə getməli oldum. Çünki altı yaşımda təhsil aldığım məktəb və müəlliməmin dərs metodu anamı qane etməmişdi. Sonralar düz on il eyni məktəbdə, eyni sinifdə oxudum.

Mən həmin məktəbdə mənə dərs deyən ilk müəlliməmi indi də sevə-sevə xatırlayıram, Ofeliya müəllimə! Amma bir dəfə də olsun gedib onu xüsusi olaraq yoluxmadım və bilirəm ki heç başqa sinif yoldaşlarım da bunu etməyiblər. Amma indi düşünəndə öz şagirdlərim də nə zamansa mənə qarşı belə etinasız olacaqlar və bəlkə də məni heç zaman yada salmayacaqlar, bax, o zaman ürəyim sıxılır. Bəlkə də qeyri-səmimi səslənər, amma mən düz altı yaşında indi də adını xatırlamadığım, məhz o dolubədənli, toppuş müəlliməyə baxıb müəllim olmaq istəmişdim, hətta elə bilirdim ki bütün müəllimlər toppuş olurlar. Sonralar sinifdən sinfə keçdikcə bir çox sənətlərə “gözüm düşürdü”. Gah rejissor olmaq istəyirdim, gah da hüquqşünas.

Amma mən sonda toppuş olmasam da, müəllim oldum! Bəli, məhz müəllim! Mən bu sənəti çox sevdim, uşaq aləmini, şagirdləri çox sevdim. Bəzən uşaqlarla danışanda onların zəkasına, dünyagörüşünə heyran qalıram, onların dünyasında təmizlənir insan, uşaqlaşır, saflaşır. Bu duyğuları təbii ki, ancaq müəllim anlaya bilər. Bu yazını yazmaqda əsas məqsədim olub-keçənləri sizə anlatmaq deyil, son zamanlar müəllim adının yersiz olaraq gərəksiz insanlara xitab olunmasıdı. Və sonda dözməyib bu yazını yazmağa məcbur oldum. Dilimizdə bu qədər dəyərli, bu qədər zəngin müraciət formaları var ikən niyə məhz hər kəs “müəllim” olmaq istəyir? Bu o qədər asandımı sızcə?

Heç bir təhsil görməmiş, saiti samitə qarışdıran, doğru-düzgün azərbaycan dilində danışa bilməyən, ədəbi dildən ümumiyyətlə xəbəri olmayan adamlara belə “müəllim” deyə müraciət olunur bəzən. Yetər artıq, onsuz da aldığı cüzi əməkhaqqı ilə, qeyri-düzgün qurulmuş təhsil sistemi ilə yetəri qədər aşağılanıb Azərbaycan müəllimləri, heç olmasa adlarına sahib çıxmayın. Bu adla yalnız ziyalılara və bu adı layiqincə daşıya bilən insanlara müraciət etsək olmazmı? Qardaş deyin, əfəndim deyin, əmi deyin, dayı deyin, lap istəsəz bəy (zatən bu müraciət də hər kişiyə yaraşmır) deyin, amma müəllim adını uyğun oldu olmadı hər kəsin adına “calaq etməyin”, lütfən!!! Müəllimləri bu qədər xor görməyin, nə olar! Axı sizləri Siz edən də onlar olub!!!

# 3346 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #