Daha qaldımı öldürəcəyim biri?

Daha qaldımı öldürəcəyim biri?
31 yanvar 2017
# 17:24

Firudin Həmidli

Rast olmuşam, nə vaxtdır, bir yari-xəndan ilə,
Yaxıldı canım mənim ol çeşmi-fəttan ilə.

Nihan edir üzünü qəlbdə aşikar olan,
Dil daim müstəhzidir dideyi-giryan ilə.

Novbahar olmuş, fəqət bülbüllər dəyməz gözə,
Çün, müstəfi oldular nəğmeyi-canan ilə.

Həmd olsun bu sevdanı dildə məskun edənə!
Ruzu şəb şükr eylərəm naleyü-əfğan ilə...

Ünvani-eşqə yaddır, yar tanımaz beyti-qəm,
Sultani-mülki-zülmdür dəmbədəm fərman ilə.

Arzuman ki çiy idi, dərd içrə bişməkdədir,
Dəyişməz xoş dərdini həzaran dərman ilə...

Sonsuzluğa doğru

Eşit!
Bu mürgü səsidir gecənin,
Əsnəyir
Və bizi də əsnədir istəməsəm də.
Hər şeyi unutmaqçün uyuyaqmı?

Eşit!
Saat 12-ni vurdu!
Artıq bir avqust da bitdi...
Gələn avqustu nəsibmi görmək?
Məlum deyil.
Ümidmi edək,
Yoxsa hər şeyi unutmaqçün uyuyaqmı?

Eşit!
Dirilər tabutlarda aparılır!
Qərarsızam...
Daha qaldımı öldürəcəyim biri?
Əfsus, bir az yuxuluyam.
Gözlərimdən görürsən,
Bilirəm.
O zaman hər şeyi unutmaqçün uyuyaqmı?

Payız yaxınlaşır,
Xoşbəxt olmalıyam.
Əldə deyil...
Eşit körpə xəzəllərin səsini!
Bilirəm,
Daha sən də mənim kimi
Duymaz olmusan o səsi...
Əslində, mən hər gün
Payızı yaşayıram
İstəməsəm də.
Artıq sözə lüzum yox,
Hər şeyi unutmaqçün uyuyaqmı?

Eşit!
Bu mahnı da bitir!
Duyulur uzaqlardan bir gülüşün əks-sədası.
Dözə bilmək əldə deyil bunca yükə...
Çox yorğunam...
Artıq uyumaq fərz oldu!...

Üfüq

Bizə yalan dedilər.
İnanmaqdan başqa yolumuz...
Vardı.
Amma inandıq.
Hər zaman özgənimsədik evlərimizi.
Başqa uşaqlara yemək bişirdi
Analarımız.

Əməliyyat masasına yatdıq
Neçə dəfə...
Və qalxa bilmədik əksəriyyən.
Qatilimiz kim idi?
Həkimimiz kim idi?
Bizə yalan dedilər,
Unutduq...

Qaçaq bir gülüşümüzə
Polislər atladı.
Əlifbanın hərfləri,
Yetmədimi savunmamıza?
Savunmadıq,
Susduq,
Unutduq.

Və o qapının ardında olmaq istədik,
Zira, dünya kiçik idi,
Soyuq idi,
Yox idi.
Amma açılmadı o qapı.
Bizə yalan dedilər,
Unutdular.

Bizə yalan dedilər.
İnanmaqdan başqa yolumuz...
Vardı.
Günah bizdə oldu:
Ölümü bir dəfəlik zənn etdik...

Həsrət

Sən pəncərədə oturub
Ayaqlarını sallayırsan.
Quşlar keçir önündən.
Xoşbəxt olduğunu düşünürsən.
Xoşbəxt olduğunu düşünmək
Yarısıdır xoşbəxtliyin...
Fəqət unutma
Hər an ölə biləcəyini...

Əslində, gözəldir sənə həyat,
Gözəldir zamanın axışı,
Məmnunsan olduğun yerdən...
Eh, gəl, bir də mənə sor...

Sən, kim bilir, neçənci mərtəbənin
Pəncərəsindən ayaqlarını sallayırsan.
Mən hardayam?
Aşağıda - küçədə.
Küçədə ölüm yoxmu?
Əlbət ki, var.
Amma ölümüm nəyə zərər,
Nəyə yarar?...

Hələ isə yaşayırıq,
Yaşayırıq, ayrı olsaq da.
Sən ayaqlarını sallayırsan
Pəncərədə oturub,
Mənsə hər şeyi unutmuşam, sanki...

Daima düşün xoşbəxt olduğunu,
Daima gülməyə çalış.
Unutma,
Mən isə əks-sədan olacağam daima...

Çöküş

Üzülürəm, dostum,
Bu aralar fərqinə vardım.
Əbəs imiş bu yaşamaq.
Biz ki göyərçinlərin çağırışına
Getmədik.
Onlar boğuldular göz yaşlarında...

Göz yumduq küçələrdə
Qaranlıqların zorla satılmasına,
Ruhların yonulmasına.
Dənizlərə inanmadıq.
Hər şey qarışıq görünür,
Amma sadə idi.
Ölümdən qorxduq,
Körpə ürəklərin təlaşlı vuruşundan,
Vurmayışından qorxmadıq...

Şeir yazdıq
Yağışlara, eşqlərə.
Gözümüz nədən görmədi pəncərədən o tərəfi?
Üfüqün ardına qaçmaq idi istəyimiz,
Üfüqün bu tərəfi xərabə ikən.
Əllərimiz vardı, gücümüz vardı,
Bir şeylər etmədik nədən?

Üzülürəm, dostum,
Bu aralar fərqinə vardım.
Əbəs imiş bu yaşamaq.
Hər şey qarışıq görünür,
Amma sadə idi.
Ölümdən qorxduq,
Körpə ürəklərin təlaşlı vuruşundan,
Vurmayışından qorxmadıq...

Yalanlara söykənən başlar yuxuya getdikcə
Biz dəmi uyduq bu murdar havaya?
Biz dəmi inandıq yoxsa?...

Ahı var ruhumuzda göyərçinlərin,
Çətin ki, üzü ağ çıxaq Haqq divanından...

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #