“Bizim Şuşa” deyəndə də utanıram

“Bizim Şuşa” deyəndə də utanıram
8 may 2014
# 15:04

Xəqani Səfərov

İstəyir ki, salam desin Azərbaycan əsgərinə,

Müjdə versin dörd tərəfə,

Qələbəni müjdələsin,

“Əhsən!” desin,

Azərbaycan əsgərinə

bizim gözəl Şuşamız!!!

8 May!

Bu tarix təqvimə qara rənglə həkk edilib.

Azərbaycan tarixində böyük itki.

Sağalmaz yara.

Alınmaz qala

Şuşanın alınması tarixidir bu tarix.
Şuşa.

Bu Şuşa bizim Şuşadır.

Bu torpaq bizim torpaqdır.

Bizim, yəni hamımızın.

Hamımızın dərdidir bu.

Bəlkə elə ona görə hamımız bu dərdi çəkməliyik.

Hər dəfə 8 may gələndə utanmalıyıq özümüzdən.

Tarixdəki 8 maydan.

Ona görə ki, qəriblikdə olan Şuşa,

bizim Şuşa,

bizi axtarır,

səsləyir bizi.

Bizim körpələrin səslərini eşitmək istəyir.

Bizim əkməyimizi istəyir öz torpağını,

bizim sevməyimizi istəyir öz dağını, öz daşını.

Bezib Şuşa,

səssizlikdən bezib Şuşa.

İstəyir ki, tufan qopsun,

mərmilərdən leysan olsun

ətəyində.

Topların gurultusuna,

tankların xırıltısına,

Azərbaycan əsgərinin “İrəliyə!” səsinə

həsrət qalıb Şuşa.

İstəyir ki, salam desin Azərbaycan əsgərinə.

Müjdə versin dörd tərəfə.

Qələbəni müjdələsin.

“Əhsən!” desin Azərbaycan əsgərinə.

Yəni bizim əsgərlərə.

Çünki bizim Şuşadır o.

Orda olan Cıdır düzü bizim düzdür.

Torpağında bitən güllər bizimkidir.

Ovuclasan torpağını

yerə töksən

əlindəki qalan torpaq qalıqları bizimkidir.

Ətəyindən axan bulaq bizimkidir.

Göylərindən yağan yağış bizimkidir...

Budur yenə, xain tarix!

Dövr elədi, gəldi çatdı 8 maya.

Şuşanın bizsizliyi,

biz vurubdur ürəyimə.

Utanıram mən özümdən.

Qorxağam mən?!

Axı gəl-gəl deyir 22ildir

həbsdəki bizim Şuşa.

Qulağımı bağlayıram eşitməyim o səsləri.

Gözlərimi yumuram ki, görməyəm mən o anları

anaların fəryadını,

oxumuram tariximi.

Utanıram kitabdakı o cümlədən,

o tarixdən,

8 maydan...

8 mayda otururam öz evimdə,

çıxmayıram mən şəhərə.

Utanıram üzərində şəkil olan

Reklam olan lövhəsindən,

utanıram parkda gəzən bu bixəbər millətimdən.

Utanıram musiqini “Şuşa” adlı kafelərdə eşidəndə.

Utanıram özümüzdən.

“Bizim Şuşa” deyəndə də utanıram

həm Şuşadan,

həm də onun önündəki “biz” sözündən.

Bizdə olmayana “bizim” deyib toxdadırıq özümüzü.

Bu yolla da, keçiririk 8 mayda günümüzü.

8 mayla günümüzü.

Xatırlamaq istəmirik biz bu günü.

Məhz bu gündə bağlayırıq qulağımızı,

eşitməyək biz Şuşanın “gəl” səsini.

Amma vicdan!

Vicdan öz nəğməsini çalır bizə həzin-həzin.

Layla deyir könlümüzə - Qorxmazlığın laylasını.

Qulağımız duymasa da

vicdan duyur Şuşamızın “gəl” səsini.

İstəyirəm od qalayım.

Gəlsin bura görən odun tüstüsünü.

Onlarla verəm əl-ələ.

Sipər olaq,

birlik quraq.

Eşitdirək mərmilərin səsini Şuşamıza.

“Salam” desin bizə Şuşa.

Qələbəni müjdələyək.

Qırmızı rəngdə yazaq 8 mayı təqvimə biz.

Sevinək gələndə bu gün.

Qələbə günü olsun bizə.

Utanmayaq 8 maydan,

utanmayaq özümüzdən...

İstəyirəm ki, “çıx!” deyək erməniyə.

Qovaq onu Şuşamızdan.

Elə qovaq, qaçanda da özü ilə aparmasın bir daşı da,

Ayaqları altındakı quru tozu, torpağı da.

Havanı da aparmasın.

Udmasın heç Şuşamızın havasını...

Bunlar mənim istəyimdir,

arzumdur ki, belə olsun.

Gücüm çatmır mənim arzum reallaşsın.

Dostum çatmır mənim arzum reallaşsın.

Necə deyim parkdakı camaata mənim dostum,

necə deyim kafelərin sahibinə mənim dostum…?


Nə olaydı,

8 mayda hər yerdə olaydı Şuşa.

Təkcə bu gün lövhələri

Şuşadakı məscidlərin, qalaların şəkilləri bəzəyəydi.

Nə olaydı, dost olaydı.

Nə olaydı, Şuşamızı qaytaraydıq.

Nə olaydı, Şuşamızın havasını biz udaydıq...

“Nə olaydı” dediklərim kaş olaydı...

# 2494 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #