Yuxularda sevişdiyim eynəkli qız

Yuxularda sevişdiyim eynəkli qız
30 iyun 2017
# 17:04

Azər Allahverdiyev

Çinarlar şəhərinə bir yolçu girdi. Şəhərə zülmət çökmüşdü. Bu zaman evlərin pəncərəsindən baxan və ya qapılarının qabağında dayanmış tək-tək şəhər adamları bu yolçuya nədənsə təşvişlə baxırdı. O, axdarırdı “eynəkli qızı”.

Ondan daha yoxsul görkəmli bir yolçuya rast gəlmək çətin idi. Çinarlar şəhəri dağ yerinə yaxındır. Payız ayları gecələr havalar burada çox soyuq olur.

Bu soyuq havada tanımadığım küçələrlə bir müddət irəliyə getməkdə davam etdim. Ümidsizlik içində idim, axtarırdım. Buna baxmayaraq onu yadımdan çıxara bilmirdim, tanımadığım küçələrdə düşüncələrə dalmışdım. Soyuq külək əsirdi. Məyus olurdum, üşüyürdüm. Bəzən təbiətin özü də insana düşmən kimi görünür. Yuxuma gəlirdi hər gecə, məni axtar tap deyib yuxumdan qeybə çəkilirdi. Səhəri ayılanda düşünürdüm. Bir neçə dəfə onun səsinə yuxudan oyanmışam, hiss etmişəm ki, gözümdə yaş var, əlimi gözümə uzadanda əllərim göz yaşımla islanıb. Dönə-dönə olub ki, yuxuma girəndə göz yaşım saxlaya bilməmişəm, yuxuda da gözlərimə sevgi yaşı gətirirmiş "Eynəkli qız".

Yağış yağır. Çinarlar şəhərinin, çinarları, evləri, geniş küçələri yağış suyu ilə yuyunub şəffaflaşır. Mən isə bu yağışın altında islana-islana küçələri dolaşıram. Axtarıram. Onun izinə düşmüşəm. Hiss edirdim tapacam o eynəkli qızı. Bir il və ondan daha artıq bu hisslə yaşasam da, amma həmişə bir inam hissi tərk etməyib məni , onun səsinə qulaq asacam, gözlərinə baxacam. İlk görüşüm çinarlar şəhərinin "Sabir küçəsi" deyilən gəzinti yerində olmuşdur. İlk anlarda onunla davamızı xatırlayıb xəfif-xəfif gülərdim. Axdarırdım o qızı, çox çalışırdım onu tapam, axdarırdım, yorulanda bir çinar ağaçının kölgəsində oturub fikirləşirdim. Zaman bir göz qırpımında gəlib keçirdi, saatın əqirəbləri, havanın qaranlığını mənə bildirəndə, əlacsız saat əqrəblərinə baxıb gülürdüm. İnsan həmişə xoşbəxtlikdən gülmür ki... İnsan fikirdən də, yorğunluqdan da gülür. Nəyin sonu olsa da xatirələrin sonu olmur. Onunla azda olsa kiçik xatirələrim olub. Dərin düşüncələrə dalmış halda yalqız gəzirdim. O fikirdə gəzirdim ki, elə bilirdim hansısa küçədə durub məni qarşılayacaq. Fikirdən ayıldığım zaman ağacın kölgəsində məyus halda oturardım.

Külək əsir, axdarıram, küçələrdə didib parçalayır ümidlərimi külək, qorxunc ağuşuna alır, ümidsizliyə çəkir, bu əsən burulğanlı külək məni yenə o küçəyə sahilə yönəldir. Ucsuz-bucaqsız küçələr can çəkişməsindən, sevgi sülmündən həzz alır. Sanki bütün bu axtarış nifrət və kin mücəssəməsidir. Lakin yenə də axtarıram. Bəzən cəmiyyət öz hadisələri ilə məharətlə tam vaxtında bizim işimizə qarışır, sanki bizi fikirləşməyə vadar edir. Yarım saat olardı ki, bütün göy üzünü böyük bir çiskinli-dumanlı hava bürümüşdü. Bu yorğun canım yuxuya dalmış, sakit küçə, sakit evciyəzlər, təbiətin solğun vaxtı, bu sükut bütün bunlar ifadə edilə bilməyəcək əziyyət verir, qara saçlar ağarır, qəmgin gözlər, ümidə və inam dolu üz cizgiləri, bu qoca dünyanın yuxusunu əzəmət və sakitlik haləsi ilə əhatə edirdi. Payız fəslinin çoxdan başlamış olmasına baxmayaraq, keçdiyim küçələrin çəpərlərinin dibində ara-sıra bəzi çiçəklər görünürdü. Bu çiçəklərin ətri mənə onu, eynəkli qızı xatırladırdı.

Çox yüksəklərdə uçan köçəri quşların zəif səsləri eşidilirdi. Gözlərim uçan quşlara zillənmişdir. Kəsik-kəsik nəfəs almaqdan sinəm qalxıb enirdi. Qəfildən diksindim, axşam soyuğunun təsir etdiyini indi hiss etdim. Pencəyimi düymələdim, ixtiyarsız bir halda düşüncələrə daldım. Gecə yaxınlaşır, küçələr soyuğa bürünürdü. Alaqaranlıqda qalxan tər çiçəklər dumana bürünmüşdü. Kəskin soyuq külək əsərək, bütün ətrafa çör-çöp gətirirdi. Balaca ağaclar öz sısqa budaqlarını təsvir edilməz bir hiddətlə yırğalayırdı.

Mən yaşamaq üçün işləyirdim, sonra yenə yaşamaq üçün sevdim, çünki adi aclıqdan başqa ürək aclığı da var. Dolaşıq küçələr mənim sevdamın neçə başladığını görmüşdür. Hansı küçələrdən qaçırdımsa lakin necə olurdusa, hər yerdə ona rast gəlirdim. Belə bir qaçmaq üsulu var ki, axtarmaq üsuluna çox oxşayır.

Bərk acmışdım. "Eynəkli qızın" yaşadığı "Sahilinin" binasının küncündə kiçik dükana girib satıcıdan alma kökəsi aldım.

O gün əvvəldən şər qarışana kimi onun axdarırdım. Sanki bütün təbiəti mənim üzərimə buraxmışdılar, çiçəklərin qoxusu ətir saçır, Gəncə çayının nəfəsi ağacların yarpaqlarını xışıldadır, yüngül meh budaqları tərpədir, arılar yasəmən koluna qonub onu qarət edirdi. Bir dəstə kəpənək sevincək uçuşurdu. Bu səfil gənc günəşə ətir saçan çiçəklərə baxıb, həyatın sevinci ilə nəşələnirdi. Təbiətin qucağında gənclər gülür, qaçışır, oynayır, kəpənək qovur, gənc dəlisov heç də tərs olmayan bu oğlan yalnız öz şüursuz, dalğın və ürək fikirlərinə qapanmış, o eynəkli qızı axdarırdı. Həqiqi sevgilər belə olur, insanı fəth edir. Çiçəyin gözəl ətri insanın sevgisi olmalıdır. Onsuz olmaz. Sevgidə dostluq yoxdur. O yerdə ki, qəşəng bir qız var, orda sevgi var, orda hər an düşmənçilikdə törəyə bilər.

Çox olub yuxudan diksinmişəm, eyni yuxunu təkrarən görürdüm ki, eynəkli qız dodaqlarımdan öpür, yuxudan ayılanda, o yuxunun təsiri altında nəfəsinin hərarətini bütün vücuduma səpələnmiş halda yatağımda durub onun yaşadığı ünvana " Sahilə" doğru qaçırdım. Onu gördüyüm bir gündən məhrum olunmuş kainat əvəz olundu. Buda qaranlıqda bir cənnətdir.

Zaman keçdikcə bütün ədavət və yad münasibətlər yavaş-yavaş sakitləşirdi.

Bir gün səhər tezdən şəhərin daş döşənməmiş bir küçəsindən keçirdim. İnsanın keçmiş həyata bağlayan sirli tarixini qırmaq çətin və əziyyətli işdir. Mənə ayda bir dəfə və hər zaman eyni ünvana eyni xətlə məktub göndərirdilər. Məktublar sifarişli göndərilirdi. Bir neçə gündən sonra məktubun ünvanını da öyrəndim. Bu gizli məktubları yazan "Eynəkli qız" idi. O məktublar müxtəlif sirlər açıb söyləyirdi. Bəlkədə o mənim əcəl məktublarımdır, onu eynəkli qız yazıb ünvanıma göndərirdi.

Hərdən qanım qara olur zarafatyana deyirlər:

- Nə olub, eynəkli qızı görməyibsən bu gün, məni məsğərəyə qoyub gülürlər, qoy gülsünlər. Həqiqətdə onu görməyəndə gözümə məzar kimi zülmət çökür.

Yuxularımda görürəm, yaxşı ki, yuxular var, hər gecə ehtiraslı sevişmək, dodağıma toxunduğu dodaqları hiss edəndə bədənimi soyuq tər bürüyür, başqa dünyaya aparır o ehtiraslı dodaqlar məni. Yuxudan ayılanda bir anlığa huşumu itirirdim.

Bu yuxular məni intihara aparır, intihar edəcəm, eynəkli qız. Səhər işə gedəndə o sahil bağında çoxlu insanların yığışdığını görüb sormadan yaxınlaşanda mənim nəfəsiz vücudumu görəcəksən. Sahil bağının, o yaşadığın binanın, üstündən addımladığın körpüdən asacam özümü. Ölən yoxsul, kimsəsiz, gənc yazıçı deyil, onun ümidləridir, sonda ölən ümid olur, eynəkli qız.

Həyat vəfasız, ömür qədardır. Sevgi sandığın qədər deyil, inandığın qədərdir.

Saat əqrəbinin əksi istiqamətində dolaşa-dolaşa qayıdıram evə, köhnə məhəlləmizə. Dönsəmdə köhnə məhəlləmizə, məni əvəz edən sahilin səyyar ağacı var, pəncərənizdən bax görəcəksən, düz pəncərənizi qarşısındadır, kölgədə salır baxcanıza, diqqətlə bax, gör necə mamırlayıb, eynəkli qız, o mamır sənin saçlarındır, özünündə xəbrin yox o mamırdan. Bir ağacda, kölgə olmaq, mamır bağlamaq, bir bədəndə iki canıq deməkdir. Bilirsən? Bilki insan dünyasını dəyişəndə, sevgisinidə özünlə aparır, o sevgi pöhrə atır, yenidən çüçərir , göyərir, çiçək açır, böyüyür, ağac olur, məzar daşına kölgə salır. Nəqədər ki, dünya var, insanların qəlbində sirli arzular yatacaq.

Qarşılaşırıq Çinarlar şəhərində. Getməyə yerim yoxdur ey, eynəkli qız, ona görə tez-tez üz-üzə gəlirik. Neyləyim, ayrıca şəhərim yox. Mən səni eynəksiz təsəvvür edə bilmirəm gözəlliyin eynəyindədir.

Bilirsən nifrətdən necə sevgi doğur?

Sahil bağı yenə, sakit və qaranlıqdır. Ağacların qoxusuda dayanıb, nəfəs ala bilmirəm, dizlərim bükülübdür. Alnımdan axan tər üzümü buz kimi üşüdür. Bütün vücudum titrəyir. Tək-tənhayam sahildə soyuqdan, bəlkədə həyacandan titrəyərək fikrə dalmışam. Nədənsə içimdən yalnız eynəkli qız deyə hayqırmaq istiyirəm. İllərin toplaşmış olduğu dəhşətli fikirlər xəzinəsini daşıyan bu gənc oğlan, çox özünə söz verib sahilə doğru getməyəcək, nədənisə sözünü tutmayıb, özündən qeyri-ixtiyari o ünvana doğru addımlayıb.

İnsan əli gülü qoparmaq üçün budağa yaxınlaşdığı zaman budaq titrər, həm geri çəkilər, həm də təslim olar. Ölümün sirli əli insanın ruhunu aparmaq üçün yaxınlaşdığı zaman insan bədəni də bu gül budağı kimi titrəyir.

Bəzi təsirli sevgilər var ki, onlarda ən ülvi həqiqətlər gizlidir. Üz-üzə gələndə şəhərdə diqqətim eynəyinin üstünə düşən saçlarının ləçəyinə baxıram. Dolaşanda sahil bağında, o bağın ucu-bucağında təpədən dırnağa izli addımlarına rast gəlirəm.

Çox qəribədir ki, sizin yaşadığınız binanın qarşısındakı Sahil körpüsündən keçəndə yer məni çəkir. Atmaq istiyirəm. Görünür bu şiddətli sevgi yerə çırpıb bütün ümidlərimi pərən-pərən etmək istəyir. Gileylənmə gedişimdən, bu gediş də gediş deyil, illərin tənhalığıdır. Bilmirəm mən sizdən ayrılıram, yoxsa siz məndən. Təbiət hadisəsi kimi qiymətləndirsək bu ayrılıq yağışdır. Sən mənə hörümçək torunu xatırladırsan. Kənardan sadə, yaxınlaşdıqca müəmmalısan. Bu əsərim xilasdır. Lənətə gəlmiş diş ağrısı kimi bir şeysən eynəkli qız. Səndən yazmasaydım ağrı keçmirdi. Yazmaq keyidici iynədir. Sağaltmır, ancaq keyidir.

Evə qayıdıram yuxuda, gözümdən sürüşür, yuxuya dalanda isə səni görürəm üzündə bütün sevginin çirkinlikləri əks olunmuşdur. Oyananda isə fikir dəryasına qərq olaraq, dünyada hər şeyi unutmuş kimi uzun müddət bu çür dinməz durub baxıram.

Xatirələr, insana əzab verir. Xatirələrdən xilas olmağın çıxış yolu intihardı.

Sonda səni sevəni qəbristanlığın hər kəsə məxsus olan və heç kəsə məxsus olmayan bir guşəsində səninlə birgə basırırlar. Burada, adətən, pulsuz dəfn edirlər və burada yoxsullardan, yazıçılardan bir iz belə qalmır. Xoşbəxtlikdən, insan ruhunun harada olduğunu bir Allah yaxşı bilir. Mənim məzarımda yaşadığım həyat kimidir. Həyatda dolaşıq bir pilləkəndir. Zaman keçdikcə o pilləkəni saat əqrəbinin əksi istiqamətində geri dönürsən. Sonda o göyərir, pöhrə atır, çiçək açır, sısqa budaqları olur, yenidən doğulur, yenidən yaşayır. Əlvida, Eynəkli qız. Əlvida.

# 2038 dəfə oxunub

Oxşar xəbərlər

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
# # #