Kitabxanada işləyən xərçəngli qadın

Kitabxanada işləyən xərçəngli qadın
3 may 2017
# 16:46

Sevinc Əhmədova

Onunla şəhər kitabxanalarının birində rastlaşmışdım, düz 18 il sonra. İllər hər ikimizi dəyişdirsə də bir-birimizi həmin dəqiqə tanıdıq. Məktəb illərindəki uzun hörükləri ikimiz də tamam qısaltmış və ağ saçları görünməz etmək üçün saç boyası ilə rəngləmişdik. Görən kimi ikimiz də həm təəccüb, həm də sevinc hissi ilə qucaqlaşıb görüşmüşdük.

- Sən hara, bura hara? Heç ağlıma gəlməzdi ki, səninlə burda rastlaşaram.

Hal-əhval tutduqdan sonra kitabxananın bir küncünə qoyulmuş stulda əyləşdik. Bu illər ərzində başımıza gələnləri bir-birimizə anlatmağa çalışdıq. Gülər ailə qurandan sonra Moskvaya köçdüyünü bilirdim.

- Bakıya nə vaxt köçmüsünüz? Nə vaxtdan bu kitabxanada işləyirsən? - susmağından istifadə edib suallar verirdim.

- İki ilə yaxındır güc bəla ilə Aqşini razı sala bildim. Düzü heç köçmək istəmirdi. Axı o institutu bitirib, orda iş qurmuşdu. Azərbaycana köçmək ona çətin gəlirdi, burda hər şeyin monopolistlərin əlində olduğunu ona inandırmışdılar. Amma mənim xəstəliyimdən sonra istəyimə qarşı çıxmadı.

- Nə xəstəlik, yaxşı görünürsən, özünə xəstə diaqnozu qoyma sən allah.

Dediyinə görə, süd vəzi xərçəngi diaqnozu ilə əməliyyat olunub.

- Biopsiyanın cavabını həkim öz yanımdaca oxudu, orda xəstədən heç nə gizlətmirlər. Dünya başıma fırlanmışdı, bir anlıq uşaqlarım anasız böyüyəcəyini düşünüb göz yaşlarımı saxlaya bilməmişdim. Aqşin gözlərini məndən gizləməyə çalışsa da, siqaret çəkmək adıyla niyə bayıra çıxdığını bilirdim. Həkim, "gözləməyə vaxt yoxdu, təcili əməliyyat olmalıdı, metastaz verə bilər, bir döşlə yaşayan o qədər qadın var ki" - demişdi. Hamının qanı qaralmışdı, səhər tezdən əməliyyata hazır gəlməliydim. Gecə Aqşin gördü yata bilmirəm, heç onun da gözünə yuxu getmirdi, "səni əvvəl istədiyimdən də çox istəyəcəm, əvvəlkindən daha diqqətli olacam, istəyirəm biləsən" deyərkən göz yaşlarını məndən gizləməyə çalışmışdı. Mən də tez fürsətdən istifadə edib, - deyib gülür - dedim ki, iki arzum var onları edəcəyinə söz versən əməliyyata ürəkli girərəm. "Nə istəyirsən de sənin üçün edəcəm", - dedi. Birincisi, Bakıdan ev alıb, oraya köçmək, ikincisi bir kitabxana aç mənim üçün və mənim orda işləməyimə icazə ver, bilirsən ki, oxumaq arzum illərdi məni rahat buraxmır, sən məni nə qədər xoşbəxt etməyə çalışsan da, incimə, mənim üçün natamamdır hər şey, özümü də natamam insan kimi hiss edirəm. O da gülüb, "sənin canına and içirəm, bütün arzularını yerinə yetirəcəm" demişdi.

Gülər 8-ci sinifdə oxuyanda anası mədə xərçəngindən vəfat etmişdi. O orta məktəbi yaxşı oxusa da təhsilini davam edə bilməyib, atasına və qardaşına baxmışdı. Atası evlənəndən sonra isə sevdiyi oğlana qaçmış və evlənmişdi. Toydan bir həftə sonra Aqşin Moskvaya təhsilini davam etməyə qayıtmışdı. Yay tətilində gələrdi, tez də qayıdardı. 4-5 il belə həsrətli yaşadıqdan sonra Güləri və oğlunu yanına aparmışdı. Aqşin savadlı, ağıllı biriydi, qısa zaman kəsiyində öz biznesini qurmuş, özü üçün hər şərait yarada bilmişdi. Moskvada evi, maşını, bir neçə "obyekti " vardı.

Və Aqşin vədinə əməl etmişdi. Gülər xoşbəxt görünürdü.

- Bəs indi necəsən, özünü necə hiss edirsən? - deyə, soruşanda da gözlərinə baxdım, cavab aydındı, gözləri sevincdən parıldayırdı.

- Arzuma çatmışam, Bakıda evim, kitabların arasında iş yerim var. Mənə daha nə lazımdır. Məni xoşbəxt edən hər şeyə sahibəm.

Bir-birimizə telefon nömrələrimizi verib, sağollaşdıq. Zəngləşək , əlaqə saxlayaq, daha uzaqlaşmayaq deyib, ayrıldıq. Hələ danışacaq o qədər sözümüz vardı ki...

# 1446 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #