Buddaya oxşayan uşağın söyüşləri

Buddaya oxşayan uşağın söyüşləri
30 mart 2019
# 14:23

Kulis.az İsmayıl Xanların “Bakı, çay, karma” adlı yazısını təqdim edir.

- Ay dayı, saxla, saxla da dayı.

Qəpiklə pəncərəni öpüşdürə-öpüşdürə hövsələdən çıxırdı Buddaya oxşayan uşaq.

- Day-day saxla da bu zibili.

Hövsələsi qalmadı, avtobusun içində ləngər vura-vura, ona-buna dəyə-dəyə sürücünün yanına qədər gəlib çatdı. Gözləri bərəldi. Yox, gözləri yerindən çıxdı, getdi sükanın arxasında oturdu. Gördüyünə bədəninin heç bir zərrəsi inanmadı.

Sürücü yoxdur. Oturacaq anadangəlmə boşdur. Elə qorxdu ki, bildiyi bütün duaları bir cümləyə sığışdırıb oxudu. Çevrilib arxaya baxdı. Bayaqdan dəydiyi sərnişinlərin heç biri yoxdur. Yenidən o boş oturacağa baxmaq üçün dönəndə zərrələrin buxarlandığını gördü. Avtobusa bəm-bəyaz işıqlar dolurdu pəncərədən. Parçalanıb, yox olan atomların yerini süd kimi nur alırdı. Buddaya oxşayan uşağın dodaqları tikilib saplandı. Sapın nə rəng olduğunu demək olmur. Ağ sapla, qara sap seçilmir bu aydınlıqda.

Buddaya oxşuyan uşağın ağzına qədər gətirdiyi bütün söyüşlər maddələşib qarnına töküldü. Ağzını aralamağa özünü məcbur edirdi. Əlləri də yavaş-yavaş yox olmağa başlayırdı. Bəlkə də üz-gözü də buxarlanırdı, amma biz bunu görə bilmirik. Bizim kameramız Buddaya oxşayan uşağın gözləridi.

Uşaq dodaqlarını qanada-qanada öz ağzını cırdı. Süd rəngli işığa qan qarışırdı. Buddaya oxşayan uşaq var-gücü ilə bağırırdı. Qışqırığı bütün rəngləri sildi. Bağırtısı cisimləri, maddələri, atomları məhv elədi. Elə həmin anda mən də görmədim olanları. Kameramız - uşağın gözü qana büründü. Kadraj başdan ayağa, təpədən dırnağa qırmızı oldu. İllər keçdi, qənirələr yıxıldı, əsrlər qaçdı. Qanlı ekranın düz ortasından bulaq çağladı, özünə mənbə yaratdı, axmağa başladı. Qaçan 5 əsrin ardınca bir çay yarandı qırmızı dünyamızda. Çaydan xatirələr axırdı. Buddaya oxşayan uşağın yox, dünyanın toz buludlarının içində qopub, partlayışla birgə doğulduğu gündən bəri olan bütün xatirələr axırdı. Neandertallardan Homo Sapiensə, Hamurappidən Trumpa, mağaralardan Burc Xəlifəyə, adi bulaq suyundan Jack Danielsə kimi hər şey axırdı bu çaydan. Hə, hə Bakı da axırdı. İçərişəhər də, Qız Qalası da, mikrorayonlar da, parklar da, küçələr də, qlamur qadınlar da, kasıb qızlar da, iş qadınları da, dilənçi xalalarda, varlı kişilər də, aclıqdan nəfəsi qoxan gədələr də hamısı can atırdı mənsəbə doğru. Sizə bir sirr açım: zorlanan uşaqlar da, öldürülən yazıçılar da, qeyrət üstündə bıçaqlanan adamlar da süzülürdü. Mənsəb kadraja düşmürdü.

Buddaya oxşayan uşağa çımxırdım, qışqırdım, bağırdım. Amma tərpətmədi gözlərini. Halbuki, başını bir az aşağı əysə xatirələrin, fraqmentlərin hara töküldüyünü dəqiq görərdik. Yox, belə olmayacaq. Əlim çəkic aldım, elə hey döyəclədim ekranı, kişinin oğlu heç qımışmır da. 5 saat gözlədim, çay elə durmadan axırdı. 6-cı saata keçakeçdə sosial şəbəkələr özünü göstərdi ekranda. Çayın üstündən baş barmaq, ürək, quş işarələri boy göstərirdi. Elə bil podiuma çıxmışdı canı yanmışlar. Hələ ürək işarəsi demirəm elə axırdı, elə axırdı sanki bundan əvvəlki həyatında müştərilərinə cilvə edən bədən alverçisi olub. Nazlı ürəyi qoyaq bir yana, mənim öz ürəyim partlayırdı. Axı bu nəmənə işdi, bu nədi düşmüşəm. Bir tərəfdən elə hey ekrana zərbə vururdum, görürdüm ki, yox e, alınan iş deyil. Qədim zamanlarda yaşayan bir ustadın sözü yadıma düşdü. O deyirdi ki, həqiqəti bağıraraq yox, pıçıldayaraq çatdırırlar. Özüm-özümə dedim ki, bəlkə bunu sınayım. Ekranı sığallaya-sığallaya, Buddaya oxşayan uşağa başını aşağı salmağını pıçıldayırdım. Alındı, bayaq qapını qəpiklə döyən uşaq mənsəbə göstərə bildi. Amma mən yenə aydınlıqdan başqa heç nə görmədim. Ağ ekrana daktilo hərfləri ilə aramla bunlar yazıldı:

- Bakı, çay, karma.

# 3203 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #